Nuri Bilgənin avtomobil qəzasında ölən aktyor qohumu

Nuri Bilgənin avtomobil qəzasında ölən aktyor qohumu
2 aprel 2018
# 11:26

Kulis.az Eyyub Məmmədovun “Həyata yaraşmayan ölüm” essesini təqdim edir.

Gözlərlə bağlı ibarələrlə doldurulmuş cümlələr əvvəllər məni elə də cəlb etmirdi. Nədənsə daim elə düşünürdüm ki, gözləri “qəlbin aynasına” bəzətməklə, onları “ruha açılan pəncərələr kimi” görməklə insanlar yersiz mübaliğələrə yol verir, sıradan bir insan əzasına lüzumsuz mənalar yükləməyə çalışırlar. Halbuki zamanla bu fikrimin dəyişməsinə səbəb də elə gözlərdə yaranan ifadələrə ilişib qalmağım oldu. Bir zamanlar bu cür həssasiyyətə ironiya ilə yanaşan insan sonradan qəfil necə oldusa belə gözlərə bu dəfə başqa bir məqsədlə anlamlar aramaq üçün, onların daxili dünyasına boylanmaq, hüdudsuzluğundan möhtəşəmliyinə bir addımlıq məsafə olan ruh dünyalarına səyahət üçün bələdçi kimi istifadə etməyə baxdı. Baxdı və bu zamandan etibarən həm də bu sıradan insanları bu qədər qeyri-adi edən şeyi özünə cəzb edən sirrin adını tapmış oldu.

Çox sevdiyim bir kadr: səhərin ala qaranlığı. Yenicə sökülməyə başlayan dan yeri və uzun iş saatından sonra yorğun-yorğun kameranın qarşısında (hər iki kameranın, həm filmin çəkildiyi, həm də filmdə çəkilən filmin kamerasının) gözlərini uzaqlara dikib dayanan bir cavan oğlan. Bu gözlərdəki baxışlar mənə tanışdır. Hərçənd ki, mən burada yanılacam. Çünki bu baxışlarda bir şeytanilik var. Adətən möhkəm, yetişkin, həyatda özünə hər vəziyyətdə yer eləməyi bacarmış, inandırmaq, sevdirmək, uğur qazanmaq və bütün bu keyfiyyətləri ilə yanaşı qəfil 180 dərəcə çevrilib tanınmaz insan halına gələ biləcək xarakter gizlənir bu gözlərin arxasında. Bu cür insanlar Turgenevin Rudini, Feytxvangerin Oskar Lauzentakı, Lermontovun Peçorini, Stendalın məşum qəhrəmanları və b. adlarını sadalamadığım insanlardır. Halbuki bizim qəhrəmanımız elə biri deyil. Hətta sonralar müsahibəsində də qeyd etdiyi kimi, adicə çılpaq qadın ayaqlarına baxmalı olduğu bir səhnədə belə olmazın əzablar çəkibmiş. Professional aktyorluq təcrübəsi olmasa belə cəmi üç filmlə özünü sevdirməyi bacarmış Mehmet Emin Toprak sonuncu filmində elə öz xarakterinə uyğun bir səhnə ilə ondakı bu gözlərin doğurduğu ifadələrin təsadüfi, insanı aldadan baxışlar olmasını sübut edir. Qonşuluqda yaşayan qızdan xoşu gəlsə də ona sevgisini açıb deyə biləcək cəsarəti olmadığından əlindəki şansları da bir-birinin ardınca boşuna xərcləyir. Bir gün isə yaşadığı binanın dəhlizində üz-üzə gələrkən sonuncu cəhdinə də qarovulçu mane olduqdan sonra o həyatda digər şeylərdə olduğu kimi sevgisində də gecikdiyini dərk edib lüzumsuz arzularından vaz keçir.

Çexovun “Albalı bağları” əsərindən təsirlənərək çəkilən “Mayıs sıkıntısı” filmində daim darıxan, özünə heç bir yerdə qərara tuta bilməyən bir kənd sakini rolunu oynayan Mehmet Emin Toprak məşhur rejissor Nuri Bilgə Ceylanın bacısıoğludur. Elə dayısının təklifi ilə fabrikdəki işini qoyub çəkilişlərə gələn Mehmet Emin ardıcıl üç filmlə məşhurluq qazanır. “Kasaba”, “Mayıs sıkıntısı”, “Uzak”. Təəssüf ki, kariyerası kimi ömrü də qısa olan bu gözəl aktyor yəqin ki, dayısı rejissor olmasaydı filmə çəkilməyəcəkdi. Dostlarının xatirələrinə inansaq o hətta, çəkildiyi filmlərdəki rolunu da elə ciddiyə almaz, film barədə söhbət düşəndə isə “eləcə filmdi də, çəkirik” deyərək böyük bir təvazökarlıq göstərərmiş. Oynadığı rollarda ortaya qoyduğu performans isə bu təvazökarlığına yaraşmayacaq nisbətə sahib idi.

“Kasaba” filmində yaşadığı qəsəbədə darıxan, ömrünü burada keçirmiş qohumları ilə bir gün buralardan çəkib gedəcəm deyərək açıq konfliktə girən, “Mayıs sıkıntısı”da şəhərə getmək üçün kəndlərinə gələn rejissora kömək edən, film çəkilişlərində iştirak edən, “Uzak” filmində isə artıq hər şeydən əli üzülərək şəhərə iş axtarmağa gələn, lakin burada da uğur qazana bilməyib, nəhayət, əbədi səadət axtarışından ümidini üzərək əliboş geriyə qayıdan bir insan obrazını canlandırır. Özünün dediyinə görə isə filmlərindən ən çox sevdiyi “Uzak”dır. Səbəbi, bəlkə də, bu qədər çox üşümüş olmasıdır. Elə “Uzak” filmində də kariyerasının ən yüksək uğurunu və sonuncu uğurunu qazanır. Ən yaxşı köməkçi aktyor rolu ilə mükafatlandırılan Mehmet Emin Toprak uğurunun da qurbanı olur.

Şəxsi həyatında kifayət qədər istiqanlı, mehriban və ünsiyyətcil olması ilə yanaşı həm də kifayət qədər fərqli xarakterə sahib olan aktyor həyat yoldaşının dediyinə görə həm utancaq, həm də bu utancaqlığından dolayı “sakar”, bizim dillə desək tutumsuz imiş. Tez –tez bu “sakarlıq” sənə bir ziyan gətirəcək deyə ona irad tutan xanımının peyğəmbərliyi özünü doğruldur. Ömrünün ən sonuncu “sakarlığını “ eliyən Mehmet Emin Toprak 2002-ci ildə Ankara film festivalından geri dönərkən yolda avtomobil qəzasına uğrayır. İyirmi səkkiz yaşında həyatdan və sənətdən vaxtsız köçmüş aktyor oynadığı az rollara baxmayaraq, izləyicilərin yaddaşında əbədiyyət qazanmağı bacarır.

Fikir vermişəm, həyatı və sənəti ilə əbədiyyət qazanmış insanların əksəriyyəti kor bir taleyin, hər hansısa təsadüfi bir qəzanın qurbanları olur. Bu qəzalar istər adi maşın qəzası olsun, istərsə də hansısa bir kənar şəxsin ehtiyyatsızlığı. Ya da Sabahəddin Alinin qatili olmuş axmaq bir debilin barbarlığı.

Fərqi yoxdur. Hər bir ölüm faciə, hər bir ölüm şairin dediyi kimi "erkən"dir. Bu mənada necə ki Bazarov öz çılğınlığına yaraşmayan bir lirik xəstəlikdən ölürsə , Mehmet Emin Toprakın da eləcə sənətə və yaradıcı ruha qənim kəsilmiş ölümdən - avtomobil qəzasından ölməsi onu sevənlərə dərin sarsıntı və məyusluq gətirir.

“Uzak” filmində bir dialoqda keçən cümləni tez-tez xatırlayıram:

“Sən deyirdin Tarkovski kimi film çəkəcəm. Hanı bəs? İnsan özü ilə doğular, özü ilə də ölər”.

Mehmet Emin Toprak özü ilə ölən adamlardandır. Ölüm motivi onun filmlərində ciddi bir mövzu kimi işlənir. Bu sanki həyatın faniliyinin sübutudur. Ölüm elə ya belə daim olacaq. Bu fanilikdən qaçış isti bir May günlərindən səni Uzaklara – soyuğun qışın, qarın çovğunun hakim olduğu nəhəng bir şəhərə atsa da gec tez qayıdıb öz Kasabana qayıdacaqsan. Baxmayaraq ki, bu həqiqəti dərk etmək üçün bu cavan oğlan hələ çox böyüməli idi. Babalar doğuluş , həyat, ölüm həqiqətlərində böyümüş nəvələrdir. Elə “Kasaba” filmində babası ilə aralarında keçən dialoqda da göründüyü kimi:

“- Öldükten sonra kendi toprağına gömülmək falan. Ne önemi varki bunun?

- Yok. Yok olmaz. Daha gençsin. Ölüme uzaksın da öyle konuşuyorsun. Hiç olurmu? Ölüme yaklaşınca insan düşünüyor. Ruhen de hazırlanıyor. Yoksa dayanılmaz buna. İnanmak lazım, inanmak.

Mehmet Eminin xatirəsini əbədiləşdirən daha bir şey var. Çox sevdiyim şair Hüseyn Alemdarın onun ölümünə yazdığı şeir. Bir zamanlar gözlərdə anlamlar axtarmayan mənim kimi şair Nuri Bilgeyə də “Dudaklarda , alınlarda anlamlar arama”, - deyir. Çünki artıq bu filmi çəksən də montajda soyuyacaq.” Ah, kalbim öyle diyor! Bu... Bu fotoğraf artık ağlamaq istiyor".

Eşqi uşağa, ölümü tanrı ahına bənzədən şairə görə “Her kes en acı kendine bağırır”.

# 1285 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #