Əlisəttar Atakişiyevin son filmi“Qərib cinlər diyarında”

<b>Əlisəttar Atakişiyevin son filmi</b> – <span style="color:red;">“Qərib cinlər diyarında”
6 dekabr 2017
# 12:01

Vaxtilə "Sehirli xalat"ın çəkilişi dövründə Əlisəttar müəllimlə uşaq filmləri barədə fikir mübadiləsi apararkən o, mənə kinonun bu növünə müraciət etməsinin səbəblərini belə aydınlaşdırdı: "Bir neçə il bundan əvvəl mən "Bir qalanın sirri" rəngli bədii uşaq filminə quruluş vermişdim. Bu filmin böyük uğur qazanması, Sovet İttifaqının ekranlarında bu gün də müvəffəqiyyətlə nümayiş etdirilməsi, onlarla kinofestivalda göstərilməsi məni uşaq filmləri çəkməyə ruhlandırdı. Mən bu mövzuda gələcəkdə də filmlər yaratmağı qarşıma məqsəd qoymuşam".

Milli ideologiyanın dirçəliş dövrü olan 70-ci illərdə uşaqlar üçün bir neçə film çəkilib. Rejissorlardan Şamil Mahmudbəyovun "Skripkanın sərgüzəşti", Əlisəttar Atakişiyevin "Qərib cinlər diyarında", Rasim İsmayılovun "Şir evdən getdi", "Asif, Vasif, Ağasif", Tofiq İsmayılovun "Əzablı yollar", "Mən nəğmə qoşuram" bədii filmləri kino tariximizin maraqlı səhifələridir.

"Qərib cinlər diyarında" film-nağılı varlanmaq, çoxlu sərvətə sahib olmaq arzusu ilə yaşayan kasıb kəndli balası haqqında ibrətamiz hekayətdir.

…İki əkiz qardaş - Qərib və Sahib buğda əkir, mahnı oxuyurlar. Onlar şən və gümrahdırlar. Lakin Qəribin baxışları bir qədər tutqundur. O, cansıxıcı həyatdan özünə çıxış yolu axtarır, qardaşı Sahibə deyir: "Eh, qardaş, danışsam deyəcəksən başına hava gəlib Qəribin, əlimizin qabarına nahaq güvənirsən. Soğan-çörək yeməkdən cana doymuşam. Nağıllarda demirlər ki, ha keçəl-küçəllər də axırda xan, şah olurlar, nəyim əskikdir ey onlardan? Dünən yuxuda özümü mərmər sarayda gördüm. Yaraşıqlı hovuz, taxt-tac, vəzir-vəkil baş əyirdi mənə. Gözəl-göyçək qızlar, heyif bunlar hamısı yuxu idi… Eh, belə getsə, biz kasıblığın daşını atmayacağıq…"

Qəribin bu şikayətini eşidən cinlər padşahı Akşad qardaşların qarşısında peyda olur və Qəribə deyir ki, bəxtin mənim əlimdədir. Gəl gedək cinlər diyarına, səni dünyada ən varlı adam edərəm. Sahib Qəribi bu yoldan çəkindirməyə çalışır. Cinlər padşahı deyir ki, biz əkin-səpin bilmirik. Sən bizə kömək etməlisən. Qərib cinlər padşahının fənd-felinə uyub onunla getməyi qərara alır. Anası, sevgilisi Zərəngiz nə qədər çalışırlarsa, Qəribi saxlaya bilmirlər. Bundan sonra tamaşaçı ekranda Qəribin başına nələr gəldiyinin şahidi olur.

Filmin sonunda Qəribi bu cansıxıcı cinlər həyatı bezdirir. O, çıxıb getmək istəyir. Cinlər onun başına min-bir oyun gətirirlər… Nəhayət, Qərib cinlər padşahının ona verdiyi tilsimli üzüyün köməkliyi ilə buradan qaçıb yaxasını qurtara bilir.

Vətən həsrəti ilə alışıb-yanan oğlan dostları, anası, sevgilisi, qardaşı ilə görüşür. Cinlər padşahı yenidən onun arxasınca gələndə Qərib deyir: "Mən Vətəni qoyub heç yerə gedən deyiləm…"

Hadisələri dinamik şəkildə inkişaf edən bu filmdə müəlliflər nağıl janrının tələblərinə düzgün əməl edərək maraqlı kino əsəri yaratmağa müvəffəq olublar.

Filmdə cinlər diyarında Qəribin başına gətirilən qəribə əhvalatlardan danışılsa da, əslində müəlliflər Vətən məhəbbətini ön plana çəkiblər. Onlar əməyi, zəhməti tərənnüm ediblər. Ekranda tez-tez dəyişən rəngarəng Azərbaycan təbiətinin füsunkar təsviri fonunda tamaşaçı, hər şeydən əvvəl torpağa bağlı, nəcib və zəhmət adamları ilə qarşılaşır.

1976-cı il martın 10-da bu filmin rejissor ssenarisi kinostudiyanın Bədii Şurasında müzakirə olunarkən qeyd edilmişdi ki, quraşdırma çəkilişlərinin çoxluğu, studiyanın material bazasının zəifliyi, pulun, kostyumların, pariklərin, maskaların olmaması kino əsərinin yüksək professional səviyyədə yaradılmasına mənfi təsir göstərəcək.

Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin sədri Məmməd Qurbanov söylənilən fikirlərlə bağlı demişdi ki, kinostudiya çoxdandır ki, belə filmlər çəkmir. Ə.Atakişiyev "Sehirli xalat"dan sonra indi uşaqlar üçün maraqlı film yaratmaq imkanı əldə edib. Bunu redaksiya kollegiyasının və Bədii Şura üzvlərinin rəylərindən də aydın görmək olar. Ə.Atakişiyevin ustalığı artığı burada özünü göstərir. Belə filmi ərsəyə gətirmək çox çətindir. Ona görə də hamı qollarını çırmalayıb həvəslə işə girişsə, nəticə də yaxşı olar.

Bədii Şurada kinorejissor H.Seyidbəylinin söylədiyi fikir də maraqlıdır: "Rejissor kinossenarisi yüksək professional səviyyədə yazılıb. Əlisəttar Atakişiyev filmi görür və hiss edir. Ümidvaram ki, uşaqlar üçün yaxşı, maraqlı nağıl alınacaq".

Filmin çəkilişlərinin mürəkkəbliyini nəzərə alaraq kinooperator Arif Nərimanbəyov şura üzvlərinə narahatlığını belə bildirib: "Ssenari, əlbəttə, yaxşı yazılıb. İstehsala buraxılacağına əsla şübhə etmirəm. Lakin məni narahat edən başqa məsələdir. Bizim kinostudiyamızdakı mövcud maddi bazanın indiki vəziyyəti belə bir filmin yaradılmasına imkan verəcəkdirmi? Biz çox vaxt filmlərin sayına daha çox diqqət yetiririk. Amma keyfiyyət haqqında düşünmək lazımdır. Bu gün baza barəsində də çox ciddi fikirləşməliyik. Yalnız bundan sonra yüksək professional səviyyəli filmlər yaratmaq mümkün ola bilər. Belə bir təklif var, bu filmi bizdə yox, Yalta kinostudiyasında çəkmək lazımdır. Bu studiyada öz işini əla bilən ustalar işləyirlər. Axı, filmdə quraşdırma çəkilişlər, əlavə şəkil çəkmələr, maketlərə əlavə etmələr çoxdur. Həm də bütün bunlar ekranda inandırıcı görünməlidir. Təəssüf ki, bizim kinostudiyamızda hazırda belə mütəxəssislər yoxdur".

Lakin görünür Arif müəllim bu fikri söyləyəndə elə Ə.Atakişiyevin özünün əla quraşdırma çəkilişləri operatoru olduğunu nəzərə almamışdı.

Əlisəttar Atakişiyevin fikirləri də maraqlıdır. O, filmin çəkilişi ilə bağlı problemlərə toxunaraq deyib: "Çəkiliş qrupu qarşısında çox mürəkkəb vəzifə durur: yeni tələblərə cavab verən yaxşı keyfiyyətli film yaratmaq. Mən konkret olaraq düşünürəm ki, filmin istehsalı üçün bizim kinostudiyanın bazasında hansı işləri görmək lazımdır. Moskvada və Yaltada mütəxəssislərlə bu barədə məsləhətləşmişəm.

1. Akşadın yaşayışı üçün uyğunlaşdırılmış iri mağara tikilməlidir.

2. Qəribin inşaat etdiyi yeni sarayın olması vacibdir (o adi saraylara oxşamalıdır).

Real vəziyyətlə bağlı döyüş səhnələrindən az istifadə etməyə çalışmışam. Ən mürəkkəb obraz Əjdahadır. Mən Moskvada mütəxəssislərlə, o cümlədən Obratsovla, Smirnovla görüşüb bu barədə söhbət etmişəm. Onların hamısı bizim üçün tamamilə məqbul hesab olunmayan, içərisində mexanizmlər gizlədilmiş iri maket hazırlamağı təklif edirlər. Biz əjdahanı imkan daxilində qısaldılıb dörd metrəyə çatdırdıq. Bu maket iki nəfər işçi tərəfindən idarə olunacaq.

Xurcunu oğurlayan quşu 1959-cu ildə olduğu kimi hazırlayacağıq (1959-cu ildə çəkdiyi "Bir qalanın sirri" filmini nəzərdə tutur). Bunun üçün studiyada nə lazımdırsa, hər şey var. Təkcə infraekrandan başqa.

Ən başlıca çətinlik pulun az olmasıdır. Kostyumlar, pariklər, maskalar - bütün bunların qiyməti bahadır.

Məndə hər şey demək olar ki, hazırdır. Müəyyən aktyorları nəzərdə tutub, kostyumların eskizlərini çəkmişəm. Hikmət Ziya və İsa Hüseynovla birgə dialoqlar üzərində hələ işləyəcəyik. Redaktorun işindən razıyam.

Məni yalnız butafor məsələsi narahat edir. Studiyada butafor sexində heç nə yoxdur. Teatr cəmiyyətinin köməkliyi ilə ümidvaram ki, işi lazımınca yerinə yetirəcəyik.

Əlbəttə, çətinliklər çoxdur. Əgər studiya bizə kömək etsə, hər şey yaxşı olacaq. Mən bir rejissor kimi imkan vermərəm ki, film başdansovdu çəkilsin. Biz yüksək keyfiyyətli, əyləncəli, gözəl, fantastik nağıl yaratmalıyıq. Uşaqlar bu filmi gözləyirlər…"

Bədii Şuradakı çıxışlardan göründüyü kimi, belə bir film-nağılı çəkmək üçün "Azərbaycanfilm" kinostudiyasında şərait heç də yaxşı deyildi, lakin quruluşçu rejissor Ə.Atakişiyevin istedadı, yaratmaq həvəsi, işə məsuliyyətlə yanaşması "Qərib cinlər diyarında" kino əsərinin meydana gəlməsinə səbəb oldu. Rejissorun yaradıcılıq axtarışları gözəl bəhrə verdi.

Film çəkilib qurtarandan sonra rejissor Ə.Atakişiyev müsahibələrinin birində deyib: "Belə bir misal var, deyərlər: Kabab iyinə getdi, gördü eşşək dağlayırlar". Bizim film-nağılımızın baş qəhrəmanının başına da belə bir əhvalat gəlib. Folklor süjeti belə bir fikri gənc tamaşaçıya çatdırmağa imkan verib ki, insanın - vətəndaş və əməkçinin ən böyük ləyaqəti öz doğma torpağına sədaqətli olmasında və onu sevməsindədir. Çünki onu yedirdib-içirən ana torpaqdır. Vətəndən kənarda insanı heç bir var-dövlət xoşbəxt edə bilməz…"

Pedaqoji elmlər doktoru, professor S.Əhmədov "Qərib cinlər diyarında" resenziyasında yazıb: "Filmin yaradıcı kollektivi əfsanə və nağıllarımızın uşaq və gənclərin tərbiyəsində oynadığı rolu ön plana çəkmiş, şən, nikbin, eyni zamanda dərin məzmun kəsb edən maraqlı bir əsər yaratmışdır. Ssenari müəllifinin və rejissorun folklor motivləri üzərində yaradıcılıq işlərinin faydalı səmərələri ilə tanışlıq zamanı istər-istəməz xalq şairi Səməd Vurğunun "Uşaqlarımız üçün romantik əsərlər yaratmaqdan ötrü ən gözəl mənbələr bizim nağıllarımız və əfsanələrimizdir. "Əfsanə" sözündən qorxmaq lazım deyil… Bütün əfsanələr həyat və insan yaranandan sonra meydana gəlmişdir. Biz bu əfsanələr və nağıllar aləmində işıqla qaranlığın, xeyirlə şərin, doğma ilə yadın, düzlüklə əyrinin mübarizəsini görürük" - sözləri yada düşür. "Qərib cinlər diyarında" filmində də belədir".

Filmdəki hadisələr çox dinamikdir. Xarakterlər öz cizgiləri ilə fərqlənir, tamaşaçılar hadisələri intizarla izləyirlər. Filmin yaradıcıları nağıl janrının tələblərinə yaxşı əməl ediblər. Ona görə də filmə nəinki uşaqlar, hətta böyüklər də maraqla tamaşa edirlər.

Filmdə maraqlı obrazlar var. Lakin bunların arasında kiçik bir rol diqqətdən yayınmır. Bu, epizodik İblis roludur. Lakin bu rola uyğun aktyor axtarışı apararkən rejissor Ə.Atakişiyev qəribə də olsa 50-60-cı illərin məşhur və ən populyar kino aktyoru Gündüz Abbasovu dəvət edir. Vaxtilə "Bir qalanın sirri" film-nağılında Elşən, "Onun böyük ürəyi" filmində Rəcəb, "Bizim küçə"də Rasim, "Leyli və Məcnun"da Zeyd, "Dədə Qorqud"da Bəybura və s. maraqlı obrazlar yaratmış G.Abbasov rejissorun bu gözlənilməz təklifindən pərt olur. "Əlisəttar müəllim, Elşəndən, Bəyburadan sonra İblis? Bu mümkün olan iş deyil, axı. Mən Gündüz Abbasov hara, hansısa bir İblis hara. Yox, yox, mən qəti razı deyiləm", - deyə ona öz etirazını bildirir. Lakin Ə.Atakişiyev fikrində qətiyyətli idi. O, keçmiş ekran qəhrəmanlarının yaradıcısına yarı ciddi, yarı zarafatla deyir: "Gündüz, aktyorun hünəri də elə ondadır ki, bir gün Elşən kimi baş qəhrəmanı, ertəsi günü isə İblis kimi xoşagəlməz xırda bir rolu ifa edə bilsin. Çəkiliş meydanı hünər meydanıdır. Gəl, göstər hünərini".

Bu sözdən sonra Gündüz Abbasovun İblis roluna çəkilməkdən ayrı çarəsi qalmır. Biz onu yalnız filmin sonunda, Qəribi belinə mindirib doğma Vətəninə gətirdiyi vaxt görürük.

Sonralar G.Abbasov Ə.Atakişiyevlə görüşəndə ona deyərdi: "Əlisəttar müəllim, "Qərib"də saqqızımı yaman oğurladın ha…" Rejissor da heç bir söz deməyib yalnız gülümsəməklə haqlı olduğunu büruzə verərdi.

Bu filmdən bir qədər sonra Ə.Atakişiyev demək olar ki, işləmirdi. Daha doğrusu, işsiz qalmışdı. O vaxtlar mən Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin Məlumat-reklam bürosunun direktoru, eyni zamanda "Kino" qəzeti və "Film" jurnalının baş redaktoru vəzifələrində çalışırdım. Respublikamız üçün yeni filmlərin reklam materiallarını büro hazırlayırdı. Plakatlar, bukletlər, fotomontajlar, açıqcalar, kataloqlar, prospektlər çap edirdik.

Bir gün Əlisəttar müəllim mənə zəng vurub dedi ki, maddi cəhətdən ehtiyacım var, bir iş də vermirlər ki, dolanışıq olsun. İstəyirəm "Qərib cinlər diyarında" filminin plakatlarını özüm hazırlayım.

Əlisəttar müəllim bir qədər gecikmişdi. Çünki bu filmin reklamlarının hazırlanmasını başqa rəssama tapşırmışdım. Xoşbəxtlikdən rəssam plakatlardan birini hələ çəkməmişdi. Beləliklə də, Ə.Atakişiyev "Qərib cinlər diyarında" filminin rəngli plakatını hazırlayıb büroya təqdim etdi. Plakatda İblisin belində vətənə uçan Qərib təsvir olunmuşdu. Həmin plakatın bir surəti hazırda Kino muzeyində qorunub saxlanılır.

Təranə Məhərrəmova

Mənbə: artkaspi.az

# 2135 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #