Sosial şəbəkədəki “sənətkarlar”

Sosial şəbəkədəki “sənətkarlar”
27 iyul 2017
# 15:01

Yazımı qədim bir Çin pritçası ilə başlamaq istəyirəm.

Günlərin bir günü hökmdar özünü tərif etdirmək üçün məmləkətdə olan bütün şairləri cəm eləyib saraya yığır. Şərti bu olur ki, təriflərin heç biri bir-birinə oxşamasın və indiyə kimi eşitmədiyim söz olsun, əks halda cəlladı çağırmalı olacam. Əlqərəz, şairləri bir yerə yığıb üç gün üç gecə vaxt verir. Vaxt, vədə tamam olanda hökmdar şairləri yenidən çağırıb onlardan şeir oxumalarını əmr edir.

Birinci şeir oxuyan şair hökmdarı təəccübləndirir, buna görə hökmdar ona qiymətli ənam bağışlayır. İkinci şairi dinləyəndə hökmdar görür ki, sənətkar təkrar sözlərdən istifadə edərək canını qurtarmaq istəyir. Həmin şair cəlladın yanına getməli olur.

Növbəti şair səhnəyə çıxır, hökmdar bunun da təzə heç nə yazmadığını görüb, cəlladın yanına göndərir. Bu minvalla bütün şairlər öz şeirini oxuyur, hökmdar isə onların əvvəllər yazdığı sözləri təkrarladığı üçün qəzəblənib edam etdirir. Hökmdar yenidən birinci şeir oxuyan şairdən sağ qalmağın sirrini soruşur. Şair isə deyir ki, hökmdar sağ olsun, gördüm ki, dəbdə olan bütün sözlərdən istifadə eləsəm, məni ölüm hökmü gözləyir. Ona görə də, uşaq vaxtı ata-anamdan və nənə-babamdan eşitdiyim sözlərdən seçib sizi tərif etdim. Bu sözlər mənim köməyimə gəldi, ona görə də indi sizin qarşınızda sağ-salamat dayanmışam. Mən bu gündən sonra nə yazsam o sözlərə sadiq qalacam və hər zaman onları şeirlərimdə istifadə edəcəm. Mənim başqa şairlərdən fərqim, bax, bununla bağlıdır. Hökmdar şairin fikirlərini bəyənir, ona bir at yükü qızıl verib öz şəhərinə göndərir. Digər şairlərin aqibəti isə məlum olduğu kimi, edamla nəticələnir.

Ədəbiyyatda bir az irəli getmiş, yerini bərkitmiş sənətkarlar bir də gördün hardansa əndrəbadi termin tapır, ya da elə sözdən yapışır ki, xeyli fikirləşməli olursan. Əsas məqsəd isə oxucunu çaşdırmaq, onları anlaşılmaz ifadələrin dolaşığına salmaqdır. Belə "müqəddəs” ifadələrdən biri də üslubdu.

Kiminsə bir yazardan xoşu gəlməyəndə və ya gözü götürməyəndə o qədər də dəqiqliklə bilinməyən üslub səhvi kəlməsi bu cür ağzıgöyçəklərin karına gəlir. Genələ-genələ harda gəldi həmkarının qarasına döşəyir: "Yazıçı deyil, bir abzaslıq mətnində xeyli üslub səhvi var”.

Üslub konkret olmadığından onu adından "istifadə edənlər” bəzən məqsədinə çatmış kimi görünür. Bəs bu üslub nədir axı?

Hər hansı bir yazıçı və ya bədii əsər, cərəyan, janr üçün səciyyəvi olan dil və nitq vasitələrindən istifadə üsullarının məcmusu; hər hansı bir yazıçının, əsərin dil və ifadə üsulu üslub adlanır. Sonuncu cümləyə fikir versək hər şey aydın olur. Deməli, üslub fərdi ifadə tərzi, fərdi yazı forması, fərdi təhkiyə formasıdır.

Məsələ burasıdır ki, üslubun nə olmasından bixəbər olan adamlar başqasında üslub səhvi axtarır. Əsas məsələ isə bu səhvi yazıçıda axtarırlar. Yazıçı necə yazırsa bu onun üslubudur. Üslub müəllifin təhkiyə, yanaşma tərzi, ifadə forması və s. nəsnələrdən formalaşır. Ən gülməlisi yazıçının öz həmkarına bu cür irad tutmasıdır. Onda belə çıxır ki, bunlar "necəgəldi” yazıb, gözə kül üfürürlər. Və bu "necəgəldi”nin də üstünə bir az da qalmaqal və sosial şəbəkədə qıcıqlandırıcı fikirləri gələndə artıq "sənətkar” imici yaranır.

Məsələn, deyək ki, hansısa yazıçı axıcı dili və rəvan təhkiyəsi ilə könülləri fəth eləyir. Bu artıq bir trendə çevrilir, digərləri də başlayır bunu təqlid eləməyə. Bu azmış kimi bu cür yazmayanları bəyənmir, onlara dırnaqarası baxırlar. Elementar üslub anlayışı olmayan adamlara bir yerdə yaşamaq, ədəbi mühakimə aparmaq, diskussiyaya girmək mənasız vaxt ikisindən başqa bir şey deyil.

Hər yazıçı bir üslub deməkdir. Bu fikir məşhur filosoflardan birinə məxsusdur. Yazıçı üçün üslub ciddi məsələdir. Yaradıcılığının yarısını hansısa yazıçının təqlidi ilə keçirən adam heç vaxt ciddi sənətkar ola bilməz. Yaradıcılığa başlayan adam bu nüansa ciddi fikir verməlidir. Üslubu olmayan yazıçılar "Leyli və Məcnun”u yazan çoxsaylı sənətkarları xatırladırlar. /artkaspi.az/

# 2199 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #