Mənim günəşim göydə olmamalıydı – Seymur Sudan Yeni Şeirlər

Mənim günəşim göydə olmamalıydı – <span style="color:red;">Seymur Sudan Yeni Şeirlər
7 iyun 2018
# 11:36

Kulis.az gənc şair Seymur Sunun yeni şeirlərini təqdim edir.

Bir əsrlik şeir yaz

Bir əsrlik şeir yaz, bitsin bu səsləyişlər,

Vurub qırsın beynimin öləziyən lampasın.

Bitsin bu insan ömrü, başlasın başqa biri

Tam başqa biri olsun, bizim kimi olmasın...

Bir gecə quraqlığın özü gəlsin, yox olsun

su pərisi axtaran yosunlar və balıqlar

Sıfırlansın içimdən tütünsüz, alkoqolsuz

məhəbbətsiz yaranmış bütün xarabalıqlar

Bir əsrlik şeir yaz, bir əsrlik şeir yaz.

Küləklərin əlindən qılınc-qalxanın alaq

Nəyə lazımdı o? Kəsmirsə qarşısını

hardasa bir qadını edirlərsə daş-qalaq

Bir əsrlik şeir yaz, bir sətir yaz gecədən

Danış ayın özüylə, nədir bu səssizliyin?

Bu qədər gözləntini necə yığır səmaya?

Necə dözür Zevs bəs? Bükülmürmü o çiyin?

Bir əsrlik şeir yaz, ikini vur ikiyə

Düşün bunun cavabın tapa bilməyənləri

Bircə əsr qal, düşün, bir bəlğəmtək şəhərdən

yapışıb da heç cürə qopa bilməyənləri...

Bir əsrlik şeir yaz, tarixi düşünmə gəl,

sabahları düşünməz olduq bu cür gedişlə

Bir əsrlik şeir yaz, tanrıya döndər onu.

Qorxudan tir-tir əssin, bütün bütlər, fetişlər.

Bir əsrlik şeir yaz, bir əsrlik sev onu

Amma bircə şeirə sığışdır artıq, yetər

Qaçsın, gizlənsin səndən, açmasın telefonu

Sadəcə sədaqətin olsun hər şeyə sipər...

Bir əsrlik şeir yaz, gözlərini qıymadan

Azadlığın özünü bir yurd kimi kəşf elə

Uşaqlar üçün götür, yığ balaca portfelə

Bir əsrlik şeir yaz, bəlkə də düzələcək...

Bir əsrlik şeir yaz, səmalara üfürək

Ay kimi, günəş kimi, qalıb da təklikdə mən

Bir əsrlik şeir yaz, düzənlərə tüpürək

Gəlib də güllələsin 37 nöqtədən.

"BİR FOTOSU QALMIŞ ADAM"

Yoxluğun bütün şəhəri ağuşuna alıb,

ey bircə fotosu qalmış adam.

Adamlar çoxdu, həddən çox;

qulaq pərdələrin yeyilib,

qalın divarlar nazilib.

Səslərdən hara qaçasan?

Dizlərin, biləyin, üzün-gözün çoxluqdan əzilib,

qaçış oxunu hara sancasan?

"Qaldır dabanını, Axilles! - deyə çığırsan da,

ölsə də qabırğalarından

həbsxana dəmirləritək yapışmış son insan da,

bu darmadağınlıqda, bu yerlə-yeksanda

səmanın hansı səmtini

Günəşin yatağı bilib uçasan?

Qapı arxasındakı xoxan da böyüyüb

uşaqlığından bu yana sənin qədər,

ey bircə fotosu qalmış adam.

Acmısan bilirəm,

doyurmur qarnını, öldürür bu ucuz kafe yeməkləri

bütün iştahını.

Qoy kənara yemək menyusunu,

əlindəki bazarlıq siyahını.

Acmısan bilirəm,

indi sən bütün uşaqlara həsədsən

ana döşlərindən doyan, gülümsəyən uşaqlara.

Bəlkə də ona görə devirmək istəyirsən

böyük adamların böyük qazanlarını

ocaq üstündən.

Bilirsənmi,

dünyanın hər yerində kağızdan ibarətik,

əslində,

heç kimik.

- diplomuq,

şəxsiyyət vəsiqəsiyik,

pul,

qatar bileti,

avtobus kartı...

Hətta sən özün də

ölümündən sonra sadəcə bir fotosan..

Bilirsənmi, ey bircə fotosu qalmış adam,

üzümüzdəki təbəssüm

daş kimi düşdü adamların başına.

Ağrı doğradı onları.

Onlarsa qarğış etdilər göylərə,

Günəş batdı.

Və bir daha gəlmədi.

Bir gecə unudulsan

İnsanlara baxırsan vaqonda,

sadəcə süzürsən.

Dodaqlarında sanki soda turşusu:

həyatı öncədən dadmış

bütün dequstatorları söyürsən.

60 yaşlı mamaça

pıçıldamalıydı

qulağına:

"gəlmə bu xarabaya" - deyə.

Sən sanki onun əyyaş əritək olmalıydın.

"İçmisənsə ayağını da basma bu evə"

- dediyi,

gecələri onun-bunun qapısında yatan zavallı kişi kimi.

Zökəm ağacların ifraz etdiyi qaz

bizim yaşam.

Söykənmə o ağaclara, paşam.

O da sapı özündən olan

baltanın gələcək məqtulu,

eynən sənin kimi.

Xislətini güvə basıb adamların,

bütün tutacaqlar paslı,

göllər yosunlu,

stəkanlarda vərəm birisinin dodaq izləri,

ürəyində talasemiyadan yaralı bir qızın gözləri,

mən niyə sağam deyə düşündürür səni

bu gün səma qapısını döyməyən günəş,

parçalı-buludlu,

çəhrayı-sarı səma.

İndi sənin qəlbində

"sevgi və barış" lövhəsi asıblar

bütün körpə uşaqların süd dişləri.

İndi sənin dodaqların bəşər dilində pıçıldayır,

öz doğma dilini unutsan belə, danışır.

Sən bilirsənmi, bütün dünyanı

yumruq qədər qəlbə də sığışdırmaq da olur çox vaxt.

Bu həyat qaraciyər

və bizlər hepatit virusu daşıyıcıları

Gəlmə bu həyata, körpə.

Salamsız adam

Evdə idi.

İnsanların “öldürüldüyü” yerlərin hansısa birində

gecəyə qancıqlamış bir it hürdü.

O isə həmin vaxt mənzilinin səs boşluqlarına

illər boyu öz üzünə eşitdiyi söyüşlərin

pis yerinə söyürdü.

Qapısı illərlə heç kimə açılmadı,

heç bir qapını açmadı deyə,

blokda liftin qapısını döyürdü:

“Bəlkə kimsə çıxıb ona salam verdi?”

Çölə çıxdı.

Yanından kimlər keçdi.

O gecələr nə içdi, nə qoxu gəlirdi ağzından?

Bilmirdi...

Utandığından var gücüylə tüpürdü.

Nə faydası?

Gizlətməyi bacarmadı ağzındakı spirti.

Boz buludlar qaşqabağını sallayıb üzünü o yana çevirdi...

“Bəlkə yağış yağıb ona salam verdi?”

Çöldə idi.

Təəccüb təri gəldi alnının qırışlarına.

Baxdı ki, qaçaqaçda qalıb hamı.

Bir tərəfdə ayrılanlar, görüşənlər;

Bir tərəfdə tez-tələsik qəbir qazır goreşənlər.

Skamyada oturdu.

Telefona zəng gəldi

Salam deyil, alo dedi səhv düşənlər!

“Bəlkə kimsə yığıb ona salam verdi?”

"Eh, sən nə böyük qüvvəsən, salam!

Səni mənə versəydilər...

bilərdim ki, adamam!

***

Biz göydələn iziylə gəzə-gəzə azan vaxt

Palçığa batdıq demə, əyilmədik ki, baxaq.

Tanımadıq doğmanı, dostu, düşməni, yadı

Şükür allaha dedik, şükür də sınıq-salxaq..

Mən görmədim günəşi, nə gizlədim, görmədim..

Axı mənim günəşim göydə olmamalıydı

Yadımdadı həmin gün - insanlardan qaçışım

Onda cahil bayramı, kölə karnavalıydı...

Yadımdadı həmin gün, məhəbbətə tövbə də

Hər kəs birisin tapıb, küncə çarmıxlamaqda..

Qayıtmamaq andıyla arxa döndüm məbədə

Özümü sütun etdim, içimsə laxlamaqda...

Bilmirdim nədir onda, üzdə sevinc tikdikcə

Cüzam dolu içindən hissə-hissə sökülmək...

Süpürgəçi xanımlar, bilərsiz nə deməkdir:

Duyğusu, düşüncəsi küçələrə tökülmək.

Bu səbəbsiz sıxıntı hakim olduqca sənə

Anlayırsan nə üçün dostlarını itirdin...

İçdin, gücün də getdi, sən intihar aradın

Amma gücünü gördün tütünün və spirtin

Mən sənə nə deyim ki... Sözlərin yeri şeir

Piyada cümlə kimi gəzir süvari sətir

Fikir ver hər şey, hər kəs indi bir-birin əyir

Hər bir şey eqodursa, həyat mübarizədir...

Böyük boşluğa gəldi bütün qələbəliklər...

Böyük sıfıra döndü hər şeyin nəticəsi..

Bir cümləyçün yaşadın sən demə bütün ömrü:

"..abort olmuş gündüzün sonsuz olur gecəsi.."

# 2235 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #