news-inner
clock13:30 calendar-gray 01 May 2018 view-gray179 dəfə oxunub
view-gray179 dəfə oxunub

İnternet proqramıyla sevişmək istəyən tənha adam

Kulis.az Ramin Paşazadənin “Virtuallığın dözülməz reallığı” yazısını təqdim edir.

XIX əsrin sonu, XX əsrin əvvəli bəşər övladının tərəqqisində dönüş nöqtəsi sayılır. Məhz bu dövrdə insani münasibətləri bir-birinə sıx bağlayan elmi ixtiraların sayı sürətlə artmağa başladı. Məsələn, həyatımızın bir parçasına çevrilən telefon, televizor, radio, kitab və s. Bu şeylərin ixtirası insanın əsrlər boyu gəldiyi qənaətlərin vulkan püskürməsi idi. Həmin ixtiralar sayəsində insan üçün məsafə anlayışı itməyə başladı, evindən kənara çıxmadan okeanın o tayındakı doğmaları ilə əlaqə yaratdı. Elm məhz bu dövrdə raketi ixtira edib yerə ilk dəfə uzaqdan baxa bildi.

XXI əsrin əvvəlində isə bəşər övladı internet kimi yeni bir fenomeni ixtira etdi. Bu, əslində elmi tərəqqinin kitabını yenidən açıb oxumaq idi. Postmodernizm özünü bu şəkildə daha açıq-aydın göstərməyə nail oldu. Çünki insanlıq yeni heç nə yaratmamışdı. Sadəcə, bütün ixtiraları bir sistemə yığmağı bacarmışdı.

İndi android telefon vasitəsilə internetə girməklə özümüzü planetin sahibi kimi hiss edə bilirik. Bir anda istədiyimiz qəzeti, kitabı, jurnalı tapıb oxuyuruq. Sevdiyimiz filmə baxıb, bəyəndiyimiz musiqini dinləyə bilirik. İstənilən telekanalın qaçırdığımız verilişlərini ən rahat şəkildə yenidən izləmə şanslarımız var. Ən uzaq ölkədə olan doğmalarımızla məsafələri aşıb görüntülü danışmağı bacarırıq. Telefondakı bir düyməylə hansısa zavodu işə salıb, prosesə nəzarət edə bilərik. “Google earth” proqramı ilə kosmosdan bütün ölkələrin ucqar kəndlərini görmək əlimizdədir. Amma bütün bunlar hələ bizə azmış kimi gəlir. İnkişaf elə sürətli gedir ki, az qala hər gün yeni ixtiralar gözləntisindəyik. Gözümüz doymaq bilmir.

Gəlin bir anlıq düşünək ki, sehrli xalatımız var, əynimizə geyib birbaş XIX əsrə gedirik. O dövrün insanlarına əsrimizin elmi-texniki inkişafından söz açırıq. Şübhəsiz ki, heç kim dediklərimizə inanmayacaq, üstəlik, bizi ələ də salacaqlar. Ən yaxşı halda, danışdıqlarımız, fantastik roman yazıçılarına maraqlı mövzular verə bilər.

Bu gün dünyanı idarə edən internet fenomeni sayəsində hər şeydən xəbər tutan insanın mənəvi problemləri haqqında düşünməyə vaxtı yoxdu. Onun gündəlik həyatını rəngləndirən şeylər əsasən android sistemi ilə əhatələnib: paylaşdığı şəkillər, bəyəndiyi statuslar, oynadığı oyunlar və s...

Müasir insan zahirən xoşbəxt, mahiyyətcə isə bədbəxtdi. Bir növ, inkubator məhsulu kimi. Şəxsi seçimi də yox kimidir. Ancaq ona təklif olunan məhsulu “yeməklə məşğuldur”. Onun üçün münasibətlər yazışmaq, ən yaxşı halda isə görüntülü danışmaq səviyyəsindən o yana keçmir. O, narkoman kimi internetdən, daha dəqiqi, android telefonlardan asılıdır. Sevdiyi adamlardan uzaqda qala bilər, amma bircə gün internetsiz yaşamağı təsəvvürünə gətirməz; ətrafında “vay-fay” olmasa, nəfəsi çatmaz.

Bütün bunlara baxmayaraq, internetin yaratdığı sonsuz imkanlar hələ gözümüzü doydura bilməyib, biz gələcək haqqında fikirləşməklə məşğuluq: Gələcəkdə özümüzlə daşıya biləcək evlərimiz olacaqmı? Uçan maşınlar sürə biləcəyikmi? Aya səfər etmək mümkün olacaqmı?..

Gələcək haqqında fikirləşmək bəşər övladının həmişə marağında olub. Bu mövzuda elmi-fantastika janrında kitablar yazılıb, filmlər çəkilib. Bu əsərlərin az bir qismində gələcəkdə insanlar arasında olan münasibətlər saf-çürük edilib.

Roman janrında bu mövzunu fransız yazıçı Jül Vern ustalıqla işləyib. Onun bu mövzuda yazılan bir çox romanı hətta indi də müasir insanı təəccübləndirə bilir. Adam əsrlər sonra baş verəcək hadisələri necə təsəvvür edib bir romanda cəm edə bilər?

Mən bu sualı “O” (“Her”) filmini izləyəndə də özümə vermişəm. “O” filmi əslində gələcəkdən bəhs edir, amma günümüzün reallıqlarını göstərir. Filmə baxandan sonra tamaşaçının sanki “gözləri açılır”, yeni dövr insanının nə qədər süni həyat yaşadığının şahidi olur.

Həyatını heç vaxt internetsiz təsəvvür edə bilməyənlər mütləq “O” filminə baxmalıdır. Film romantik dram və elmi-fantastika janrında çəkilib. Ssenari müəllifi və rejissoru Spayk Consdur.

“O” filmi 2013-cü ildə nümayiş edilərkən böyük tamaşaçı kütləsinin rəğbətini qazanır. Film rejissora uğurla yanaşı, böyük gəlir gətirir. 86-cı Oskar mükafatında beş nominasiyada qeydə alınsa da, yalnız “ən yaxşı orijinal ssenari” nominasiyasında qalib olur.

Filmin baş qəhrəmanı istedadlı qələm adamı Teodordur. Onun işlədiyi idarə insanlara qəribə xidmət göstərir. Bu xidmət başqalarının əvəzindən məktub yazmaqdan ibarətdir. Məsələn, siz doğmalarınıza məktub yazmaq istəyirsiniz, amma müəyyən səbəblərdən yaza bilmirsiniz – ya vaxtınız yoxdur, ya da həvəsiniz. Bu şirkətə sifariş verib ödəniş edirsiniz. Şirkətin işçiləri sizin adınızdan istədiyiniz adama məktub yazır. Bu məktublar, təbii ki, bədii cəhətdən sizin yazacağınız məktubdan daha keyfiyyətli olur.

Film başlar-başlamaz rejissor incə ironiyasını işə salır. Tətiyini çəkib hədəfi düz gözündən vurur, həm də bir güllə ilə iki hədəfi. Teodor kimi istedadlı yazarlar indi də az deyil. Belələri yazdığı kitablar sayəsində yox, absurd işlərdə çalışmaqla pul qazanırlar. Təbii ki, günün reallığı buna məcbur edir. Rejissor gələcəyi bəhanə edib, müasir yazıçının güzəranını göstərir.

Rejissorun diqqət çəkdiyi ikinci məqam daha dəhşətlidir: yeni dövrün insanları hansısa səbəblərdən doğmalarına məktub yaza bilmirlər və şirkətin işçiləri onların əvəzindən məktublar yazırlar. Bir az geniş düşünsək, görərik ki, dövr artıq bizi buna doğru aparır. Yəqin ki, yaxın zamanlarda belə şirkətlər bütün dünyada fəaliyyətə başlayacaq.

Filmin qəhrəmanı Teodor tənha, boşanmış biridir və qapalı həyat tərzinə rəng qatmaq istəyir. Bir gün internetdə süni zəka əməliyyat proqramı haqqında məqalə oxuyur və həmin proqrama qoşulur. Bütün hadisələr də bundan sonra başlayır.

Belə ki, proqram insanların “köməkçisinə” çevrilir. Müştərinin seçiminə bağlı olaraq qadın və kişi səsi ilə xidmət göstərir. Bura elektron poçtların oxunması, iş və şəxsi həyat barəsində tövsiyələr və s. kimi bir çox xidmətlər daxildir. Avtomat “köməkçi” müstəqil adamın düşüncəsi kimi bir zəkaya malikdir. Teodor zəka proqramının qadın səsi ilə olan xidmətini seçir. Səs özünü ona Samanta kimi təqdim edir. Teodor naqilsiz qulaqcıq vasitəsilə proqramla rabitəyə girir. Gözlüyünə qoşduğu kamerayla isə günlük yaşamını Samantaya göstərir. Günlər keçdikcə Samanta Teodor üçün doğma insana, dosta, həyatının bir parçasına çevrilir. O, bu qadın səsi ilə hər mövzuda söhbət edir, bütün dərdlərini, düşüncələrini bölüşür, hər addımında Samantanın tövsiyələrini dinləyir. Beləcə, yavaş-yavaş özü də bilmədən Samantanı sevməyə başlayır. Teodor bu hadisəni keçmiş arvadı Katerinaya danışır. Katerina keçmiş həyat yoldaşını həmişəki kimi reallıqdan uzaqlaşmaqda günahlandırır.

Bir az sonra Teodorun Samantaya olan sevgisi ona qarşı cinsi istək yaradır. Amma bu istəyi hansı şəkildə həyata keçirəcəyini bilmir. Yalnız səsdən ibarət olan biri ilə nə cür cinsi yaxınlıq etmək olar? Beləliklə, virtual dünyanın mahiyyətini bir detalla açan rejissor tamaşaçıya əsl şok yaşadır.

Qəhrəman düşdüyü vəziyyətdən dolayı əməlli-başlı sıxıntı keçirir. Samanta vəziyyətin qəlizləşdiyini görüb ona üçüncü şəxsdən istifadə etməyi təklif edir: Teodor bir qadın tapıb sevişməlidir, Samanta isə guya sevişərkən keçirəcəyi hissləri dilə gətirməklə onu məmnun edə bilər. Bu təklifi bir neçə dəfə həyata keçirməyə çalışsa da, süni alınır və iflasa uğrayır. Buna görə Samanta əlavə proqramlara qoşulduğunu bəhanə gətirərək getdikcə Teodorla münasibətlərini soyudur.

Bir gün bu absurd sevgi macərası sona çatır. Samanta müəyyən səbəblərdən Teodorla münasibətləri bitirmək məcburiyyətində qalır, qərarını çətinliklə məşuquna bildirir.

Həmin vaxt çox üzülən Teodor bir müddət sonra bu sevgi macərasının onu xeyli dəyişdiyini hiss edir. Anlayır ki, virtual dünya nə qədər gözəl olsa da, real dünyanın sərhədlərini keçə bilmir. Qərara gəlir ki, keçmiş həyat yoldaşına məktub yazıb onunla barışsın.

Filmə baxandan sonra tamaşaçı Teodorun başına gələnləri fantastika kimi qəbul edə bilər. Amma gerçəklik ondan ibarətdir ki, dövrümüzün elmi-texniki inkişafı bizi sürətlə Teodorun yanına aparmaqdadır. Artıq, robotlarla evlənən insanlar haqqında xəbərləri oxuyuruq. Ona görə də rejissor gələcək faciələrdən xəbərdar olan kahin kimi bizi kino diliylə indidən məlumatlandırır. Bizim isə boynumuza düşən elmi-texniki inkişafın həyatımızı asanlaşdırmasıyla çətinləşdirməsi arasındakı incə xətti təyin etməyimizdir.

news-inner-user

16489 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Karyerasına atası son qoydu, dostları nankor çıxdı... – Kinomuzun Sərvərindən maraqlı faktlar
15:02 21 Sentyabr 2020
Tanınmış Türk yazıçısının kitabı Azərbaycanda
14:18 21 Sentyabr 2020
Rəsulzadəyə həsr olunmuş dərgi çap olundu
13:32 21 Sentyabr 2020
Biz səni niyə oxuyaq? – Qismət gənc yazarı tənqid etdi
12:50 21 Sentyabr 2020
Azad seks və şantaja qurban gedən qızlarımız – Fəridə yazır...
12:08 21 Sentyabr 2020
Kənan Hacıya vəzifə verildi
11:35 21 Sentyabr 2020
Seyid Əzimin qəzəllər kitabı Özbəkistanda
11:05 21 Sentyabr 2020
Yol polisi ilə şortik davası
10:30 21 Sentyabr 2020
"Emmi" mükafatının qalibləri açıqlandı
10:03 21 Sentyabr 2020
Xalq yazıçısını dəfn edən molla: “Onu məzara qoymağa bir qohumu, dostu tapılmadı” – Müsahibə
08:58 21 Sentyabr 2020
Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi beynəlxalq festivalın qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020