Empatiya hiss etmək, yoxsa lağ etmək?

Empatiya hiss etmək, yoxsa lağ etmək?
14 may 2018
# 14:16

Rakel Palasionun “Möcüzə” romanı haqqında

Malayziyadakı palma plantasiyasında işçilər onlara tanış gəlməyən bir canlıya rastlamışdılar və onu yadplanetli zənn edib döymüşdülər. Təbiəti Mühafizə Təşkilatının müdaxiləsi ilə sığınağa təhvil verilən canlının, xəstəlik nəticəsində tükü tökülmüş bir ayı növünə aid olduğu məlum olmuşdu. Misirdə tapılan mumiyalar arasında genetik xəstəlik nəticəsində skelet formalarında dəyişiklik olanların yadplanetli olduğu versiyası həmişə səsləndirilir. Bəzən deyilir ki, insanların aradakı fərqləri kənara qoyub “hamımız insanıq” qənaətinə gəlmələrinin tək yolu, yadplanetli təhdididir. Ancaq bu fantastik fərziyyədir, yadplanetlilərə ümid etməkdənsə, cəmiyyətə empatiya bacarığını aşılamaq daha praktik çıxış yoludur.

Ayrı-seçkilik həm də bir qrupun bir şəxsə qarşı yanaşmasında təzahür edə bilər. Məktəblərin birində sinif yoldaşları fiziki məhdudiyyətləri olan, bəzən köməksiz dərsə gələ bilməyən bir şagirdə qarşı ayrı-seçkilik edirdilər. Ona qarşı diskriminasiya göstərən şagirdlərə, həmin şagirdin yaşadığı çətinliklər və buna baxmayaraq haqqı olan təhsili almaq üçün necə mübarizə apardığı açıqlananda, münasibətləri müsbətə doğru xeyli dəyişdi. Güman ki, müəllimlər bu növ davranışların ortaya çıxma ehtimalının yüksək olduğunu nəzərə alıb şagirdlərə izah etsələr, ya da valideyinlər uşaqlarının dərs mühiti və yoldaşları ilə münasibətləriylə maraqlansalar belə davranışları dəyişdirə bilərlər. Müasir hüququn bizə aşılamağa çalışdığı, aradakı fərqlərdən asılı olmayaraq bütün insanların müəyyən təbii hüquqlara sahib olmalarıdır. Ancaq valideynlər və ümumiyyətlə böyüklər ayrı-seçkilik edilməsi riskinin fərqindədirlərmi? Ayrı-seçkilik və stereotipləşdirmə mexanizmləri praktikada çox incə şəkildə işləyə bilər və bir çox hallarda uşaqlar fərqində olmadan böyüklərin yanaşmalarını təqlid edirlər.

TEAS Press Nəşriyyat Evinin “3 alma” yayınlarından çıxan Rakel Palasionun “Möcüzə” romanı son dövrlərin yeniyetmələr üçün yazılmış ən populyar romanlarındandır. “New York Times”-ın bestseller siyahısında olan kitabın indiyə qədər 5 milyon nüsxəsi satılıb və Amazon online satış saytında 12,784 oxucu kitab haqqında mütləq çoxluğu müsbət olmaqla, rəy bildirib.

Əsər, üz quruluşunu bizim normal saydığımız formadan ciddi şəkildə fərqləndirən Treacher Collins sindormundan əziyyət çəkən və evdə təhsil alan şagirdin, təhsilini orta məktəbdə davam etdirməyə başlamasıyla baş verənləri təsvir edir.

Görünüşünün fərqli olması səbəbiylə qarşılaşdığı münasibəti bacısı Via, “Digər insanların Avqusta baxmağına heç vaxt öyrəşə bilməmişəm. Onun normal görünmədiyini bilirəm, ancaq yad adamların onu görəndə niyə belə şoka düşdüklərini həqiqətən anlamıram. Dəhşətə gəlmiş...Diksinmiş...Qorxmuş...İnsanların üzündəki ifadəni təsvir etmək üçün o qədər sözdən istifadə edə bilərəm ki...” sözləri ilə təsvir edir. İnsanların belə münasibətinə əsərin qəhrəmanı Avqustun reaksiyası başlarda “Kaş hər gün Hellouin olardı. Hamımız həmişə maska geyinə biləydik. Beləcə, maskalarımızın altında necə göründüyümüzü öyrənməmişdən əvvəl bir-birimizi tanıyardıq” şəklindədir. Çünkü bəzən ondan elə uzaqlaşırlar ki, “sanki şeytan görürlər”. Yenə də Avqust, “heç vaxt qar yağanda çətir götürən böyüklərdən olmamağı” qarşısına məqsəd qoyur.

Avqustun ev təhsilindən məktəb təhsilinə keçməsi ilə başlayan, ailə üzvlərinin, məktəb və sinif yoldaşlarının, sinif yoldaşlarının valideynlərinin anlayış və qərəzlə dolu münasibətləri, müxtəlif insanların dilindən və baxış bucağından təsvir edilir. Hətta valideynlərdən biri məktəbin inkluziv olmadığının Avqustu qəbul edərkən nəzərə alınıb alınmadığını direktordan soruşur. Təhsilə başladıqdan bir müddət sonra, Avqusta münasibətlərinə görə “Cekin tərəfi”, “Culianın tərəfi” və “neytrallar” olmaqla qruplaşmalar yaranır, sözlə və davranışla göstərilən münasibət, bəzən yuxarı siniflərin real şiddət tətbiqinə çevrilir.

Nəticədə, mədəniyyət qalib gəlir və son səhifələrində əsərin adının nə üçün “Möcüzə” qoyulduğunu aydın olur. Kitab orta məktəb şagirdlərinə və eləcə də təhsil psixologiyası sahəsində çalışanlara və valideyinlərə önhökmlərinin, qərəzlərinin, stereotiplərinin fərqində olmağa və onlara qalib gələrək “möcüzə” reallaşdırmağa kömək edəcək.

İnsanlarla digər canlılar, qadınlarla kişilər, böyüklərlə uşaqlar arasında, dəri rəngi, aksent və ya geyim fərqinə görə asanlıqla stereotipləşdirmənin bir nümunəsini canlı şəkildə təsvir etməklə, bunu fərq edib empatiyanın əhəmiyyətini göstərməklə, əsərin stereotipləşdirmənin populyar olduğu bütün cəmiyyətlərdə oxunması vacibdir. Şagirdlərin, eləcə də böyüklərin yay tətili üçün oxuma siyahılarında olmalı olan kitablardandır. Nəzərə alaq ki, komplekssiz insan demək olar ki yoxdur və cəmiyyətin fərdə o kompleksi aşmağa kömək etməsi ya da onu şişirdib maneəyə çevirməsi, “biz” adlandıracağımızın qrupun böyüklüyünü təyin edir.

# 2475 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #