Bismillahın qədəh, əlrəhmanın şərab olduğu məqam – Sayman Aruz yazır...

Bismillahın qədəh, əlrəhmanın şərab olduğu məqam – <span style="color:red;">Sayman Aruz yazır...
18 sentyabr 2017
# 13:12

Kulis.az Sayman Aruzun “Müasir irfan nəzəriyyəsi” yazısını təqdim edir.

Birinci hissə

İrfan nədir, irfan haqqında müxtəsər qeydlər:

İrfanın tərifini axtarsaq belə bir fikirlə üzləşə bilərik; “zehndə yaranan təsəvvürlərin həqiqətə yaxınlaşması”. Bu tərifin məna və məfhumunu anlamaq o qədər də çətin deyil. Təsəvvür edin ki, reallıdan çox uzaq və həqiqətdə sizin olmayan bir villanı düşünürsüz ki, o sizindir. Villanın bütün qapı və pəncərələri qızıldan, az qala yer kürəsi boyda həyəti, buludlara çatan hündür ağacları və digər nemətləri var. Əslində sizin təsəvvür və təxəyyül etdiyiniz bu villanın reallığı yoxdur. Ancaq, məsələ burasındadır ki, villada təsəvvür etdiyiniz hər bir şey, qızıl, qapı, pəncərə, ağac, vəs. kimi şeylərin hər biri reallıqda var. Yəni, siz reallıqdan istifadə edərək reallıqdan uzaq olan və əlçatmaz bir arzunu tam şəkildə yarada bildiniz.

Hər bir insan davamlı olaraq iki pillə və ya daha dəqiq desək iki mərhələ arasında gediş-gəliş edir. Pillələrin biri əql və digəri isə eşq pilləsidir. Əql pilləsində biz, elm, texnologiya, hədəfə çatmaq üçün yollar, şivələr, öyüt-nəsihət, istidlal, məntiq, səbəblər, istəyimiz uğrunda çalışmalar və bu kimi vasitələrə ehtiyac duyuruq. Ona görə də yaşadığımız yer kürəsini və görə bildiyimiz bu dünyanı- “vasitələr dünyası” da adlandıra bilərik. Yəni biz həqiqi və ya məcazi vasitələrlə kəmiyyət pilləsindən keyfiyyət pilləsinə, yəni dünyanın həqiqətini dərk etmə pilləsinə getməyə çalışırıq.

Eşq pilləsində heç bir məcazi vasitəyə ehtiyac duyulmur. Bu pillədə lazım olanlar vəcd, zövq, şövq, fədakarlıq, məhəbbət və bu kimi hisslərdir ki, onları fiziki vasitə hesab etmək olmaz. Ona görə də eşq pilləsinə “vasitəsiz dünya” da adını vermək olar. Vasitəsiz dünyada, biz, kəmiyyət dünyasından keyfiyyət dünyasına istidlal və dəlilə ehtiyac hiss etmədən baxa və duya bilərik. Hər bir vücud, dəmir pul kimi iki tərəflidir. Bir tərəfi kəmiyyət və digər tərəfi isə keyfiyyət tərəfidir. Hansı ki, heç vaxt, heç bir şərt daxilində biri-birindən ayrıla bilməzlər. Məsələni dərk etmək üçün bir misal çəkirəm; əliniz altında işlətdiyiniz kompüterin var olması onun kəmiyyət tərəfidir, ancaq onun necə işləməsi həmin kompüterin keyfiyyət tərəfini təyin edir. İslam dinində namaz qılmaq da bu qanundan kənarda deyil. Namazın öz hökm və qaydaları vardır. Ancaq, sual oluna bilər ki, bu qaydalara tam riayət etmək namazın keyfiyyətini zəmanət edə bilərmi? Təbiidir ki, cavab “xeyir”dir. Bir var “iqrə əlsəlat” yəni namaz oxumaq, bir də var “əqemo əlsəlat” yəni namaza da “iqamət” etmək, “məskən salmaq” və ya namazın keyfiyyətini anlayaraq onu qılmaq. Namazı anlamaq namazı qılmaqdan və namazı qılmaq onu anlamaqdan ayrı olmasa da onu faydalı və ya faydasız etməsində böyük rol oynayır. Hər bir şeyin keyfiyyət tərəfi onun bütün vücuduna hakimdir. Ancaq məsələ burasındadır ki, keyfiyyət pilləsinə yalnız və yalnız eşq ilə ayaq basmaq olar. Məsələn, insanların mehriban və ya fədakar olmaqlarının səviyyəsini heç bir metr və tərəzi ilə ölçmək mümkün deyil. Ona görə də Mövlanə demişkən eşq pilləsində dəlil və isdilal ilə məsələlərə yanaşanların ayağı (əsa-sı) taxtadandır və həmin ayağa süni olduğu üçün heç bir etibar etmək olmaz.

“Payi istidlaliyun çubin bovəd,

Payi çubin səxt bi təmkin bovəd.”

Mövlanə

İstidlal özü-özlüyündə məntiqin əsasını yaratsa da, vasitəsizlik dünyasında heç bir yeri yoxdur. Məsələn, kim elə bir insan tanıyır ki, nəsihət vasitəsilə bir başqasına aşiq ola bilsin? Və ya zəhmət və çalışmaq vasitəsilə kimsəni eşqdən uzaqlaşdırmaq mümkündürmü? Təbiidir ki, cavabı yenə də “xeyr”-dir. Eyni zamanda əql pilləsində də hətta Məcnun eşqi ilə belə Marsa kosmonavt yollamaq olmaz. Nə qədər ki, məsafə və lazım olan enerji tam kəmiyyəti ilə mühasibə olmayıb, Marsa çatmaq mümkün olmayacaq.

Kəmiyyət və keyfiyyəti, məcaz və həqiqət və ya eşq və irfan təkcə bir dəmir pulun iki üzü kimi deyil, bəlkə qarşı-qarşıya qoyulmuş iki güzgü kimi də biri-birini əks elətdirmək üçün bir-birinə bağlıdırlar. Əsas məsələ də elə buradan başlayır. Biz həqiqətləri dəmir pulun iki üzü kimi görsək, o zaman həmin həqiqətin konkret bir müəyyən dəyərə çərçivəsində məhdudlaşmasına gətirib çıxaracaq. Bu isə irfan dünyasında salikin hərəkəti qaşısında böyük sədd yaradır. Halbuki, irfan hərəkət və zehnin həqiqətlər əsasında axını əsasında formalaşır. Bu, zahirən ziddiyyətdə olan pillələr biri-birinin qarşısına güzgü kimi qoyulsa o zaman hər birinin daxilində sonsuza qədər məna və məfhum əks olacaq ki, birini tanımaq üçün digərini tanımağa məcbur qalacağıq. O zaman bu lazim və məlzum, əməl və əks-əməl arasında olan birliyə bir mənalı şəkildə hörmət etməli və aqil olsaq eşqə, aşiq olsaq əqlə mərifətlə yanaşmalıyıq. Bu pillələrin heç biri digərini inkar etmir və bir-biri ilə ziddiyyətdə deyillər. Eyni zamanda heç biri digərini məhdudlaşdıra da bilməz. Ehkamçılar (şəriət hökmdarları), hər zaman irfanı özlərinə düşmən kimi görüblər. Mənsur Həllac, Şəmsi Təbrizi və Nəsimi kimi ariflər şəriət hökmlərindən kənara çıxdıqları və yuxarıda qeyd etdiyim məhdudiyyətləri aşdıqları üçün öz canlarını əldən veriblər. Həllac kimi ariflər zahirən kafir elan edilsələr də tam şəkildə kafir, ehkamçılar isə zalim görünsələr də tam şəkildə diktator deyildilər. Problem o zaman yaranır ki, hər hansı bir həqiqətə yalnız bir tərəfdən, yəni fəlsəfə, dini, elm və ya məzhəb nöqtei nəzərindən yanaşırıq. Məzhəb, fəlsəfə, elm və irfan dünyanı yaradan dörd əsas maddə kimi məcaz və həqiqət, kəmiyyət və keyfiyyəti dərk etdirən dörd yanaşma tərzidir. Məzhəb odu, elm küləyi, fəlsəfə suyu və irfan torpağı somvolize edir. Məzhəb və fəlsəfə əql pilləsinə və təəccüblü görünsə də elm ilə irfan isə eşq pilləsinə aid edilir. Bunların hər biri ayrı-ayrılıqda yarımçıq və naqisdir. Hafiz Şirazi demişkən:

Cəngi həftadu do mellət həme ra ozr beneh

Çon nədidənd həqiqət rəhe əfsane zədənd.

“Yetmiş iki millətin müharibələrini üzrlü say, onlar həqiqəti görmədikləri üçün əfsanələrə, yəni uydurma istidlallara aldandılar.”

Söz burasındadır ki, həqiqət heç kəsin əlində deyil, amma hər bir insanın ürəyində həqiqət var. Sadəcə olaraq həmin şəxs, kəmiyyət dünyasından keyfiyyət dünyasına, yəni əql pilləsindən eşq pilləsinə keçid edə bilməyib və bütün ömrünü od və su arasındakı ziddiyyətlərlə hədər edib.

Kainatın mahiyyətini müzakirə obyektinə çevirən dünyanın adı “dünyayi del” və ya “ürək dünyası”, “eşq dünyası”dır. Həmin dünya “irfan dünyası” kimi də arif, sufi və filosofların dilində işlənir. Mövlanə deyir:

Eşq yeksan naze dərviş və təvangər mikeşəd,

İn tərazu səng və qohər ra bərabər mikeşəd.

“Eşq, dərviş və pullunun nazını eyni səviyyədə çəkir. Eşq tərəzisi daş və gövhəri bərabər şəkildə ölçür.”

Bayaq da söylədiyimiz kimi irfan dörd əsas məddənin biri və ən əsası hesab olunan torpağı simvolizə edir. Torpaq isə ana bətni kimi, içindəki varlığın təfəkkür və səviyyəsini ölçmədən, gələcəkdə nə, kim və necə olmasını öyrənmədən, onun hansı din və təriqətə mənsub olacağına etina etmədən həmin nütfəni öz qanı və ruhu ilə bəsləyir və böyüdür. Nütfəyə can və şəkil bağışlayır. Nütfəni elə bir səviyyəyə çatdırır ki, şahidlərin, yəni mərifət və kəmala çatan saliklərin gözü önündə bütün dörd maddənin, yəni həqiqətin şəkili kimi sərgilənə bilsin. Deməli, irfan özü mahiyyət deyil, bəlkə mahiyyətin dərki yolunda salikin yolunu təshil, yəni asanlaşdıra bilən bir haldır. Bu asanlaşdırma yolunda isə iki əsas və bir tamamlayıcı amilə ehtiyacı var. Əsas amillərin biri və başlanğıcı tələb və sonuncu isə fənafillahdır. Tamamlayıcı amil, yəni irfanın məhsulunun mahiyyətini təsdiqləyə bilən bir şahiddir. Yəni, irfan və seyri-sülukun sonunda hər hansı bir şəhadət, yəni həqiqəti etiraf edə bilən şahid yoxdursa demək ki, bütün cəhdlər heç bir nəticəyə çatmayıb. Yəni bir çoxlarının təsəvvürü və bildiyi kimi irfan fənafillah pilləsində bitmir. Bəlkə fənafillah pilləsi elə bir pillədir ki, biz bir salik kimi öz irfani məhsulumuzu, yəni mərifət vasitəsilə qazandıqlarımızı şahidin hüzuruna bir növ təqdim edirik. Əslində irfanın istəyi təkcə salikin istihalə, yəni pisliklərdən pak olunması deyil. Bəlkə pak olmaqla yanaşı həqiqətləri tam şəkildə əks elətdirə bilən bir həqiqət güzgüsünə çevrilməkdir. Bu istək isə irfani keyfiyyətlərin elmi kəmiyyətlərlə birləşməsindən başqa bir şey deyil. Müasir irfan nəzəriyyəsinin əsasını da bu təfəkkür təşkil verir. Məsələnin dərki üçün iki misalı gətirməyi vacib hesab edirəm.

1 - Bütün ariflər “ismi əzəm” və ya Allahın ən böyük və xüsusi adınınn axtarışında olublar. Hətta elə bir təsəvvürdə var idi ki, kimsə ismi əzəmi bildikdə bir çox kəramətlərə əl tapa bilərdi. Məsələn suyun üzərində yeriyə və ya “teyyül ərz”, yəni bir göz qırpımında dünyanın bir başından digər ucuna gedə bilərdi. Bu məsələdə elm irfanın köməyinə gəldi və ismi əzəmi axtarmadan bu növ istəklərin həlli yolunu tapdı. Artıq insanlar nəinki, suda, hətta havada belə uça bilirlər.artıq hər kəs bir göz qırpımında dünyanın müxtəlif güşəsinə telefon və texnologiya vasitəsilə səfər edə bilir. Bu çox vacib məsələdir ki, biz, irfan və elmə iki üz-üzə dayanmış güzgü kimi yanaşaq. Belə olan təqdirdə hər iki güzgünün daxilində digərinin mahiyyətini tapmağa nail olacağıq. İsmi əzəm məsələsinə Mövlanə gözü ilə baxsaq bu beyti nəzərdən keçirməmiz lazımdı. Mövlanə deyir:

İsmi əzəm pişe mən başəd qədim,

Yəni, bismillah əlrəhmani rəhim.

“İsmi əzəm mənim yanımda çox qədimdəndir ki, var. O, da həmin bismillah əlrəhman əlrəhimdir.”

“Bismillah”, Allahın adsızlığına bir nişanədir. Ona görə ki, Allah, yəni hər şeyi yaradan və kontrol edən varlığa ad vermək onu məhdudlaşdrımaq deməkdir. Allahı adla deyil, saysız-hesabsız nişaələri ilə tanımaq lazımdır. Demək ki, salik öz yolunu adsız bir yaradanın adı ilə başlamaq məcburiyyətindədir. Saysız-hesabsız ünvanı olan, adı heç yerdə tam bilinməyən bir varlıqla üz-üzəyik ki, bizə iman gətirdiyimiz təqdirdə qaranlıqdan aydınlığa çıxarmağı bəşarət, yəni muştuluq verib. Sual oluna bilər ki, bəs əlrəhman və əlrəhim nəyə işarət edir? Əlrəhman və əlrəhimi dərk etmək üçün Hafiz Şirazini bu beytinə diqqət yetirmək bəs edir:

Ma dər piyale əkse roxe yar dideim,

Ey bixəbər ze lezzəte şorbe modame ma.

“Ey bizim çox içməyimizin səbəbini bilməyən qafil, biz qədəhdə yarın şəkilini görmüşük”

Əlrəhman, Allahın ümumi rəhmətinin göstəricisidir. Hansı ki, salik və ya ümumiyyətlə hər bir məxluqa bumirəng kimi yenidən Allaha qayıtmağa kömək edir. Yəni əlrəhman əslində “inna lillah və inna iləyhe raciun”, yəni biz Allahdanıq və Allaha da geri qayıdacağıq ayəsinin ixtisarlanmış, kiçildilmiş formasıdır. Bu da salikə kömək edir ki, ruh baxımından özünü tam təhlükəsiz hiss etsin. Ona görə ki, onsuz da hər şey haradan başlayıbsa elə orada da bitəcək. Adısz amma bütün adların sahibi olan bir yaradanın bəndəsiyiksə demək ki, bir gün elə həmin adsızlığa, yəni bütün adların sahibliyinə gəlib çatacağıq. Məqsədi zəmanət olan salik də psixologi baxımından rahat bir şəkildə öz yoluna dəvam edə bilir. Əlrəhim isə salikin hərəkətini zəmanə edən bir vasitədir. Yəni laməkan və lazəmanlığa deyil, adsızlığa iman gətirən bir salikin həm yolu, həm də çatacağı məqsədinin ürəyincə olması zəmanət edilir. “Post irfanın” düçüncəsində laməkan və lazəmanlıq məsələsi tamamilə mənsux, yəni kənara qoyulmuşdur. “post irfan” adsızlıq və onun yollarını tapmağın axtarışındadır. “post irfan” fənafillah deyil, şahid axtarışındadır.

Hafiz bu şeirdə bismillahı qədəh, əlrəhmanı badə və əlrəhimi badədə siması əks olan saqininin yaratdığı ümumi bir mənzərəni ismi əzəm kimi təsvir edir. Yəni, bir daha qeyd edirəm ki, kəmiyyət və keyfiyyətin birləşməsini nəticə etibarilə şahidin qarşısına çıxarmaq əslində həyatın mahiyyətini tamamilə bəyan edə bilir.

2 - hər bir surənin sonunda bu ayəni təkrar edirik. “Sədəqallahül əliyyül əzim”. Bir çoxları bu ayəni zikr etdikdə elə başa düşür ki, oxuduğu Quran surəsi bitib. Amma əslində belə deyil. Bu ayə, təhsil ilinin sonunda götürülən dövlət imtahanı kimi, Quran oxuyan şəxsin oxuduğu ayələrin haqqında şahid olub-olmaması haqqında bir sual və ya imtahandır. Yəni oxuduğun, öyrəndiyin kəlamların mahiyyətinə vara bildinsə bu kəlamların doğru və dürüstlüyünə etiraf və şahidlik et. Şahid ol ki, bu kəlamlar həqiqəti əks etdirir.

Bax, əsas məsələ də elə buradadır. İsmi əzəm bir çoxlarınınn inandığı kimi məqsədin sonu deyil, bəlkə başlanğıcıdır. Əslində ismi əzəmi bilməyənə qədər biz hələ heç salik də hesab edilə bilik. Onu biləndən sonra isə bizim qarşımızda vasitəli və vasitəsiz dünyalar dayanır ki, mahiyyətlərini anlaya-anlaya şahidlik mərtəbəsinə qədər yüksəlməliyik.

Post irfan ya müasir irfan nəzəiyyəsi:

Sual oluna bilər ki, bəs şahidlik mərhələsindən sonra nə başlayır? Bu suala cavab verməkdən öncə bir neçə məsələni qeyd etmək lazımdı. İnsan cism gözü ilə dünyaya göz açır. Hər şeyi, o cümlədən məcaz və həqiqəti, kəmiyyət və keyfiyyəti də ilk öncə cism gözü ilə görür. Mövlanə deyir:

Ey xane pərəstan, çe pərəstid gelo səng,

An xane pərəstid ke xuban bepərəstənd.

“Ey evləri, pirləri ibadət edənlər, niyə palçıq və daşı ibadət edirsiz? Elə bir evi, elə bir piri ibadət edin ki, yaxşılar, yəni ariflər ibadət ediblər.”

Birinci hissənin sonu

# 1170 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #