news-inner
clock09:00 calendar-gray 13 İyul 2017 view-gray41 dəfə oxunub
view-gray41 dəfə oxunub

Beynəlxalq mükafat alan çaqqal – Azər Qismətdən NOVELLA

Kulis.az Azər Qismətin “Çaqqalın axtarışı” novellasını təqdim edir.

Mən çaqqalam. Əslində, anlamıram ki, niyə insanlar bir-birini təhqir edəndə adımı hallandırırlar. Və hər adım çəkiləndə sol qulağım yanır. Ümumiyyətlə, onlar heç nəyi öz adı ilə çağırmırlar.

Bir az özümə əl gəzdirmək istədim. Sonra anladım ki, çaqqalam ki çaqqal. Həmin hadisə baş verənə qədər kəndlərin birində hinlərin müdafiə istehkamlarını möhkəm qurmayan adamlara ziyan vurub toyuqlarını yeyirdim. Əvvəllər sümüklərinin möhkəm, iliklərinin yapışqanlı olmasına görə neçə dəfə dişimi sındırmışam. Gənc çaqqallar mənə “mırıq” deyəndə incimirəm. İndiki toyuqların sümüyü kövrəkdir, yemək asandır, amma doymuram da, qardaş. Ac olanda uşaq ağlamasına bənzər səs çıxarıb sülənirəm, ayaq səslərindən qaçıram. Özü də tülkü kimi ziq-zaq qaçmıram ki, güllə ya quyruğuma, ya ayağıma dəysin, ölüm-itim olmasın. Ola bilsin, tülkü yaralansa, qayğısına qalan tapılacaq, boğazına bulyondan-zaddan tökən olacaq. Məni qızdırmalı halda çölə atacaqlar ki, get çörək gətir.

Uzaq kənddəki hinə soxulmazdan əvvəl bir balaca fikrə getdim. Evin yiyəsi bünövrəyə iki metrlik beton tökmüşdü. Bu yerdə bəyənmədiyim, hər gün söyüşdüyümüz tülkünün hiyləgərliyi köməyimə çata bilərdi. Çağırsaydım, gedib eldə-obada qeybət qıracaqdı ki, əlindən bir iş gəlmir, bir çətinliyə düşəndə uşaq kimi yardım istəyir. İybilmə qabiliyyətimlə duydum ki, hində yağlı toyuqlar var. İnstinktim deyirdi ki, hinin bünövrəsi betonlanıbsa, deməli, toyuqlar sahib üçün əzizidir. Əzizə isə qayğı göstərilir. Fikrimcə, əziz obrazı yaradıb ona qulluq göstərilməsi, reklamdan savayı bir şey deyil. Düzdür, güclü bir həyat fəlsəfəsi düşünməmişdim, amma özümə də ləzzət elədi. Əlbəttə, beton bünövrəni yarmaq asan olmayacaqdı. Eşmək üçün də dırnaqlarım kövrək idi. Donuzu çağırıb bu məsələyə razı saldım. Qazanc belə olacaqdı: sümüklər mənim, əti onun. Birgə iş birliyini yekunlaşdırıb oradan çıxdıq. Ev sahibinin “bunu çaqqal edib” bağırtısı eşidiləndə, üzü talaya sarı qaçırdım.

Mən çaqqalam. Və adımı heç kim üstümdən götürə bilməz. Yaşam tərzim adımla uyğun gəlir. Mən bal toplayan, balıq tutan, üzməyi bacaran, bir şapalaqla obyektin texniki parametrlərini darmadağın edən ayı da deyiləm. Nə də tənha gəzib başqa dişiyə meyl salmayan, bütün bu məhrumiyyətlərə görə insanların sədaqət simvolu kimi xarakterizə etdiyi canavar da ola bilmərəm. Hərənin öz taleyi var.

Mənsə hələ evlənmədiyimdən çarpayımın başında duranım yoxdur. Tüfəngin lüləsinin hədəfi ilə qaçıram ki, ya o yanlıq olum, ya bu yanlıq. Hələ evlənmirəm. Dişilər yanımda fırlanıb göz-qaş etsə də, belə məsuliyyətin altına girməyə tələsmirəm. Onlar divara dırmaşa bilər, mənim ağlımsa hələ yerindədir. Uşaq doğulacaq, dişi çaqqal sifətini turşudub çörək tələb edəcək. Həm də dişi çaqqallardan xoşlanmıram.

Bir ay əvvəl baş verən hadisə isə həyatımı qarışdırdı, isti aşıma soyuq su qatıldı.

Uzaqda çobanyastığı iyləyirdim. Kaş, iyləməyəydim. Yaşadığım məkanın turizm potensialı barədə foto-qalereya hazırlayan əcnəbi oğlan gül iyləməyimi görəndə aparatla şəklimi necə çəkibsə, xəbərim olmayıb. Həmin fotonu “Çaqqal çiçək iyləyir” adı ilə Ümumdünya Fotoqrafçılar Təşkilatının Bruklində keçirilən sərgisinə göndərib. Tərslikdən foto əsas mükafatı qazanıb.

Sərgidə iştirak edən hansısa transseksual martini içə-içə qəhqəhə çəkib ki, “o çaqqalı tutub canlı baxmaq sensasiya yaradar”. Özü də “vauuu” - deyə dodağını yalayıb. Vəssalam. Mənim axtarışıma çıxdılar. Bir tərəfdən hinlərin sahibləri, bir tərəfdən Heyvanlar İttifaqının nümayəndələri. Heç anlamırdım ki, quyruğumdan tutub aeroportun yük baqajına salanda, sonra publika qarşısına çıxaranda məndən nə ləzzət alacaqdılar? Tüklü heyvanam, yaraşığım da yox. Zibillərə atılan, ya da əcəli çatan toyuqları yeməkdən bağırsaqlarım da qoxuyur. Belə qeyri-etik ifadələrə görə atam həmişə üzr istəyərdi. Mən isə belə müasir dünyada üzr istəməycəyəm. İndi belə davranış qaydası başqa cür anlaşılır, adamı maymaq bilirlər.

Beləliklə, Heyvanlar İttifaqının nümayəndələri məkanıma gəldi. Otların arxasında gizlənib ara-sıra söhbətlərinə qulaq asanda anladım ki, məsələ ciddidir. Çünki həm sensasiya xatirinə axtarışıma çıxıblar, həm də hadisə qitənin bəzi milyonçularını da maraqlandırıb, mərcə giriblər. Mərcin şərti belə idi ki, məni yox, başqa çaqqalı tutub aparacaqlar. Çünki biz çaqqallar bir-birimizə bənzəyirik, təmiz qanlı Ariyik. Hadisə barədə başqa çaqqalları məlumatlandırmadım. Kimsə yerimi, hər gün hansı obyektlərə baş çəkdiyimi, harada müşahidə işləri apardığımı xəbər verərdi. Heç gecələr görüşdüyüm dişi çaqqala da situasiyanı izah etmədim. Dişiyə etibar yoxdur, hardasa “məşuqumu xaricə aparmaq istəyirlər” deyə lovğalanan anda boğazımdan yapışardılar.

Çox gizləndim. İri ağacların altına soxulub üşüdüm, ac-susuz qaldım. Yuxuların birində gördüm ki, suda üzürəm. Gözümü açanda bunu aydınlığa yozdum. Aydınlıq-zad olmadı. Məni tutmuşdular.

Aeroportun yük baqajında kənd toyuqları sifariş verdim. Gətirdilər. Çünki sağ-salamat çatdırmalı idilər. Publika qarşısına çıxaranda alqışlar altında başım gicəlləndi. Reportyora fotoya görə qonorar ödədilər. Uduzan milyonçulardan biri yerin deşiyindən də olsa məni tapıb quyruğumdan asacağına söz verdi. Reklam çarxlarına çəkildim, apartamentlə təchiz olundum. Bank hesabıma teleşou və reklamlardan əldə edilən gəlirin faizləri toplandı.

Mən çaqqalam. Mənə harda xoşdursa, orada da yaşayıram. İş birliyi yapdığım donuzun sənədlərini hazırlatdırıb yanıma gətirtdim. Köhnə günləri xatırlayıb mahnı oxuduq.

Onlara lazım olmayanda isə unuduldum. Bir az küçələri gəzib zibilliklərdə eşələndik. Sonra təmizlik polisi bizi izolyatora salıb doğulduğum məkana deportasiya etdi. Gecələrimin qadını sevincdən göz yaşı axıtdı.

Mən daha oraları istəmədim. Daha doğrusu, məni oralarda istəmədilər.

son

news-inner-user

12903 məqalə

Paylaş

Oxşar xəbərlər