Kamyu tənhalığı, Balzak məhsuldarlığı və Faiqin hay-küylü tədbiri - REPORTAJ

Kamyu tənhalığı, Balzak məhsuldarlığı və Faiqin hay-küylü tədbiri - <span style="color:red;">REPORTAJ
4 may 2017
# 11:53

Dünən Yazıçılar Birliyinin Natəvan klubunda Faiq Balabəylinin “Bayıldan bayıra” kitabının təqdimatı keçirildi.

Mənim başım şairin oğlu Tural Balabəyliyə qarışdı, bir də gördüm artıq “Məclisi-üns” verilişinin aparıcısı İlqar Fəhmi tədbiri açıq elan elədi.

Sizin də diqqətinizi Tural Balabəyli çəkdisə, gəlin İlqar müəllimin çıxışının səsini alaq və keçək şairin oğlunun yanına. Növbəti abzasda keçmədən sizə kədərli bir xəbər də verim: Oqtay Rza tədbirdə yox idi!

Tural əlində atasının kitabı gah salonun başına, gah da ayağına qaçır, ortada kimləsə söhbətləşir, şəkil çəkdirirdi. Elə bil toya gələn qonaqları yerbəyer etmək missiyasını öz üzərinə götürmüşdü. Fotoqraflar da yan-yörəsində Turalla birgə hərəkət edirdilər. İlqar Fəhminin sözlərinə fikir verim, yoxsa bu get-gəllərə, anlamadım getdi.

Hələ bu yetməmiş kimi söykəndiyim qapının arxasından gurultulu səslər gəlirdi. Elə bil Yazıçılar Birliyində üsyan qalxıb. Qiyamçılar bir-birinin sözünü kəsir, ora-bura qaçır, qaqqanaq çəkirdilər. Tərs kimi qapı Səməd Vurğunun portreti asılmış divara açılırdı.

İlqar Fəhminin küydən xilas olmuş cümlələrini eşidirdim: “Faiq burda kritik həddə insan psixologiyasını təsir edib. Mən burda Kamyunu xatırlayıram. Onun qəhrəmanı ölüm hökmü ilə cəzalandırılır. Ancaq burda Kamyunun fikirləri öz yerini alıb. Mən Kamyunun əsərində kritik həddə psixologiyanın açıldığını görmədim”.

Tamaşaçıların böyük marağına səbəb olmuş “Məclisi-üns”ün aparıcısı İlqar Fəhminin sözləri təzədən qiyamçıların əlinə keçdi, Natəvan klubuna müvəqqəti uğultu doldu.

Bir az keçəndən sonra səs təzədən azadlığa qovuşdu: “Faiqin müşahidə qabiliyyəti çox güclüdür. O, 500 hadisədən 50-sini seçə bilib. Məsələ ondadır ki, Faiqin seçimi düzgündür”.

Qiyamçılar təzədən uğultunu Natəvan klubuna qaytardılar. Natəvan klubunun iştirakçıları da uğultunu davam etdirdilər. Dəyirmi masanın arxasındakı oturacaqlarda əyləşmiş qadınların pıçapıçı qiyamçıların səsinə səs verdi.

Mən uğultudan xilas olub çölə çıxmaq istəyəndə bir qadın məni səslədi:

- Sizcə, mən niyə burda oturmuşam? – lap axırıncı sırada büzüşüb oturan nurani qadının səsi uğultuya zərif gül kimi düşdü.

Sualdan təəccübləndim:

- Niyə?

- Ona görə ki, məndən yazmayasanız... - əlini ağzına aparıb güldü.

Bu vaxt Sabir Rüstəmxanlı ayağa durdu. Onun səsi uğultunu xırp kəsdi:

- Faiqi gənclik illərindən tanıyıram. Onun şeirlərindəki vətəndaşlıq ruhu, torpağa bağlılıq, Azərbaycan xalqının dərdləri mənim xoşuma gəlmişdi. Faiq yaradıcı insan kimi doğmadır mənə. Şeirdən nəsrə keçid də çətindir. Şeirdə qafiyələrin arxasında gizlənə bilirsən, amma nəsrdə yerinə düşməyən sözlər həmən gözə dəyir. Faiqin nəsri bu mənada uğurludur. Biz Bakının divarları arxasında baş verənlərdən xəbərsizik. O cinayət dünyasını Faiq oxucunun gözündə canlandırmağı bacarıb. Faiq özü qısa müddətə yatıb...

Sabir müəllim bu yerdə başını qaşıdı və Faiqə üzünü tutub soruşdu:

- Nə qədər?

- 1 il üç ay...

- Hə... Yaxşı ki də az yatıb. – salona tərəf çevrildi. – Hələ bu qədər az müddətə yatıb bu qalınlıqda kitab yazıb. Çox yatsaydı Balzakın silsilə romanları kimi olardı.

Gülüşmə düşdü. Havada sola açılan mötərizələrin reklamı uçuşdu.

Bir azdan Sabir müəllimin çıxışında mötərizələr tərsinə döndü:

- Faiqin burdakı povestini oxudum. Açığını deyim, povest sarsıtdı məni. Birdən-birə hansı cəmiyyətdə yaşadığımızı gördüm. Bəzən mən reallığı bu qədər dəqiq yazmaqdan çəkinirəm. Ancaq Faiq çəkinmədən reallıqları göstərib.

Sabir müəllim nəfəsini dərəndə söykəndiyim qapının arxasından bir-iki cümlə səsləndi, sonra cümlələr əl-ələ verib uğultuya döndü. Şair uğultunun başını üzmək üçün boğazını arıtladı:

- Faiq Lotu Bəxtiyardan da yazıb. Çox maraqlıdır. Lotu Bəxtiyar mənim şagirdim olub. Onun belə biri olduğunu bilməzdik. Sakit, təmiz ürəkli biri idi.

Uğultu qapının arxasından sivişib getdi.

- Kitabda bir maraqlı yer var idi. Faiq yazırdı ki, qızıma gül göndərmək istəyirdim, ancaq gördüm burdakı güllərin hamısı solub, güllərdən qan qoxusu gəlir.

Sabir müəllimin son sözləri uğultunu təzədən canlandırdı:

- Faiq şair taleyi yaşayırdı, indi də yazıçı taleyini yaşayır. İndi Bayıldan yazıb. Arzu edirəm ki, bundan sonra bayırdan yazsın.

Uğultudan başımız qarışdı, sən demə sözü Seyran Səxavətə veriblər. Sizin üçün uğultunun səsini alıram.

- Mən Faiqlə 620 km yol yoldaşlığı eləmişəm. – uğultunun gücü də 620 km-ə çatdı bu an. – Çox rahat yol yoldaşıdır. Hamı yazıçılıq haqqında tərif deyir. Yazıçılıq mənim üçün nədir? Yazıçılıq xasiyyətdir. Yazıçı öz xasiyyətini yazır.

Bu yerdə Seyran müəllim fikrinin sükanını qəfil fırladı:

- Natəvan xanıma təşəkkür edirəm. – uğultu səsini qısdı. – Artıq kitab çıxarıb təqdimat etmək adiləşib. Əgər bu adiləşibsə, deməli ölmüşük, xəbərimiz yox.

Sonra bayaq danışdığının üstünə qayıtdı:

- Faiqin də gözəl xasiyyəti var. Gözəl də yazır. Mən detektiv oxumuram. Belə bir söz var, deyir, detektiv oxumaq yox, yazmaq ayıbdır. Amma Faiqə bələd olduğum üçün bu kitabın detektiv olmadığını da bilirəm.

Uğultu gözlərini döydü:

- Bayılın 37-ci il kimi xofu olub adamlarda. – Seyran müəllim barmağını silkələdi.

İçəridən bir səs gəldi: “Uje Bayıl yoxdu...”

Elə bu söz deyilən kimi uğultu təzədən yerinə qayıtdı, bardaş qurub oturdu, kimlərsə pıçapıça başladı, kimlərsə qaqqıldadı.

Seyran müəllimin isə bu həngamədə zəif səsini artırmaqla məşğul idim: “Nazim Hikmət həbsxanada olub, 10 ildə bir dəfə də olsun çimməyib. Öz kirini, pasını çıxarıb poeziyaya töküb”.

Uğultu layiqincə davam edirdi, Seyran müəllimin sözlərinin ətəyindən yapışıb qol-budaq atırdı: “Mən Faiqi çox istəyirəm. Bundan sonra da lap çox istəyəcəm. Çünki yaxşı oğlanlar azalır. Bayaqkı xasiyyət söhbətinə qayıtsaq, deyə bilərik ki, yaxşı yazıçı da azalıb”.

Və sonuncu sözdən sonra Seyran müəllim barmağı ilə bir nəfəri işarə elədi: “Məni diqqətlə dinlədiyiniz üçün sizə təşəkkür edirəm”.

Bu vaxt gördüm ki, şairin oğlu Tural Balabəyli həyəcanla yanıma gəldi, təngnəfəs soruşdu: “Kimlər çıxış eləyib?” Cavabını alıb eyni həyəcanla təzədən var-gəl eləməyə başladı, kitab gətirib-götürdü, atası imzaladı, axırda bütün bu həngaməyə, uğultuya dözə bilməyən bir yaşlı kişi Turala təpindi, Tural da qımışa-qımışa aradan çıxdı.

Natəvan klubunun əzəmətli dəyirmi masasını kimsə taqqıldatdı. Baxdım ki, bizim dəyərli şairimiz Dayandur Sevgindir: “Sakit durun ey...”

Yanımdakı qadın öz-özünə donquldandı: “Faiqin özü kimi səsli-küylü tədbir keçir”.

Adını tələffüz etməkdə çətinlik çəkəcəyiniz bir nəfəri çıxış üçün çağırdılar: Bilal Alarlı. Görün tələffüz edə bilirsiniz? Mən bir neçə cəhddən sonra başını buraxdım.

- Birinci dəfədir belə bir möhtəşəm tədbirdə iştirak edirəm. – Bilal bəy tələffüzə gəlməyən təxəllüsü ilə bərabər Natəvan klubunun dəyirmi masasının lap başına gəlib sözə başladı. – Özüm əyalətdə yaşayıram. Faiq çox möhtəşəm bir əsər ortaya qoyub. Düşünürəm ki, bu kitabı anlamaq üçün ən azından o həyatı azacıq da olsa yaşamaq lazımdır. Mən özüm də 2 il yatmışam.

Faiq Balabəyli gülümsədi:

- Mən oyaq qaldım, yatmadım. – hələ belə yumor görməmişdim. Yəqin Bayıl yumorudur.

Qayıdan və yerini bərkidən uğultu gülüş səslərinə qalxan oldu.

Növbəti çıxışçı Musa Ələkbərlidən sitat: “Faiq mənim idarə etdiyim “Pərvanə” dərnəyinin ən fəal üzvü idi. Şeir yazan qızlarla dalaşırdı”.

Onun gülüşü səssiz filmi xatırlatdı.

- Getsinlər yeməklərini bişirsinlər. – Faiqin replikası.

Nə yaxşı ki, xanımlar eşitmədi, yoxsa əməlli dava düşəcəkdi. Bir nəfər qulağıma pıçıldadı: “Burda kitab yazan qadınlar da məhbəs həyatı yaşayırlar. Onları xilas edib azadlığa çıxartmaq lazımdır. Onlar ədəbiyyatın həbsxanasına düşüblər!”

Sonra gülümsədi, əl verdi, salamını aldım, üzünə diqqətlə baxdım, heç cür tanıya bilmədim, amma özümü o yerə qoymadım.

Kəmaləddin Qədim kitabdan maraqlı bir əhvalat danışdı: “Bir adam eşşəklə odun daşıyıb satırmış, “uçaskovı” odun alıb, pulunu verməyib. Aralarında mübahisə düşüb. Bir gün yenə eşşəklə odundan qayıdan kişi həmin “uçkaskovu”nun evinin yanından keçirmiş. Bu dəm eşşək anqırıb, sən demə eşşəyin anqırtısından qorxan uşaq tut ağacından yıxılıbmış. Uşağın qolu-qıçı qırılıb. Adamı məhkəməyə veriblər ki, eşşəyin anqırmağının səbəbi sənsən. Məhkəmə olub. Adam soruşub ki, hakim bəy, mən anqırmışam, yoxsa eşşək. Hakim də deyib, şahidlərin ifadələrinə görə, eşşək. Deyib onda niyə məni tutursunuz, eşşəyi tutun da... Gülüşmə düşüb. Hakim eşşək sahibinə 6 il verib.”

Bu zarafata bulaşmış kədərli eşşək əhvalatından sonra məktəblilər bir sıra düzülüb şeir oxudular. Faiqin oğlunu qaçan yerdə tutub saxladım.

- Kimin şeirlərini oxuyurlar? Atanın?

- Nə bilim. Atamın şeirlərini bilmirəm ki... – Xoşbəxt-xoşbəxt gülümsündü. Onun bu xoşbəxtliyinə 6 il olmasa da, 3 il iş düşürdü.

Bu dəm Balayar Sadiq gəldi ki, bəs məni yazma. Dedim, narahat olmayın. Bir az keçdi, uğultudan artıq çıxışçıların səsini eşidə bilmirdim, çıxıb bir siqaret yandırmaq istədim. Balayar Sadiq özünü yetirdi: “Əmicanı, məni yazma da...”

İndi yadıma düşdü ki, Balayar Sadiq bayaqdan Məlahət Yusifqızı ilə mübahisə edir. Yəqin onu nəzərdə tutur. Balayar müəllim narahat olmasın, onların Tolstoy-Dostoyevski kimi əbədi və ədəbi davalarını işıqlandırmayacam. Söz verirəm!

Son çıxışçını dinləyə bilməyən Faiq Balabəyli ayağa durdu. Bircə “təşəkkür” sözünü eşitdim. Sonra pıçıltını, yağışı xatırladan alqış səsləri gəldi. Və mistika: pəncərədən yağış yağdığını gördüm. Bayır insanı yaşamağa səsləyirdi...

# 3112 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #