news-inner
clock16:36 calendar-gray 19 İyun 2017 view-gray196 dəfə oxunub
view-gray196 dəfə oxunub

Ayxan Ayvazdan ƏSGƏR MƏKTUBU

Salam, Azərbaycan əsgəri. Bu cümləni sıra düzülüşündə çox eşitmisən yəqin. Elə mən də bir il bu cümləni eşitmişəm. Açığı, sənə deyim ki, bu cümlə mənə həmişə xoş gəlib, özümü ciddi və lazımlı hesab etmişəm.

Əsgərliyə ilk getdiyimdə mənə kazarmalar, silahlar, yeməkxana cazibədar gəlmişdi. Özümü hansısa müharibə filminin qəhrəmanı hesab etmişdim. Kənardan döyüş həmişə asan gəlir.

Öz aramız, bir az romantik əsgər olmuşam. Çox darıxırdım. Bəzən əsgərlikdəki darıxmalarım üçün darıxmıram desəm, yalan olar. Soyuqda titrəyə-titrəyə postda durub gözləyəndə öz-özümlə söhbətləşirdim. Bəlkə də ən çox əsgərlikdə özümlə danışmışam. O zaman özümü daha yaxşı tanımışam. Hərdən tək-tük görünən mülkü adamları görəndə düşünürdüm ki, mən soyuqda onlara görə titrəyirəm, üşüyürəm. Vətən üçün üşüməyin ləzzətini yaşamışdım o günlər. Sonra qəribə şeylər düşünürdüm.

Düşünürdüm ki, o mülkü adamlarınbirinin evinə qonaq getmişəm, qabağıma çay qoyublar.İsti çay e, əsgər. Yanında da konfet, şokolad, keks. Hərdən də ağlımdan keçirirdim ki, indi mənə görə rahatca yerinə girib yatanlar var. Uşaqları düşünürdüm. İlahi! Uşaqlar mənə görə ağlamır. Postda əsgər dayanıb axı. Əli silahlı əsgər. Qulağıma səslər gəlirdi: "Mama qurban, qorxma yat, əsgər balamız qoruyur bizi". İnan ki, bu cümlə mənə bir stəkan çay qədər isti və doğma gəlirdi. Məni alıb uzaqlara aparırdı. Hə, gözlərim dolurdu.

Bir də Vətənin nə olduğunu təsadüfən siyirmədə tapdığım bayrağı əlimə götürəndə hiss eləmişdim. Balaca bir bayraq idi. Bunu kim qoymuşdu bura? Çox baş sındırmışdım onda. Ancaq bayrağı qoxulamışdım, torpaq iyi dolmuşdu burnuma. İnanırsan? Əsl torpaq iyi. Göy, qırmızı, yaşıl rəng qarışmışdı bir-birinə. Götürüb bir yerə sərdim. Aypara və səkkizguşəli ulduz qaranlıqdan sıyrılıb çıxdı sanki. Yerinə qoyanda qəfil hönkürtü tutdu məni. Bəlkə də bu hönkürtünün səbəbi bir də uzaqdan eşitdiyim himnimiz idi. Mən o zaman bayrağın necə müqəddəs olduğuna inanmışdım. Bir az torpaq vardı o bayraqda, bir az da himnimiz.

Hə, əsgər, indi sənin olduğun yer də, mənim yazdığım yer də vətəndi. İndi sənə məktub yazanda bir vaxtlar mənə yazan məktəbli uşaqlar gəlib gözümün qabağında durdu. Kağızda tələsik yazılmış, səhv dolu o məktub məni necə sevindirmişdi, bir bilsən. "Əsgər, bizi qoruduğun üçün çox sağ ol" yazılmışdı. 4-cü sinif şagirdi idi, təəssüf ki, adı yadımdan çıxıb. Məktubun içində bir də hədiyyə vardı: bir dənə güzgü və bir ayaqqabı mazı.

Yadıma düşmüşkən onu da deyim ki, əsgərlikdə uşaqlar darıxmasın deyə hərdən onlara şeir deyirdim. Əzbərə... Əsas da Nazim Hikmətdən. Onları yaşamağa və mübarizəyə səsləyirdim. Hər kefi pozulan əsgərə oxuduğum Nazim Hikmət şeiri onu vəziyyətdən çıxarırdı. Bu şeirlər çıxış yolunu intiharda görən əsgərlər üçün ümid yeriydi. Sənə də deyirəm, qulağında sırğa elə: "Yaşamak şakaya gelmez". Düşün ki, səni gözləyənlər var və o gözləyənlər səni ən azı Vətən qədər sevirlər. Sənin onları sevinc göz yaşlarına boğmaq haqqın var. Ancaq onları kədərləndirmə, kövrəltmə! Əsgər bütün ağrıları dəf etməlidir. Möhkəm olmalısan. Balaca, arı pətəyi boyda evlərin işıq saçması sənə bağlıdır. O evlərdə uşaqlar sənə görə rahat yatmalıdır. İnsanlar sənə görə rahat çay içib söhbət etməlidir. Bu gün sən orda dayanmalısan ki, sabah o arı pətəyi boyda evlərdə çay içəsən.

Darıxma, əsgər. Səhərlər qalx komandasına çıxanda vaxt eləyib günəşə bax. Günəşin çıxmağı o qədər gözəl mənzərədi ki... Hələ bunun arxası var: idmandan sonra səhər yeməyi. Gözəl səhər yeməyi. Həmişə beynində gözəl mənzərələr yaratmağa çalış. O gözəl mənzərələr səni bütün pisliklərdən qoruyacaq.

Əsgər, farağat!

Azad!

Qeyd: Siz də Azərbaycan əsgərinə ürək sözlərinizi yazmaq istəyirsinizsə, esgeremektub.com saytına daxil olun və məktubuzu yazın. Məktublarınız 26 iyun – Silahlı Qüvvələr Günündə əsgər və zabitlərimizə çatdırılacaq.

news-inner-user
Ayxan Ayvaz

421 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Əməliyyatdan çıxan aktyor danışdı: “Özümü yaxşı hiss edirəm”
12:10 23 Fevral 2020
İvanın uşaqlığı - Yeni hekayə
17:02 22 Fevral 2020
Ölümündən 1 il ötdü - Kamranın şeirləri
16:11 22 Fevral 2020
Əməkdar artist ölümlə üz-üzə - Təcili pul lazımdır
15:01 22 Fevral 2020
Bakıda “Şanson gecəsi”
13:58 22 Fevral 2020
Meyxananı bayağılıqdan xilas edən 5 parça - Video
13:04 22 Fevral 2020
Azərbaycanlı rəssamın əsərləri Moskvada təqdim edildi
12:03 22 Fevral 2020
Ukrayna və Azərbaycan ulduzları eyni səhnədə
11:04 22 Fevral 2020
Reanimasiyaya yerləşdirilən əməkdar artistdən xəbər var
10:08 22 Fevral 2020
Əsərlərini qanıyla paltarlarına yazan, dili kəsilən məşhur yazıçı
09:00 22 Fevral 2020
Göydən yenən şeirlər – Şərif Ağayar yazır...
21:01 21 Fevral 2020
Bakıda yeni Ədəbiyyatşünaslıq Mərkəzi açılıb
19:30 21 Fevral 2020
Manaf Ağayev polisə çağırıldı
18:53 21 Fevral 2020
“Beş manatlıq gəlin”in premyerası olacaq
18:21 21 Fevral 2020
Kimdir güclü qadın? – Sevinc Elsevər yazır...
17:41 21 Fevral 2020
“Müfəttiş” nümayiş olunacaq
17:00 21 Fevral 2020
Tramp "Oskar" alan filmi tənqid etdi
16:21 21 Fevral 2020
Los-Ancelesdə Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
15:39 21 Fevral 2020
Ölümünə səbəb olduğu qızın qardaşına ərə getdi – Xalq artistindən maraqlı faktlar
14:58 21 Fevral 2020
Yaşar Bünyaddan yeni hekayələr kitabı
14:17 21 Fevral 2020