İki Xanların arasında qalan Azər

İki Xanların arasında qalan Azər
13 may 2018
# 07:15

Hansı ilin hansı ayın hansı günü idi, xatırlamıram, ustad sənətkarımız Aşıq Əli Quliyev məni “Əhmədli” tərəfdə dərviş komasına oxşayan balaca bir kafeyə çağırdı, dedi, mütləq gəl, səni dəyərli bir adamla tanış edəcəyəm.

Getdim. Adam kim ola yaxşıdı? Aşıq Azər Xanlaroğlu!

Təbii ki, onacan bir-birimizi qiyabi tanıyırdıq. Aşıq Əli qəribə bir ərklə əllərimizi iç-içə qoyub öz əllərinin arasında sıxdı və dedi: “Siz mütləq dost olmalısınız!”

Mən belə şeyləri nağıllarda eşitmişdim. Hansısa bir müdrik bizi bizim özümüzdən yaxşı tanıyır və görüşdürüb dost olmağımızı tövsiyə edir.

O gündən dostlaşdıq Azərlə. Görüşdük, dərdləşdik, yazışdıq, zəngləşdik. Dəfələrlə məni evlərinə dəvət etdi. Etiraf edim ki, dostluq-kirvəlik işində bir az soyuğam. Özümdən asılı deyil. Ən yaxın qohumlarımın da evinə getmirəm. Bunu məqsədli etmirəm. Öz-özünə belə alınır. Əslində, getmək, tanış olmaq, daha yaxın ünsiyyət qurmaq istəyirəm, alınmır. Azərsə fərqli idi. İstiqanlı, şirin dost idi.

Bir dəfə “Yazar dostlarını da götür gəl, sizə bir qulluq edim” - dedi mənə. Murad Köhnəqalanı, Mövlud Mövludu və indi yadımda qalmayan daha bir neçə nəfər yazar dostumu götürüb getdim. “Elmlər Akademiyası” metrosunun yaxınlığında “Mimino” adlı kafe vardı, dayısı oğlu işlədirdi, orda gözəl bir məclis qurdu. Saz çaldı, şeir oxuduq. Onda hamımız düşünürdük ki, belə gözəl günlərdən hələ çox olacaq. Amma heç ikinci dəfə də olmadı.

Bəzən Moskvadan zəng edirdi mənə, bəzən rayondan. Bəzən evdən danışırdı, bəzən hansısa məclisdən. Səninlə söhbət edən qədər heç yerdə rahat olmuram deyirdi. Etiraf edirəm, o, bizim dostluğumuz üçün məndən daha artıq can yandırırdı. Qəribədir, mən ona deməli olduğum halda, o mənə “Ustad” deyirdi.

Azər mənim içimdə hüdudsuz bir sevgi görmüşdü. Bu sevgi Aşıq Xanlara olan sevgi idi.

Hətta bir dəfə yaş üstünlüyümdən istifadə edib Azəri, yüngül bir şou pöroqramına çıxdığı üçün telefonda möhkəm danladım, dedim, Aşıq Xanların sazını ora çıxartma barı, ayrı saz götür... İncidi məndən. Sonra niyyətimin onu incitmək yox, tamam başqa və dəyərli mətləblər olduğunu gördü. İncikliyi tədricən əriyib getdi.

Azər xəstələnəndə nəinki onu ziyarət eləməyə, telefonla danışmağa belə ürək eləmədim. Yalnız Facebookla hal-əhval tuturduq. İnciməmişdi getmədiyimə görə. Onun əlacsız gözlərinə baxmağa məndə ürək nə gəzirdi? Rəhmətlik Şaiq Vəlidə də belə oldu. Uzun zaman yanına gedə bilmədim. Hətta məni arzulayırdı, xəbər göndərirdi, yenə gedə bilmirdim.

Evdə Azərin xəstə, çarpayıda uzanalı şəklinə baxıb çox ağlamışam. Ağlamaq intim ayindir. O, təklikdə gözəldir. Bir tanrı olur, bir sən. Sakit hıçqırıqlarını həssaslıqla dinləyir. Buna o qədər əminəm ki, adamların içində ağlaya bilmirəm.

İndi Azərin ifalarıdı, mənəm, bir də bizə həssalıqla qulaq asan Tanırdı - baş-başa vermişik və bu yazı da bu müdhiş görüşdən balaca bir əsintidir.

Azəri çox az adam başa düşdü. O, atasının travmasından heç vaxt çıxa bilmədi. Azəri o travma öldürdü. Oğlu balaca Xanlar doğulanda bir az özünə gəlsə də, axıracan səbbini almadı. Ona görə səhhətindəki problemi bilə-bilə özünü qorumadı. Əslində, o, ağır xəstəlikdən xilas olmuşdu. Demişdi mənə. Ayağındakı damar genişlənməsindən narahat idi. Qanqrena verəcəyindən qorxurdu.

Bəli, heç kim axıracan anlamadı onu. Axırı özü dilə gəldi. Ölüm ərəfəsində dedi ki, belə çönürəm atam Xanlardı - onun yanına getmək istəyirəm, belə çönürəm oğlum Xanlardı – onun yanında qalmaq istəyirəm...

Bizə yanlış görünə bilər, ancaq Azər üçün bütün dünya tərəzinin bir gözündə idi, atası Xanlar o biri gözündə. Axırda atasını seçdi. Tərəzinin Aşıq Xanlar olan gözü ağır gəldi.

İnanıram ki, Azər indi atasıyla birlikdədir və xoşbəxtdir. Ən azı özümü buna inandırmağa çalışıram. Çünki başqa əlacım yoxdur.

# 3453 dəfə oxunub

Oxşar xəbərlər

Burak Özçivitin yeni filmi açıqlandı

Burak Özçivitin yeni filmi açıqlandı

13:00 18 aprel 2024
Gənc Tamaşaçılar Teatrının may repertuarı

Gənc Tamaşaçılar Teatrının may repertuarı

12:30 18 aprel 2024
"Kamran Ağabalayev şeir oxuyanda mən utanıram" - Bayağılığı təbliğ edən qiraətçilər

"Kamran Ağabalayev şeir oxuyanda mən utanıram" - Bayağılığı təbliğ edən qiraətçilər

12:00 18 aprel 2024
Mehdi Hüseynlə bağlı yeni görüntülər yayımlandı

Mehdi Hüseynlə bağlı yeni görüntülər yayımlandı

12:00 18 aprel 2024
"Sağ əlimiz Ukraynanın başına!" - Həmid Herisçi

"Sağ əlimiz Ukraynanın başına!" - Həmid Herisçi

11:52 18 aprel 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:40 18 aprel 2024
# # #