news-inner
clock10:46 calendar-gray 05 Yanvar 2018 view-gray138 dəfə oxunub
view-gray138 dəfə oxunub

Qərbin Nizamiyə daha böyük ehtiyacı var – Məti Osmanoğlunun məqaləsi

Bu gün BDU-nun dosenti, filoloq-alimMəti Osmanoğlunun doğum günüdür. Kulis.az bu münasibətlə Məti müəllimitəbriki edir və onun Nizami Gəncəvi haqqında yazdığı “Bir araya gəlmək istəyi varsa” məqaləsini təkrar yayımlayır.

Şərq və Qərbin, islam və xristian mədəniyyətlərinin qovşağında yerləşən Azərbaycan XX əsrdən XXI əsrə müstəqil dövlət kimi yeni tarixi statusda, zamanın fərqli çağırışları ilə gəldi. İqtisadi və geosiyasi mənzərəsi dəyişən dünyaya öz kimliyini daha yaxından tanıtmaq üçün dünya ilə Azərbaycanın yalnız siyasətin və iqtisadiyyatın, hüququn və sazişlərin dilində deyil, həm də mədəniyyətin, elmin və intellektin dilində danışmaq, öz qədim tarixini, zəngin mədəniyyətini, köklü mənəvi dəyərlərini bütöv və obyektiv şəkildə təqdim etmək vəzifəsi aktuallaşdı. Yeni əsrin başlanğıcından bu istiqamətdə dövlət səviyyəsində böyük işlər görülüb, əhatəli proqramlar həyata keçirilib və bunlar davam etdirilir.

Yeni əsrdə qarşıya çıxan vəzifələrdən biri də Azərbaycanın dünya ilə təmasının qarşılıqlı dialoq və əməkdaşlıq üzərində qurulmasıdır. Dünyanın ən nüfuzlu və mötəbər mədəniyyət, elm və təhsil ocaqları ilə birgə layihələrin həyata keçirilməsi, belə demək mümkündürsə, birbaşa onların özlərinin Azərbaycanı öyrənməyə və tanımağa cəlb edilməsi zamanın yetişdirdiyi zərurətdir. Bu baxımdan, 2013-cü ildən Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin yaradılmasının müstəsna əhəmiyyəti xüsusi qeyd edilməlidir. Akademik Nərgiz Paşayevanın təşəbbüsü və iştirakı ilə təsis edilmiş mərkəzin həyata keçirdiyi uzunmüddətli "Azərbaycan və Qafqaz dillərinin və mədəniyyətlərinin araşdırılması proqramı" ölkəmizin zəngin tarixinin və mədəniyyətinin Qərbin aparıcı elm mərkəzlərindən birinin mütəxəssisləri tərəfindən araşdırılmasına, öyrənilməsinə və dünyaya məhz Qərbdən, Qərbin öz meyarları ilə təqdim edilməsinə şərait yaradır. Proqrama Oksford Universiteti tərəfindən Qafqaz regionunun tarixinə bələd olan görkəmli şərqşünas alimlər - profossor Robert Hoyland və professor Edmund Heyziq rəhbərlik edirlər. Azərbaycanı Nərgiz xanımın təmsil etməsi isə həyata keçirilən təbdirlərdə, görülən işlərdə, aparılan tədqiqatlarda Azərbaycan və Qərb təcrübəsinin bir araya gətirilməsi, ən başlıcası da milli maraqlarımızın qorunması baxımından misilsiz imkanlar açır.

Onu da xatırladaq ki, az qala Nizami ilə yaşıd olan Oksford Universiteti dünyanın ən qədim ali təhsil ocaqlarından biri sayılır. Hazırda bu universitetdə 20 mindən artıq tələbə oxuyur ki, onların təxminən beş mini xarici ölkələrdən gəlir. Universitetdə dörd mindən artıq müəllim çalışır. Həmin müəllimlərdən 70 nəfəri Kral Cəmiyyətinin, 100 nəfərdən çoxu isə Britaniya Akademiyasının üzvüdür.

Qafqaz regionu və bu regionun tarixində, ictimai-siyasi proseslərində mühüm yer tutan Azərbaycan mədəniyyətinin belə bir nüfuzlu elm və təhsil ocağı tərəfindən tədqiq olunaraq Qərb auditoriyasına təqdim edilməsi təkcə Azərbaycan üçün deyil, Qafqazın digər xalqları, elə Qərbin özü üçün də böyük əhəmiyyət daşıyır. Bu bir həqiqətdir ki, indiyə qədər Qərbdə Azərbaycan tarixi, eləcə də Qafqazın müsəlman xalqlarının mədəniyyəti az öyrənilib, görülən işlər isə müxtəlif səbəblər üzündən əhatəli və obyektiv olmayıb. Bu mənada, Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin fəaliyyətə başlaması elmdəki və münasibətlərdəki boşluqların aradan qaldırılması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilməlidir.

Artıq mərkəz tərəfindən konkret işlər görülməkdə və bu işlərin real bəhrələri özünü göstərməkdədir. Görkəmli rus şərqşünası akademik Yevgeni Bertelsin 1940-cı ildə Moskvada nəşr edilmiş "Böyük Azərbaycan şairi Nizami" kitabının Britaniyanın "Gilgamesh" nəşriyyat evində ingilis dilində nəşr edilməsi və Londonun tanınmış mədəniyyət məkanlarından birində təqdimat mərasiminin keçirilməsi uğurlu hadisədir. Bu hadisəni real şərtləri nəzərə alıb qiymətləndirəndə onun əhəmiyyəti daha qabarıq görünür. Real vəziyyət isə budur ki, biz nə qədər həssaslıqla yanaşsaq, qəbul etməsək də, dünyanın etibar etdiyi nüfuzlu elmi və ensiklopedik nəşrlərdə Nizami Gəncəvi İran və ya fars şairi kimi təqdim edilir. Bu, Azərbaycana münasibətdən (bu amili tam istisna etmək fikrində deyiləm) daha çox, uzun zamanlar ərzində formalaşmış elmi yanaşma stereotipindən irəli gəlir. Məsələn, bütün səviyyələrdə (etnik, siyasi, iqtisadi, mədəni və s.) bizə çox yaxın və doğma olan Türkiyə filologiyasında nəinki Nizamini, eləcə də bu ölkənin öz tarixi ərazilərində yaşayıb-yaratmış və fars dilində yazmış böyük mütəfəkkirləri "fars şairi" (ən yaxşı halda isə "İslam klassiki") kimi qəbul etmək ənənəsi hələ də davam etməkdədir. Mənə elə gəlir, bu stereotipi aradan qaldırmaq sahəsində indi hamıdan artıq Azərbaycan nizamişünaslığının üzərinə daha ciddi iş düşür: tədqiqatlar dünyanı inandıracaq elmi meyarlar çərçivəsində aparılmalı, "məhəlli" səviyyədə qalmamalı, beynəlxalq elmi arenaya çıxarılmamağa layiq olmalıdır. Özümüz deyəni özümüz eşitsək və bununla da işimizi bitmiş hesab etsək, heç kəs bizim mövqeyimizi ciddi qəbul etməyəcək. Dünyanı inandıra biləcək elmi yanaşmaların ortaya qoyulması üçün beynəlxalq səviyyədə müzakirələr aparmağa, fərqli mövqeləri dinləməyə və öz mövqeyimizi əsaslandırmağa hazır olmalıyıq.

Öz həqiqətlərimizi dünyaya qəbul etdirmək üçün yeganə yolumuz isə hərəkətə gəlmək, yaranan hər bir imkandan müdrikliklə istifadə etmək, irəliyə doğru atılan hər bir addımı dəstəkləməkdir. Bu baxımdan, Oksford Universitetində Azərbaycanı və Qafqazı təqdiq edən mərkəzin Nizaminin adını daşıması, eləcə də həmin mərkəz tərəfindən "Böyük Azərbaycan şairi Nizami" adında kitabın nəşr və təqdim edilməsi Nizami Gəncəvi ilə bağlı mövcud olan stereotipin dəyişdirilməsinə xidmət edən konkret iş kimi dəyərlidir.

Onu da nəzərə almalıyıq ki, mərkəzin fəaliyyəti yalnız Nizaminin yaradıcılığını tədqiq etməkdən ibarət deyil. Mərkəzin qəbul etdiyi uzunmüddətli və əhatəli proqram çərçivəsində silsilə tədbirlər həyata keçirilir. Məsələn, Oksford Universitetinin mütəxəssisləri tərəfindən Qafqaz Albaniyasının qədim paytaxtı və Qafqazda müsəlman mədəniyyətinin ilk ocaqlarından olan Bərdə şəhərində arxeoloji qazıntıların aparılması, heç şübhəsiz ki, tarix elmi üçün yeni materiallar verəcək. Həmin araşdırmanın nəticələri nəşr ediləcək və elmi ictimaiyyətin müzakirəsinə təqdim olunacaq. Bundan başqa, proqram çərçivəsində elmlər doktoru dərəcəsi almaq üçün tədqiqat üzərində çalışan Keti Kempbell Bərdədəki arxeoloji qazıntılar vasitəsilə XIII-XIV əsrlərdə monqolların Qafqaza yürüşünün tarixi izlərini araşdıracaq, əldə etdiyi nəticələri Türkmənistan və Qazaxıstan ərazilərində başa çatdırılmış qazıntıların nəticələri ilə müqayisə edəcək.

Proqram çərçivəsində aparılan tədqiqatların faydalı cəhətlərindən biri də budur ki, gələcəkdə Azərbaycanda magistr və doktorluq dissertasiyalarının mövzularının müəyyənləşdirilməsində həmin tədqiqatların təcrübəsindən yararlanmaq mümkündür və belə hesab edirəm ki, bu, Azərbaycan elminin beynəlxalq səviyyəyə çıxmasına öz müsbət təsirini göstərə bilər. Məsələn, proqrama əsasən Ceyms Uaytın magistr elmi dərəcəsi almaq üçün araşdırdığı mövzu Nizami Gəncəvi yaradıcılığına təzə və fərqli mövqedən yanaşılmasını nəzərdə tutur. C.Uayt görüntünün yaratdığı təsəvvürlərin Nizami Gəncəvinin "Xəmsə"sinin mətnində, həmçinin, sonradan bu mətnlər əsasında çəkilmiş miniatür illüstrasiyalarda necə ifadə olunduğunu, eləcə də bunun sonradan yaranan "Xəmsə"lərə təsirini araşdırır. Nizami Gəncəvi yaradıcılığının müasir hermenevtika əsasında təhlili filologiyamızın kulturoloji sərhədlərinin genişləndirilməsi baxımından olduqca faydalı nümunə ola bilər.

Proqramın əhatə etdiyi istiqamətlərdən biri də Azərbaycanın və Qafqazın tarixinə dair rus və Azərbaycan dillərində yazılmış mühüm əsərlərin ingilis dilinə tərcümə edilərək Oksford Universitetinin saytı vasitəsilə ictimaiyyətə təqdim edilməsidir. İnanırıq ki, dünyaya çıxarılmağa layiq olan qiymətli elmi əsərlərin belə bir mötəbər platforma üzərindən təqdim edilməsi mədəniyyətimizin tanıdılmasına və təbliğinə mühüm töhfə olacaq.

Dünya ilə ünsiyyət qurmaq üçün irəliyə doğru addım atmağa, bizi sevənlərlə də, sevməyənlərlə də bir araya gəlməyə və öz sözünü deməyə, özümüzü tanıtmağa cəhd etmək birinci şərtdir. Böyük Britaniyada bizim özümüzü Nizami ilə təqdim etməyimiz isə olduqca ciddi hadisədir. Ona görə ciddi hadisədir ki, indi Şərqin də, Qərbin də Nizamiyə daha böyük ehtiyacı var və bu böyük mütəfəkkir bu gün də insanları yüksək məqsədlər, həqiqət və ədalət ətrafında bir araya gətirir. "Böyük Azərbaycan şairi Nizami" kitabının Londoda keçirilmiş təqdimat mərasimində akademik Nərgiz Paşayevanın qeyd etdiyi kimi: "Şeyx Nizami heç zaman parçalayıcı, ixtilaf yaradan şəxsiyyət olmayıb və ola da bilməzdi. Çünki onun yaradıcılığı insanları və məmləkətləri birləşdirmək gücünə malikdir. Nizamiyə görə, müxtəliflik qaçılmaz və obyektivdirsə, deməli, bir araya gəlmək bacarığı və istəyi də, vəhdətə can atmaq arzusu da inkaredilməz, labüd və mütləqdir"...

Image result for məti Osmanoğlu

news-inner-user
Məti Osmanoğlu

8 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti