news-inner
clock21:00 calendar-gray 16 İyun 2017 view-gray208 dəfə oxunub
view-gray208 dəfə oxunub

Sənin kimi gözələ çılpaq gəzmək yaraşır – NOBELÇİ ŞAİRİN ŞEİRLƏRİ

Kulis.Az Əyyub Qiyasın tərcüməsində Nobel mükafatçısı Uilyam Yeytsin şeirlərini təqdim edir.

İrlandiyalı şair və dramaturq Uilyam Yeyts 13 iyun 1865-ci ildə paytaxt Dublinin Sandimaunt məhəlləsində, hüquqşünas ailəsində anadan olub. Şairin atası Con Batler Yeyts dövrünün adlı-sanlı hüquq müdafiəçisi kimi tanınsa da, oğlu Uilyamın iki yaşı tamam olanda vəkillik fəaliyyətindən uzaqlaşaraq, Londona – rəssamlıq məktəbində oxumağa gedib. Londonda rəssamlıq təhsili alan Con Batler sonralar portret ustası kimi tanınıb.

Uilyam Yeytsin kiçik qardaşı Cek Batler tanınmış irland rəssamı olub. 1880-ci ildə Yeyts ailəsi yenidən İrlandiyaya qayıdaraq, Dublin şəhərində məskunlaşıb. Dublində məktəbi bitirən Uilyam Yeyts atasının təklifi ilə rəssamlıq məktəbinə daxil olub.

Uilyam Yeyts erkən yaşlardan şeir yazmağa başlayıb və istedadını üzə çıxara bilib. Onun gənc yaşlarında uğura imza atmasında şairlərdən Uilyam Henlinin, Herhard Hopkinsin, Uilyam Morrisin və Oskar Uayldın müəyyən təsiri və xidmətləri olub.

1885-ci ildə Yeyts irland gizli cəmiyyətinin üzvü, ömrünün müəyyən illərini həbsxanada keçirən və azadlığa çıxandan sonra Dublinə qayıdan Con O`Liri ilə tanış olub. Bu yeni tanışlıq Uilyam Yeytsin yaradıcılığına da müəyyən təsir göstərib və şair patriotik şeirlər yazmaq, irland adət-ənənələrini tərənnüm edən təsvirlər yaratmaqla yaradıcılığının yeni mərhələsinə qədəm qoyub.

Erkən yaşlarından okkulizmə meyl salan Yeyts hələ rəssamlıq məktəbində oxuyanda məşhur şair və okkulist, A.E.Oni imzası ilə çıxış edən Corc Rassellə tanış olub. Sonradan C.Rassel və bir neçə nəfərlə magiyanı və şərq dinlərinin magik tərəflərini öyrənmək üçün Germetika Cəmiyyətini yaradıb. Həmin cəmiyyətə Uilyam Yeyts rəhbərlik edib.

1889-cu ilin 30 yanvar günündə Yeyts Mod Honn ilə tanış olub və qadın uzun illər şairlə sevgi yaşayıb. Mod Honn İrlandiya azadlıq hərəkatının fəallarından olduğu üçün Yeytsi də siyasi fəaliyyətə cəlb edib. 1890-cı ildə U.Yeyts “Qızıl Şəfəq Ordeni”nə daxil olub.

1899-cu ildə şairin ilk kitabı – “Qamışlıqda əsən küləklər” çap olunub. Həmin dövrdə Yeytsin əsas yaradıcılığı kelt mifologiyasına və folkloruna köklənib. XX əsrin əvvəllərində Yeyts teatra maraq göstərib və bir neçə dram əsəri yazıb, irland milli “Abbat Teatrı”nın fəaliyyətinə yaxından kömək edib. Yeyts yapon teatrının motivlərini və üslubunu əks etdirən pyesləri ilə teatr ictimaiyyətinin diqqətini çəkib. Şair 1917-ci ildə iyirmi beş yaşlı Corci Hayd-Liz ilə ailə qurub.

1923-cü ildə ədəbiyyat üzrə sayca iyirmi üçüncü Nobel mükafatı alan məşhur irland şairi və mütəfəkkiri Uilyam Yeyts bu mükafatı “Ehtiraslı poetik yaradıcılığına, milli ruhla qələmə aldığı yüksək bədii təxəyyülünə görə” alıb. Bu mükafatdan sonra çap etdirdiyi “Qüllə” və “Burma pillələr” adlı kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb, ədəbi aləmin diqqətini çəkib.

Böyük irland şairi Uilyam Yeyts 1939-cu ildə Fransanın Monton şəhərindəki otellərdən birində vəfat edib, şairin nəşini ölümündən 9 il sonra – 1948-ci ildə vətəni İrlandiyaya gətiriblər.

Əyyub Qiyas

GÖY ÜZÜ ŞAİRƏ İPƏK KİMİDİR

Bir zaman göy üzü ipək kimiydi,

Qızıl şüalarla bəzənmişdi o.

Gün boyu kölgələr gözün qıyırdı –

Parlaq şəfəqlərə bələnmişdi o.

Parlaq şəfəqlər də ayaqlarına

Döşənib qalmışdı – yol gözləyirdi.

Mənim varım-yoxum arzularımdı,

Mənim arzularım səndən deyirdi.

Elə ki, vədini unutdun tamam,

Elə ki, özgələr yar oldu sənə,

Mən də özgələrə meyl bağladım,

Gəl ki, unutmadım mən səni yenə.

Elə ki, gözümü alır yuxular,

Elə ki, şərabdan məst olur başım.

Tək sənin simanı düşünürəm mən,

Sənin həsrətinlə axır göz yaşım.

NƏĞMƏLƏRƏ DON TİKDİM

Nəğmələrə don tikdim

Qırçınlı lentlərdən yox – gözəllik havasından.

Qədim əfsanələrin bəzəkli libasından.

Nəğmə olarsan, qadın,

Başdan-başa bir nəğmə...

Sənin gözəlliyini axmaqlar dərk eləməz,

Nəğmə qadın – qəm çəkmə.

Qəm çəkmə, nəğməm mənim,

Axmaqlar nə bilir ki, necə olur gözəllik,

Necə olur ruhumuz bir-birinə qarışır.

Sən elə gözəlsən ki, sənin kimi gözələ

Çılpaq gəzmək yaraşır.

QOCALIQ ÜÇÜN DUA

Tanrım, lütf eylə mənə

Son nəğməmi oxuyum.

Ağlımı alma əldən

Oxuduğumu duyum.

Baş qoşma mən qocaya...

Çox görmə bu nəfəsi.

Nə olar ki, axmaqlar

Mənə nəğmə söyləsə?

Yalvarıram (ürəkdən

qəlbən bağlıyam sənə!),

Qoy mən – ağılsız qoca

Aşiq nəğmələrimi

Oxuyum gecə-gündüz

Elə dua yerinə.

SİYASƏT

Ah, gözəl qız, uzaqsan!

Amma olsun, bəlkə mən

Səninlə birgə yenə

Danışaq ya rusların,

Ya da ki, ispanların

Qəliz siyasətindən?

Dünyanın yarısını

Gəzib dolaşıb tamam

Siyasət bilicisi,

Di gəl ki, siyasətdə

Sanki dilini udub

Nəsə çıxmayır səsi.

Bezdiriblər dünyanı

Müharibə xofuyla,

Lap qədimdən, əzəli.

Mən isə düşünürəm

Əldən gedən gəncliyi,

Bir də ki, sən gözəli.

AVARA ANQUSUN NƏĞMƏSİ

Başımda min bir atəş

Fındıqlıqda gəzirdim.

Fındıq budağın kəsib

Bir tilov da düzəltdim.

Kəpənəklər rəqs edib,

Qonurdu çiçəklərə.

Bir alabalıq düşdü

Tilovuma bir kərə.

Apardım öz evimə,

Alışdırdım odunu.

Qəfildən çaşıb qaldım

Eşidəndə adımı.

Balıq itmişdi gözdən,

Yerində bir gözəl qız.

Alma rəngli saçları,

Var idi onun, yalnız

Çaşıb qalmışdım mən də.

Bir də səslədi məni –

Bu dəfə səsləyəndə

Dinlədim xoş səsini.

Mən qoca avarayam,

Qaça bilməz əlimdən.

Öpərəm yanağından,

Oxşayaram telindən.

Al-əlvan çəmənlikdə

Əl-ələ gəzərik biz.

Göy üzü, Aylı səma

Olacaq şahidimiz.

news-inner-user

16057 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Xalça şərqisi – Rafiq Tağının hekayəsi
15:41 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020
“Məni qardaşım hamilə qoydu" – Qırmızı donda intihar edən qızın faciəsi
13:32 05 Avqust 2020
Kamal Abdulladan orijinal layihə - Müsahibə
12:56 05 Avqust 2020
"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020