news-inner
clock19:01 calendar-gray 31 İyul 2017 view-gray215 dəfə oxunub
view-gray215 dəfə oxunub

Sevdiyim ilk kişi

Sevdiyim ilk kişidir O!

Məni heç kimin sevmədiyi qədər sevən biri...Sevgisindən adım kimi əminəm. Hələ bir dəfə də yalan dediyinin, kimisə aldatdığının şahidi olmamışam. Ürəyindəki İnsan sevgisinə heyran olmuşam. O, insanları “doğmam-yadım” demədən sevir.

Ağlım kəsəndən çətin günlərimiz də olub, gözəl günlərimiz də. Ancaq heç bir çətinliyə, ehtiyaca baxmayaraq, bir dəfə də ailəsinə haram tikə yedirtməyib. Mən tələbə olanda respublikada gərgin bir vəziyyət hökm sürürdü. Camaat çətinliklə dolanırdı. Üstəgəl “uşaq oxutmaq”. Atam bütün çətinliklərə sinə gərib məni oxutdu, heç nədən ehtiyacım olmasın deyə, hər əziyyətə qatlaşdı. Bir dəfə yaxınlardan biri: “Neynirsən qızı oxudub, sabah özgə kişinin evini tikəcək” – deyəndə, atam: “Oxumaq əsas qıza lazımdır, mən balama təhsil verirəm, kimin evini tikər, özü bilər, halal xoşu!” - dedi.

Bir dəfə zarafatla dedim ki, papa, sən Allah düzünü de, mən doğulanda qanın qaraldımı ki, qızım olub, özü də ilk uşaq? Gözləri dola-dola: “Fəxr elədim ki, qız atası olmuşam! Səni on oğula dəyişmərəm!” – dedi.

Balaca olanda ağır xəstələnmişəm, həkimlər sağ qalma ehtimalının çox az olduğunu deyiblər. Anam danışır ki, əlimizi üzmüşdük səndən. Yataq otağına girəndə gördüm atan oturub yatağının yanında ağlayır. İstədim təsəlli verəm, dedim, qismətimizdə varsa qalacaq. Yoxsa da, neynəyə bilərik? Dedi, sən nə danışırsan? O mənim ilk övladımdır! Qızımdır!

İlk dəfə orta məktəbə qədəm qoyanda da, tələbə biletimi və diplomumu alanda da, qurban kəsib payladı.

Sovetin dağıldığı dönəmdə ölkədə xaos hökm sürürdü. Kimlərsə bir günün içində nəyi vardı itirdi, kimlərsə ömründə görmədiyi pulu gördü. Kim harda işləyirdi əlinə keçəni dartıb evinə gətirdi, satıb-sovdu. Atam evimizə bir dənə mismar da gətirmədi. Bu yaxınlarda söz düşdü, dedim ki, papa, sən də o vaxt istifadə edib pul qazana bilərdin, etmədin. Peşmansan? Səsini bir az da qaldırıb:”Adam vicdanla iş görəndə, halal yaşayanda peşman olur, a bala? Peşman niyə oluram?” – dedi.

Bir dəfə də qadına əl qaldırdığını görüb, söyüş söydüyünü eşitmədim. Bəlkə, ona görədir ki, bu halları heç vaxt qəbul etmədim.

Biz heç vaxt diz-dizə oturub dərdləşməmişik. Ömür boyu atamla susaraq danışmışıq. Nəsil-şəcərəmdə, ailədə məni hamıdan gözəl anlayan yeganə adam, bütün fikir və qərarlarıma hörmətlə yanaşan, risk həddindən asılı olmayaraq, atdığım addımlarda məni dəstəkləyən, arxa-dayaq olan adam atam olub. Anamla həm də rəfiqə kimi dərd-sərimi bölüşmüşəmsə də, atamla heç vaxt heç nə danışmadan bir-birimizi anlamışıq. Hərdən zarafatla deyirəm ki, ay papa, nəsildə-nəcabətdə məni səndən başqa anlayan yoxdur, sən də ancaq qulaq asırsan, danışmırsan. Gülür.

Özü yeməyib bizə yedirən, özü geyməyib bizi geydirən atamı həmişə anlayıb, çəkim ağırlığında yük asılmış gözlərindən oxumuşam.

Atamın adı “XX əsrin neft ustası” adlı ensiklopedik kitaba düşüb. Uşaq vaxtlarımda həmişə neft buruqlarının şəklini çəkərdim. Xəzəri də, onu qucağına alan Bakını da atam sevdirib mənə. Mən balaca olanda hər dəfə mükafatla təltif olunan atam evə çatan kimi ona verilən hədiyyələri: “Bu qızımın!” – deyib mənə verərdi. Mən də onun tərifnamələrini, fəxri fərmanlarını indiyə kimi qoruyub saxlayıram. Hədiyyə kimi verilən bloknotları, qələmləri elə əzizləyərdim ki...

Həmişə işdən gələndə əlində iki qəpiklik dəftər də olsa, alardı mənim üçün. Sovet dövründə nəşr olunan qəzetlərin hamısına abunə yazılardı, qəzetləri həyətdəki poçt qutusundan götürüb ona çatdırmaq isə mənim işim idi. Hələ düz-əməlli dil açmadığım vaxtlarda oxuduğu qəzeti “oxumaq” üçün mənə verib növbətisinə keçərdi. Evimizdəki kitabxanasını isə məndən başqa heç kəsə etibar etmir, deyir, cibimin axırıncı qəpiyini də bu kitablara vermişəm.

Kitablarım hamısı sənindir, bunları sənin kimi heç kim qorumayacaq. On bir yaşım vardı, təzə evimizə köçəndə atam hər şeydən əvvəl kitablarını çinləyib səliqə ilə yeşiklərə yığdı, heç kimə etibar etmədi ki, cırarlar. Qonşular gələn köçü müşahidə edəndə kimsə demişdi ki, bu zalım oğlu elə qazandığını kitaba verib ki. Atam bunu biləndə demişdi ki, fikir verməyin, ömründə bir kitab oxumayan adamlar nə bilir kitab nədir.

İndi o kitabxananı daha da böyütmüşəm və aldığım bütün kitabları məndən qabaq O oxuyur. Bütün qələm əhli olan dostlarımın kitablarını oxuyub, hamısını qiyabi tanıyır. Yeganə oğlunun toyunda bütün qohum-əqrəba maşından düşüb qız qapısına tərəf getdiyi halda, atam mənim dostlarımla görüşmək üçün onlara sarı getdi. Toyboyu məndən dostlarımın nəyəsə ehtiyacı olub-olmadığını soruşdu.

Atamın timsalında sevmişəm dürüst və vicdanlı adamları. Hərdən insanlardan qırılanda, küsəndə, yalan görüb içimdəki İnsan sevgisinə birdəfəlik son qoymaq istəyəndə, atam durub gözlərimin qarşısında: axı O da insandır. O, var, deməli, hardasa yenə atam kimi kişilər, dostlar, sevgililər var.

İlk kitabımın təqdimatında tədbirin sonuna qədər göz yaşlarını gizlətməyə cəhd etsə də, bacarmadı və bu, mənim gözlərimdən qaçmadı. Çünki gözüm onda idi və onu hansı səbəbdən olur-olsun ağlatmaq mənə əzab verir. Buna baxmayaraq, məni həyatda dəlicəsinə sevən bir adamı ən çox ağladan da elə özüm olmuşam. Mənə heç vaxt yalan deməyən, mənə hamıdan çox inanan adamı aldadan da, yalan deyən də mən olmuşam. Ən zəif anlarımda özümü ona güclü göstərib, pis olanda “yaxşıyam” demişəm. Mən dünyada ən vicdanlı cəlladam...

Hələ indiyəcən ona sevgi etirafı etməmişəm. Bir az quru adamam, sevdiklərimə sevgimi çatdıra bilmirəm. Onlar üçün yaşamaqla, bacardığım qədər fədakarlıq etməklə bunu demiş olduğumu düşünmüşəm həmişə. Ancaq indi anlayıram ki, yox, kim olursan ol, kim olursa-olsun, hamının sevgini həm də eşitməyə ehtiyacı var. Bəzən bir kəlmə söz heç bir gücün edə bilməyəcəyini edir. Bəzən bir kəlmə söz insanın yerə vurulmuş dizlərinin yarasını unutdurur...

Bu gün onun doğulduğu günüdür. Səhər yuxudan duran kimi zəng edib ikicə kəlmə ilə təbrik edəcəyəm: “Papa, təbrik edirəm!” – vəssalam. Əminəm ki, bu yazını oxumasına şərait yaratmayacağam. Ancaq oxumasa da, bilir ki, onu sevirəm. Bir dəfə Ona etdiyim yeganə etirafı eşidəndə mat qalmışdı: “Yaxşı ki, atam sənsən. Nə yaxşı ki, nazir qızı, prezident qızı yox, adi bir dənizçi qızıyam, sənin qızınam!”

Ata-anamızı biz seçmirik, necə ki, onlar bizi seçməyib. Və hər gün şükür edirəm ki, nə yaxşı ki, mənim atam bizi rüşvətlə, haramla, başqalarının ah-naləsilə qazanılan pullarla böyüdən biri olmayıb, yediyimiz çörəkdə kiminsə gözləri qalmayıb.

Kiminsə sevgisindən əmin olmaq qədər insanı xoşbəxt edən ikinci bir şey tanımıram... Atamın sevgisi kimi... /Arqument.Az/

news-inner-user

15823 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Mübariz Örəndən yeni hekayə: İlıq
21:00 13 İyul 2020
Nərgiz İsmayılovanın yeni monoqrafiyası nəşr olundu
18:44 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
18:02 13 İyul 2020
Payızda vağzala getməyəsən... - Poetik etüdlər
17:36 13 İyul 2020
Mirmehdi Ağaoğlunun Türkiyədə hekayələr kitabı çap olundu
17:18 13 İyul 2020
On beş ilin salamı – Kənan Hacı yazır
16:39 13 İyul 2020
Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020