news-inner
clock17:50 calendar-gray 05 İyun 2017 view-gray235 dəfə oxunub
view-gray235 dəfə oxunub

Rəfiqəsinin acığına sevən qadın – Narıngüldən YENİ HEKAYƏ

Kulis.Az "Axşam oxusu" rubrikasından yazıçı Narıngülün “Damalı köynək” hekayəsini təqdim edir.

Heç nəyi xatırlamadı. Geri çevrilərək təəccüblü gözlərini çəpəki güzgüdən qadına tərəf yönəltdi.


Qadın arxada əyləşdiyindən gözlərini kişinin kürəyinə zilləmişdi. Kişinin damalı köynəyinin xətləri qadının gözlərindən o tərəf-bu tərəfə sürüşdü.


- Taksi sürücüsünü deyirəm... Yadında deyil? O gün özün dönə - dönə tapşırmışdın...

Qadın əlacsız halda gülümsündü, bir qədər solğun, amma cazibəli sifəti zorla geriyə dartıldı.


- Nə sürücü? Xatırlaya bilmədim, nəsə...Taksi sürücüsü hardan yadına düşdü? Düz bir ay keçib üstündən.

Kişinin səsində ərkyana məzəmmət vardı, baxışları güzgüdən qadına tuşlandı və qadın bildi ki, kişinin üzünə çox baxsa, yenə də həmişəki kimi, səsiz-səmirsiz tabe olacaq.


“Deməli belə... Xatırlamadı. Heç nəyi xatırlamadı. Xatırlamadısa, daha izah etməyin faydası da yoxdu. Nə mənası var ki? Əgər, yada salandan sonra xatırlayacaqsa, cəhənnəm olsun, belə xatırlamanı!” Qadın acı-acı düşündü, özünü döyüşdə məğlub olmuş, silahını yerə qoymağa hazırlaşan əsgərə bənzətdi. Amma gərək xatırlayaydı. Heç olmasa bircə anını, bircə işartısını xatırlayaydı. Çox təəssüf! Böyük həvəslə o qeyri-adi günün qələbəsini, təntənəsini kişiylə birlikdə yaşamaq istəyirdi.


Dözməyib inadını rezin tək dartaraq bir qədər də uzatdı:


- Sən dönə-dönə tapşırdın ki, bunu ünvanda salarsan. Ola bilməz axı, heç biri yadında qalmasın. Mənim bir anı da yadımdan çıxmayıb. İstəsən, nöqtəbənöqtə hər şeyi olduğu kimi danışaram.


- Hə... bildim. Sənin də işin var e... bu hardan yadına düşdü belə məqamda. Mən də deyirəm nəyi deyirsən, o qədər iş-güc var ki... bu saat ancaq yatmaq istəyərdim.


Kişi özündən razı halda maşının oturacağına söykəndi. Gözlərini yumdu.


Yaxından keçən taksi az qala maşına toxunub keçdi. Kişi özünü saxlayammayıb sürücünün arxasınca yağlı bir söyüş işlətdi.

Güzgüdə yenə baxışları toqquşdu:


- Sən allah, bağışla.


“Əlbəttə, bağışlayıram. Söydün, söymədin nə fərqi, var ki, əgər elə bir günü də xatırlamırsansa...”


Kişi əlini maşının sükanından çəkib, aynanı aşağı endirdi. Əliylə yolboyu ard-arda düzülən maşınlara işarə etdi.


- Belə getsə, bu gün yoldayıq. Belə də tıxac olar?!


Qadın yalnız indi fərqinə vardı ki, yolda böyük bir maşın izdihamı yaranıb. Dayandıqları yerdən cəmi bir neçə addım irəliləyiblər.

Sürücülər bir-birinin bəhsinə giribmiş kimi əllərini siqnaldan çəkmirdilər.


Qadın nəyin bahasına olursa-olsun, o günü yaşatmağa çalışdı:


- Yaman şən idin, nə isə kefin yaxşıydı. Ofisant qadına da kompliment dedin. Ortayaşlı qadındı, sarısaçlı…


Kişi tənbəl-tənbəl geri döndü, qadının üzünə gülümsündü:

- Qısqanırsan?

- Yox. Eləcə xatırladım, nədənsə.

- Gözəlim, sən bu günü düşün, bu günü! Dünən nəyinə gərəkdir ki?.. Unut getsin.

Demək belə… Qadın bircə bunu eşitmək istəmirdi, amma eşitdi. Daha təkrar etməsin deyə söhbəti dəyişdi. Yalandan əsnəyərək dəxli olmayan bir adamdan söz açdı. Əslində, söhbət açdığı adam heç birinin maraq dairəsində deyildi, birdən – birə başqa planetdən gəlib düşdü söhbətin ortasına.

Araya pərtlik çökdü. Kişi onun xətrinə dəyməmək üçün bir-iki kəlmə ordan-burdan danışmağa çalışdı. Söhbəti pərakəndə idi, deyəsən alınmadı. Susaraq maşını qurdalamağa başladı.

Qadın köksünü ötürüb gözlərini kişinin kürəyinə zillədi. Kişinin əyninə geyindiyi damalı köynək bədəninə kip oturduğundan üzərindəki xətlər tarıma çəkilmişdi. "Amma damalı köynək çox yaraşır buna",- ürəyində düşündü- "indi dəbdədir". Kişidən səs gəlmədiyini görüb çantasını qurdaladı. Üzünə laqeyd ifadə verib özünü məşğul kimi göstərməyə çalışdı. Hiss elədi ki, getdikcə əsəbləri tarıma çəkilir.

Qadın bu dəfə, birbaşa, məsafə qoymadan açıldı:

- Gözləyirdim görüşən kimi: “Sən məni yamanca xoşbəxt elədin, belə bir gün yaşadacağını heç gözləmirdim,” deyəcəksən, yaxud, nə bilim, başqa şeylər söyləyəcəksən. O gündən danışacaqsan. O boyda günün üzərindən elə sakit keçdin ki, elə bil heç nə olmayıb. Tam bir həyat vardı ortada. Amma sən heç taksi sürücüsünü də əməlli-başlı xatırlamadın.

Kişi şaqqanaq çəkib güldü. Əliylə qadının burnuna yüngülcə çırtma vurdu. Əlini uzadıb saçlarını sığallamağa çalışdı. Qadın başını geri çəkdi.

- Amma sən Süsənə qalib gəldin. Xəbərin varmı?

“Məni qısqandırmaq istəyir, heç vecimə də deyil…” Qadın zorla gülümsündü, hiss etdi ki, gülüşü üzündə boğuldu:

- Bu hardan ağlına gəldi?

- İnan ki, belədi... - kişi nəzərini uzun-uzadı qadının gözlərindən çəkmədən dilləndi. - Bir söz deyim sənə, deyəsən, bu Süsən məndən əl çəkməyəcək, elə hey ilişir.

Hiss olundu ki, kişi bir az da lovğalanır.

Süsənlə eyni gündə tanımışdılar kişini. Deyəsən, ilk dəfə ziyafətdə görəndə də bu köynəkdə idi. Süsənlə bir masaya düşmüşdülər. Lənət şeytana! Ürəyindəki qığılcım yenidən alovlandı:

“Allah vurub Süsəni! Bu dəfə daş qayaya rast gəlib, imkan verməyəcəyəm! Görəsən, Süsən geri çəkilsə, mən də çəkilərəmmi?”

Süsənin acığına başlamışdı kişiylə əlaqəsini, amma itirmək də istəmirdi. Unutsa, bəlkə, o da unudacaqdı…

Tıxaca düşmüş sürücülərdən biri dözməyib maşını səkinin üstünə dırmaşdırdı və istiqaməti düzgün götürmədiyindən kişinin əyləşdiyi tərəfdən qapını cızdı. Kişi əsəbləşsə də, özünü saxlayıb nəzakətlə sürücünü məzəmmət etdi.

Qadın ürəyindəcə etiraf etdi ki, kişi həmişə nəzakətlidir. Hər nə olursa-olsun, şəxsiyyətli biridir. "Süsən üçün fərqi yoxdur, şəxsiyyəti var, ya yox, mənimçünsə belə şeylər çox önəmlidir. Şəxsiyyəti olmayan adamla heç vaxt əlaqə qurmaram".


Qadına elə gəlirdi ki, kişinin ətrafında bir dəstə başqa qadınlar da var. O qadınlar divar kimi qarşını kəsiblər, rahat yola çıxmağa imkan vermirlər. Qəribə burasındadır ki, o qadınlar onunla eyni məsafəni qət edirlər. Onunla birlikdə yaxına gəlir, o, gözdən itəndə uzaqlaşırlar.

“Ancaq o günki görüşü mütləq xatırlamalıydı. İkimizə aid olan şeylərə bu qədər adi baxmamalıydı.” Qadının gözlərinə qüssə qondu. Hiss etdi ki, inamı suya düşüb batır. Çabalayıb sudan çıxartmağa cəhd elədi, hər şeyi nizamlamağa çalışdı.


Maşın titrədikcə damalı köynəyin şaquli xətləri bir birinə qarışıb zebranı xatırladırdı.

- Sən ağıllısan, bəlkə, maşını çəkək kənara, düşüb piyada gedək, o biri küçədən başqa maşına minək.

- Ağıllı olmaq istəmirəm. Amma düz deyirsən, Süsəndən ağıllıyam.

- Bu gün nə isə mənimlə tərs gəlirsən… Əməlli-başlı danışmaq da istəmirsən. Özün bil.

Dinməzcə üzünə baxdı. Kişinin yaraşıqlı sifətinin yarısı aynada göründü. “Nə danışım axı? Əgər, elə bir günün bir anını da xatırlamırsa, danışmağın nə mənası var?!”

Damalı köynəyinin xətləri bu dəfə çəmənliyi xatırlatdı. Rəngləri saymağa başladı. Kişinin köynəyinin rəngləri həyatın şən və rəngbərəng olduğundan xəbər verirdi. Eyhamla anladırdı ki, həyat yekrəng deyil, həyat hər tərəfdədir.

Qadın bir anlıq özünü çəmənlikdə hiss elədi. Həyətdə çəmənliyə döşəkcə qoyub əyləşmiş nənəsi gəlib dayandı gözlərinin qarşısında. Nənəsi deyərdi ki, bir təmiz ad dünya dövlətinə bərabərdir. Dövləti qazana bilərsən, amma adı yox! İtdi ki, qurtardın! Həmişə də, qəsdən onun və bacılarının yanında deyərdi. Ünvanlı söyləməzdi heç vaxt, söhbət arası söz atıb sonra da sözünü dəyişərdi.

Birdən-birə dərk etdi ki, kişi, Süsənin ümid yeri deyil. Heç onun də deyil!

Nəhayət maşın rahat yola çıxdı. Güzgüdən kişini süzdü. Üzündəki təbəssüm harasa çəkilmişdi. Fikirli görünürdü. Bu dəfə köynəyin damalarını dəqiqliklə saydı: şaquli və üfüqü xətlər eyni sayda idi, həm də paralel yerləşmişdi.

Kişi maşını hündürmərtəbəli binanın tinində saxladı. Günəş odlu şüalarını maşının açıq qapısından içəri tuşladı. Kişi əlini-əlinə vurub: “Yaxşı dəniz havasıdır”. - dedi.

Qadın dərhal dilləndi:

- Dənizi heç sevmirəm.

Fərqinə vardı ki, kişi bu dəfə dəniz haqqında uzun-uzadı danışmadı. O da adəti üzrə dənizi niyə sevmədiyini, dənizi gözündən salan müxtəlif səbəb və bəhanələri uzun-uzadı, israrlı şəkildə anlatmadı. Baxışları toqquşdu. Qadın maşından sürüşərək düşdü. Açıq pəncərədən əl edib sağollaşdı: qadının səsi xəfif əsən küləkdən qırılaraq maşının pəncərəsinə toxundu, ordan da asfalta səpələndi:

“Gedib dənizə daş atacağam!”

Maşından xeyli aralanana kimi kişinin, arxasınca uzanan uzun-uzadı, təəccüblü baxışlarını kürəyində hiss elədi.

Oxşar xəbərlər

Xəbər lenti

Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020
Onlayn dərsdə gülməli vəziyyətə düşən müəllimlər
11:50 27 Noyabr 2020
Qorxu bilməyən işçimiz - Elçin yazır...
11:10 27 Noyabr 2020
Lalə Məmmədovadan duyğu dolu etiraf yazısı: “Hamınızı aldatdım!”
10:28 27 Noyabr 2020
Mirzə Cəlil haqda yeni kitab çıxdı – Dərs vəsaiti kimi təsdiq edildi
09:54 27 Noyabr 2020
Onsuz yaşaya bilmərəm - Bircənin romanı
09:00 27 Noyabr 2020
Tanınmış şairə vəfat etdi
21:10 26 Noyabr 2020
Pənahəli xanın dağıdılmış imarəti
18:37 26 Noyabr 2020
Müvəqqəti komendantlıqlar üzrə iclas keçirildi
17:49 26 Noyabr 2020
Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ən gözəl Kəlbəcər şeirləri
17:01 26 Noyabr 2020
Döyüşçü oğlunu ağladan səbəb - Hekayə
16:17 26 Noyabr 2020