"Uşaqsan, belə şeyləri sənə oxumaq yaramaz..." - Ziyarətgahdan tapılmış qədim əlyazma Məhəmməd Füzulinindirmi?

"Uşaqsan, belə şeyləri sənə oxumaq yaramaz..." - Ziyarətgahdan tapılmış qədim əlyazma Məhəmməd Füzulinindirmi?
26 avqust 2025
# 12:00

Kulis.az İmran Verdiyevin "Ziyarətgahdan tapılmış əlyazma Məhəmməd Füzulinindirmi?" yazısını təqdim edir.


Şəki rayonunun Cəfərabad və Aydınbulaq kəndləri arasında, axar-baxarlı bir ərazidə, yol kənarında “Şıx Osman piri” adlı bir ziyarətgah var. Bu ziyarətgah tədqiq edilməyib, barəsində də heç yerdə heç nə yazılmayıb.

1947-ci ildə Nuxada Aydınbulaq kənd sovetinin katibi işləmiş Camal Abdullayevin söylədiklərinə görə, ziyarətgahın kitabəsində XV-XVI əsrlər yazılıbmış...

Bir vaxtlar Azərbaycan radiosu və televiziyasının Şəki-Zaqatala bölgəsi üzrə müxbiri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olmuş mərhum Pənah Qurbanzadənin 2006-cı ildə çap olunmuş "Hacı Mir Abbas Ağanın həyat yazısı" kitabında həmin ziyarətgahdan tapılmış çox maraqlı və qədim bir əlyazmadan söz açılır.

Kitabdan C. Abdullayevin müəllifə söylədiyi hissəni olduğu kimi təqdim edirik: "Şıx Osman piri" bizim yolumuzun üstündədir... Bir gün Nuxadan gəlirdim. "Şıx Osman piri"nin yanına çatanda birdən güclü leysan yağdı. Özümü güclə pirin günbəzinə çatdırdım... Bekarçılıqdan köhnə, qədim günbəzin tavanına baxırdım... Birdən hisli, qaralmış tirlərin arasından gözümə bir bükülü sataşdı. "Bu nə ola" - deyə düşündüm. Güc-bəla ilə onu oradan götürə bildim. Nəsə çox qədim, sapsarı saralmış vərəqləri Quran hərfləri ilə yazılmışdı. Qalın, təqribən 100 səhifə olardı. Bərk meşinlə cildlənmiş kitab idi. Qoltuğuma qoyub kəndə (Aydınbulağa) yollandım. Gətirib Ağaya (Hacı Mir Abbas Ağa nəzərdə tutulur. O, ərəb və fars dillərində mükəmməl oxuyub-yazan, klassik ədəbiyyatın bilicisi, əruzu və Məhəmməd Füzulini əla bilən, özü də klassik şeir tərzində əsərlər yazan, şeirlərinə Anar və Elçinin yüksək qiymət verdiyi bir şəxs idi - İ.V) verdim ki, oxusun görək nə barədədir.

Ağa alıb baxdı, diqqətlə bir xeyli o tərəf bu tərəfə vərəqləyib oxudu. Sonra qayıtdı ki, bəs bu Məhəmməd Füzulinin məhəbbətdən yazılan şeirləridir. Zarafatla dedi ki, sən uşaqsan, belə şeyləri sənə oxumaq yaramaz. Ağa bir də təəccüblə dedi ki, o, Füzulinin belə şeirləri ilə ilk dəfə qarşılaşır.

Ağadan kitabın tarixini soruşdum. Dedi ki, çox qədimdir, 400 il bundan əvvəl Molla Məhəmməd adlı bir şəxs tərəfindən köçürülüb.
Bəzi yerləri təhrif olunub - Ağa belə söyləyirdi. Özünün söylədiyinə görə, o, Füzulini yaxşı bilirdi. Soruşdum ki, bəs nə edim onu? Ağa da məsləhət gördü ki, kasıb oğlansan, göndər Bakıya, bəlkə, beş-üç manat göndərdilər.

Məktub yazdım Bakıya, Əlyazmalar İnstitutuna və kitab barəsində məlumat verdim. Bir müddətdən sonra Bakıdan cavab aldım. Tapıntıma çox ucuz qiymət qoymuşdular. Razılaşmadım. Bu dəfə Leninqrad (Sankt-Peterburq) Şərqşünaslıq İnstitutuna məlumat yazdım. Oradan da cavab aldım. 200 manat qiymət qoymuşdular. Göndərdim və tezliklə deyilən məbləği ünvanıma göndərdilər”.

Özünün dediyinə görə, C.Abdullayev bu əlyazmanı 1949-cu ildə tapıbdır. Elə həmin il də Leninqrada (Sankt-Peterburqa) göndərib...

Doğrudanmı, tapıntı məşhur şair Füzuliyə mənsub imiş? Biz belə düşünürük ki, hər nə olsa da, bu tapıntı Azərbaycanla, Azərbaycan tarixi, ədəbiyyatı ilə bağlı qiymətli bir xəzinə imiş. (Rus nəyə vəsait buraxmağı əla bilir...)

Hacı Mir Abbas ağanın dediyinə görə, əlyazmanın müəllifi Molla Məhəmməddir. Bəlkə də, əlyazmanın üzü bu şəxs tərəfindən köçürülübdür? Bəlkə də, elə bu şəxsin özü şair Füzulidir?

Axı Füzuli ilkin dövrlərdə öz şeirlərini Molla Məhəmməd və s. təxəllüslərlə də yazıb. 400 il elə də yaxın dövr deyil. Əgər Camal müəllim bu əlyazmanı 1949-cu ildə tapmışsa, onda onun qələmə alınma tarixi haradasa 1549-1550-ci illərə təsadüf edir. Deməli, böyük şairin özü hələ sağ imiş.

Movcud rəvayətə görə, M.Füzulinin ata Vətəni Ərəş qəzası idi. Ərəş qəzası şimaldan Nuxa qəzası ilə qonşu olub. Tədqiqatçıların qeydlərinə görə, İraqda yaşayan Füzuli və onun oğlu Fəzli ara-sıra bura gələr və qohum-əqrabaları ilə görüşərlərmiş. Sözü gedən ziyarəgahla Ərəşin arasındakı məsafə də çox deyil.

Hər halda Camal müəllimin tapıntısı çox qiymətli bir xəzinə imiş. Müqəddəs "Sıx Osman piri" ulu şairimizin xəzinəsini neçə illər hifz edib öz müqəddəs dərgahında saxlamışdır".

Hacı Mir Abbas Ağanın əlyazma barədə fikirlərinə heç bir şübhəmiz yoxdur. Amma yenə də həmin əlyazmanın ciddi araşdırılmasına ehtiyac olduğu qənaətindəyik.
Bu yazının hazırlanmasında da məqsədimiz ipucu vermək və diqqəti bu məsələyə yönəltməkdir. Biz məsələnin füzulişünas alimlərimiz, həmçinin tarixçilərimiz tərəfindən diqqətlə araşdırılmasının tərəfdarıyıq.

Əlyazmanın qorunduğu, saxlandığı yer, ora verildiyi tarix məlumdur. Zənnimizcə, həmin əlyazmanın oradan - Leninqrad (Sankt-Peterburq) Şərqşünaslıq İnstitutunun arxivindən tapıb araşdırmaq elə də çətin olmaz.

Bir də ki, əlyazma dahi Füzuliyə aid olmasa belə, hər halda Azərbaycanla, Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətilə bağlı qiymətli mənbə ola bilər. Bütün hallarda araşdırılması və öyrənilməsi səmərəli olardı.


# 381 dəfə oxunub

Oxşar xəbərlər

"Hərdən yazığım da gəlir ona..."  -  "Gün keçdi" filmində öz tənhalığını ekranlaşdıran rejissor

"Hərdən yazığım da gəlir ona..." - "Gün keçdi" filmində öz tənhalığını ekranlaşdıran rejissor

13:30 26 avqust 2025
"Smiths"in pərdəarxası hekayələri  haqqında kitab - “The Drums”

"Smiths"in pərdəarxası hekayələri haqqında kitab - “The Drums”

12:30 26 avqust 2025
Sarı çiçək - Xulio Kortasarın hekayəsi

Sarı çiçək - Xulio Kortasarın hekayəsi

12:19 26 avqust 2025
“The Sopranos” serialının "Müşavir"i vəfat etdi

“The Sopranos” serialının "Müşavir"i vəfat etdi

11:30 26 avqust 2025
Nəsiminin Suriyadakı məzarı Azərbaycana gətirilə bilər

Nəsiminin Suriyadakı məzarı Azərbaycana gətirilə bilər

11:05 26 avqust 2025
“The Waterfront”un davamı çəkilməyəcək

“The Waterfront”un davamı çəkilməyəcək

11:00 26 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər