news-inner
clock13:33 calendar-gray 03 Mart 2018 view-gray208 dəfə oxunub
view-gray208 dəfə oxunub

Azərbaycan poeziyasında bağ mövzusuRüstəm Kamal yazır

Kulis.az professor Rüstəm Kamalın “Bağlarımızın poeziyası, poeziyamızın bağları” yazısını təqdim edir.

Abşeron bağları Azərbaycan şəhər mədəniyyətinin maraqlı və tədqiq olunmamış məkan obrazlarından biridir. Bağların tarixi əslində Abşeron kəndlərinin tarixidir. Şüvəlan, Türkan, Mərdəkan, Buzovna bağları… - hər birinin öz "tərcümeyi-halı", öz taleyi var. Abşeron bağları coğrafi-ədəbi obraz kimi mədəni landşaft anlayışı ilə uzlaşır. XX əsr yaradıcı elitamızın həyatı və ya əsərləri bu obrazla bağlı olub. Və Abşeron landşaftının fəlsəfəsi daha çox Elçin yaradıcılığında parlaq əksini tapıb. Heç şübhəsiz, "yüz ildən, min ildən sonra, Abşeron həyatının sözün geniş mənasında mənzərələri (qeyd edək ki, bu mənzərələr artıq xeyli dərəcədə tarixə çevrilmişdir) ilə kim maraqlansa, onların ən mükəmməl bakirəliyində məhz Elçinin əsərlərində tapacaqdır…" (N.Cəfərov. "Elçin. Yazıçının yaradıcılıq yolu").

Təxminən XX əsrin əvvəllərində Abşeron bağları şairlərimiz üçün qəriblik - dərvişlik yeri idi. Abşeron bağlarının obrazlarıxüsusi zikr (mediativ) məkanı idi. Şairlər bağların gözəlliyini ilahi həqiqəti anlamağın bir mərhələsi kimi düşünürdülər. Qayalıqlardan dənizin ənginliyinə baxmaq, axşamlar günəşin batmasını, gecələr ulduzları seyr etmək duyğusu ilahi zikretmə məqamında əriyirdi.

Ona görə də V.Səmədoğlu daim o sevimli məkana yalnız yuxularda qayıda bilirdi:

...Dənizdən çoxmu uzaqdır

Sizin bağınız bu il?

Bağda olmaq, bağa getmək özünüdərk prosesi olmaqla yanaşı, bir yaradıcılıq aktı, yaradıcılıq yaşantısı idi. Bu bağlarda şəhər insanının təbiətə bağlılığı, peyzaj həssaslığı bərpa olunurdu, özü isə təbiətin, peyzajın bir hissəsi olurdu.

X.R.Ulutürk inanırdı:"Yarımçıq şeirimin ardıdır bağım"("Bağban düşüncələri").

Bağ landşaftı abşeronlulardan, bakılılardan fərqli olaraq, başqa bölgələrdən olan şairlərin təhtəlşüurunda yaylaq arxetipi kimi yaşanılırdı. Müqayisə edək:

Bu il Şüvəlanda bir bağa köçdüm,

Mən elə bildim ki, yaylağa köçdüm.\ S.Vurğun. "Bizim quyunun əhvalatı"

Olmasa da sıx meşəli dağları,

Səfalıdır Abşeronun bağları.\ S.Rüstəm. "Abşeron bağları"

Bağ xronotopunu qonaqlarsız təsəvvür etmək olmaz. Bağ qonaqlığı - ziyafəti, yaxud bağa qonaq dəvətetmə adəti maraqlı ritual-davranış aktlarından biridir. Mehdi Hüseynin qızı Zivər xanım yazır: "Bizim Şüvəlandakı bağımız şənbə və bazar günləri qonaqlarla dolu olardı… Evimizin qabağındakı geniş çətirə bənzər ağ tut ağacının altında, uzun stolun arxasında oturub kimi domino, kimi nərd oynayırdı. Qadınlar da öz söhbətlərində, hazırlıqlarında" ("Dəryadan damlalar"). Əlbəttə, bu qonaqlıqların cövhəri ədəbi söhbətlər və mübahisələr idi. A.Zamanov "Kişi şair" adlı xatirəsində Rəsul Rzanın Buzovnadakı bağında baş vermiş bir söhbəti xatırlayır…

Bağ qonşuluğu özü ayrıca milli etik dəyərdir. V.Səmədoğlu "Bəxt üzüyü"ndə bir yay mövsümündə dörd ailəni bağ qonşuları kimi bir araya gətirib, onların komik, absurd davranışlarını şirin dillə qələmə alır. Elçin "Baladadaşın ilk məhəbbəti" hekayəsində yerli camaatın təzə bağ qonşularına münasibətini bütün koloriti və inandırıcılığı ilə canlandırır. Bu kənddə hər kəs təzə qonşu haqqında mütləq hərtərəfli informasiyaya malik olmalıdır. Ağacəfər Baladadaşa bu məlumatı çatdırır: "Təzə qonşumuzdu qız. Bu da onun nişanlısıdı. Yayçün gəliblər, yenə gedəcəklər şəhərə payızda".

Bağ qonşuluğu poeziyamızda sevgi tarixçəsinin ən yaddaqalan hadisəsidir.

Yenə o bağ olaydı, yenə yığışaraq siz

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Bakı (Abşeron) bağlarına mövsüm səciyyəli ölüb-dirilmə stixiyası xasdır. Mifoloji və poetik düşüncəmizdə bağlar yazda və yayda dirilir, payız-qışda isə ölür.

Sizin bağda yuxu varmı,

Yağış yağırmı orda?

Bizi qışda şaxta vurur,

Çücərmişik baharda...\V.Səmədoğlu

Kərim kişi qarlı-çovğunlu, şaxtalı bir gündə, şəhərdəki mənzilində bağda zəncirə bağlı qoyub gəldiyi itin dərdini çəkir. Min əzab-əziyyətlə bağa gedib Nabranı (itin adıdır) xilas etsə də, özü sətəlcəm olub yatağa düşür. (Elçin. "Qarlı qış")

S.Rüstəm də Şüvəlanda bağındakı cavan, körpə meynələrin, zərif çiçəklərin acı taleyini beləcə düşünürdü və ümid edirdi ki:

Şüvəlan bağlarının körpə, cavan meynələri,

Qoymayır onları rahat, soyuğun iynələri.

Necə dözsün buna nazəndə çiçəklər, güllər?

Alıb öz ağzına dörd səmti qudurğan yellər.\"Şüvəlanda"

Cənnət və yaddaş - bu iki ideya Abşeron bağlarının forması və substansiyasıdır. Bağların cənnət obrazı şəhər-kənd, sivilizasiya-təbiət qarşıdurmalarının sərhədində anlaşılırdı, şəhər insanının ideal peyzaj təsəvvürlərini aktuallaşdırırdı. Çox illər sonra, Parisdə Ümmulbanu (Banin) Abşerondakı bağ evlərinin cənnət nisgilini belə yaşamışdı: "Dəniz bağların hündür divarları arxasından görünürdü, divarların bu üzü isə boş çöl idi. Bizim evin gül-çiçəkli bağçası görünəndə adam təəccüblənirdi ki, bu gözoxşayan yaşıllığa gələn yol istidən alışıb-yanan ürək sıxan şəhərdən keçirdi." ("Qafqaz günləri").

Bəlkə ona görə də X.R.Ulutürk Türkandakı bağına həsr etdiyi silsilə şeirlərini kitabında "Türkanımız-cənnətimiz" adı altında verir:

Həftədə bir kərə, ayda bir kərə

Cənnətin qoynundan gəlib keçirəm.

Havadan gül ətri, şərbət içərəm

Bir az baharlaşar, dənizləşərəm,

Bir az təbiətlə əkizləşərəm.

Cənnətin qoynundan gəlib keçərəm.

Bakı milyonçusu M.Muxtarov 1890-cı ildə sevimli qadını - çeçen qızı Lizanın şərəfinə Mərdəkan kəndinin daşlı-qayalı yerində bağ salmaq arzusuna düşür və bunun üçün Lənkərandan qara torpaq, dünyanın hər yerindən nadir ağaclar, güllər-çiçəklər gətizdirir, oranı cənnətməkana döndərir. Bu cənnət məkanda rus şairi S.Yesenin də bir müddət Şiraz ilğımı ilə yaşayır…

Abşeron bağları ədəbiyyatımızda (poeziyamızda) bağ "romanlarının" məkanıdır. Aylı-ulduzlu yay gecələri, hasarlardan boy verən ağaclar, dəniz qayalıqları, isti sahil qumları - "bağ romanının" vacib peyzaj elementləridir.

M.Müşfiqin ölməz şedevrini - "Yenə o bağ olaydı" şeirini sadəcə xatırlamaq kifayətdir.

Yenə o bağ olaydı sevdalar ölkəsində,

O söyüd kölgəsində.

İnci qumlar üstündə yenə verib baş-başa,

Yayı vuraydıq başa.

Abşeron bağları Azərbaycan şairləri üçün həm də ekzistensial məkan təcrübəsidir. Bağ xatirəsi onların təxəyyülündə daim yenidən dərk olunur və yaşayır. Bağ əhvalatları isə lokal (yerli) miflər kimi yaranır və ədəbi yaddaşın süjetlərinə çevrilir. Bağlar simvol və yaddaş xüsusiyyətlərini mükəmməl ehtiva edən coğrafi obrazdır. Bağ əhvalatları, qəribədir, heç vaxt yaddaşlardan silinmir, işarə assosiasiya və xatirəformasında həmişə xəyalımızda canlanır. Necə ki, Baladadaş Amur vilayətinə əsgərliyə gedəndə qatarda sevgi macərasını yada salır.

Bəlkə də XX əsrin ən kövrək və kədərli "bağ əhvalatlarından" biri Xəlil Rza Ulutürkün ölüm ayağında olan şair dostu Əliağa Kürçaylıya Türkan bağlarından bir qom nərgiz gətirməsidir:

Baxışları elə bil əhvalımı yoxladı.

Alıb solğun əlilə nərgizləri qoxladı.

Sonra bir cümlə dedi qürub edən gözəllik:

- Ömür də bitdi, Xəlil.

Sənin gül məkanını,

Türkanını görmədik.

Bu onun son cümləsi, onun son kəlamıydı,

Türkan qoxusu bəlkə ağzının son tamıydı...\ "Türkan nərgizləri"

Mənbə: Ədəbiyyat qəzeti

news-inner-user
Rüstəm Kamal

14 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti