writer1

Ayxan Ayvaz

Məqalə sayı

442
clock10:22 calendar-gray 17 May 2018 view-gray275 dəfə oxunub
view-gray275 dəfə oxunub

Zaur Bəxşəliyevin məni efirdə ağlatmaq planı

Ayxan Ayvaz

“Televizor izləməyin üç buddist yöntəmi var. Mahiyyət etibari ilə hamısı eyni üsuldur, sadəcə olaraq müxtəlif təlim səviyyələrində müxtəlif cür görsənir. İlk öncə sən televizora səsi alınmış formada baxırsan. Təxminən yarım saat, öz sevimli tele-verlişlərinə. Əgər televizorda nə isə vacib və maraqlı bir şeyin deyildiyi ilə əlaqədar fikir ortaya çıxsa, sən həmin an bunu dərk edirsən və onu neytrallaşdırırsan. Əvvəlcə sən özünü itirib səsi qaldıracaqsan, amma vaxt keçdikcə öyrəşəcəksən. Əsas odur ki, özünü saxlaya bilməyəndə günah hissi yaranmasın. Təzə-təzə bu, hamıda belə olur, hətta lamalarda da. Daha sonra sən televizora səsli, lakin görüntüsüz olaraq baxmağa başlayırsan. Ən nəhayət isə sən söndürülmüş televizora baxmağa başlayırsan. Bu ən əsas texnikadır, ilk ikisi isə hazırlıq xarakteri daşıyır. Bütün xəbər verilişlərinə baxırsan, amma televizoru yandırmadan. Çox vacibdir ki, bunu edərkən qamət düz olsun, əlləri isə qarın nahiyəsində mövqeləşdirəsən - sağ bilək aşağıda, sol isə yuxarıda. Bu kişilər üçün idi, qadınlar üçün isə əksinədir. Fikri bir saniyə də olsun yayındırmaq olmaz. Əgər 10 il dalbadal, heç olmasa gündəlik 1 saat belə televizor izləsəniz, televiziyanın təbiətini dərk edə bilərsiniz. Elə başqa şeylərin də həmçinin”.

Bu sitat məşhur postmodernist rus yazıçısı Viktor Pelevinin "Generation P" əsərindəndir.

O, bizə televiziyadan buddist rahib kimi istifadə etməyi önərir.

Biz bəzən televiziyadan çox şeylər gözləyirik. İstəyirik ki, televizor ekranı bizə dünyanın sirlərini desin, Kvant fizikası haqqında üzdən təhlillər aparsın.

Mənim bir hekayəm var, hələ yayımlanmayıb. Hekayədə televizor üstündə evdə hakimiyyəti ələ keçirməyə çalışan ailə üzvlərindən bəhs olunur. Ən sonda ata qalib olur və onun istədiyi verilişlərə baxılır.

Bəzən biz televizora baxmadan da orda nə baş verdiyini bilə bilərik. Burda çətin bir şey yoxdur. Arif adama bir işarə də bəsdir.

Deməli, televizorda kimsə şitlik eləyir, atılıb-düşür, yaxud aparıcı kimisə qabağına alıb danlayır, təhqir edir...

Bütün bunları oturub ciddi-ciddi baxmasan da qulaqdan-qulağa sənə gəlib çatacaq. Bəzən televizora sönmüş vəziyyətdə baxmağı bacarmalısan. Səs onun içindədir. Sənin bir toxunuşuna açılacaq və ordakı səsin görüntüsünü göstərəcək.

Bizim televiziyaları anlamaq üçün mütləq baxmalısan deyə bir qayda yoxdur. Hamısı çevir-tatı, vur-tatı eyni havanı çalır, sən də qollarını qaldırıb meydana girirsən. İnkubator cücələrini xatırladır televiziyalar.

Hər gün eyni xəbərlərlə qarşılaşırıq. Televiziyada filankəs filankəsi aşağılayıb, başqası camaatı ağlatmaq üçün min hoqqadan çıxıb.

Ağlamaq demişkən... İlk insan ağlayır...

Məni Zaur Baxşaliyevin verilişinə dəvət etmişdilər. Adını demirəm, eldən ayıbdı. Mövzu: gənc yazıçının faciəli həyatı.

Razılaşdım. Axı dünyada faciəsi olan o qədər yazıçı var ki. Bu baxımdan biz bütün yazıçılarla qardaşıq. Və mənimlə onlar arasında elə də fərq yoxdur. Yaxşı mövzu idi.

Zaur Baxşaliyevlə də görüşüb söhbətləşdik. Mədəni şəkildə məramımızı bölüşdük bir-birimizlə.

Hər şey qaydasında gedirdi.

Ta ki Zaur Baxşaliyevin efirdə məni ağlatmaq istəyi olana qədər.

Hələ ağlatmaq bir qırağa.

Köməkçisi dedi ki, ananızın gəlinliyini və gündəliyini gətirin.

Sən demə, qəfil qapılar açılacaq, qardaşım əlində gündəliklə salonun ortasında diz çöküb ağlayacaqmış. Hələ bu harasıdır? Ardınca bacım gəlinliyi göz yaşı ilə isladacaqmış.

Mən də bu acı mənzərəyə baxıb hüznlənəcək, başımı əllərimin arasına alıb hönkürəcəkmişəm.

Bütün bunlar az qalsın olacaqdı. Görəcəkdiniz ki, Zaur bir kədərli mahnının fonunda kədərli-kədərli danışıb bizim göz yaşlarımıza dəstək durur.

Hələ verilişdə oturan tamaşaçılar da dəsmal götürüb gözlərinin qırağını silir.

Heyf! Zaurun istəyi baş tutmadı. Ona dedim ki, “mənim göz yaşımı görməyəcəksən”.

Axşam dostumla kafelərin birində oturub dərdləşirdik. Mən bu əhvalatı ona danışdım. Nə desə yaxşıdır?

- İndi verilişə getsəydin, məşhurlaşacaqdın. Kitablarını da alacaqdılar.

Başımın üstündəki söndürülmüş televizorun səsi əsəblərimə toxundu.

Ofisianta dedim ki, söndür o televizoru.

O isə key-key üzümə baxdı.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020