Burda hamı zorlanmağını gizlədir  - HEKAYƏ

Burda hamı zorlanmağını gizlədir  - <span style="color:red;">HEKAYƏ
24 mart 2017
# 17:06

Kulis.az Qəfər Rüstəmin “Sirli hallar, qorxulu yollar” hekayəsini təqdim edir.

Onlara, kimsəsizlərə ithaf edirəm...

Təbaşir tozuyla örtülü yazı taxtasının önüdə kiçik bir masa vardı. Siçovullar döşəmə taxtasının arasından otağı süzürdü. Bir neçə yerdən çat vermiş divarda qara-qura kölgələr gəzişirdi.

Otaqda tək-tənha oturub tozlu yazı taxtasına gözlərini zilləmişdi. Gözləri qan çanağı, sir-sifəti cırmıq-cırmıqdı. Bir neçə yerində cırılmış koftasından ipək kimi zərif dərisi görünürdü.

Sinif otağının qapısı zərbəylə açıldı. İçəri təngənəfəs məktəb direktoru girdi. Üz-gözü qançır-qançır olmuşdu. Bir neçə yerindən cırılmış şalvarı, yırtıq-pırtıq pencəyi ilə bomju andırırdı. Qorxudan dodaqları əsirdi, əlləri titrəyirdi. İri gövdəsini stula atıb əlləriylə başını sıxdı. Səsi boğuq çıxırdı.

- Məni zorladılar. Mənə təcavüz etdilər. Bax məni nə hala qoyublar. Məni elə burda, elə burda zorladılar. Nə qədər qışqırdım, and-aman etdim qulaq asmadılar.

Direktor qalxıb ona yaxınlaşıdı. O, gözünü tozlu yazı taxtasından çəkmirdi. Məktəb direktoru isterik səslər çıxararaq danışırdı.

- Ancaq bütün bu olanlar burada qalmalıdır. Hadisənin burda baş verdiyini heç kim bilməməlidir. Bura təhsil ocağıdır, burada belə bir şey ola bilməz. Qoy məni nə qədər zorlayırlar zorlasınlar, məktəbdə belə bir şey baş verdiyini heç kim biməyəcək. Mən buna icazə verə bilmərəm, bu məktəbdə belə bir şey olmağına icazə verə bimərəm.

Diz çöküb onun ayaqlarını öpməyə başladı.

- Mən çox qorxuram, çox utanıram. Mənə kömək et.

O, buzdan heykəl kimi yenə tozlu yazı taxtasını izləyirdi. Qulaqlarında vıyıldayan tufan səsi ruhuna üşütmə salırdı.

Paqonları sökülmüş, əyin-başı cırıq-cırıq olmuş polis qorxudan stolun altına girmişdi. Əlləri ilə dizlərini qucaqlayıb için-için ağlayırdı. Ağlaya-sıtqaya kəsik-kəsik danışırdı.

- Məni zorladılar. Eşidirsən məni, həyatımı puç etdilər. Kimə deyim, kimə şikayət edim, məni kim qorusun.

İməkləyə-iməkləyə masanın altından çıxıb onun önündə diz çökdü.

- Buna məcburam, yaxşı şeylər təklif edirlər, yəni məni zorlayanlar, imkanlı adamlardı. Mənə deyirlər buna göz yumsan, yaxşı pul qazanarsan. Təcavuz edəndə nə olar ki. Ürəyi açıq adamlardı. Həm də o boyda adamları el içində biabır etmək olmaz ki. Onlar böyük adamlardı, adlı-sanlı adamlardı, qoy mənə nə qədər təcavuz edirlər etsinlər.

Kənarda yetim kimi boynu bükük dayanan prokuror gəlib onun yanında durdu. Qeyizlə polisə baxıb yalvaran səslə danışdı:

- Sən bu axmağa fikir vermə. Mənə o qədər təcavuz ediblər ki. Mən heç vaxt səsimi çıxarmamışam. Səsimi çıxarsaydım, elə bilirsən indi burada ola bilərdim. Onlar çox güclüdülər. Onların ad-sanı var. Mən qeyrətli adamam, mən çox şərəfli adamam. Adamı təcavuz edərlər də. Əsas odur ki, adamın şərəfi tapdalanmasın. Sən hələ balacasan, bunu gələckdə başa düşərsən. Sən bizə kömək et. Şərəfimizi qorumağa bizə kömək et, bizi tək qoyma.

O ayağa qalxıb axsaya-axsaya pəncərəyə tərəf getdi. Kəsif dumanlı səmaya gözlərini dikdi. Boz göyərçin hava axınına düşüb havada ləngər vururdu. Yerdən atılan daşlar onu yaralayırdı. Daşlar yerdə dalaşan insanların bir-birinə atdıqları daşlardı. Qəzəbli-hikkəli insanlar bağıra-bağıra bir-birlərinə daş atırdılar.

O, sinifdən çıxıb qışqır-bağır salan adamlara yaxınlaşdı. Bu adamların bəzilərini çox yaxşı tanıyırdı. Qapqara üzlü insanların atdıqları daşlar ona tərəf gəlirdi. Ancaq daşlar onun içindən keçib kənara tolazlanırdı.

Qəzəbli insanları sakitləşdirmək üçün var gücüylə qışqırdı:

- Dayanın, çox utanıram, dayanın!

Dil boğaza qoymayan bir qadın qeyizlə qarşıdakı adamlara qışqırırdı.

- Sən quyruq bulamasaydın, gəlib təcavüz etməzdik. Oranı-buranı yellədə-yellədə gəzməyin axırı belə olacaq da.

Qarşı tərəfdən çılğınca bir səs yüksəldi.

- Eləmişik, lap əcəb etmişik, dinc dursaydınız, başını aşağı salıb yolunuzda düz gedib düz gəlsəydiniz, biz də təcavüz etməzdik.

Qəzəbli insanların arasından bir nəfər ayrılıb ona yaxınlaşdı. Atası o qədər pərişan halda idi ki, ona diqqətlə baxandan sonra tanıya bildi. Daş-qalaq olmuş üz-gözü tamam qan-rəvan içində idi. Daş zərbəsi ilə parçalanmış paltarının içindən qan qırmızısı bədəni görünürdü. Gücü-taqəti kəsilmiş halda yerə diz çökdü.

- Qızım, mənə kömək et, məni tək qoyma, sənin köməyinə ehtiyacım var. Mən suçlu deyiləm. O insanların çərənləməyinə fikir vermə. Mən suçsuzam, mən məsumam, lap elə anamdan doğulduğum kimi tərtəmizəm.

Atası dizin-dizin ona tərəf yeriyib onun dizlərini qucaqladı.

- Qızım, nə olursa-olsun mən şərəfimi qorumalıyam. Bu iş olub ya olmayıb, fərqi yoxdur, od olmayan yerdən tüstü çıxmaz deyirlər. Bunu gördüyün o insanlar deyir. Səhərdən məni daşlayan insanlar deyir. Bax buna dözə bilmərəm, qeyrətimin tapdanmağına icazə vermərəm. Qoy məni nə qədər zorlayırlar zorlasınlar, amma şərəfimi tapdalamasınlar, adımı binamusa çıxarmasınlar. Sən onlara de ki, mənə daş atmasınlar, buna dözə bimirəm. Eşidirsən, dözəbilmirəm.

Qəzəbli insanların içindən çıxan bir neçə qadın və kişi ona tərəf əl uzadıb qışqırırdılar:

- Bizi qurtar, bizi daşlayırlar!

Başını aşağı salıb oradan uzaqlaşdı. Evlərinə tərəf yeridi. Kəndin sonunda yerləşən evləri həmişəki kimi səssiz-səmirsizdi.

Evin qapısını açıb içəri baxdı. Qaranlıq otaqda qara paltara bürünüb zarıyan biri vardı. Zarımağından onu tanıdı, anası idi. Gəlib anasının başı üstündə durdu.

- Ana, susamışam, mənə su ver.

Anası qara örtüsünü başından yerə atıb ona zəndlə baxdı.

- Görmürsən, burada gizlənmişəm. Səs salacaqsan, qonşular duyuq düşəcək.

Anası qorxa-qorxa qapını yavaşca aralayıb çölə baxdı. Ona tərəf çönüb fısıltılı səslə danışdı.

- Heç kimə demə, məni zorladılar. Bax o qonşular, mənə əl uzatdılar. Nə qədər qışqır-bağır saldımsa, mənə qulaq asmadılar. Nə qədər yalvardımsa, məni dinləmədilər. Mən təmizəm qızım. Bilirəm mənə inanmayacaqsan. Sabah peşman olamamaq üçün mənə inan. Səndən başqa sığınacağım yoxdur. Sən də mənə inanmazsan, özümü öldürməkdən başqa çarə qalmayacaq. Eşidirsən, özümü öldürəcəm. Mən suçsuzam deyirəm sənə, suçsuzam.

Anası ona yaxınlaşıb bağırına basdı. Hönkürtü ilə ağladı. Göz yaşları ilə onun saçlarını, üzün islatdı. Ürəkyanğısı islə oxşayıcı səsiylə danışırdı:

- Elə bilirsən mən səni sevmirəm. Bəs mən bu qonşulara nə deyəcəm. Mən elə etməliyəm ki, heç kim bilməsin mənim zorlandığımı. Yox əgər bilən olsa, özümü boğmalıyam, zəhər içəməliyəm, ya da evdən qaçıb özümü uçurumdan atmalıyam. Kim təcavuz edirsə-etsin, eybi yoxudr, əsas odur heç kim bilməsin, qızım. Bəs mənim adım pisə çıxandan sonra biz bu kəndə necə gəzərik?

Titrəyən ayaqları onu daşıya bilmirdi. Yerə diz çöküb eləcənə anasına baxıb durdu. Susuzluqdan dodaqları qurumuş, yorğunluqdan ovurdları çökmüşdü.

- Ana, mənə su ver, ana. Çox yorğunam ana.

Anası barmağını dodağına götürüb “sus” işarəsi verdi. Qapını dəliyindən bayıra baxıb qorxuyla içini çəkdi.

# 932 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #