writer1

Aqil Abbas

Məqalə sayı

13
clock15:46 calendar-gray 26 İyul 2017 view-gray67 dəfə oxunub
view-gray67 dəfə oxunub

Futbolun namərdliyi

Futbol elə bir xəstəlikdi ki, mübtəla olmayan bilməz. Hər bir xəstəliyin müalicəsi var, hətta xərcəngin də! Amma futbol xəstəliyinin müalicəsi yoxdu. Tutuldun, işin bitdi. Futbolun ağrısı da çox ağırdı, sevinci də çox böyük sevincdi. Vaqif Cəbrayılzadənin (Bayatlının) çox gözəl bir şeiri var: "Toy evindən dörd hasar o yanda oynayan uşaq". Mən də elə futbolda toy evindən dörd hasar o yanda oynayan uşağa bənzəyirəm. Ən çox da qol olarkən sevinən futbolçuların sevincini bəlkə də onlardan artıq yaşayıram.

Tez-tez işlətdiyim bir fikrim var, televizyonlarda da dəfələrlə demişəm, qəzetlərdə də yazmışam. Deyirəm ki: "Ölmək qorxulu deyil, insan əvvəl-axır öləcək. Amma fikirləşəndə ki, sən öləndən sonra dünya çempionatları olacaq, gözəl-gözəl oyunlar olacaq, sən onları görə bilməyəcəksən, adam dilxor olur".

Bəzi ağzıgöyçəklər mənim bu sözümün başına ip salıb sosial şəbəkələrdə şivən çıxarırlar ki, niyə Qarabağı demir, futbolu deyir, bu necə qarabağlıdı?! Baş qoşmuram, qoy desinlər. Əvvəla mən Qarabağı görəcəm, Ağdamı da, Şuşanı da, Kəlbəcəri də görəcəm! Kim Qarabağı görəcəyinə inanmırsa, onun çatısı əskikdi. Nə isə...

Futbolun namərdliyi nədi? Dünən çiynində gəzdirdiyin futbolçunu və ya məşqçini bu gün ayaqlarının altına alıb tapdalayırsan. İstəyir Messi olsun, Ronaldo olsun, Neymar olsun, Rəşad Sadıqov olsun, Bədavi Hüseynov olsun, Maksim Medvedyev olsun, Qvardiola olsun, Qurban Qurbanov olsun. Fərq etməz! Döyüşü asan bilir qıraqdan baxanlar...

Futbol bir oyundu. Bu oyunda qələbə də var, məğlubiyyət də. Qələbə çalanda sevinirsən, alqışlayırsan. Oğul odur ki, komanda məğlub olanda yenə ona arxa durasan, sevəsən, bağrına basasan, ruhdan düşməyə qoymayasan, növbəti oyuna kökləyəsən. Yoxsa...

"Qarabağ" "Şerif"lə heç-heçə oynadı. Bu dəfə bəxt komandamızın yanında olmadı. Neçə qolu qaçırtdıq. Keçən oyunda Rəşad Sadıqov meydançanı vaxtından əvvəl tərk elədiyi kimi, bu dəfə də mərkəz müdafiəçimiz Kuba (Yakub Jezniçak) gözlənilmədən zədə aldı və meydançanı vaxtından əvvəl tərk etməli oldu. Bu, komandaya ruh düşkünlüyü gətirdi. Və birinci hissədə Qurbanov məcburi taktika gedişləri etməli oldu. Yəni birinci hissə ürəyim istədiyi kimi alınmadı. Hakimin kobud səhvlərini də tullayıram qırağa. Amma ikinci hissədə komanda özünü ələ aldı və gözəl oyun nümayiş etdirdi. Amma yenə bəxt bizdən yana deyildi! Olsun! İnşallah, bir həftə sonra "Qarabağ" Moldovada sözünü deyəcək. Yüz faiz əminəm ki, qalib gələcəyik.

Baxıram sosial şəbəkələrdə, saytlarda "Qarabağ"ı top atəşinə tuturlar. Dünən "Samtredia" üzərindəki qələbələrə görə komandanı göyə qaldıranlar bu gün tapdalamaq istəyirlər. Niyə qardaş?! Dünyada elə bir komanda varmı ki, bütün oyunlarda qalib gəlsin?! Dünyanın bir nömrəli komandası sayılan "Barselona" çempionlar liqasından kənarda qalıb. Braziliya öz meydançasında almanlara uduzdu. Yuxarıda qeyd etdiyim kimi bu futboldu, eləsi də var, beləsi də var.

Mən əvvəllər "Qarabağ"ın bütün oyunlarını meydanda izləyirdim. Hara gedirdisə, komanda ilə birgə mən də gedərdim. Hətta bəzi xarici ölkələrə səfərlərində də komandanın yanında olmuşam. Son zamanlar komandanın oyununu nəinki meydanda, heç televizyonda da izləmirəm. Bunun da səbəbini dəfələrlə açıqlamışam. Həddindən artıq həyəcanlanıram. Tez-tez kanala qayıdıb hesaba baxıram və dərhal da kanaldan çıxıram. Görünür, bu, yaşla əlaqəlidi. Ümumiyyətcə futbolda həyəcanımı saxlaya bilmirəm. Bir dəfə stadionda "Qarabağ" Avropa çempionatında hansısa komandaya qol vuranda sevindiyimdən az qala huşumu itirmişdim. Yaxşı ki, yanımda dostlar vardı və hətta həkim çağırası oldular. Yəni belə həyəcanlanıram.

"Samtredia" ilə oyunda dostum Emrah Çelik telefon açdı ki, istəyirik oyuna gələsən. Mən də jurnalist dostum Aydın Bağırovu da götürüb getdim. O qədər çığırmışdım, o qədər həyəcanlanmışdım ki, evə gələndə özümdə deyildim. Evdəkilər soruşdular ki, nə olub, səni döyüblər? Bəli, məni döymüşdülər, sevincim döymüşdü məni. Hətta səhərisi gün də özümə gələ bilmədim.

"Şerif"lə oyuna yenə də dəvətnaməm vardı, amma evdən buraxmadılar. Dedilər futbolda ölmək istəyirsən? Və zarafat da elədilər ki, qəzetlərə yaxşı manşet verərsən futbolda ölsən. Televizyonda izlədim, səsim-küyüm də aləmi götürmüşdü. Bəzən futbolçularımıza söyürdüm. Amma Milli Qəhrəmanımız Allahverdi Bağırovun söyüşüylə. Allahverdi əvvəllər "Qarabağ"ın həm kapitanı, sonra isə məşqçisi olmuşdu. Belə bir söyüşü vardı: futbolçu əgər səhv edərdisə deyərdi: "Ay namərd, səni çörək tutmasın!". İndi "Şerif"lə oyunda "səhv edən fultbolçularımızı çörək tutmasın" hamısı canımızdı, ciyərimizdi.

Dostum Qurban Qurbanova və futbolçulara da məsləhətim odur ki, hər sözü aldırmayın. Sizə inanırıq! Hətta məğlub olsanız da ürəyimizin başında yeriniz var.

Bəs Kamil kimdi? Ona Xaliqoğlu Kamil deyirdilər. Ağdamda yaşayırdı. Ağdam deyəndə, yəni Quzanlıda. "Qarabağ"ın heç bir oyununu buraxmazdı. Gəlirdi Bakıya, oyuna baxıb qayıdırdı. O da oyun zamanı çox həyəcanlanırdı. Onu görən kimi də istəyirdim gətirəm yanımda şərəf tribunasında oturdum. Deyirdi yox, müəllim, mən uşaqlarla oturacam. Gedib otururdu fanatlarla. "Qarabağ"ın səfər oyunlarına da gələrdi. O adamın evi-eşiyi dağılmışdı, yandırılmışdı, Ağdamdakı bahalı həyatı məhv olmuşdu. Bütün nəsliylə çöllərdə idi, çadır şəhərciyindəydi. Onu həyatda yaşadan təkcə "Qarabağ" idi, "Qarabağ"a sevgisiydi.

Srağagün eşitdim ki, rəhmətə gedib. Yəni çıxıb gedib Ağdama. Elə də yaşı yoxuydu, təxminən altmış. Ağdamsızlığa dözməyib ürəyi partlayıb. Yəqin ki, Bakıya "Qarabağ"ın oyununa baxmağa gələcəymiş, qisməti olmadı.

Qədir Rüstəmov İstanbulda xəstəxanada koma vəziyyətində olarkən ziyarətinə getdim və gördüm Qədir yoxdu. Yavaşca Qədirə yaxınlaşıb bağırdım: "Qədir, Ağdamı aldıq! Aldıq ey!" Dedim bu dünyadan rahat köçsün. Sonra çıxdım çöldə hönkur-hönkür ağladım. Qədirə yalan danışmışdım.

Bir həftədən sonra gedəcəm Kamilin qəbri üstünə və deyəcəm: "Kamil, "Şerif"in anasını ağlatdıq ey!" Amma bu dəfə yalan olmayacaq. İnşallah! "Şerif"in anasını ağladacayıq.

Anadır arzulara hər zaman Qarabağ!

Və bu gün oxuyan dil-dodağın da nə tardı, nə kaman. Qurban Qurbanovdu və onun uşaqlarıdı!

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Vaqif Səmədoğluya sərgi və konsert həsr edilib
12:44 25 May 2019
Məşhur Nobel mükafatçısı öldü
11:57 25 May 2019
Rəssamlarımızın əsərləri Luvr muzeyində
10:45 25 May 2019
Şərif Ağayarla universitetdə görüş olub
09:56 25 May 2019
Arvadını tərk edib homoseksualla evləndi...
09:00 25 May 2019
Nana sevirdi - Nərmin Kamaldan hekayə
21:00 24 May 2019
Dünyada bizə çatan teatr yoxdur – ƏSA Teatrının rəhbəri
18:22 24 May 2019
Teatr işçi axtarır – Müsabiqə var
18:12 24 May 2019
Psixoloqdan Şəhriyarın nikah statusuna cavab: “Anlamaq istəmir ki...”
17:32 24 May 2019
Pol Qogenin rəsm əsəri tapılıb
17:01 24 May 2019
Azərbaycan Həştərxandakı Ədəbiyyat festivalına qatılıb
16:34 24 May 2019
Düz olmaq istəyirsənsə, əyriliyə icazə ver - Dünyanın ən gözəl kitabından seçmələr
15:46 24 May 2019
Kiyevdə Nəsiminin heykəlinin açılışı baş tutub - Foto
15:21 24 May 2019
Məşhurluğunu qorumaq istəyən əcaib şairlər – Yalçın İslamzadə yazır...
14:21 24 May 2019
Soltan Hacıbəyovun 100 illiyi qeyd olunub
13:30 24 May 2019
Atasını dəfn edib səhnəyə çıxdı - Fuad Poladovun həyatından maraqlı faktlar
13:03 24 May 2019
Səhər Əhməd Gülayə Şınıxlının oğurladığı misralardan yazdı – Konkret Faktlar
12:20 24 May 2019
Çingiz Abdullayevin kitabının təqdimatı olub
11:55 24 May 2019
Reyhan Yusifqızı balaca oxucuları ilə görüşüb
11:01 24 May 2019
Pedro Almadovar: "Təcrid olunmuş vəziyyətdə yaşayıram" - Müsahibə
10:37 24 May 2019