Maral ağsaqqal kişilərlə hər cür zarafat eləyərdi - BİRCƏNİN ROMANI

<b>Maral ağsaqqal kişilərlə hər cür zarafat eləyərdi</b> - <span style="color:red;">BİRCƏNİN ROMANI
30 mart 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Emin gələnəcən qaynanam nə dedisə, harama söydüsə dillənmədim. Nə üzlə dillənəydim? Hələ də göylərin qarmaqlı zəncirində başaşağı yellənirdim.

Axşam ərim qapıdan girən kimi Zöhrə xala hər şeyi bitdə-bitdə onun ovcuna qoydu. Emin bir söz demədən su içdiyi dolça əlində divana çökdü. Zaldakı iri yemək masasının üstündə sərgidən yığdığım paltarları ütüləyirdim. Elə bilirdim qaynar ütü nişastalı paltarların qırışlarında yox, kürəklərimdə gəzir, ütünün altında xışıltıyla açılan da o qırışlar deyil, mənim qabırğalarımdı.

Zöhrə xala susan kimi araya uzun bir sükut çökdü. Qorxudan Eminə sarı baxa bilmirdim, hərçənd indi onun üzünün ifadəsini görməyi çox istəyərdim. Dözülməz bir səksəkə içində olsam da, Eminə yazığım gəlirdi, o gecə içimdən axıb keçən mərhəmət selinin yatağı hələ qurumamışdı.

Emin oturduğu yerdən qəfil sıçrayıb qalxanda səksəndim, elə bildim indicə üstümə atılacaq. Ancaq o, yanımdan yel kimi ötüb eşiyə çıxdı, həyətdə Cavidlə oynayan Bəhruza:

- Qaç atanı çağır bura, - dedi.

Uşaq əmisinin qırımını görcək dərhal evlərinə götürüldü. Emin içəri girib telefonun dəstəyini qapdı, Misir əmisigilə zəng vurub onu da bizə çağırdı. Yenə gic gülmək tutmuşdu məni, dilimi-dodağımı gəmirirdim ki, duyuq düşən olmasın.

Əlimdəki işi buraxıb qapıya sarı yönələndə Emin bağırdı:

- Qayıt geri! Qoy qarışqanın qahmarları gəlsin, izahatını onların yanında ver.

Misir əmiylə Yunusun hər dəfə məni ərimlə qaynanamdan qorumağa qalxdıqlarına, tərəfimi saxladıqlarına işarə vururdu. İçimdə nə qorxu, nə peşmanlıq, nə də xəcalət vardı; arabir Eminə yazığım gəlirdi, vəssalam.

İndi bu yaşlı-başlı kişilərin qarşısında özümü necə təmizə çıxaracaqdım, onların üzünə hansı üzlə baxacaqdım?

Qaynım Misir əmidən qabaq gəldi. Bilirdim ki, Maral olanları ona çatdırıb. Yunus yanını yerə qoyan kimi dolu bədənli, ağ gur saçlı hündür, yaraşıqlı Misir əmi də içəri girdi. Qapının ağzındanca hamını tək-tək gözündən keçirib baxışlarını üzümə zillədi, mənim halımdan, görkəmimdən evdəki ab-havanı tutmaq istədi:

- Nolub yenə, nə məsələdi?

Emin mənə ikrahla baxıb üzünü anasına çevirdi:

- Qoy orasını anam desin.

Misir əmi indi də Zöhrə xalanı süzüb dedi:

- Anan desə hər yarağımız düzələcək, qalacaq saqqal darağımız.

Zöhrə xala bilirdi ki, hayana çəksə Misir əmi onu haqsız çıxaracaq. Buna görə də çənəsini mənə sarı uzatdı:

- Qoy elə əziz-xələf gəlininiz özü desin.

Hamının baxışları mənə tuşlanan məqamda Maral içəri girdi. Onu görəndə bayaqdan udduğum nəfəsim qapağı götürülən qazanın buğu kimi sinəmdən çölə püskürdü. Maral heç kimə məhəl qoymadan dolu əndamını yırğalaya-yırğalaya keçib Misir əminin üzündən öpdü, şirin atmacalarıyla aradakı gərginliyi yumşaltmağa çalışdı. Sonra da mənə sarı dönüb:

- Nübarın çinarı kimi nə bitmisən orda, - dedi (Nübar qonşumuzuydu, evinin dörd yanını çinar ağaclarıyla hasarlamışdı), - get bir çay dəmlə.

Sevincək özümü mətbəxə atdım, çay hazırlığı görə-görə qulaqlarımı şəkləyib zalda gedən söhbəti dinşəməyə başladım. Maral olanları asta-asta, təmkinli bir tövrlə Misir əmiyə danışırdı. Arada özünü də söhbətin gözünə qatırdı:

- Mənim də ağlım olmadı, bu qoca kişiyə gəldim. Qorxdum birdən ölüb eləyər, uşaqlar dalbadal oldu. İndikilər ağıllıdı, çoxbilmişdi. Cavid də hələ körpədi, bir az böyüyər, evinizi tikdirib yığılarsız içinə, sonra o qədər uşağınız olacaq, əlində qalacaqsız...

Maral danışa-danışa arada mətbəxə keçib süzülmüş çayları süfrəyə daşıyırdı. Hər yanıma gəldikcə də xısın-xısın:

- Üzünüz doğransın, biyabır olduq kişinin yanında, - deyib qolumdan, əndamımdan bir çimdik götürürdü. Mürəbbələri, konfetləri süfrəyə yığdıqca cingiltiylə gülə-gülə Zöhrə xalaya baxırdı. Sonra da başını mətbəxə sarı uzadıb:

- Bircə, sənin həmişə şirin piroqun-zadın olur, - dedi, - gizlətmə, gətir çaylayaq.

Mən piroqu doğrayıb boşqaba düzəndə Zöhrə xala özünü atdı mətbəxə. Qaynanamızın xasiyyətini çox yaxşı bilən Maral onunla dabanqırma mətbəxə girib piroq dolu boşqabı Zöhrə xalanın əlindən aldı. Piroq ortaya gələndə abort məsələsi keçdi arxa plana. Arvad üzümə acıqlı-acıqlı baxıb:

- Onu Bəstinin uşaqlarına aparasıydım, - dedi, - niyə ortalığa çıxartdın?

Qaynanam Marala bələdiydi, bilirdi ki, ağzını açsa hamının yanında onu biyabır eləyəcək, ona görə də acığını mənim üstümə tökürdü.

Maral mənə qurulmuş məhkəməni beşcə dəqiqənin içində məzhəkəyə, lağlağı məclisinə döndərib həyəcanı, gərginliyi aradan götürmüşdü. Hətta mənim məsələm daha gündəlikdən çıxarılmışdı, Misir əmi artıq Elgizin evlənmək məsələsini ortaya atmışdı. Kişi nişanı tezləşdirməyi, payızda da toy çaldırmağı məsləhət görürdü. Axırda da Maralla bir az zarafatlaşıb getdi evinə.

Eltim də mənim kimi Mahmud əmigillərin uzaq qohumu, onlarla bir tayfadan olduğuna görə bu qardaşların Marala ayrıca rəğbəti, sevgisi vardı. Eminlə qardaşları atalarının, əmilərinin yanında artıq-əskik kəlmə işlətməkdən çəkinərdilər, ancaq Maral bu ağsaqqal kişilərlə hər cür zarafat eləyərdi, hətta rəhmətlik qaynatamız kefikök vaxtında hərdən Maralla qabaq-qabağa oturub nərd də oynayardı. Zöhrə xalayla da eltim qaynanası kimi yox, çox zaman tay-tuşu kimi davranırdı.

Hərə bir yana dağılışandan sonra Maral məni yanlayıb dedi:

- Bir halva nəzir elə, ara sakitləşən kimi bişir yeyək.

Mən səksəkə içində sağa-sola baxıb:

- Qoy tozanaq yatsın, gözüm üstə, - dedim.

Hərdən düşünürdüm: bəlkə bu qadın şirin şeyləri çox sevdiyindən özü də bu qədər şirindi...

***

Ancaq Emin sakitləşmədi, səhəri gün də mənimkiləri çağırıb gətirtdi. Atam üstümə yeridi, anam gəlmədisə də göndərdiyi ismarışlar sinəmdən dəyib kürəyimdən çıxdı. Məni ən ağır cinayətlərdə suçladılar, alçaltdılar, damğaladılar. Səbrim daşırdı, istəyirdim cəzamı tezcə verib bağlasınlar bu məsələni. Özümü heç nəylə yuyub duruya çıxara bilmirdim.

Gündüzlər ev işləriylə başımı qatır, hamıdan aralı gəzməyə, kimsəni dindirib-söylətməməyə çalışırdım. Emin bir müddət mənə yaxın gəlmədi. Görürdüm məni davaya çəkib döymək istəyir, ona görə də söz-söhbətdən yayınırdım, deyilənlərə sözsüz əməl eləyirdim ki, əlinə bəhanə düşməsin. Günorta yeməyi vaxtı məni oturmağa qoymurdu, lazımlı-lazımsız buyruqlar verirdi: süfrəyə turşu qoyulmuşdusa həyətdən göy-göyərti yığmağımı istəyirdi, qatıq vardısa onu atılayıb ovduq qayırmağımı istəyirdi.

Bir dəfə də kələm dolması bişirmişdim, məni bostana göy soğana göndərdi; soğanı tələsik yığıb yuyub süfrəyə qoyanda boşqablar bir-birinə dəyib səs saldı. Emin qalxıb üstümə gələndə mən zalın qapısını açıb özümü artırmadan aşağı uçurladım, qaçdım Maralgilə. Onların pilləkənini çıxanda Eminin məni haqladığını görüb özümü saldım arxa otaqlara. Evin içində ora-bura qaça-qaça Maralı harayçılığa çağırırdım. Arxa otaqdan eltimin səsi gələndə ürəklənib qapını açdım: Maral enli taxtın üstündə, yorğanın altında uzanmışdı, bircə başı çöldə qalmışdı. Özümü tez onun yanına təpib girdim eltimin qoltuğuna. Birdən altımda nəyinsə tərpəndiyini hiss elədim. Taybatay açılmış qapının ağzında duran Eminin üzünün ifadəsi məni də qorxutdu. Nəsə altımdan sərt hərəkətlə qalxanda mən yumalanıb döşəməyə çırpıldım, özümə gəlməmiş Yunusun başı yorğanın altından çıxdı:

- Ay Allah, bunların əlindən hara gedək, evimizdə dincəlməyə də qoymurlar.

Emin suçuxmuş qapını örtüb uzaqlaşdı, qaynım çarpayının başına atılmış mələfəyə bürünüb bayıra çıxdı. Maral əl atıb məni yerdən qaldırdı, yorğanın altına çəkib sinəsinə sıxdı:

- Əmiqızı, lap vaxtında gəlib məni bu itin əlindən aldın.

Marala qısılıb onu qucaqladım, bir-birimizə baxıb ürəkdən şaqqanaq çəkdik. Bu dəfə də Eminin yumruğundan canımı belə qurtardım.

***

Bir səhər neylədimsə Cavid sıyığa yaxın durmadı. Mən onu yedirə bilməyəndə də qaynanam dava salırdı ki, gəlin uşağa baxmır. Pilləkənə düzülmüş əmisi uşaqlarını görəndəsə Cavid heç ağzını da açmadı. Tərsliyimə salıb onu zorla yedizdirdim, stuldan düşüb bir addım atan kimi yediyini döşəməyə qusub qaçdı.

Emin günorta evə gələndə Zöhrə xala başladı:

- Sən olmayanda bu gəlin uşağın ətini çeynəyir, yeməyinə baxmır. Qusmuş uşaq günün altında qalıb, ana olan bəndənin tükü də tərpənmir.

Mən qaynanama tərs-tərs baxıb dilləndim:

- Niyə allahsız danışırsan, başımın altına yastıq qoyub yatmamışam ki! Mən də evin işiylə, biş-düşüylə məşğulam. Bir də günün altı niyə olur, yanlarından su axır, başlarının üstündə də kölgəli ağaclar.

Sözümü bitirməmiş Emin şığıdı üstümə, qolumdan tutub məni otağımıza çəkdi. Qapını arxamca örtəndən sonra məni götürüb divanın üstünə tolazladı:

- Sənin məqsədin, fikrin nədi? Denən!

Qaldım gözümü qırpa-qırpa. O bağırırdı, söyürdü, dəli kimi yumruğunu masaya döyürdü, mənə hələ ki toxunmurdu. Fikrim qapıda, baxışlarım divarda çıqqıldayan kəfkirli saatda qalmışdı. Eminin gözləri hədəqəsindən çıxmışdı:

- Mən bilirəm sən niyə belə eləyirsən. Sənin bu evdən qaçmaq fikrin var! Özün gedirsən cəhənnəmə get, uşağı aparsan səni yerin deşiyindən də olsa tapıb iri tikəni qulağın boyda eləyəcəm.

Yenə gic gülmək tutdu məni. Bu qaçmaq məsələsini mən özüm uydurub demişdim ona, bir dəfə məni bərk incidəndə and içmişdim ki, Cavidi də götürüb qaçacam evdən, uzaq səfərə çıxan qatarların birinə minib lap Sibirə qədər gedəcəm.

Gülməyə başlayanda Emin üstümə atıldı. Mən özümü qorumaq üçün onu itələyirdim, hərdən lap vururdum, ancaq gülməyimdən də qalmırdım. Hay-küyə başını içəri soxan Zöhrə xala bizim süpürləşdiyimizi görcək:

- Ay bərəkallah, - dedi, - indi də ərini döyür. Mən demişdim axı bu gəlin qorxulu adamdı.

Anası gələnəcən Emin elə bil mənlə zarafatlaşırdı, ancaq anasının onu itələdiyimi gördüyünü görəndə dəliyə döndü, var gücüylə harama gəldi vurmağa başladı. Əvvəllər belə dalaşanda susardım, indisə Emin məni vurduqca hay salırdım, qışqırırdım, söyürdüm.

Burnumdan qan açılanda mən sustaldım. Yenə Maral çatdı hayıma, çatıb məni gözü qızmış ərimin əlindən aldı:

- A bala, niyə öldürürsüz xalxın uşağını? Yaxşı eləyir doğmur. Mənim də ağlım olmadı, itdən küçük tutdum. Sən onu vurmasaydın, vallah bir də eləməyəcəkdi. Sizin iç üzünüz açıldıqca başınıza hələ çox işlər gələcək...

Maral məni onlardan aralayıb evlərinə apardı. Bədənim də, hissim-duyğum, ruhum da tamam sürtülüb sırtılmışdı. Döyüləndə küsüb Maralgilə gedirdim, ağız-burnumun qanı quruyan kimi yenə geri qayıdıb axşam süfrəsi hazırlayırdım. Elə bilirdim belə də olmalıdı – mən aborta getməliyəm, ərim bundan xəbər tutub məni qanıma bələməlidi, səhəri yenə hər şey əvvəlki sayaq davam eləməlidi.

***

Davamızın ertəsi günü yenə hamamda yıxıldım, sir-sifətim ələgəlməz oldu. Qaynımın uşaqları məni sürüyüb bayıra çıxarıb qonum-qonşunu haya çağırmışdılar. Zöhrə xala onsuz da evdə tapılmırdı, hər gün ya qızı, ya da bacılarıgilə gedirdi; görünürdü ki, mənlə bir evdə qalmaq onun da ürəyincə deyil.

Axşam süfrə başında üz-gözümü, qolumu görən qaynım vaysındı:

- Booy, niyə bu gündəsən sən?!

Qaynımın təəccübü o birilərə də əsər elədi, Eminlə Zöhrə xala dönüb xorla sir-sifətimə zilləndilər. Sağ böyrüm üstə yıxılmışdım deyə üzümün sağ yanı, sağ qolum sıyrıq-sıyrıq olmuşdu. Emin elə başa düşdü ki, gördükləri dünənki davanın qalıqlarıdı. Deyəsən qaynanam da elə anlamışdı, gözlərini süzdürüb:

- Dinc durmayan arvadın qazancı bu olar, - dedi.

Söz zərbəsi o halımda mənə kar eləmirdi. Hamı yeyib-içib kahasına çəkiləndən sonra özümü verdim qovağın altına. Canıma indi-indi isti keçirdi, üzümün göynərtisi, başımın ağrısı get-gedə güclənirdi. Əlimdəki buzu əzilmiş yerlərimdə gəzdirə-gəzdirə ömrümün döngə-dalanlarına baş vurub qayıdırdım.

Darvaza şaqqıltıyla açılanda səksəndim, elə bildim xəyal dünyamın şüşə divarları çiliklənib töküldü.

Emin idi, hərdən şam yeməyindən sonra kəndin çayxanasına baş çəkməyi də vardı.

- Niyə yatmırsan, xortdan olacaqsan axırda.

Deyib yanımdakı stula çökdü. Bir az ora-bura baxandan sonra əlimdəki buzu görüb həlim səslə soruşdu:

- Başın bərk ağrıyır? Dedilər bu gün yıxılmısan. Bəs niyə gizlədirsən, heç kimə demirsən?

- Desəm nolasıydı?

Mənə elə gəldi o, peşman olub, canımın çəkdiyi zavala-zillətə görə özünü günahkar sanır. Gecəni ürkütməyən bu səsin onun səsi olduğuna inana bilmirdim.

Masanın üstündəki istəkanı götürüb közü öləzimiş samovardan özünə bir çay süzdü.

- İstəyirsən sabah səni Səməndərgilə aparım.

Onun bozarmış bənizinə üstdən-aşağı baxıb cod-cod dedim:

- Nədən ötrü? Bu sifətlə nə təhər çıxım onların üzünə?

Emin bir addım yaxına gələndə mən bir addım geri sıçradım.

- Qorxma, üzünün yarasına baxıram. İstəyirsən sabah gedək həkimə.

Lənət şeytana, əcəl hərləyir məni, ya nədi?!

- Həkim polisə xəbər verəcək, onda da sənin işin fırıq olacaq, - deyib onu iynələdim.

O gecə Emin canıma çəkdirdiklərinə görə məndən sətiraltı üzr istədi. Mən onun öz dilində dediklərini başa düşdüm, qəbul elədim, hələ bir az da pərişan oldum. Nəyə görəsə yenə ona yazığım gəldi – daha özümə də yox, bu dəfə təkcə ona.

Çayını içib pilləkəni qalxanda Emin geri qanrıldı:

- Atangil Laləni Elşada versələr səni boşayacam.

- Onda mən var gücümlə çalışacam bu iş baş tutsun.

Son vaxtlar köhnə qohumlar arasında yeni bir qohumluq bağı hörülürdü – Misir əmi kiçik bacımı kiçik oğluna almaq istəyirdi. Bizimkilərin, o cümlədən Lalənin bu məsələ hələ qulağına çatmamışdı. Bacımı öz bacısından artıq istəyən Emin bu izdivaca qəti razı deyildi...

ardı var

# 1213 dəfə oxunub

Oxşar xəbərlər

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #