news-inner
clock17:10 calendar-gray 05 İyun 2018 view-gray297 dəfə oxunub
view-gray297 dəfə oxunub

Ölüm dirilər üçün dolanışıq mənbəyidir

Kulis.az Afiq Muxtaroğlunun “Dirilər üçün həyat mənbəyinə çevrilən ÖLÜ(M)” yazısını təqdim edir.

Bir ölü, – istər cənnətlik olsun, istər cəhənnəmlik, – yüz dirini ayaq üstə saxlayır və ya bir ölü yüz dirinin ailəsini dolandırır. Həm də bir gün yox, beş gün yox, illərlə. Bilirəm, səbrini basa bilməyən “altıaylıq”lar ağzını burub, dodağını büzüb: “Bu da yeni Amerika kəşf edir” kimi bir fikri qafalarından keçirəcəklər.

Sözarası deyim ki, biz tərəflərdə anadan doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə və doqquz saniyədən tez doğulanlara, yəni bu dünyanı daha tez görmək üçün anasının qarnında, daha doğrusu bətnində duruş gətirməyənlərə “altıaylıq” deyirlər. Dünyaya belə yarımçıq gələnlər istər səkkiz aylıq olsunlar, istər yeddi aylıq doğulsunlar “altıaylıq”dırlar ki, “altıaylıq”dırlar, onların başqa adları yoxdur. Belə dar(kəm)hövsələ adamlara “bu, anasının qarnında doqquz ay necə dözüb görən?” kimi bir deyim də ünvanlayırlar. Siz Allah bağışlayın, baş ağrısı oldu, gör nədən danışırdım, nəyə gəlib çıxdım.

Hə, ölüdən danışırdıq, onun dirilərə dolanışıq təmin etməsindən, çörək yiyəsi etməsindən bəhs edirdik. İndi bu ölünü qatlayaq qoyaq bir qırağa, ölüdü də durub oynayası deyil, dinən deyil, söyləyən deyil, sonra onun barəsində söhbətə bir də qayıdarıq. Ölü durub gözləməyində olsun ki, Afiq qayıdıb ondan bir də söhbət açacaq. Biz ölümdən, yəni dirini ölüyə çevirən olaydan bir-iki laf edək. Elə bu yerdə “Ölüm nəmənə bir zaddır” kimi sadə bir sual verək. Sizi inandırım ki, bu sualı hər bir Homo Sapines öz-özünə, – bunu etiraf etməsə də, – gündə yüz yol verir.

Ölüm nəmənə bir zaddır? Hərənin bu suala özünəməxsus bir cavabının olması da mümkündür. Dindarın cavabı yüzdə yüz ateistin cavabından fərqli olacaq. İdealistin cavabı da materialistin cavabı ilə üst-üstə düşməyəcək. Dindar ölümün bu dünya ilə axirət arasında bir körpü olduğunu, ölümün insanı fani dünyadan əbədi bir aləmə – bu, cənnət də ola bilər, cəhənnəm də, baxır ölənin fani dünyada tutduğu əməllərə, – aparacağını düşündüyü halda, ateist gül ağzını açıb öləndən sonra insanı bir leş kimi haraya atsan da, artıq mahiyyətin dəyişməyəcəyini, özünü yerə döysən də öləni diriltməyin mümkün olmayacağını bizim yadımıza salacaq. Hətta ateist bir qədər də coşsa, mən öləndən sonra məni lap ayaqyoluna atın kimi murdar bir fikir də sayaqlaya bilər. Söz azadlığının bayraq edildiyi bir vaxtda bizim qayıdıb ona bir kəlmə də deyə bilməyəcəyimizi yadınıza salıram. Nəbadə, bu ağzıgöyçəyə baş qoşasınız. Nədən ki, ona baş qoşsanız kənardan baxanın biri sizi qınayacaq ki, bax, bu da mənim dindarım, dözümsüzlük göstərir, başqasının fikrinə tolerant münasibət bəsləmir, fanatikdi, təməlçidi, bədəməlçidi və sair bu kimi əndərabadi sözləri başınızdan aşağı yağdıracaq və siz də ağrımayan başınıza dəsmal bağlamalı olacaqsınız.

Ölüm ayrılıqdı. Ölüm bir daha doğmalarla görüşməməkdi. Düzdü, dinlər bizi inandırırlar ki, bütün ölülər qiyamət günü diriləcəklər və hamının doğmalarıyla görüşmək fürsəti olacaq. Deyək ki, bu gerçəkdən də belədi. Öləcəyik, sonra diriləcəyik və hətta doğmalarımızla nə vaxtsa baş verəcək qiyamət günü görüşəcəyik də. Bunu ağlımız bəlkə də qəbul etmək iqtidarındadı. Di gəl ki, ürək andır buna inanmaq istəmir və ölümə gedər-gəlməzlik, qayıtmazlıq kimi baxır və üstəgəl, bu ölüm zəhrimarın adını eşidəndə guppultusu, döyüntüsü üçgünlükdən eşidilir.

Gəlin etiraf edək ki, əksəriyyətimiz ölümdən qorxuruq. Bunu gizlətməyin, daldalamağın nə mənası var? Həm də hamımızın keçirdiyi eyni hissi niyə gizləyək ki? Lap belə olmasa da, bir anlıq qəbul edək ki, belədi. Heç kim ölmək istəmir, hətta intiharla həyatına son qoyanlar da. Son ana qədər intiharçılar onları bu addımdan çəkindirəcək bir möcüzənin baş verəcəyinə inanırlar. Heç yüz yaşlı biri də ölməyi yaxınına buraxmaq istəmir. El sözüylə desək, qocaya ölüm gələndə cavana salğayır. Nənəm xəstələnəndə həkimə deyirdi ki, elə dərman ver, elə iynə vur, ziyanlı olmasın. Rəhmətlik 99 illik ömrünün son anına qədər ölmək istəmirdi. Ölmək yaxşı bir zad olsaydı, hamı onun ətəyindən dördəlli yapışardı və ya bəşəriyyət kütləvi intihar yolunu seçərdi. Necə ki, delfinlər, balinalar hərdən bu ölüm üslubunu sınaqdan keçirirlər.

Söz verdiyimiz kimi indi yenə də ölü barədə söhbətimizin üstünə qayıdaq. Nədən ki, söz vermişik, gərək sözümüzün üstündə duraq.

Adamın canı ağzından çıxmamış, yəni hələ ölüyə çevrilməmişdən öncə, onun dirilərə mənfəət gətirməsinə start verilir. Xalq demiş, biri ölməsə, biri dirilməz. Adam ölməyi ilə onlarla, bəlkə də yüzlərlə diriyə qazanc qaynağına çevrilir. Gəlin bir diqqət yetirək. Deyək ki, yaşlı biri can üstədi, ha bu saat, ha o saat son nəfəsini verəcək deyib, gözləyirlər. Adamı mollasız ha eləməyəcəklər. Gərəkdi ölməmiş, bir molla çağırıla, qulağı eşidə-eşidə Quran dinləyə. Belə olmasa deyəcəklər: filankəs mollasız olub, qulağı Quran səsi eşitməyib. Aha, başlandı. Adam öldüyü anda mollaya xeyir verib, bu fani dünya ilə vidalaşır. Dalınca bunun yuyulmağı var, kəfənlənməyi var. Yuyucu-mürdəşir lazımdımı? Kəfənləyən lazımdı? Bütün bunların pulla başa gəldiyini siz məndən də yaxşı bilirsiniz. Adam öldü, kimsə qazandı. Sonra darmacalda ölünün sandığı açılır. Gorluğunu-kəfənliyini ortalığa tökürlər. Ölüyə bu sandıqdan bir-iki şey gərəkdi – kəfənlik, ətir və bu kimi şey-şüy. Kəfənlik demiş, kəfənlik parçanı satan da qazanmalı deyilmi? O da insandır, diridir, gərək ki, bir çətən də külfəti ola. Sandıqdan çıxan digər nəsnələr dirilərin qismətinə düşür. Sandıqda da nə olasıdı ki, iki-üç dənə dəbdən düşmüş qızıl-gümüş əşya, naftalin qoxuyan pal-paltar. Olsun. Bunların da dirilərin arasında müştərisi yox deyil.

Dalınca dəfn gəlir. Üç gün gələn-gedən, hay-küy, ağız deyəni qulaq eşitmir. Ölü yaddan çıxır, demirlərmi, torpağın üzü soyuq olur. Dirilər çaydan, şirniyyatdan, ətdən-ütdən mədələrinə doldurduqca biçarə ölü yüz ilin ölülərinə qarışır. Burada bizim yeyimcil olmamız, çayxor olmamız da xüsusi vurğulanmalıdı. Yehaye, içhaiç, harayacan? Ay başına dönüm, bu qədər də yeməkmi olar, bu qədər də içməkmi olar? Qazanan kimdi? Əlbəttə, dirilər. Yas üçün qənd, şirniyyat, ət, çörək, yağ və sadaladıqca bitib tükənməyən yüz cür ərzaq gərəkdimi? Gərək ki, hamımız “gərəkdi” deyib sakitcə təsdiqləyəcəyik. Bu məhsulları satanlar kimin səbəbinə qazanırlar? Cavab birdir: ölünün. Dayan, hələ bu harasıdı?

Ölünün dəfnindən sonra üçü, cümə axşamları, qırxı, əlli ikisi, ili, iki ili, üç ili... daha nələri var. Bunun hamsının da bir ətək pula mal olduğunu hamımız bilirik. Bu pullar kimin cibinə gedir? Əlbəttə, təsdiqləyəcəksiniz ki, dirilərin, daha ölünün ha cibinə getməyəcək; qaragün ölü özü ilə məzara beş arşın ağ kəfən aparıb, onun da cibi yoxdur. Kirayə çadır verən, qab-qacaq, qazan-tava, stəkan-bölmə verən də ölüdən qazancını götürüb, halallıqla nuşi-can edir. Bəs nə etməlidi, axı, oturub ağlayası deyil ki? Ölüyə rəhmət oxuyub, balalarına çörəkpulu qazanıb, kefi ala buludda oynayır. Ölünün qəbirüstü abidəsi də bir sürü adamın süfrəsinin bolluğuna səbəb olur. Bunun daşyonanı, şəkilçəkəni yoxdumu? Onların da bir zənbil balası olmamış deyil. Və o, balaların ataları qazanmasa barmaqlarınımı sormalıdırlar?

Bircə örnək də verim, vallah-billah, dayanacam. Sizi də yordum, özüm də az qala o dünyalıq oldum. Deyək ki, dirinin biri gecə yuxusunu qarışdırdı, beş il qabaq haqqın dərgahına yolçu edilmiş atasını yuxusunda gördü və bu dirinin canına üşütmə düşməzmi, qorxu dolmazmı? Bunun da çarəsi var, tezbazar bir molla tapırsan, o da yuxunda səni narahat etmiş ölünə bildiyindən bir şey oxuyur və sən rahatlanırsan. Yenə də rəhmətlik ölü bir mollanın ailəsi üçün ruzi qaynağı olmurmu? Olur? Və ölülərin sayı bir deyil, iki deyil, minlərlədi. Yuxusunu qarışdıranların sayı da minlərlə olanda, molla da tükənməz çörək yiyəsi olur və olmalıdır.

Ölü kəfəninə bürünüb, çıxıb gedir işinin dalınca. Dirilərsə ondan əl çəkmək belə istəmirlər. Kobud da səslənsə deyəcəm: it əl çəkir, motal əl çəkmir. Ay ölülər, siz Allah, bu xalq deyimini burada işlətməyimdən rəncidə olmayın, sözgəlişi yazdım.

Deyəsən, yazımızın ağzını-burnunu bir yerə yığmağın məqamı çatıb. Sonda bir onu deyim ki, ölüm dirilər üçün həyat, yaşayış, dolanışıq mənbəyidir. Özüm ölüm, yalan demirəm, məni gördüklərim bunu söyləməyə, bu qənaətə gəlməyə vadar etdi.

news-inner-user

15835 məqalə

Oxşar xəbərlər