news-inner
clock09:00 calendar-gray 25 Oktyabr 2017 view-gray238 dəfə oxunub
view-gray238 dəfə oxunub

“Facebook o qanın töküldüyü yerdir” – MÜZAKİRƏ

Kulis.az “Sosial şəbəkələrdə insanların mənəvi təzyiqə, təhdidə məruz qalmasının, yersiz qəzəb doğuraraq “linç edilməsi”nin səbəbləri” mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masanın qonaqları psixoloq Murad İsayev, tanınmış jurnalist, qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət və sosial media mütəxəssisi Orxan Rzayevdir. Şərif Ağayar və Ayxan Ayvazın moderatorluğu ilə keçirilən müzakirəni təqdim edirik.

- Bəzən adi bir səhv, yanlış bir ifadə sahibinin “sosial linç” edilməsinə gətirib çıxara bilir. Sanki adamlar güdükdə durub kiminsə səhv etməsini gözləyirlər ki, elliklə üstünə tökülələr. İstəyirəm, söhbətə hörmətli psixoloqumuzla başlayaq. Bunun psixoloji səbəbləri nədir?

Murad İsayev:

- Mən aktiv şəkildə sosial şəbəkələrdə oluram, ordan məlumatlar alıram. Sosial şəbəkələrdən, mediadan kənar qalmaq mümkün deyil. İnsanlar kiçik bir nüans ucbatından, özü də saxta profillə daha da cəsarətlənərək elə formada münasibətlər yazırlar ki! Tənqid olar. Məsələn, bir insan şeir yazır, digəri şeirin filan yerini bəyənmədiyini deyə bilər. Tənqidi yanaşma normaldır, təhqiri yanaşmanın isə psixoloji tərəfinə baxanda bura aqressiyanın olduğunu görürük. Kütləvi psixoz deyilən anlayış var. Mən fikir verirəm ki, sürəkli aqressiyaya keçid yaranıb. Kimisi təhqir etməklə, alçaltmaqla özünü təsdiq etmək halları da müşahidə olunur. Sanki bu adamlar öz eqosunu rahatlaşdırır. Dırnaqarası psixokorreksiya deyə adlandırdığımız anlayış ki var, insanlara çox rahatlıq verir. Psixokorreksiya nə deməkdir? İnsanın içinə instinktiv olaraq mənfi enerji toplanır, vaxtında o enerji ailədə, cəmiyyətdə reaksiya yaratmır və yığılır, yığılır, sonda bu cür aqressiv hala çevrilir. Bu aqressiya kimisə təhqir, alçaltmayla özünü göstərir, hətta mən ikiüzlülük, riyakarlıq da hiss etmişəm bu aqressiyada. Fikir verirsiniz, öz adıyla nəyəsə bu cür münasibət göstərən adamları az hallarda müşahidə edirik. Təsadüf hallarda nömrələr qoyulur və bu da kişilər arasında dava xarakterli mübahisələrdə baş verir.

Zahir Əzəmət:

- Mənim də əlavələrim var. Biz o kütləni ittiham edirik. İstər sosial şəbəkələrdə, istər kütləvi internet platformalarında, biz anlamalıyıq ki, hardayıq. Harda nə dediyimizin fərqinə varmalıyıq. Bu gün sosial şəbəkələr, platformalar, bədii dillə desək, küçədə çılpaq gəzməyə bənzəyir. Yaxud da şəhərin ortasında şüşədən bir evdə yaşamağa... Yəni hər şey insanların gözü qabağındadır. İnsanlar burda olduğu kimi deyil, olmaq istədiyi kimidir. Sanki bu hər şeydən xəbərdardır, hər şeyi bilir, hamıdan ağıllıdır. Bir də bizim mental dəyərlərimizi əsas götürərək, çox rahat şəkildə bu şeyləri edir. Bu, bütün dünyada müşahidə olunan tendensiyadır. Bir də var bizim özümüzdən qaynaqlanan səbəblər. Təhsilin getdikcə daha çox aşağı düşməsi, intellektin zəifləməsi, televiziyanın göstərdikləri və s. Yəni ancaq şou xarakterli informasiyalar kütləni bu hala gətirib çıxara bilir.

- Zahir bəy, sizcə, bu qədər insana tribuna verilməsi nə qədər təhlükəlidir, nə qədər əhəmiyyətlidir?

- Təbii ki, əhəmiyyətli tərəfləri də var və çoxdur. Məsələ bu tribunanın verilib-verilmədiyinin doğruluğunu müzakirə etmək deyil. Artıq bu gecdir. Bəşəriyyət bu yolu seçib və bu yolla da gedir. Söhbət biz bu yoldan necə gedəcəyik söhbətidir. Məsələn, mən bir sayt rəhbəriyəm. Biz sayt olaraq açıqlama verdik ki, zorlama xəbərləri, neqativ xəbərlər, şou xəbərləri bizdə olmayacaq. Bu fərdi insiativdir. Kiməsə qadağan eləyə bilməzsən ki, bu xəbəri ver, ya vermə. Biz gördük ki, yox, cəmiyyət hələ bu xəbərlərdən qaçmaq istəmir. Amma mən bir yazar olduğum, mədəniyyət adamı olduğum üçün düşündüm ki, axı bir insan niyə bu qədər zorlama, neqativ, şou, 18+ xəbərlərini oxusun? Düzdü, kütlə buna maraqlıdır, çox oxunur. Amma bu oxunma qazanc gətirmir. Biz axı həm də işin biznes tərəfini düşünməliyik. Oxucunun münasibəti pula, dəyərə, kapitala çevrilmirsə, mən o saxta oxucunu neynirəm? Ciddi reklam verən də o tipli xəbərlərin yanında görünməsini istəmir. Özünə hörmət qoyan şirkət buna razılıq verməz. Sarı mətbuatın kütləsi kimə lazımdır? Bir vacib məsələ var; biz həm də sovet dönəmində təhsil almışıq. Boynumuz pioner qalstukunu görüb hər halda. Məsələn, kəndə hansısa uşağın anası pis yolun yolçusuydu, bunu hamımız bilirdik. Kimsənin ağlına gəlməzdi ki, o uşağı buna görə ittiham etsin, belə bir şey yox idi. 90-cı illərin əvvəllərində türk filmləri gələndə biz başa düşə bilmirdik ki, bu cür uşağı niyə ittiham edirlər, onun nə günahı var. Hazırkı vəziyyət də buna oxşayır. Gəncədə bir hadisə baş vermişdi. Kimsə kimisə qaçırmışdı. Hamı o qaçırılanı ittiham etdi, etdi, axırda məlum oldu ki, sən demə, heç elə deyilmiş. Buna qədər adamın həyatı məhv oldu. Bu, çox təhlükəli haldır. Biz sosial şəbəkədə olanda dostlarımızı doğru seçməliyik. Əgər sən hansısa statusunu açıq paylaşırsansa, bu o deməkdir ki, yaxanı kütlənin əlinə verirsən. Elə mövzular var ki, onu ancaq dostların arasında müzakirə edə bilərsən, bunun üçün sosial şəbəkələrdə şərait var.

- Orxan bəyə də söz verək. Siz, sosial media mütəxəssisiniz. Sizcə, birdən-birə hamının əlinə yazmaq, kimisə alçaltmaq, ittiham etmək şansının keçməsi nə deməkdir?

Orxan Rzayev:

- Əvvəllər izləyici olanlar, bu gün sosial şəbəkələrdə hər hansısa mövzunun iştirakçısına çevriliblər. Biz burda deyirik ki, kiminsə fikrini o cür təhqir etmək olmaz. Amma o fikri yazan damın gündəmə gəlmək arzusu da var axı. Özü istəyir bunu.

- O da var. Bunu desəm, gündəm olacam düşüncəsi...

- Görür ki, izləməsi azdı, layklarının sayı azalıb, əks bir fikir yazaraq diqqəti özünə çəkir. Düzdü, buna görə ona təhqirlər gəlir, ancaq zaman keçdikdən sonra həmin şəxs normal bir status yazır və reaksiya çox olur. Adamlar deyir ki, doğru yazıb. Bundan sonra normal statuslar yazmağa davam edən həmin o şəxsin izləyici sayı artır. Yəni məşhur olmaq yolunu bir aya deyil, bir günə qət edir. Onun istəyi də izləyicisinin artması idi. Təhlükəyə gəldikdə... Mən əslində bu məsələyə bir az fərqli baxıram. Tam da təhlükə kimi görmürəm bunu. Siz əgər özünüzə güvənən birisinizsə, yazdığınızın arxasında dura biləcəksiniz. Yazdığınıza görə sizi tənqid, hətta təhqir edənlər də olacaq. Amma bununla belə, müdafiə edənlər də mütləq tapılacaq. Sizə dəstək olanlar da olacaq. Kobud yazan, təhqir edənlər də eynən bunu kimi... Bir də qaldı ki, bunun hədsiz çoxalmasına, bu, artıq işin psixoloji tərəfidir.

- Bu məsələnin texniki cəhətdən tənzimlənməsi mümkündürmü?

- İstənilən sosial şəbəkənin qaydalarında böhtan, yalan, təhqir olduğunu bildirmək olur. Sizi təhqir ediblərsə, yaxud yalan, şayiə görmüsünüzsə, bunu bildirirsiniz və həmin an o səhifə, yaxud profil ləğv olunur.

- Belə bir təcrübə varmı ki, şikayət olunub və şikayət yerinə yetirilib?

- Bəli, çoxdur. Ancaq şikayətin qəbul olunması üçün müəyyən say həddi olmalıdır.

Murad İsayev:

- Məsələn, mənim “feyk” profilim açılmışdı, orda qəribə, anlaşılmaz paylaşımlar edilirdi. Gah paltar satılırdı orda, gah başqa reklamlar gedirdi. İnsanlar məni tanıdıqlarına görə, izləyirdilər, hətta psixoloji aspektdən suallar da verirdilər. Mən o “fayk” profili şikayət eləmək üçün dostlarıma müraciət etdim və o profil silindi.

Zahir Əzəmət:

- Facebook bu cür məsələlərdə çox sərtdir. İrqi ayrı-seçkililikdə, qan-qada, intim və s. bu mövzularda güzəşt yoxdur.

Orxan Rzayev:

- Sizi təhqir edəndə Facebookun məlumat bürosuna tərcümə edib göndərirsiniz, onlar məsələni həll edirlər.

Murad İsayev:

- Məncə, əsas məsələ o aqressiyanın mənbəyini tapıb boşaltmaqdır. Psixoloji tərəfdən deyirəm. Bir tədbir görmək lazımdır ki, insan öz duyğularını, fikirlərini, emosiyalarını ifadə eləyə bilsin. Hazırda insanlar arasında aqressiv əhval müşahidə edirik. Bu aqressiyanı aradan götürmək üçün sosial şəbəkələr üzərindən təkliflər, seminarlar keçirən təşkilatlar az da olsa var, ancaq çoxalmalıdır. Bu cür qurumlar çox olsa yaxşıdır. Yoxsa qadağalar, cəzalar üzərində dayanmaq olmaz. Mənim axı vaxtım yoxdur ki, hər hansısa saxta profilin açılması haqqında yazıb Facebookun məlumat bölməsinə göndərim. Bu hər dəfə təkrarlanacaq və mən yorulacam. Biz kütlənin niyə bu addımı atdığının səbəbini tapmağa çalışmalıyıq. Səbəbləri aradan götürmək lazımdır.

- Murad bəy, mən belə bir şey müşahidə etmişəm. Sosial şəbəkədə müzakirə çox gərgin şəraitdə baş tutur. Bəlkə də üz-üzə o müzakirə getsə, daha tez həll olunar. Mimikaların köməyi ilə, bir təbəssümlə məsələni yumşaltmaq, barışığa yönəltmək daha asandır. Virtualda elə bil aqressiya ikiqat olur. Yazışmalarda, şərhlərdə və s.

- Hər birimizin mental dəyərlərə uyğun yanaşma tərzimiz var. Burda oturmuşuq və hansısa fikri filtrdən keçiririk. Şüuraltı olaraq buna super eqo deyirik. Yəni, mental dəyərlərimizə öz-özlüyümüzdə çəki-düzən veririk. Sosial şəbəkələrdə isə bu yoxdur. Çünki sosial şəbəkədə insan azaddır, fikirləri filtrsiz, süzgəcsiz olur. İllah da yalançı adla yazırsa... Duyğularına çəki-düzən vermədən orda öz fikirlərini azad şəkildə bildirə bilir. Bu yaxınlarda İzzət Bağırovun cangüdəninin adam döyməsi söhbəti ortaya çıxdı. Mənə elə gəlir ki, bu informasiyanın 60 faizi şişirdilmiş formaya keçdi. Əslində, həmin adam İzzət Bağırovun köməkçisi idi, amma orda cangüdən kimi qələmə verildi. Bizim nə proses getdiyindən xəbərimiz yoxdur. Amma kütlə başladı ittiham etməyə ki, burnundan gəlsin xalqın çörəyi, niyə belə edirsən? Məsələnin kökünə getmək yoxdur. Bu adamın xeyriyyə konsertləri də olur. Məsələyə bir az obyektiv tərəfdən də baxmaq lazımdır. Obyektiv tərəfdən baxanlar olur. Ancaq o obyektiv tərəfdən baxan insanın üstünə elə bir kütlə gəlir ki, həmin adam yazdığını silir və çıxıb gedir. Stressin idarə olunması adlı bir proqram var. Mənə elə gəlir artıq vaxtıdır. Sosial şəbəkələrdə müəyyən qanunlar hazırlanmalıdır ki, bu kimi hallar aradan götürülsün. Bu, sivil dünyada da gedən bir prosesdir. Yenə də bu hallar olacaq. Amma ən azından bu cür qanun qoyaraq kütləyə ismarıc verilməlidir ki, ağzına gələn fikirləri yazmaq olmaz, təhqir, aşağılama olmaz.

- Zahir bəy, siz necə düşünürsünüz? Bu aqressiyyanın qaynağı nədir?

Zahir Əzəmət:

- İnsanların ikiləşməsi məsələsidir. Olduğu kimi yox, istədiyi kimi görünmək istəyirlər. Ədəbi mühitdə forumlarda kiməsə sataşan adamlar görürdük. Üzünü görmürdük, tanımırdıq həmin adamı. Sonra yazırdın ki, gəl, səninlə bir çay içək. Dava üçün yox, sadəcə tanımaq üçün. Amma ortaya çıxmırdı. Çünki daxili kompleksi vardı. Virtual dünya elədi ki, heç bir kompleksin yoxdur. Sənin gördüyün yuxudur, xəyallarındır. Bəzən bir neçə profil açıb özü üçün tamaşa yaradır. Bir saxta dialoq da meydana gəlir. Biri götürüb yazır ki, Mirzə Ələkbər Sabirin filan şeirində belə bir yer var. Şərhdə Mirzə Ələkbər Sabir də cavab verir ki, hansını deyirsən (gülüşmə). Bu bütün dünyada var. Amma Murad bəyin dediyi kimi, bizdə aqressiya daha güclüdür. Nə vaxtsa qan çıxmalıdır, o aqressiya harasa boşalmalıdır. Bu mənada sosial şəbəkə o qanın axdığı yerdir. Bəlkə kiminsə o aqressiyası sosial şəbəkədə boşalmasa, gedib real həyatda arvadını baltalayacaq. Bayaqdan sosial şəbəkənin mənfi tərəfini danışırıq. Bir az da sosial şəbəkələri müdafiə edək. Bu, əslində çox lazımlı vasitədir. Biz orda ancaq mənfi şeylər axtarmayaq. Görürsən ki, bəzən hansısa yardım kampaniyası sosial şəbəkədə geniş yayıla bilir. Biz cəmiyyətə nə vaxt yaxşı şeylər verdik ki, o kütləviləşmədi? Əgər media şou, zorlama tipində xəbərlər verəcəksə, bunu ictimai müzakirəyə atacağıqsa, ordan da həmin hədəf kütləsi üstümüzə gələcək. Orxan bəy də o işlə məşğuldur, biz də. Ümumiyyətlə, biz cəmiyyəti seqmentlər kimi görürük. Bu ədəbiyyat oxuyandır, bu filmə baxandır, bu şopinq edəndir. Sən hara xitab edəcəyini dəqiq bilməlisən.

- Gəlin burda Orxan bəydən soruşaq. Orxan bəy, hansı zümrə daha çoxdur sosial şəbəkələrdə?

- Kateqoriya üzrə hesablamaq çətin olar. Amma Zahir bəy doğru qeyd elədi. Son vaxtlar bir termin çıxıb: İnflunser. İnflunserlər var və onlar auditoriyanı istədiyi istiqamətə apara bilirlər.

- Bəlkə bu qalmaqalları da yaradan onlardır?

- Təbii ki... Zatən onlar olur.

- Məsələn, gündəmi dəyişmək üçün Facebooka nəsə ötürülür?

Zahir Əzəmət:

- Orxan bəyin dediyi odur ki, bu influnserlərin köməyi ilə kütləni istənilən yerə aparmaq olar. Və onların köməyi ilə biz kütləni faydalı yerlərə apara bilərik. Azərbaycan izləyicisini üç səhifə, 100 influnser hara istəsə apara bilər. Bu mənada təhlükə dırnaqarası təhlükədir. Bazar rəqabətində bundan istifadə edənlər də var. İnformasiya rəqabətində.

- Çox vaxt insanlar bu məsələlərdə qurban kimi istifadə olunurlar.

- Qurban deməyək. Statistika deyək.

- Sən gündəmi dəyişmək üçün hansısa fərdi qurban verirsən və kütlə o qurbanın üstünə düşür...

- Kimsə qıcıqlandıran bir status yazırsa, əlbəttə kütlə onun üstünə düşəcək. Sən cəmiyyətin söykəndiyi dəyərlərin stolunu çəkirsən, yüz faiz cəmiyyət üstünə gələcək. Bunu hesablayıb eləyirsənsə, artıq kütlənin üstünə gəlməyini də normal qarşılayacaqsan. Bu, avantüradır. Biz ədəbiyyatda təzə-təzə olanda deyirdilər ki, niyə kiməsə söydünüz. İzah eləmişdim ki, sənə ordakı 50 adamı bu tərəfə gətirmək lazımdır. Onlara bir-bir başa salmaq vaxt alacaq. Onları arxasınca gətirməyin bir yolu var: söyüb qaçırsan (gülüşmə). Gələcəklər dalınca. Sosial şəbəkələrdə bu da var. Böyük səhifələr bunu edirdilər. Hansısa xəbər paylaşırlar. Facebookda da bu var ki, nə qədər şərh yazılsa, o xəbər çox görünəcək. Məsələn, maşın şəkli paylaşıb yazmışdılar ki, “Həci maşınıdı, heç kim içində sevişməyib”. Hamı tökülüşdü üstünə, yazdılar, bu nə biabırçılıqdır, ayıbdır-filan. Amma əslində onların qəzəbi o xəbəri reklam elədi. Hamı adminə söyür, admin də bunu bilir. Ancaq admin onu da bilir ki, şərh çoxaldıqca baxış sayı artacaq. O adamları reklam alətinə çevirir. O məhsulunu satdı, sən də iştirakçıya çevrildin. Bu cür marketinq qaydaları da var. Bir də var həmin kütləni necə sağlam yerə aparmaq? Bunun üçün dövlət və müəyyən sosial qurumlar rol almalıdır. Qeyri-hökumət təşkilatları bu məsələlərlə bağlı layihələr həyata keçirməli, influnserlərlə işləməlidirlər və s. Ucuz ətin şorbası olmaz. Üç nəfər, dörd nəfərlə bu məsələni həll etmək mümkün deyil.

- Orxan bəydən soruşmaq istəyirəm. Sosial şəbəkələrdəki kütlə savadsızdırmı?

Orxan Rzayev:

- Yox, savadsız deyillər. Hətta statistika var ki, Azərbaycandakı istifadəçilər kifayət qədər savadlıdırlar. Ancaq bir məsələ var. Bilmirəm sosial medianın verdiyi ab-havadır, ya nədir, insanlar çox tez küyə gedə bilirlər. Məsələn, hansısa bank şəhid ailəsini məhkəməyə vermişdi. İnsanlar bankdan şikayət etdilər, söydülər. Bir müddət sonra xəbər çıxdı ki, sən demə hadisə heç belə olmayıbmış. Bank da linç olundu, reytinqi də düşdü. Baxırsan ki, insanlar araşdırmadan küyə gedə bilirlər.

Murad İsayev:

- Kütləvi şəkildə bu insanları idarə edən manipulyatorlar var. Mən psixoloji aspektdən deyirəm. Bu manipulyatorlar təhlükəli şəkildə xəbərlər yayırlar, insanların duyğularını çox gözəl bilirlər. Hər hansısa xəbərə “13+” yaxud “18+” yazılmasının səbəbini hamımız bilirik. Bilirik ki, o xəbərdə nə ola bilər. Bu, cəlb etmək üçün edilir və bu işi görən qurumların olduğunu düşünürəm. Kütlədən əvvəl bu cür qurumları idarə etmək lazımdır. Mediada bir çəkicilik var, bir də var yalan. Çəkicilik başqa şeydi, bu normaldır. Ancaq mən dediyim başqadır. “18+” yazılır, ancaq orda “18+”-luq heç nə yoxdur. Yəni deməyim odur ki, insanları çəkməyin də bir ədalətli forması var. Biz kütləvi informasiya bloklarını idarə etməliyik. Çünki bu informasiyalara yalnız biz baxmırıq, buna düşmənlərimiz, daxili qovğalar yaradacaq insanlar da baxır. Onlar qarışıqlıq yarada bilərlər.

Zahir Əzəmət:

- Bu məsələ ictimai şüur məsələsidir. Həm də ictimai vicdan məsələsi... Kim nə işlə məşğul olur-olsun, onun ictimai vicdanı olmalıdır. Mənim etdiyim topluma ziyandırmı, xeyirdimi? Sosial şəbəkələr bu gün bizə geniş imkanlar verib. Ancaq hər bir insan, qurum hansı toplumda, hansı dövlətdə yaşadığını unutmasın, ictimai vicdanı olsun. Bu ictimai vicdandan irəli gələn tələbləri necə yerinə yetirəcəyik? Artıq bu başqa mövzudur. İctimai vicdanı dövlət, qeyri-hökumət təşkilatları yetişdirməlidir. Vətən dediyimiz budur. Vətən yalnız torpaq deyil.

- İstəyirəm bir məsələni qeyd edim. Sosial şəbəkələrdə sanki günah keçisi axtarırlar ki, hamı ona sözünü deyə bilsin.

Murad İsayev:

- Axı hamının öz yanaşması var. Heç kim orda özünə əxlaqsız deməz. Mən buna günah keçisi axtarmaq deməzdim. Onlar sadəcə öz eqolarını təmin etmək istəyirlər. Kütlənin fikri hansı yöndədirsə, o yöndə bir fikir paylaşır və kütləni öz arxasınca aparır. Ona bu rahatlıq verir. Ancaq gəlin bir də bu cür düşünək. Axı sosial şəbəkələrdə bəzən kütlə çox gözəl hadisələrdə iştirak edir. Məsələn, Türkiyədə təcavüzə uğrayan Ögəcanı dəstəkləyəndə... Yaxud da aprel döyüşlərində. O zaman kütlə necə birlik nümayiş etdirdi.

Zahir Əzəmət:

- On min professoru bir yerə yığ və denən eyni vaxtda danışın. Bu zaman da eyni hadisə baş verir. Bir adam status paylaşır, insanlar ona şərh yazır. Biz deyirik ki, linç edirlər. Halbuki bu linç deyil. Sadəcə hər kəsin əlində artıq bir mikrofon var, hər kəsin tribunası var, qələm hər kəsin əlindədir. Bunu anlamağa və buna görə hərəkət etməyə məcbursan.

- Orxan bəy, biz sosial şəbəkələrlə hara gedirik?

- Sonu pisə gedir deyə bir şey yoxdur. Sosial şəbəkələrin yaxşı tərəfləri daha çoxdur. Neçə ildir bu işin içindəyəm. Biz evdə otura-otura işimizi görə bilirik. Dünyanın istənilən yeri ilə əlaqə saxlamaq mümkündür. Düşünürəm ki, sosial şəbəkələrin köməyi ilə işlər daha da rahatlaşacaq, asanlaşacaq.

Zahir Əzəmət:

- Sosial şəbəkə vasitəsi dünya balaca kəndə çevrildi.

- Məncə, sosial şəbəkələrdəki mənfi tendensiyalar zamanla aradan qalxacaq. Siz necə düşünürsünüz?

- Yox, elə belə də qalacaq. “Darıxma, düzəlməyəcək” janrındadır vəziyyət.

- Təzə istifadə edəndə bir az təcrübəsizlik olurdu...

- Hə, bir az hava yatacaq.

Murad İsayev:

- Uyğunlaşma olacaq. Əgər hazırkı aqressiya idarə olunmazsa, normal hala gətirilməsə, həll olunmazsa, indikindən qat-qat çox artacaq.

Orxan Rzayev:

- Texniki cəhətdən bu kimi problemlərlə sosial şəbəkələr mübarizə aparır. Müəllif hüququ, təhqirlər, yalan burda əsas mövzudur. Bu kimi şeylər ciddi nəzarət altındadır.

- Son olaraq, Azərbaycanın sosial şəbəkə istifadəçilərinə nə tövsiyə edərdiniz?

Orxan Rzayev:

- Bu gün sosial şəbəkələr insanlara çox böyük imkanlar verir. Gənclərə məsləhət görərdim ki, bunun faydalarından istifadə etsinlər. Sosial şəbəkələrə təkcə maariflənmə, bilgi əldə etmək yeri deyil, biznes kimi də baxsınlar.

Zahir Əzəmət:

- Bir az təmkinli olsunlar. Əsəbi olmasınlar. Tək sosial şəbəkədə deyil, hər yerdə. Bizim insanımız küçədə də, nəqliyyatda da qəzəblidir. Hamı harasa tələsir. Heç bir problem həll olunmur, amma hamı tələsir. Bir az durub nəfəs dərsinlər.

Murad İsayev:

- Məşhur bir frazadır: Sosial şəbəkələr bıçaq kimidir, cəlladın da əlində ola bilər, cərrahın da. Cərrahın əlində olsa, həyat xilas edir, cəlladın əlində olsa, insanı məhv edir. Yəni bu qədər vacib və təhlükəli amildir. Buna görə də düzgün tərəfdən istifadə olunmalıdır.

news-inner-user
Ayxan Ayvaz

444 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020