Səməd Vurğunun yeri

Səməd Vurğunun yeri
19 iyul 2017
# 12:46

Son vaxtlar ədəbi şəxsiyyətlər tez-tez gündəmə gəlir, portalların, sosial şəbəkələrin əsas mübahisə və müzakirə mövzusuna çevrilir. Əkrəm Əylisli, M.F.Axundov, Mirzə Cəlil, bu yaxınlarda isə Səməd Vurğun! Bilmirəm, bəlkə də buna sevinmək lazımdır. Cəmiyyət tez və ya gec ədəbiyyatın önəmli sahə olduğunu anlamalıdır. Ancaq belə də yox!

Biz ədəbi şəxsiyyətlərlə bağlı fikirlərimizi də Azərbaycansayağı ifadə edirik. Təhqirlə, həqarətlə, aşağılayıcı tərzdə! Qəribədir ki, bu cür hərzəvü-hədyanlar olmayanda məsələ ictimai maraq doğurmur. Tarixi şəxsiyyətlərin gündəmə gəlməsi üçün illah da bir tanınmışın onu təhqir etməsi lazımmış!

Kimdir Səməd Vurğun?

Biz bu cür ədəbi simaların doğru-dürüst qiymətini vermədən gələcəyə addım ata bilmərik!

Təsadüfi deyil ki, indiki ədəbi avtoritetlər 20-ci əsr klassiklərinə layiq olduğu qiymətin verilməsi mövzusuna aşırı dərəcədə həssasdırlar. Zarafat deyil, mədh etdiyin nəhəng bir imperiya yıxılır və tarixin sənə münasibəti dəyişir!

Bəs bu çöküş Səməd Vurğunun üstünə nə qədər kölgə salır? Ömrünü və istedadını bəlli bir ideologiyaya həsr edən şairi əsl həqiqətlə üz-üzə qoyanda çoxmu sınıb-tökülür? Çoxmu itirir təravətini? Çoxmu yalançı görünür?

Vaqif Səmədoğlu təmkinlidir. Oxucuların Səməd Vurğundan üz çevirəcəyi ağlının ucundan da keçmir. Ona görə digər “oğullardan” fərqli olaraq atasına vəkillik etmir. İşi zamana buraxır... Onu müəyyən mənada haqlı saymaq olar. Amma Səməd Vurğun konusunda zamana da çox güvənməməli. Zaman onu budamaqda!

Məncə, sovet dövründə Səməd Vurğun hansı təntənə ilə göylərə qaldırılırdısa, indi eyni təntənə ilə yerlə bir edilir. Şairin əsl obrazı isə ikisinin arasında, qatı bir tozanağın arxasında gizli-saxlıdır hələ də! O, nə ötən əsrin ortalarındakı kimi poeziyanın şahlıq taxtındadır, nə də sıradan bir siyasət adamının təhqirinə layiq olacaq qədər aşağılarda! Gördüyünüz kimi, vaxtında dürüst qiymətini almayanda, buna imkan verilməyəndə insanın öz ziyanına işləyir.

Bir incə məqam da var: təkidlə bütə çevrilən şəxsiyyət alternativ düşüncəli insanlarda qəzəb doğurur. Sənətdə büt yapmaq tendensiyası zərərlidir. Sənət duru bir çayın axması ilə qiyas oluna bilər ki, qarşısını kəsmək olmaz. O, həmişə inkişafda və dəyişmədədir. Bütləri yuyub aparacaq qədər güclüdür.

Səməd Vurğun həqiqətin yanında deyildi. Bunu özü də bilirdi və böyük ideallara arxa çevirdiyi üçün kiçik yaxşılıqlarla özünü sığortalayırdı. Bu gün ona bənzəmək istəyən çoxsaylı xeyirxah qələm adamı var. Epizodik yaxşılıqlarla könül rahatlığı tapırlar.

Səməd Vurğun o dövrün bütün istedadlı adamları kimi ölüm, sürgün və ailəsinin dağılıb alçaldılması qorxusunun qarşısında həqiqətə göz yumurdu. İndi onu təhqir edənlərin əksəriyyəti isə bu hərəkəti para qarşılığında məmuniyyətlə yapırlar və yaparlar.

Ya hənəkdən, ya dəyənəkdən, Səməd Vurğun şərin yanında idi. Dayandığı yer yanlış idi. Bu səbəbdən böyük istedadı belə onu tam xilas edə bilmədi. Məddahı olduğu rejimlə bahəm çökdü... Yerlə yeksan oldu.

Sorğu keçirin: bu gün Səməd Vurğunu ciddi şəkildə oxuyan bir gənc tapa bilməyəcəksiniz. Halbuki o, ən azı sənətkarlığına görə buna layiqdir.

Səməd Vurğundan çox şey öyrənmək olar.

Ən birinci isə, həqiqətə arxa çevirən sənətkarın dəhşətli aqibətini!

08.05.2013

# 1510 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #