news-inner
clock16:54 calendar-gray 18 Sentyabr 2017 view-gray148 dəfə oxunub
view-gray148 dəfə oxunub

Bəlalarına qafiyə axtaran şair – Nəriman Əbdülrəhmanlı yazır...

Kulis.az Nəriman Əbdülrəhmanlının “Ramiz Qusarçaylı: yaddaş və könül şairi” yazısını təqdim edir.

Özünün ədəbi imperiyasını yaşatmaq çox az qələm adamına nəsib olur...

Əksəriyyət yaradıcı ömrünü ədəbi bəyliklər, xanlıqlar, hətta vassallıqlar yaratmaqla yola verir, o ucalığa gedib çata bilmir...

Ramiz Qusarçaylı məhz ÖZ ƏDƏBİ İMPERİYASInı yaratmış, nəfəsini, dəsti-xəttini tanıtmağı bacarmış ŞAİRdi...

Hələ SÖZlə yenicə məhrəm olanda xalq şairi Osman Sarıvəllidən QUSARÇAYLI təxəllüsü almaq, həyatın çətinliklərinə sinə gərmək, qürbət ağrıları yaşamaq, bununla belə, simasını itirməmək, zamanının ədəbi axınından sağ-salamat, həm də öz nəfəsini saxlayıb çıxmaq, Osman Sarıvəlliylə yanaşı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Söhrab Tahir, Musa Yaqub, Famıl Mehdi, Məmməd Aslan, Zəlimxan Yaqub, Vaqif Arzumanlı, Şahin Fazil, Nazif Qəhrəmanlı, Həmid Abbas, Firuzə Məmmədlinin... diqqətini çəkmək, sözün həqiqi mənasında geniş oxucu kütləsinin sevgisini qazanmaq hər qələm adamının bəxtinə düşmür...

Bu da azmış kimi, Ramiz Qusarçaylı tükənməz enerjisi, böyük nüfuzu sayəsində yaşadığı Qubanı Azərbaycanın ədəbi mərkəzlərindən birinə çevirməyi, “Ay işığı” ədəbi birliyini, AYB-nin Quba filialını yaratmağı, beş almanax nəşr etdirməyi, onlarla elmi, bədii və publisistik məqalə qələmə almağı bacardı.

Onun son poetik toplusunacan işıq üzü görən “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə ğözəldi yolun, Allah”, ”Almalı kitab” və “Eşşəknamə” adlı şeirlər, “Göyəm ağacı” adlı tərcümə kitabları, “Quba” adlı foto-albomu bitib-tükənməyən qayğılarından imkan tapıb üzə çıxara bildiyi nəşrlərdi. Ramizin şeirləri ingilis, rus, ukrayna, fars və Dağıstan xalqlarının dillərinə tərcümə edilmiş, Donetskdə “Buz örtüyü” adlı topluda, kitabları Rusiya, Ukrayna, Iran və Türkiyədə nəşr olunub. Yaradıcılığı haqqında professor Vaqif Arzumanlı “Təbiət, qeyrət, həqiqət şairi” adlı, şair-tənqidçi Zakir Məmməd “Haqqın cəlalı Qusarçaylı şeirində” adlı, Gülarə Aydın isə “Məni yaman tutub şeir havası” monoqrafiya qələmə alıblar...

Bütün bu faktları RAMİZ QUSARÇAYLININ PORTRETİni bütövləşdirməyə cəhd kimi sadaladım...

***

Ramiz Qusarçaylı məndən ötrü hər şeydən əvvəl YADDAŞ və KÖNÜL şairidi. Onun yaddaşından təkcə minillik tariximiz, çəkdiyimiz bəlalar, qazandığımız zəfərlər yox, həm də bütövlükdə dünyanın ağrı-acıları boy verir, uğurlar qürur mənbəyinə, uğursuzluqlar təəssüf hədəfinə çevrilir, ədalətsizliklər qəzəb doğurur. Başlıcasısa, Ramiz Qusarçaylının coşub-çağlayan hisslərini əks etdirən bu səpgili şeirləri “vətənpərvər şair” kimi tanınmaq naminə qələmə alınmış poetik nümunələr deyil, bütün varlığıyla xalqına, torpağına, xalqına, yurduna bağlı bir söz adamının ürək çırpıntısıdı. Bu misraları BÖYÜK SEVGİ olmadan necə hayqırmaq olar axı:

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,

Ulduzunu, ayını göydə mələklər öpər,

Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,

Sən ey İstiqlalımın əbədiyyət sancağı, –

Azərbaycan bayrağı!

Ramiz Qusarçaylının YADDAŞında Vətən, Xalq, Yurd anlayışı bütövdü, bölünməzdi, Qarabağ da, Şuşa da, Laçın da, Təbriz də, Göyçə də, Borçalı da, Dərbənd də... eyni bütövün parçalarıdı, göynəyən, sızıldayan, hovu heç cür çəkilməyən yaradı. O, doğulduğu Qusarla yaşadığı Quba arasında fərq qoymadığı kimi, Azərbaycan haqqında da bütöv düşünməyi bacarır, qələmdaşları Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Rüstəm Behrudi... kimi, doğulduğu torpağın sınırlarını Turan məkanınacan genişləndirməyi bacarır. Onun şeirlərindəki Güney Azərbaycan həsrəti, Türkiyə sevgisi, İraq ağrısı, Çeçenistan heyrəti... da məhz YADDAŞ BÜTÖVLÜYÜndən doğulub.

Ramiz Qusarçaylıdan ötrü ən böyük fəlakətlərdən biri VİCDAN TƏRƏZİSİnin əyilməsi, ədalətsizliyin ayaq tutub yeriməsidi. Özünün Şuşaya gedə bilməməsi də, namusu düşmən tərəfindən ləkələnmiş qız da, qəbul otağında ağlayan qoca da, tində, hətta hində açılan bank da, şarlatan dindarlar da, qırılan meşələr də, arıçı Ənvərin qayğıları da, qapısında it saxlayan adamların azalması, adam saxlayan itlərin çoxalması da, seyrələn dostlar da... elə o tərəzinin əyilməsinin nəticəsidi, çünki:

...Vicdan da papaq kimidi,

Atdın, üstə toz yığılır...

Bu məqamda da maddi və mənəvi sıxıntıların girdabında çabalayan ŞAİRin kədərli portreti yaranır:

...Bu gün kitabımın birini satdım,

Bir kilo ət aldım balalarıma.

Bu gün də başımı şeirlə qatdım,

Qafiyə tapmadım bəlalarıma...

Ramiz Qusarçaylının bu səpkili şeirləri hansı əzabla, necə dözülməz ürək ağrılarıyla qələmə almasını təsəvvür eləmək çətin deyil...

***

“Gedəsən dünyanın axırınacan, /bir misra xətrinə ölüb gedəsən”, “Torpağa batıram dizimə qədər, /Şeir göyərdirəm kökümün üstə...”, “Bir misranı unutdum,- /İçimdə balam öldü...”, “Məni yaman tutub şeir havası, /Göyləri qanımla silməyim gəlir” deyən KÖNÜL ŞAİRİ Ramiz Qusarçaylıdan ötrü SÖZ və ŞEİR bu dünyanın hadisəsi deyil, İLAHİ VƏHYdi, Göydən ayə kimi gəlir, misralara, bəndlərə çevrilir, bütövləşir, könüllərə yol tapır. Bu cür SÖZ şimşək qılıncı, daş qanı, lal dərinlikdi:

...Söz şimşək qılıncı,

şeir daş qanı

Dərinlik görmədim bu lallıq kimi.

Ürəyim böyüyür bir qarışqanın

Dənindən boylanan halallıq kimi...

Ramiz Qusarçaylı KÖNÜL ŞAİRİ olduğu məqamlarda şeirlərini ağ vərəqlərə yazmır, ağlayır, hönkürür:

...Bir şeir ağladım gecəyarısı,

Bir şeir hönkürdüm... ağ vərəqlərə.

...Bu gecə özümə elə ağladım,

Ölsəm, heç anam da ağlamaz, elə...

Özünə ağlayanlar – taleyini sənətə həsr eləmiş, yaradıcılıq əzablarından başqa, hər şeydən olmasa da, çox şeydən imtina eləməyi bacaran adamlardı. Əsl sənət – imtina eləmək qüdrətindən yaranır. Ramiz Qusarçaylının taleyinə SÖZ üçün şam kimi yanmaq düşüb, bu İlahi missiyanı da şərəflə yerinə yetirir:

...Bu şam da əriyir bu söz axşamı,

Əriyib qurtarır son nəfəs kimi.

Nə dərdim bir dərddi,

nə dərdin tamı,

Ürəyim soyuyur boş qəfəs kimi...

Ramiz Qusarçaylını eyni uğurla TƏBİƏT və SEVGİ ŞAİRİ də adlandırmaq olar. Şeirlərindən təbiət bütün fəsilləri, çalarları, ilkinliyilə fışqırır, qar da, yağış da, bürkü də oxucunun üzünə vurur. Ramizin duyumunda ona bir köynək yaxın olan Quba və Qusar meşələri, Şahdağ, Şahdüzü, Xınalıq yox, rastına çıxan tumurcuq, ləçək, çeşmə, cığır, gədik belə sanki dilə gəlib hekayət danışır. Yəqin, bu səbəbdən, yaddaşımızda bütöv bir mənzərə kimi qalır:

...Bənövşə gözündə nazlı bir giley,

Sıxdım bir laləni,

gördüm qan çıxır.

Şairlik adında nə varsa, hər şey

Süzülüb bu axşam canımdan çıxır ...

Bu çiçək axşamı,

bu gül axşamı...

Bəzən də mənə belə gələr, Ramiz Qusarçaylı SEVGİSİni TƏBİƏTə və İNSANa ayırmır, bəlkə buna görə, onun əksər şeirlərində insana sevgisi təbiətə sevgisilə iç-içədi, onları bir-birindən ayırmaq olmur:

...Əl saxla, dər saxla, təzə-tər saxla,

Çıxar ürəyimi, üstə sər, saxla,

Mənə də ölməyə bir az yer saxla -

Qurudub göndərmə bənövşələri...

Yaxud:

...Gözündən ölməyə başladı atam,

Gözündən düşməyə başladı dünya.

Saraldı gözünün ağ çiçəkləri

Gəlib gözlərində qışladı dünya…

Mənə bu səpkili şeirlərinin bir çoxunu Ramiz Qusarçaylının öz dilindən eşitmək nəsib olub, həmin məqamlarda da səhv eləmədiyimə bir daha əminlik hasil eləmişəm...

***

Nahaq yerə xatırlatmadım ki, Ramiz Qusarçaylı Qubanı Azərbaycanın ədəbi mərkəzlərindən birinə çevirmək yönümündə ölçüyəgəlməz işlər görüb. Maddi yardım almadan, ancaq öz bacarığı, nüfuzu, Zakir Məmməd kimi təəssübkeş ziyalı və yaradıcı adamların dəstəyilə görülən işlər, həqiqətən, diqqətəlayiqdi. Bir neçə dəfə şair dostum Nurafizlə onun tədbirlərində iştirak eləmişik, hər dəfə də çətinliklərə baxmayaraq, onun və həmfikirlərinin bölgədə sağlam ədəbi mühit yaratmaq sarıdan nə qədər çalışdıqlarının şahidi olmuşuq...

Əyalət sıxıntılarını yaşaya-yaşaya, kimsənin qarşısında əyilmədən güzəran qayğılarını çəkə-çəkə kitab nəşr etdirməyin faciəsini də əlavə eləsək, onun nə qədər dözüm yiyəsi olduğunu aydın təsəvvür eləmək olar...

Bir neçə ay əvvəl də Ramiz Qusarçaylının “Gedəsən dünyanın axırınacan” atlı yeni poetik toplusu xeyirxah iş adamı Sabir Fərzəliyevin yardımı sayəsində işıq üzü gördü. Kitabla çapdan qabaq tanış olduğuma, üstəlik, Ramizin yaradıcılığını, az qala, otuz beş ildi, fasiləsiz izlədiyimə görə, düşüncələrimi oxucularla bölüşmək, əslində, onun məndən ötrü çox doğma olan insani və yaradıcılıq portretini cızmaq istədim...

Xoşbəxtlikdən, Ramiz Qusarçaylının şəxsiyyəti də, keçdiyi ömür yolu da, bənzərsiz poeziyası da buna yetərincə imkan verir...

18 sentyabr 2017

Paylaş

Oxşar xəbərlər