“Qəzetlə sevgilimə mesaj göndərdim, işdən çıxardılar”

 “Qəzetlə sevgilimə mesaj göndərdim, işdən çıxardılar”
24 iyul 2012
# 04:00

Kulis.az-ın “Köhnə tüfəng” layihəsnin qonağı tanınmış jurnalist Səbuhi Məmmədlidir.

- Əvvəlcə istərdik, jurnalistikaya gəlişiniz barədə danışasınız.


- 1985-ci ildə bizim məktəb futbol üzrə Bakı çempionu oldu. O vaxt mənim 14 yaşım vardı. Bununla bağlı iki min işarəlik yazı yazdım və o vaxtkı “Kommunist” nəşriyyatına yolllandım. Polis məni içəri buraxmadı və çox maraqlıdır ki, illər sonra həmin polislə, Zülfü dayı ilə o qədər araq içəcəkdim ki... Zülfü dayı məni içəri buraxmadı, mən də nəşriyyatın həyətində, indi İlyas oturan yerdə var-gəl edirdim. Bu vaxt bir nəfər gəldi, ona yaxınlaşdım, dedim ki, yazı gətirmişəm. Dedi, nə yazı? İzah etdim, dedi ki, gəl, yuxarı qalxaq. Biz “Bakı” qəzetinin redaksiyasına qalxdıq, yaxınlaşdığım adam qəzetin idman və şəhər xəbərləri şöbəsinin müdiri Araz Qurbanov imiş. Yazını təqdim elədim, Araz Qurbanov dedi ki, get, verəcəyik. İki gün sonra məqalə dərc olundu, dördüncü səhifədə, yuxarı hissədə.

Yazdıqlarımdan cəmi iki sətir vermişdilər. Bundan sonra həvəsləndim, qəzetə zəng vurdum ki, yazı yazmaq istəyirəm. Dedilər yaz. Biləcərinin dəmiryolçuları tamaşa hazırlamışdılar, bu tamaşadan yazdım və işıq üzü gördü. Sonra Budulayla bağlı bir kino gedirdi, onunla bağlı indiki dillə desək bir köşə yazdım. Yazını xeyli ixtisar edib, on-on iki cümləlik bir şey verdilər. Bunlar ayın axırı baş vermişdi, o biri ayın əvvəllərində poçtdan mənə bir çek gəldi ki, burada 14 manatın var gəl, götür. Getdim poçta, pulu mənə vermədilər, dedilər uşaqsan. Valideynlərimdən biri götürdü pulu, ancaq mənə vermək istəmirdilər. Pulu ağlaya-ağlaya aldım və özümə 10 manatlıq Rumıniya istehsalı olan “Tomis” idman ayyaqqabısı götürdüm.

“Bakı” ilə əməkdaşlığıma isə bir dezinformasiya son qoydu. Biləcəridə bir xəstəxana tikirdilər. İş icraçısı mənim müəlliməmim həyat yoldaşı idi. Yaxınlaşdım, dedim ki, “Bakı” qəzetindən gəlmişəm. Çay gətirdilər, cibimə üç manat da pul qoymaq istəyirdilər, götürmədim. Buradan bir yazı yazdım və vuğuladım ki, Biləcəridə yeni xəstəxana korpusları istifadəyə verilib. Halbuki istifadəyə verilməmişdi, hələ tikilirdi. Yazı çıxdı, səhəri direktor məni çağırdı ki, Kirov rayon Partiya Komitəsindən zəng ediblər. Deyirlər ki, bu nədir, sizin şagirdiniz belə bir addım atıb. Direktor məni danladı və bundan sonra jurnalistikaya müvəqqəti olaraq “əlvida” dedim. İki aya yaxın davam edən əməkdaşlığa bu cür son qoyuldu. Yeri gəlmişkən, o korpuslar hələ də tikilməyib.

- Bəs qayıdış necə baş verdi?

- Qayıdış Alqışla oldu. Mən Sovet ordusunda xidmət etmişəm, əsgərlikdən gələndən sonra gördüm ki, xeyli qəzet çıxır. Universitetin fəlsəfə fakültəsinə daxil oldum, bir az oxudum, gördüm ki, fəlsəfə mənlik deyil. Alqış Həsənoğlunun baş redaktoru olduğu “Xürrəm” qəzeti ilə əməkdaşlığa başladım. İlk yazım da orda çıxdı. 1992-ci il noyabrın 17-də “Azadlıq” meydanında Milli Dirçəliş Günü ilə bağlı mitinq idi. Gördüm mitinqə qəzet paylayırlar, adı da “525-ci qəzet”dir. Qəzeti vərəqləyəndə gözüm bir elana sataşdı, yazılmışdı ki, gəncləri işə dəvət edirik. Ertəsi gün qəzetin baş redaktoru Yusif Rzayevin yanına getdim. Dəhral dedi ki, gəl işlə. Mən sözün əsl mənasında yazı yazmağı Yusif Rzayevdən öyrənmişəm. Yusif Rzayev jurnalistikada mənim ibtidai sinif müəllimim, Mehman Cavadoğlu isə universitet müəlimim olub.

- “525-ci qəzet”də yazmağa başladınız və sonra da çox gənc yaşda bu qəzetdə baş redaktor oldunuz.

- 1993-cü ildə elə vəziyyət yarandı ki, Rəşad Məcid, Yusif Rzayev ölkəni tərk etməli oldu. Mehman Cavadoğlu təklif etdi ki, “525-ci qəzet”in baş redaktoru olum. Mən də təklifi qəbul etdim. Bu vaxt mənim 22 yaşım vardı, qəzet isə 20-25 min tirajla çıxırdı. Təsəvvür edin, 1993-cü ilin noyabr ayında qəzetin 0,7 faizi geri qayıtmışdı. “525-ci qəzet” yeganə qəzet idi ki, ay qurtarmamış maaş və qonorar verirdi. “525-ci qəzet” ilk qəzet idi ki, xaricdə təşkil edilən futbol oyunundan, Polşa-Azərbaycan matçından reportaj hazırlamışdı. “525-ci qəzet” yeganə qəzet idi, Anar Məmmədxanov onlardan müsahibə almağı və yaxud reklam xarakterli bir şey verməyi xahiş edirdi. “525-ci qəzet” yeganə qəzet idi ki, baş prokuror baş redaktoru çağırıb dəqiqləşdirmə aparmağa ehtiyac görürdü. 1995-ci ilin əvvəllərinə kimi baş redaktor kimi çalışdım. Sonra Rəşad Məcid mühacirətdən gəldi və Yaşar Əliyev baş redaktor oldu. Sonra Yaşar Əliyevi də devirdilər və Rəşad Məcid hakimiyyəti tam şəkildə ələ keçirdi (Gülür).

- Baş redaktor vəzifəsindən uzaqlaşdırıldıqdan sonra hara üz tutdunuz?

- Bu vaxt mənim yadıma düşdü ki, mən həm də universitetdə təhsil alıram. Freydlə bağlı bir kitab tapdım, oradan köçürüb diplom müdafiə elədim. O vaxt Məmməd Nazimoğlu maraqlı bir şey yazmışdı ki, qəzetin redaksiyasına getdik, dedilər ki, baş redaktor dərsə gedib. Sonra bir müddət Şahvələd Çobanoğlu ilə “Hüriyyət”də işlədim.

- Daha sonra isə “Rezonans” dövrü...

- “Rezonans” mətbuatın renesansı idi. Sözün əsl mənasında rezonans doğurdu. Üçüncü nömrədən sonra qəzetin tirajı 15 minə qalxdı. Reklam problemi yox idi. O vaxt Hüseynbala Səlimovun yazılarına görə bu qəzeti alanlar vardı. Ancaq indi internet vasitəsilə baxın, görün, onun yazılarını nə qədər adam oxuyur. İlyas Ərnəfəsin yazılarına görə “Press fakt”ı alanlar vardı.

“Rezonans” belə bir dövrdə çıxırdı, ancaq təəssüf ki, təsisçi ilə problemlər yarandı. Günlərin bir günü Müsavatın qərargahında idim. Rauf Arifoğlu qarşılaşdıq, dedi ki, nə işlə məşğul olursan? Dedim, bekaram. Dedi ki, gəl bizdə redaktor işlə. 1998-ci ildə “Yeni Müsavat”a redaktor gəldim. 2003-cü ilə kimi işlədim. Bu müddətdə Rauf Arifoğlu məni азы on dəfə işdən çıxardı və geri qaytardı (Gülür).

- Niyə çıxarırdı ki?

- Məsuliyyətsizliyimdən yaranan səhvlər ucbatından. Adamın üstündə Allah var, Rauf Arifoğlunun yerinə kim olsaydı, çıxarardı amma qaytarmazdı. Məsələn bir böyük “çp” olmuşdu. Mən redaktor olduğum nömrədə krossvordun içində məktub yazmışdım. Krossvodun “burada sizin reklamınız ola bilər” yerinə yazmışdım ki, mən səni çox sevirəm, qayıt. Səhəri Rauf Arifoğlu təbii ki, dəli oldu və məni işdən çıxartdı.

- Qəzet vasitəsilə mesaj göndərdiyin xanım kim idi?

- İndiki həyat yoldaşım.

- Rusiyada “Azərross” qəzetində işləmisiniz. Oradakı azərbaycanlıların qəzetə münasibəti necə idi?

- Bu qəzetdə 2004-2006-cı illərdə işləmişəm. Guya bizim diaspora qəzetimiz olan bu mətbu orqan üzü Vladivastokdan Kallinqrada qədər çıxan bütün rayon qəzetləri arasında ən “debil”i idi. Çünki təsisçi səviyyəsiz idi. Mən orada adaptasiya ola bilmirdim. Təsisçi hər gün bizi yığıb deyirdi ki, azərbaycanlı kişilərin Rusiyaya axışması, bu səbəbdən Azərbaycanda qızların qarıması haqqında yazmaq lazımdır. Hər nömrədə qarımış qızlardan iki-üç səhifə yazı yazılırdı. Elə olurdu ki, başlığını dəyişməklə bir yazını dörd dəfə verirdi. Adamın pulu vardı, ağlı yoxdu.

- İstərdik, jurnalist fəaliyyətinizin “Azərbaycan” nəşriyyatı dövrü haqqında danışasınız.

- “Azadlıq” qəzetində işləyirdim, maaş isə az idi. Fikir verib gördüm ki, “Azərbaycan” nəşriyyatının koridorlarında qara-qara adamlar gəzirlər. Soruşdum, bunlar kimdir? Dedilər ki, bunlar qəzet çıxarırlar. Gündəlik ərzaq və kontur tədarükümüzü görmək üçün başladıq bunlarla işləməyə. Elə olurdu ki, bu qəzetlərdən gündə 70-80 manat pul qazanırdım. Bu adamlar hırla-zırı qanmayan adamlar idi. Onlara qəzet çıxarmaq lazımdı. Bizdə “Google-“un köməkliyi ilə qəzeti çıxarardıq. Onlara qəzetdə cəmi bir materialın getməyi lazım idi. Qalan materiallar onları maraqlandırmırdı. Elə olub ki, 50 tirajla qəzet çıxarırdıq. Gecə saat 23:00-da reket qardaş xahiş edirdi ki, tutaq ki, Şəmkir Sosial Müdafiə Fondunun rəisini vurmaq lazımdır. Mən də o adamı tanımırdım, ancaq başqa bir materialı götürüb başlığı dəyişirdim və 50 tirajla qəzet çıxardıb, beş-altısını da Şəmkir Sosial Müdafiə Fonduna göndərirdi. Bizdə bütün rayonlarla bağlı yazılar vardı, bu katoloqlardakı yazıların başlığını dəyişərək qəzetdə çap edirdik.

- Bu formada işləyəndə ciddi səhvlər də olur yəqin...

- Bəli. Bir dəfə bizim dostlardan birinə Gədəbəyin xəstəxanası ilə bağlı yazı yazmağı tapşırmışdılar. O da Neftçala xəstəxanası haqqında olan yazının başlığını və yazının içərisindəki bəzi yerləri dəyişərək materialı qəzetə verib. O yazıda yalnız bir səhv vardı, yazılmışdı: “Rayon dəniz sahilində yerləşsə də...” Bu cümlə “reket”in bütün mayasını batırmışdı.

Onu da deyim ki, “reket”in əsəbləşməyi çox pis olur, onu sakitləşdirmək mümkünsüz işə çevrilir. “Reket” qəzetlərdə “çp” çox olur təbii ki... Ancaq “reket” qəzetlərin özünün çıxması “çp”dir. Bir dəfə biri zəng edib ki, sizin qəzeti haradan almaq olar, “reket” də deyib ki, “baqaj”da var. Bütün “reketlər”in maşınında “press” lövhəsi var. Özü də maşının arxa şüşənin qabağına, gözə dəyən yerə mütləq bir neçə qəzet qoyulur. Normal jurnalist heç vaxt arxaya qəzet qoymur.

- “Reket jurnalistika”nın qarşısının alınması üçün bir çox addımlar atılır. Sizcə bunun müsbət təsiri olurmu?

- Heç nəyin təsiri olmur və bundan sonra da olmayacaq. “Reket” elan edilmiş dostlardan biri qəzet açmışdı, Mətbuat Şurası bu qəzeti “reket” elan edəndən sonra “Müfəttiş” adlı başqa bir qəzet açdı. Sonra da zəng etdi, Rəhim Hüseynova ki, təzə qəzet açmışam, adı da “Müfəttiş”dir. Rəhim müəllim də deyib ki, bunun adı reketdir, bu qəzet artıq indidən reketdir. Qəzeti “reket” elan edəcəksən, sahibi də gedib başqa qəzet açacaq. Mən təklifim budur ki, əvvəla adamları “reket” elan etsinlər. Bundan başqa Mətbuat Şurası attestasiya keçirsin görək adamlar yazı yaza bilirlər, ya yox. Əvvəl baş redaktorları və jurnalist qurumlarının rəhbərliyində təmsil olunan şəxsləri attestasiyadan keçirmək lazımdır, sonra da jurnalistləri. İlk növbədə KİVDF-dən başlamaq lazımdır, bu qurumun rəhbərliyində təmsil olunanlar hərəsi bir inşa yazsın. Bu qurumda elə adamlar var ki, və bağlayıcısından sonra vergül qoyurlar.

- “Reket” qəzetləri “Azərbaycan” nəşriyyatından çölə töksələr, faydası olar?

- Gözəl təklifdir. Amma onlar maşında da qəzet çıxararlar. Bir qəzet var, “reket” deyil, ofisi yoxdur, viziual çıxır, materialları avtobusda-zadda yığırlar, sonra da çapa verirlər. Axırda da yazırlar ki, qəzetin kompüter mərkəzində yığılıb. Halbuki dediyim kimi belə bir şey yoxdur. Mən qəzet tanıyıram, gündəlik çıxır, bircə dənə kompüteri var. Onun təsisçisi tərcümeyi-halını yazsa, 76 dənə səhv buraxacaq. Mən bir dəfə ona dedim ki, yazı yazmağı, dizayn etməyi də öyrən, neynirsən işçi saxlayıb özün tək qəzeti burax. O adam fəxrlə deyir ki, mən бир kompüterlə gündəlik qəzet çıxarıram. Deməli, Rauf Arifoğlu ilə Qənimət Zahidin ağlı yoxdu da müxbir heyəti saxlayırlar.

- Belə bir fikir var ki, internet media çap mediasını sıxışdırıb bazardan tamamilə çıxaracaq.

- Vaxtilə deyirmişlər ki, kino teatrı öldürəcək. Ancaq belə olmadı. Yaxud deyirmişlər ki, televizor radionu öldürəcək. Belə də olmadı. Yusif Rzayevin bir gözəl sözü var, deyir ki, xışıldatmadan oxudunsa, onun ləzzəti olmur. Onun başqa bir gözəl sözü də var, deyir ki, yazını iyləyəndə bilirəm jurnalist bu yazıya görə nə qədər pul alıb.

- 20 ildir jurnalistikadasınız. Bu 20 ildə nələr dəyişdi?

- Jurnalistika çox cırlaşıb. Yazılarımın redaktəsinə baxıb öyrənmək mənim üçün çox vacib idi, buna böyük diqqət yetirirdim. Amma indiklər öyrənmək istəmirlər. Praktikaya gələn tələbə artıq “copy-paste” ilə başlayır. Bizim Elşən (lent.az-ın idman müxbiri-red.) olimpiada ilə bağlı tələbəyə mövzu verib, o da gedib başqa bir saytdan copy edərək materialı Elşənə atıb. Bu indidən belədirsə, gör axırı necə olacaq.

- Amma etiraf etmək lazımdır ki, Azərbaycanda “copy-paste”nin ustası sizsiniz.

- Əslində “copy-paste” müqəddəsdir (Gülür). Biz “reket” qəzetlərdə bunu edirdik, sonra xeyli müasirləşərək ciddi mətbuata da gəlib çıxdı. Bir maraqlı məqamı deyim ki, biz bəzən qəzetin özünü də “karusel” etmişik. Məsələn baş qarışıb, sabah səkkizdə yadıma düşüb, qəzet buraxmalıyam, pulunu də əvvəldən almışam. Bütöv bir qəzeti olduğu kimi başqa bir qəzetin dizaynerinə göndərmişəm ki, götür, 16 səhifənin materialıdır. Həmin nömrəni baş redaktor çox bəyənmişdi. Bir dəfə isə şrift satmışıq. Bir bambılı “reket” vardı, dedi ki, “Azadlıq”ın şriftlərindən xoşum gəlir. Dedim, təşkil edərik, sadəcə 30 manat lazımdır. 30 manat aldıq, getdik, yedik-içdik. Axşam da pivə içmək istəyirdik, amma pulumuz qurtarmışdı. “Bambılı reket”ə dedik ki, samitləri almışıq, qalıb saitlər. 20 manat da saitlərə istəyirlər. Dedi, 20 manat çox deyil? Cəmi 9 dənə sait var da. Dedim, çoxdur amma durğu işarələri də var axı. 5 manat da “Azadlıq”dakı “q” hərfinə görə almışıq, halbuki o qəzetin adında bu hərf yox idi.

- Bəyəndiyiniz beş imzanın adını çəkin lütfən.

- Hikmət Sabiroğlunun, Alyanın, Azər Qaraçənlinin yazıları rastıma çıxanda oxuyuram, təəssüf ki onlar çox az yazırlar. İndi bir boşluq var. Bizim nəsildən sonra qəribə bir boşluq yarandı. Bizdən sonra gələnlər nəsə götürdülər, ancaq tam formalaşa bilmədilər. Təzə gələn nəsil jurnalistikanı hara aparacaq, bilinmir. Onlar lokomativ deyil, çəkə bilməyəcəklər. Oxumurlar, mütaliə yoxdur. Dil bilmirlər. Ən acınacaqlısı odur ki, bunlar Azərbaycan dilini də bilmirlər. Bir dəfə Cahangir Məmmədli “Yeni Müsavat”a bir tələbə göndərmişdi, özü də demişdi ki, sevimli tələbəmdir. Ona dedik ki, iş görən ustaya diqqət yetir, bir şey yaz. Yazmışdı ki, usta lampışkeyi düzəldirdirdi. Dedim, ay Allah, bunlar hardan gəlib çıxır? Ölkədə reportyor yoxdur. Özünə reportyor deyən adam bu sözü repartyor kimi yazırsa, ondan nə gözləyəsən. Gənclərdən az-çox Fərahim İlqaroğlu diqqəti çəkir. Çevikdir, dili az-çox bilir. Ramin Deko talışca yazır. İndiki gənclərdə duyum, hiss yoxdur. Bəzən mənim haqqımda deyirlər ki, burada oturub hardansa reportaj yazır. Bunu yazmaq üçün gərək insanda duyum ola. Bir dəfə Elşad Paşasoya dedim ki, mən burada oturub, Salyan haqqında sənin bu rayondan yazdığın reportajdan daha yaxşısını yazaram. Reportyor məqamı tutmalıdır, bizimkilərdə bu yoxdur. Sabah sənə əla pul versinlər ki, get, qəzet aç, sən üç nəfər reportyor tapa bilməzsən.

- Getmədiyin yerdən reportaj hazırlamaq təcrübəsindən neçə dəfə istifadə etmisiniz?

- (Gülür) Bir neçə dəfə olub.

- İşlədiyiniz hər yerdə bu təcrübədən istifadə etmisiniz?

- Yox, hər yerdə bu təcrübədən istifadə etməmişəm. Bu, , işlədiyim yerə münasibətdən asılı deyil, əhval-ruhiyyəmdən asılıdır. Bunlar hamısı təcrübə ilə qazanılan şeylərdir, həyat özü yetişdirir.

- Lent.az-da belə bir şey olub?

- Yox, Lent.az-da olmayıb, heç “Azadlıq”da da bu təcrübədən istifadə etməmişəm. Ancaq bir dəfə “Yeni Müsavat”da belə bir reportaj yazmışdım. Qusardan reportaj yazmalı idim, Qubaya qədər getdim, baş yeyib-içməyə qarışdı. Ancaq Qusara getməmiş oradan reportaj yazdım, maraqlı alınmışdı. Rauf Arifoğlu bunu sonra bildi, ancaq heç nə demədi. Bir dəfə də “Müxalifət” qəzetinin redaksiyasında oturub o qədər də ciddi olmayan qəzet üçün Moskvadan reportaj yazmışam.

Qan Turalı
Ağa Cəfərli

# 3454 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #