news-inner
clock11:24 calendar-gray 18 Oktyabr 2017 view-gray455 dəfə oxunub
view-gray455 dəfə oxunub

Aygünü kimi xilas etdi?

Arzu Murad

Uzaqdan səndirləyə-səndirləyə gələn qızı hardansa tanıyıram elə bil. Daxili aləmi çox şən idi, elə hey gülürdü. Çiynində də yaşını inkar edən çantası var idi, yaşı hardasa iyirmi beş olardı, amma çantası onu iyirmi yaş kiçildmişdı. Qırmızı ayaqqabıları da geyimiylə tarazını pozurdu. Bir oğlan “Kiosk”dan siqaret alıb qaça-qaça gəlib onun yanında dayandı, aldığı siqareti damağına qoyub əlindən tutdu və birgə yollarına davam etdilər. Deyəsən bu oğlanı da tanıyıram, cizgiləri çox doğma gəldi nəsə. Gözləri gözlərimə toxunanda xatırladım, bu, Eldəniz idi, yanındakı da bacısı Aygün. İlahi, necə yaraşıqlı oğlan olub, mənimlə yaşıddır, amma yüz qırışlıq yaşı var. Onu bu qədər qocaldan nə idi görəsən? Eynən uşaqlıqdakı kimidir, bacısının vəziyyətindən utansa da onu danmır, vüqarla dayanırdı yanında.

Dördüncü sinfi bitirəndə valideynlər əqli çatışmazlığı ucbatından dərsin ləngidiyini və övladlarının dərsdən geri qaldığını bəhanə edib Aygünü sinifdən xaric etməyə çalışırdılar. Aygünün anası isə əlini sinəsinə qoyaraq tək-tək bütün valideynlərə yalvarıb, onları övladının nə vaxtsa savadda digər uşaqlara çatacağına ciddi cəhdlə inandırmağa çalışır, onun problemi olmadığına and içib, sinifdən çıxarılmamasıyçun hər kəsin qarşısında az qala diz çökürdü.

Anadır, övladına bağladığı ümidlərini ölməyə qoymurdu. Eldəniz də anasının göz yaşına baxıb doluxsunmuşdu, bəlkə o anda bacısına kin də bağlamışdı. Haqlı idi də, anasını bu duruma salan valideynlərin heç biri onun göz yaşını görməyə layiq deyildilər. Uşaqkən ilk sarsıntımın təsviri idi bu əslində. Heç kəs görməmişdi mənim bir küncə qısılıb gizli-gizli Aygünün taleyinə ağladığımı, göz yaşımı hər kəsdən gizlətmişdim. Çünki uşaqlar onunçun ağladığımı görsəydilər, güləcəkdilər mənə. Divardan heç bir fərqi olmayan həmin Aygünə Sədaqət müəllimə məna çalarları qatmışdı. Əlindən ana qayğısıyla tutub yazmağı, hesablamağı öyrətmişdi. Hətta əlifba bayramında ona ifa etməsiyçün maraqlı rollar da vermişdi. Sinifdə uşaqlar arasında Aygünə qarşı elə bir münasibət yaratmışdı ki, hamımız körpə, qayğısız olmamıza rəğmən qayğıkeşliyi ilk dəfə Aygünə qarşı davranışımızla öyrənmişdik: onu bufetə, ayaq yoluna aparıb gətirirdik.

Beləcə dördüncü sinfin sonunda onunla yollarımız ayrıldı, çünki Sədaqət müəllimədən başqa heç bir müəllimə onunla məşğul olmağı üzərinə götürmədi. Hər kəs Aygünü özündən təcrid etməyə çalışırdı. Bu yaxınlarda Sədaqət müəlliməni görməyə gedəndə bildim ki, bir “Aygün” daha var sinfində və Sədaqət müəllimə də ona yaraşan bir tərzdə yoxdan var yaratmağa çalışır. Hər zamankı kimi yenə sinifdən pendir, kolbasa, çay, xiyar qoxusu gəlir, yenə Sədaqət müəllimə dərs sonrası geriləyən uşaqları digərlərinə çatdırmaqla məşğuldur:

- Üç vuraq üç, neçə edər?- sualına uşağın verdiyi “doqquz” cavabı Sədaqət müəlliməni sevincindən az qala göyün yeddinci qatına çıxardı. Körpəcə fidanlarıyla qürrələnməsini dünyanın heç bir tablosuna dəyişmərəm.

Deyəsən Eldəniz də məni tanımışdı, ya da ona bu qədər martlağım diqqətini çəkmişdi. İlk addımı mən atdım, yaxınlaşıb kim olduğumu dedim, hərçənd çox çətinliklə xatırladı. Hal-əhval tutdum, məni tanımadığına görə dialoqumuz çox soyuq idi. Məni o sinifdə hamıdan çox Aygünün aqibəti narahat edirdi, görən özünə həyatda yer edə bildimi, axsayıb büdrəmədi ki? Eldənizdən Aygünün nə ilə məşğul olduğunu soruşdum, verdiyi cavab məni çox təəccübləndirdi. İncəsənətlə məşğul imiş, əl qabiliyyəti ilə özünə çörək pulu qazanırmış. Anlayacağınız, bu vəziyyətiylə kimsədən asılı deyil, evdə əlini çənəsinə qoyub kiminsə ona çörək gətirib verəcəyini gözləmir. Fərəhimdən az qala Eldənizə sarılıb bu cavabçun minnətdarlıq edəcəkdim. Çoxumuz böyük siniflərdə olduğumuz zamanlarda artıq oxumağın daşını atmışdıq, amma həyatda özümüzə ona görə yer tapdıq ki, təməlimiz möhkəm idi, eynən Aygün kimi. Bu səbəbdən mənə görə Sədaqət müəllimə Aygünün Tanrıdan sonra ikinci yaradıcısı idi.

news-inner-user
Kulis+

627 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Berlin Film Festivalı açıq havada keçiriləcək
17:35 10 May 2021
Musa Dədə əbədiyyət yaşında - Fərid Hüseyn yazır...
15:51 10 May 2021
Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə
14:30 10 May 2021
Leonardo da Vinçinin çəkdiyi rəsm hərraca çıxarılacaq
13:45 10 May 2021
Məşhur yazıçı vəfat etdi
12:30 10 May 2021
Allah üçün bənna kimdir? - Şəhriyar Del Gerani yazır...
11:30 10 May 2021
Türkiyəli bəstəkar Qarabağ Zəfərinə mahnı bəstələdi - Video
10:20 10 May 2021
Kimi Kreml xəstəxanasına müalicəyə göndərdi, kimi "KQB"-nin qəzəbindən qorudu? – Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələr
09:30 10 May 2021
Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi
19:45 09 May 2021
Ədəbiyyatımızın ən gözəl müharibə şeirləri - Mətnlər
14:28 09 May 2021
9 May qələbəsində rus arağının rolu - “Tamamilə məxfi” sənədlər
10:30 09 May 2021
Paşinyan Cıdır düzündə “Yallı” gedəndə – Bircə yazır...
09:01 09 May 2021
Şuşa haqda məşhur şeirin müəllifindən Qələbə Şeiri
08:01 09 May 2021
Yeni filmin nümayişi təşkil olunub
18:01 08 May 2021
Ədəbiyyat tariximizə qızıl hərflərlə yazılan misralar: 5 seçmə şeir
17:20 08 May 2021
Azərbaycanlı musiqiçi vəfat etdi
16:20 08 May 2021
Gənc yazardan yeni hekayə: Şlaqbaum
15:39 08 May 2021
Aktyor kitabxananın qonağı oldu
15:01 08 May 2021
Musa Yaquba sevgi və iztirabla
14:20 08 May 2021
Çingiz Hüseynovun ən çox sevdiyi 10 roman - Siyahı
13:36 08 May 2021