news-inner
clock15:00 calendar-gray 08 İyul 2017 view-gray236 dəfə oxunub
view-gray236 dəfə oxunub

Elçin Səlcuqun Vaqif Bayatlının şeirlərini yazdığı dəftər

Kulis.az Fərid Hüseynin “Dəftərçə” adlıessesini təqdim edir:

Görəsən, necə oldu, bir belə azaldı, öləzidi bir-birimizə olan heyranlığımız, rəğbətimiz? Elə bil hər şey qəfil amantanımaz qəddarlıqla əlçatan oldu... Tanıdıq, anladıq, yorulduq... Qaynayıb-qarışdıq – yaxşıya da, pisə də... Vaxtın çirkab suları kimin üstünə sıçramadı ki? On ili bir ildə yaşadıq... Vaxt öz sözünü qulaqalmayacaq sürətlə dedi. Eşidən eşitdi, eşitməyən yox. Təəccübümüzü, heyrətimizi itirdik. Bu itkilərlə birgə uşaqlıq, gənclik getdi öz işinin dalınca. Yadlaşdıq, daşlaşdıq, bərkidik, soyuduq, buz tutduq. Sən demə, əvvəldən-sonacan yaşamırmış müdhiş ehtiras...

***

28 səhifə... Əl boyda dəftərçə... Rəngi saralıb... Səliqəsiz deyil... 28 səhifədən sonra mündəricat, sonra isə ağ vərəqlər... IX B sinif şagirdi Quliyev Elçinə (Elçin Səlcuq) məxsusdur. Hələ orta məktəbdə oxuyanda Vaqif Cəbrayılzadənin şeirlərini dəftərçəsinə köçürüb saxlayıbmış... “1980, 1 noyabr” yazılıb dəftərçənin üstünə və araya düşən illər o qədər çoxdur ki, Elçin Səlcuqun ömrü o illərin arasında itib...

Mən tanıyan qədər Elçin Səlcuq sınmazların sırasında olan adam idi, istedadtanımaz deyildi. Görünür, istedadı tanımaq və ona qiymət vermək müstəsnalıqdır. Axı zəmanə az şahid olmayıb istedadı tanıyandan sonra ona yağı kəsilənlərə, yolunu bənd edənlərə... Və son dərəcədə sarsıntılı ömür yaşayan, düyünlü taleyi olan Elçin Səlcuq istedadı tanımaq yükünü bir ömürcə çiynində daşımalı oldu. Bu üstün keyfiyyət hələ 9-cu sinifdə oxuyanda onun məhz kimin, hansı şairin şeirlərini seçməsindən, dəftərçəsinə köçürməsindən də görünür...

***

Sirr deyil ki, qədim kitabların üzünü xəttatlar köçürərmiş. Bir kitabı lazımı sahmanda köçürənəcən anadan əmdikləri süd burunlarından gələrmiş. Kitab üzü köçürmək həm də üslub yaratmaq sayılımış...

Bir ölkə yox, onlarla ölkədə orta əsr xəttatların əl işləri haqqitirməz zamanın iradəsiylə bu gün də neçə-neçə kitabxanalarda qorunur...

Zaman keçdi, vaxt ötdü və dünya elə yerə gəlib çıxdı ki, bircə dəfə “google”da axtarış etmək bəs edir, şairin özünün də yadında qalmayan, çoxdan unutduğu yazılarını, müsahibə və şeirlərini tapıb oxuyaq, yaxud internetdən elektron kitablarını yükləyək. Bu yaxşıdır, yoxsa pis? – “Allahu-ələm” – doğrusunu Allah bilir... İnsanların bir-birinə yadlaşdığı dövrümüzdə daha hansısa oxucunun hansısa ciddi şairin şeirləri belə toplamasına inanmaq xam xəyaldır...

***

Sovet dövründə belə dəftərlər çoxdan çox olub. Həvəsə düşüb axtarsaq, hələ neçəsini də tapmaq olar. Bu dəftərçə Sovet dövründə şairlərə, şeirə olan pərəstişin, heyrətin nişanəsidir. Ancaq orası da var ki, bu şeirlər dəyərli şairimiz Vaqif Bayatlı Odərindir, o şeriləri seçənsə IX sinifdə oxuyan yeniyetmədir. Bu dəftərçədə Vaqif Bayatlının “Bir də min il sonra dirilsəm”, “Böyük insanın şəkli”, “Ağlamaqdan asan dünyada nə var”, “Qardaşımın üzü köməyin olsun”, “Səttar Bəhlulzadənin dəfni”, “Min illərin uşağı”, “İki bəxt ağacı yan-yana” və s. kimi məzmun-mündəricəsi sanballı, vəzni incitməyən, mahiyyətli, diqqətli oxu tələb edən, ciddi poeziya nümunələri toplanıb. Bəs görəsən, o yeniyetmə - Elçin Quliyev (Səlcuq) həmin şeirləri o illərdə nə qədər başa düşüb? Çünki Vaqif Bayatlının şerilərini günümüzdə də anlamayanlar, yaxud anlamamağa çalışanlar az deyil...

Ürəksıyıran ağrıyla diqqət işığını bir məsələnin üstə salmaq istəyirəm: Vaqif Bayatlının bu gün də ən yaxşı şeirləri kimi dillər əzbəri olan poetik nümunələrini seçibmiş Elçin Səlcuq. Bu şeirləri o hansı zövqlə, hansı düşüncəylə, hansı fikirlə, hansı meyarla seçib dəftərçəsinə köçürüb? Quliyev Elçin axı onda hələ Elçin Səlcuq deyildi? Zövqü, dünyagörüşü tam formalaşmamışdı, mütaliə yatırı bəs deyincə deyildi? Görünür, təmiz qəlb və qaynar sevgiylə ləbələb ürək mütaliədən, dünyagörüşdən daha dürüst seçim edir. Hər halda “dənizin acısını dərisiylə dadanlar”, dənizin ortasında “su, su” deyib susuzluqdan odlananları ruhun gözüylə daha yaxşı görə bilirlər...

Umberto Ekoya müsahibələrindən birində ilişikli sual vermişdilər. Yaddaşıma yanılmıramsa sual belə idi: “Hansısa tanış olmaq, söhbət etmək istədiyiniz tarixi fiqur, yazıçı, filosof var? Əgər belə bir şansınız olsaydı kimi seçərdiniz?

Yenə də yaddaşıma yanılmıramsa o belə cavab vermişdi:“Heyran olduğum adamlarla görüşməyə cəhd etməmişəm, onlarla tanış olmaq həvəsində deyiləm. Onların beynimdə yaratdığım obrazlarını təhrif etmələrini istəmirəm. Kitablarında, tablolarında, bəstələrində ifadə etdiklərindən artıq bir şey deyəcəklərini düşünmürəm. Məsələn, Baxla tanış olmaq üçün heç bir səbəb tapa bilmirəm. Qoyub getdiyi əsərlər mənə bəs edir...

Bəlkə də dövrümüzdə böyük adam kimi tanınanların çoxu ilə yaxından ünsiyyət də “uzaqdan görünən dağlar” mənasında çox “seçkinlərin” bəsit, öyüdçülərin fırıldaq, savadlı təsir bağışlayanların cəhalət bayquşları kimi görməyimiz də heyrətimizi acı təcrübələrlə əvəzlədi. Bəlkə də, sənətə, ədəbiyyata, sözə bugünkü biganəliyin, itən heyrətin, yaranan maraqsızlığın kökündə bir az haqq qazandırılası səbəblər var...

***

28 səhifəlik “bu kitab” hələ ilk kitabı sonralar çıxacaq Vaqif Bayatlı Odərin özündən xəbərsiz işıq üzü görən ilk şeir toplusu idi... Özü də necə lazımdı: mündəricatı da, üz qabığı da, müəllif fotosu da hazır...

Həmin dəftərçədə mündəricatdan sonra da xeyli ağ, yazılmamış vərəqlər var. Baxdıqca bu ağ səhifələr haqda düşünürəm, yozmaq, nəsə məna axtarmaq istəyirəm. Məlumdur ki, Elçin Səlcuq barədə neçə-neçə xatirələr var və onlar ağızdan-ağıza keçərək, orda-burda danışlaraq çox adamın yaddaşına səpilib. Rəvadırmı, dəftərçədəki həmin vərəqlər ağ qala? Bəlkə də o dəftərçənin yazılmamış vərəqlərini bundan sonra təzə şeirlərlə, Elçin Səlcuqla bağlı xatirələrlə Vaqif Bayatlı doldurmalıdır?!

***

Orxan Kamal Nazim Hikmətlə həbs illəri barədə yazdığı kitabdakı unudulmaz xatirələri içərisində bir ələmli günün də əhvalatı var. Və yazının bu yerinə uyarlıdır deyə təqdim edirəm:

“...həbsxananın ən yuxarı mərtəbəsindəki təcridxanalardan birində, ayaqlarında zəncir, üç nəfər, – bunlar üç gün əvvəl həbsxanada narkotik alveri üstündə bir adam öldürdükləri üçün ayaqlarına zəncir vurulub təcridxanaya atmışdılar – Nazimə baxa-baxa aşağı-yuxarı, təxminən belə danışıblar:

– Bunu görürsənmi, bunu? Bu adamın adı, var-yoxuna lənət, tarixə düşəcək...”

– Əlbəttə düşəcək, kəlləli adamdı, oxuyub...

– Bilirsən ağlıma nə gəlir? Bir dəli şeytan deyir dur, öldür bunu... Hə, nə deyirsən, adam öldürəndə də, gərək, belə adam öldürəsən e... Yoxsa bizim kimi. Bir parabeyni öldürürük, ondan sonra bu qazamatda yat ki, yatasan. Amma bunu öldürsən, bütün dünya qəzetləri də səndən yazacaq, adın tarixə düşəcək.

– Yox əşi, – üçüncü deyib – Nazim böyük qardaşımızdı, adamın əli gələr onu vurmağa?

Bunu mənə o hissənin təmizliyinə baxan, bir nəfər danışdı:

– Amanın günüdür, Kamal qardaş, Nazim qardaşa de ki, ehtiyatlı olsun. Səfehlərin beyni çönüb, özün bilirsən də.

Bu hadisəni Nazim Hikmətə danışanda, gülmüşdü: “Yox əşi? Adı tarixə düşsün deyə, səfeh məni vuracaq... kaş düşə... tarixə düşmək üçün başqa bir iş görmək olmaz?”

Bir faktı da qısaca diqqətinizə çatdırım: Bu üç adam bir neçə gün sonra Anadolunun hansısa həbsxanalarına sürgün olundular. Yadımda qalan budur ki, yanılmıramsa, üçü də gedəndən bir neçə gün sonra bıçaqlanıb öldürüldülər... Bu xəbəri eşidəndə ən çox Nazim Hikmət pis olmuş, həbsxana dəhlizində xeyli var-gəl eləmişdi”.

Yaddaşıma yadlaşmayan bu əhvalat tez-tez xatırlayıram. Yaradıcı insanın ölməmək istəyi elə əbədi yaddaşlarda qalmaq niyyətində olması deməkdir. Qəribəsi odur ki, əbədiyyətvurğunu olan şairlərdən, yazıçılardan, söz adamlarından axsaqvicdanlıq, pis əməl, yaraşmayan iş görəndə və bütün bunların onların yaradıcılığı ilə bir sırada irəlilədiyini düşünəndə məntiq pozulur: Bunlar tarixdə beləmi qalmaq istəyirlər? Axı hər şey göz qabağındadır? Məntiq isə o yerdə pozulur ki, belələri iz itirməkdənsə, iz qoymağa çalışırlar...

Tarixə Nazimi (= təmizliyi, istedadı, dəyərləri) öldürməklə düşmək olar... Ancaq Nazimi öldürmək istəyənlərə ən çox acıyan elə Nazim olacaq. İndi isə yaxşı şeirə münasibət “bunu öldürüb tarixə düşmək” olar dünyagörüşüylə əcəb səsləşir...

***

İraq, iraq... Vaqif Bayatlı həmin illərdə hansısasa səbəbdən dünyadan köçə bilərdi. Sonrakı gözəl şeirləri yazılmazdı, bəlkə vəfasız dostlar, biganələr də tapılardı unutmağa, gözardı etməyə. Ancaq bu dəftərçədən görünür ki, bir uşaq pərəstişində - Elçin Səlcuqun yaddaşında yəqin, çox illər yaşayardı.

Bu dünyada yaşamağa ən gözəl yer, elə bilirəm, insan yaddaşıdı. Bu dolğun həqiqətdən vaxtında duyuq düşən Vaqif Bayatlı Odər yalan dünyada həqiqətən ölməməyin yolunu bir şeirində belə göstərirdi:

Düşünürəm öz dalımca,

Düşünürəm gözüm dolur...

Hamı səni unudanda,

Bu yalançı dünyada

Ölümlər gerçək olur.

Yəqin ki, Vaqif Bayatlı da, Elçin Səlcuq da bir vaxtlar kimlərçünsə undulacaqlar, uzaq adam olacaqlar. Ancaq “hamı üçün” yox... Məhz bu Hamı Tərəfindən Unudulmamaq isə onları heç zaman tam ölməyə qoymayacaq...

Repressiyalar vaxtı uzun çəkən dindirmələr bir yana, bir də iyrənc üzləşdirmələr olarmış. Cəfər Cabbarlı, Seyid Hüseyn üzləşdirilməsi kimi faktlar bu gün də mütaliə yaddaşımın göynəkli, sarsıntılı bir yerində dipdiridir. Üzləşdirmənin nəyi qəribə gəlir mənə? Üzləşdirilənlər dindirmədən sonra protokola yanaşı imzalar atılır...

Təsəvvür edin, öyrədilmiş, yaxud döyülüb canından bezmiş biri ilə sınmaz, sarsılmaz birinin imzası yanaşı olur. Hələ o bəlada gözləniləndir ki, azadlıqda səninlə eyni düşüncəni bölüşən, eyni işlərə qol qoyan biri üzləşmədə əks mövqenin müdafiəçisi ola... Yenə də yanaşı imzalar...

Vaqif Bayatlı ilə Elçin Səlcuq da bu dəftərçədə “üzləşiblər...” Biri müəllif, digəri oxucu kimi... Biri əqidəli şair, insan, digəri əqidəli jurnalist, vətəndaş kimi... Yanaşı imzaları isə zaman özü atıb... Bu “üzləşmədə” isə imza adı təsdiq eləmir... Əksinə, adlar imzaları təsdiq edir...

***

Vaqif Bayatlı Odərin NərimanNərimanova həsr etdiyi şeirdə yaddaqalan misraları xatırlayıram:

Bir böyük insanın şəklini daşıdım

sinəmin üstündə,

böyüdü, böyüdü ürəyim.

Bu dəftərçəni Elçin Səlcuq bəlkə də ürəyinin üstündə gəzdirirmiş... Yəqin elə Elçinin də ürəyi məhz o dəftərçədəki sözlərdən böyümüşdü, sinəsinə sığmırdı... Yoxsa adi bir şairi sevsəydi Elçin Səlcuq, yəqin ki, onun çoxlarımızın rast olduğu çılğınlığı, kobudluğu, iddiası, hər şeiri, hər yazarı bəyənməməsi “Kül başuva, ay Hitler, gör üstüvə kim gəlir” məzəsindən artıq olmazdı...

***

Avropa xalqlarına aid nağılların birində nəql olunur ki, bir gün camaat gəlir sehrbazın yanına və sehrlə müharibələri dayandırmağı xahiş edirlər. Sehrbaz bütün silahları məhv edir. Müharibə etmək istəyənlər bu dəfə ağacları kəsib silah düzəldirlər. Sehrbaz həmin ağacları da məhv edir. İş o yerə çatır ki, dünyada lazım olan hər şeydən silah düzəldə bilən insanların əlindən sehrbaz hər şeyi alır. Belə olan təqdirdə onlar aclıqdan ölməli idilər. Bir uşaq sehrbaza məsləhət görür ki, sən bütün məhv etdiklərini geri qaytar, əvəzində insana Özgəsini Özü Kimi Duymaq Bacarığı ver, qoy kim kimə neyləsə həmin ağrını da, sevinci də özü yaşasın. Sehrbaz uşağın dediyini edir və başqasının ağrısını öz ağrısı kimi duyan insanlar bir də silaha əl atmırlar. Dünyada sülh, əmin-amanlıq bərqərar olunur.

...Səd-əfsus, nağılların namümkünü mümkün qılmaq kimi gücü nə gəzir? Məsələ ondadır ki, elə şeiri duymaq, şeiri anlamaq başqasının halına yanmaq, onun ağrılarını hiss etmək deməkdir. Şeirlə yaşamaq, iç adamı olmaq ayrı üstünlükdü. Elçin Səlcuq isə gümanımca Vaqif Bayatlı Odərin ağrılarını öz ağrısı kimi dəftərinə köçürmüşdü...

“Şeir ölür”, “Şeir öləcək”, “Roman əsri” kimi sözlər günümüzdə çox işlənir. Görünən həqiqətdir ki, şeir oxuyan, ən əsası yaxşı şeiri anlayan azdı. Hər irəliləyən zamanda bu say sırası daha da azalacaq. Bu həm də “başqasının ağrısını öz ağrısı kimi duymaq” kimi insani keyfiyyətin məhvi deməkdi. Deməli, irəlidə bizi daha qəddar illər, bizdən sonrakları isə daha qəddar əsrlər gözləyir...

***

Bu dəftərçənin Vaqif Bayatlının əlinə yetişməsi ilə bağlı da faktı xatırladım. Vaqif Bayatlı Odərin vəfalısı – həyat yoldaşı Tamam xanım Bayatlı əhvalatı müsahibə zamanı mənə belə danışmışdı: “Elçin Səlcuq Naxçıvanda şagird olanda Vaqif Cəbrayılzadə barədə nə çap olunubsa hamısını yığıb şəkli ilə birlikdə bir dəftərçəyə şeirlərinin üzünü köçürüb. Bakıya gəlib ali məktəbə daxil olanda evimizin yerini öyrənmişdi. Bir gün qapı döyüldü, açdım, bir oğlan əlindəki dəftərçəni içəri atıb qaçdı, gözdən itdi. Sonralar məlum oldu, həmin gənc Elçin Səlcuq imiş. Bakıya gələndən sonra fikirləşib ki, daha mən şairin özünü tanıyacam, dəftərçə mənə lazım deyil, ona görə də dəftərçəni bizə verib...”

Əsrlər əvvəl müəllifi naməlum olan əsərləri “laədri” adlandırıblar. Bu söz hərfi mənası “bilmirəm” və “anonim” kimi başa düşülə, yozula bilər. Bəzi mənbələrdə deyilir ki, belə qəzəllər, şeirlər dillər əzbəri olarmış, məclislərdə söylənərmiş, ağızdan ağıza gəzərmiş. Qəribədir ki, bu misralar xalq ədəbiyyatı kimi yox, müəllif mətni kimi təqdim edilərmiş. Naməlum müəllifinə rəhmət qazandıran misralar imiş. Necə ki, naməlum şəhid qəbri də eyni ağrıyla ziyarət olunur...

Sovet dövründəki siyasi sistemə, liderə pərəstiş ədəbiyyatda da mövcud olub. Deyim ki, ədəbi müstəvidə yalnız istedadlılara aid ediləndə pərəstişin az da olsa anlamı olur. Əfsus ki, hər pərəstiş dövründən sonra isə insan biganəliyinin zavalsız tüğyanı başlayır. XX əsrin bu reallığını dərk edən Migel de Unamuno kitabının girişində əbəs yazmırdı: “Mən növbəti kitabımı insan biganəliyinin ixtiyarına buraxıram...”

***

Elçin Səlcuq bu dəftərçəyə – “kitab”a ad qoyub – “Bir damla göz yaşı”. Dövrün romantik ab-havasına uyarlı addır. Ancaq bu ad məsələsinin üstündə qalmaq həvəsində deyiləm, istəyim başqa mətləbə işıq salmağa səsləyir məni. Vaqif Bayatlının yaşadığı dövrdə özünə bu dəftər timsalında təmənnasız bir eşq qazana bilmişdi və əlbəttə, rast olduğu yüksək səviyyəli, təmiz ruhlu poetik nümunələr Elçin Səlcuqu vadar etmişdi o şeirləri toplamağa.

İndi ağlayanlar güləcək gorda,

Gorda ağlayanlar güləcək harda?

Bu misralar da Vaqif Bayatlının bir şeirindəndir. Mən həmişə özü haqda böyük rəy yaratmaq, yazı yazdırmaq, əfsanə düzəltdirmək istəyən adamları görəndə - onların zəmanəni çaşdırmaq iddiasını düşünəndə bu misralar yadıma düşür. Deyək ki, yəni sən bu dünyada zorla özünü sevdirdin, özündən yazdırdın, bəs yüz il sonra nə olacaq? Onda kim səni müdafiə edəcək, onda kimdən nə xahiş etmək, xəbər yollamaq su içimi olacaq? Axı qəbirdən bu təbliğat-təşfiqat işlərini yürüdən ancaq və ancaq yüksək zövqə xitabən yazılmış əsərlər, bir də yaddaşlarda yaşayan xeyirxahlıq ola bilər. Özünü təbliğ, yaxud mif yaratmaq sənət baxımdan yazdıqlarının gələcəkdə yaşayacağından narahat olmağın göstəricisi deyilmi, eləcə də bu əməllər insanlıq baxımından şöhrət azarı, ötəriliyə aludəçilik, peşəkar görünüb həvəskar havasında yaşamağın nişanı sayılmamalıdırmı?

“Qaçılmaz” haşiyə:Vaqif müəllimin yuxarıda misal gətirdiyim misralarının mahiyyətcə oxşadığı şeirə Nizamidə, fikrə isə “İncil”də rast gəlmişəm. İsa Peyğəmbər deyir: “Bu dünyada axırıncı olanlar, o dünyada birinci olacaqlar, bu dünyada birinci olanlar, o dünyada axırıncı olacaqlar”. NizamiGəncəvi isə “Leyli və Məcnun” əsərində “Zeydin Leyli və Məcnunu yuxuda görməsi” adlı hissədə yazır:

O dünyada bar yeməyən

Bu dünyada belə başıuca olur.

O dünyada kədərli olan hər kəsin

Bu dünyada şadlığı belədir (daimidir).

(sətri tərcümə)

Kim ki, o dünyada bəhərsiz qalar,

Onun bu dünyada başı ucalar.

Kim ki, o dünyada acı qəm içər,

Ömrü bu dünyada şadlıqla keçər.

(poetik tərcümə)

***

Klassik ədəbiyyat nümunələrində əsərin başlanğıcındaca şairlər Allahı, dini, peyğəmbəri və sözü öyürdülər.

Allah dünyanı, peyğəmbər dini, hökmdar hakimiyyəti, söz isə şeiri yaradıb. Yaranan söz isə şairi yaradır. O dövrdə şairlər bütün yaradılışa minnətdarlıqdan sonra öz fikirlərini (mövzunu) yazmağa başlayırdılar. Və bununla da göstərirdilər ki, nəsə yazmaq - yaratmaq bütün yaradılışın qarşısında məsuliyyət deməkdi...

Vaqif Bayatlının şeirləri məhz həmin bəşəriyyət qarşısındakı məsuliyyətdən doğulub. O şeirlərin minacatı da, nəti də, sözün tərifi də içindədir.

Pisi odur ki, müasirlik klassikaya qayıdışı “lənətləyir... ”

***

İllər keçir və mənə mümkünanə çılpaqlığı ilə bir həqiqət də aydın olur: Gün keçdikcə daha çox həqiqətpərəst, əsl şeiri sevən, heç olmasa içində mahiyyətli olan çoxları tərəfindən Vaqif Bayatlı Odər şəxsiyyətinə və yaradıcılığına sevginin artdığını görürəm. Bəlkə də mənim əhatəm belədir, deyə bilmərəm... Bunun başlıca səbəbi bizim ona, onun bizə olan sevgisi deyil. Başlıca səbəb odur ki, o yer üstündə dava etmədi, göy üzünü arzuladı. Ona görə də onun bu dünyada rəqibi olmadı, düşmənləri isə şəksiz ki olub...

Vaqif müəllim belə yaşamaqdadır taleyini... Taleyi əziz tutub yaşamaq üçün isə taleyə inanmaq, onu müqəddəs saymaq, elə bilirəm, birinci şərtdir. Elçin Səlcuqun uşaq ürəyinin böyüklüyü ilə seçdiyi şeirlər içərisində çox yaddaqalan sətirlər var, ancaq biri Vaqif Bayatlı Odərin ömrünü bütün aydınlığı ilə göstərir: “...And olsun alın yazıma...” Allahın yazısı sayılan Alın yazısına isə ancaq və ancaq təmiz ömür yaşayaraq belə ürəklə and içmək olar...

***

Zənnimcə, o şairlər zəif şairdirlər ki, oxucuları pərəstişkara çevirirlər. Şairi sevmək şeiri sevmək demək deyil. Yaxın onilliklərin sevilən bəzi şairlərini xatırlayın – necə unuduldular, yaddan çıxdılar, şeirləri sonrakı illərlə səsləşmədi...

Böyük şair, oxucunu özünün yox, əsl poeziyanın, şeirin pərəstişkarına çevirir. Məsələn,Füzuliyə görə qəzəli, Ömər Xəyyama görə rübaini, Nazim Hikmətə görə sərbəst şeiri sevirik...

Böyük şairlər bizə poeziyanı sevdirir, adi şairlər isə öz şeirlərini. Bu dəftərçədən mənə aydın olan odur ki, Vaqif Bayatlı Odər Elçin Səlcuqa ƏSL POEZİYANI sevdiribmiş.../qafqazinfo.az/

news-inner-user
Fərid Hüseyn

134 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Filmimiz beynəlxalq kinofestivalda
18:45 18 Oktyabr 2019
Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclər 6 milyon manat artırılır
18:17 18 Oktyabr 2019
Quşları heç kəs öpmür – Salam Sarvandan tərcümələr
17:46 18 Oktyabr 2019
Günel Natiqin kitabı çıxdı
17:01 18 Oktyabr 2019
Şoka düşən Bakı, diri-diri yanan əsgərlər, 5 dəqiqənin hökmü - Səbuhi Sədəf yazır...
16:16 18 Oktyabr 2019
Performativ meditasiya: Eucenio Barbanın tənqidi – Aydın Talıbzadə yazır...
15:47 18 Oktyabr 2019
“Bir şeir” müsabiqəsinin mükafatlandırma mərasimi - Video
15:14 18 Oktyabr 2019
Azərbaycan teatrının Oyun Babası - Vaqif İbrahimoğlu 70
14:21 18 Oktyabr 2019
Milli azlıqların antologiyası təqdim olunub
13:41 18 Oktyabr 2019
Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim edilib - Fotolar
13:02 18 Oktyabr 2019
İsi Məlikzadənin hekayələri Kulis-də
12:51 18 Oktyabr 2019
Qadını pisdir deyə narkotikaya qurşananlar – İlqar Kamil yazır…
12:01 18 Oktyabr 2019
Müstəqil Azərbaycanın ən yaxşı romanları - Siyahı
11:25 18 Oktyabr 2019
"Netflix" "Eşq" romanından serial çəkəcək
10:55 18 Oktyabr 2019
Xalq artistinə ev verildi
10:15 18 Oktyabr 2019
“Yuğ”da "Müəmmalı bir qətlin üç versiyası”
09:52 18 Oktyabr 2019
Ucdantutma hamını bir-bir öpürdüm – Bircənin romanı
08:55 18 Oktyabr 2019
Nobeli alan yazıçının ilk müsahibəsi: “Qorxuram...”
21:00 17 Oktyabr 2019
Adil Cəmilin 65 illik yubileyi qeyd edilib
18:40 17 Oktyabr 2019
“Bir şeir” yarışmasının qalibləri mükafatlandırıldı - Fotolar
18:00 17 Oktyabr 2019