Vaqif Bəhmənlinin məzəli, Oqtay Rzalı və seksist tədbiri - REPORTAJ

Vaqif Bəhmənlinin məzəli, Oqtay Rzalı və seksist tədbiri - <span style="color:red;">REPORTAJ
25 yanvar 2017
# 13:05

Dünən Yazıçılar Birliyinin Natəvan klubunda Vaqif Bəhmənli ilə gənc ədiblərin görüşü keçirildi.

Tədbir başlamışdı, ya yox, bilmirdim, pillələrlə tez-tələsik çıxanda balacaboy bir adamla burun-buruna gəldim. Kim olsa yaxşıdır? Tədbirlərin alovlu iştirakçısı Oqtay Rza!

- Oqtay müəllim, tədbirə?

- Hə.... Amma çağırmayıblar! Marağa gedirəm...

Oqtay müəllim narazı halda başını yelləyəndə mən artıq tədbirə yetişmişdim.

Rəşad Məcidin səsi gəlirdi: “Bu gün Gənc Ədiblər Məktəbinin yaradıcısı Vaqif Bəhmənli qonağımızdır. Vaqif Bəhmənli bu ideyanın müəllifidir. Vaqif müəllimin Azərbaycan poeziyasında xüsusi yeri var. Onun 30-a yaxın şeir kitabı çap olunub. Mənim əzbər bildiyim şeirləri var...”

Bu yerdə düşünürəm; görən Vaqif Bəhmənlinin nazirə yazdığı şeir də Rəşad Məcidin yadındadırmı? Əbülfəz müəllim, dilinə qurban... Axı onların qəzetində çıxmışdı...

“...Vaqif Bəhmənli ənənəyə söykənsə də, həm də modern bir şairdir. Amma əsas olan odur ki, Vaqif müəllim bütün şeirlərində özünü yazıb. 40 yaşında da, əvvəl də Vaqif Bəhmənli kimi yadda qalıb”.

Ola bilər deməyə utanır. Birdən Vaqif Bəhmənli nazirə yazdığı şeirin səslənməsindən bikef olar. Amma maraq məni götürmüşdü. Əcəba, Rəşad Məcid o şeiri əzbər bilirmi?

Vaqif Bəhmənli gözündə eynək gənc ədibləri süzür, bir yandan da Rəşad Məcidin tərifli sözlərinə qulaq asır, müəllifi olduğu kitablardan birini qarışdırıb aradabir gülümsünürdü. Bir anlıq mənzərəni dəyişdirdim: Rəşad Məcidin yerində Vaqif Bəhmənlidir, Vaqif Bəhmənlinin yerində də Əbülfəz Qarayev. Vaqif müəllim ayağa qalxıb intonasiya ilə, böyük məhəbbətlə hörmətli nazirə yazdığı şeiri oxuyur. Nazir əvvəlcə bu şeirə gülümsünür, bir az keçəndən sonra qaşları düyünlənir, əsəbiləşir...

Xəyalımın bu yerində qaşqabaqlı Oqtay Rza ağır addımlarla içəri daxil olur. Qocaman şair niyə belə kefsizdir? Əlbəttə ki, onu belə bir tədbirə çağırmadıqlarına görə... Amma Oqtay Rza xəfiyyə kimi bütün tədbirlərin qoxusunu əvvəlcədən alır. Hələ çıxış etmək üçün qabaqcadan bir xeyli hazırlaşır da. Məndən olsa, tədbirlərdə ən çox çıxış edən şair kimi Ginnesin rekordlar kitabına salardılar. Tədbirləri tapıb ortaya çıxarmaq üzrə mahir detektivdir. Görən, Çingiz Abdullayev bu cür məharətli detektivdən niyə bir roman yazmır? Onun əlində nədir ki? Günə 150 səhifə yazır. Bir saniyədə klaviaturanın 6 düyməsini basır. Hazır obrazdı, tədbirə də detektiv paltarında gəlib, heç nəyini dəyişdirmədən, qoy romanın içinə, vəssalam.

Bu arada Vaqif Bəhmənli ayağa qalxdı. Eynəyini burnuna sürüşdürüb danışmağa başladı. İlahi, görəsən deyəcəkmi o şeiri?

Ancaq o Gənc Ədiblər Məktəbindən, öz yaradıcılığından danışırdı: “Mən çoxdan belə bir görüş arzulayırdım. Tədbirə öz kitablarımdan da gətirmişəm. Məndə bir xasiyyət var, kitabım evdə qalanda pis oluram. İstəyirəm, gün işığına çıxardım onları...”

O kitabların içində varmı o şeir? Yoxsa şair ilim-ilim itirib o şeiri?

“Allaha şükür edirəm ki, Gənc Ədiblər Məktəbi var. Burda istedadlı gənclər yetişir. Gənc ədiblər mənim ideyam idi və hesab edirəm ki, Azərbaycan ədəbi prosesində ciddi bir hadisədir. Allaha şükür ki, bu məktəbin başında Rəşad Məcid durur. Bir vaxtlar dərnəklər vardı. Nəriman Həsənzadə, Söhrab Tahir, Seyran Səxavət...”

Qəşəm Nəcəfzadə bu dəm əlini qaldırdı: “Mənim də dərnəyim olub, Vaqif müəllim”.

Vaqif müəllimdən əla bir cavab gəldi: “Sənin dərnəyinin üzvü olmamışam”.

Gülüşmə düşdü.

Vaqif Bəhmənli: “Hə, biz bu dərnəklərə gedirdik. Orda qəşəng qızlar olurdu. Bizim də ürəyimiz açılırdı, şeirdən döşəyirdik”.

Burda da gözəl qızlar var, yığışıblar şeirin işığına.

“...Nazirlikdə işləyəndə tədbirləri saat yarım eləyirdik. Amma burda ürəyiniz istəyən qədər, doya-doya danışaq...”

Vaqif Bəhmənli tədbiri hissələrə böldü: əvvəlcə gənc ədiblər şeirlərini oxuyacaq, sonra şeirlər haqqında özü fikir bildirəcək. Tədbirin davamında da yeni şeirlərindən deyəcək...

Rəşad Məcidin tədbir planından xoşu gəldi. Ancaq Vaqif müəllim bir incə məqamı yaddan çıxartmışdı. Oqtay Rzaya söz verməyi plana salmamışdı. Detektiv plaşını çıxarmadan oturan Oqtay Rzaya baxdım, qaşları bir balaca düyünlənmişdi...

Vaqif Bəhmənli təklif elədi ki, şeirlər tribunada deyilsin. Tribuna da həyatdan küsmüşdü. Neçə vaxtdır onu yoluxan, baş çəkən yoxdu. Hətta Oqtay Rza belə. Tribuna divarın bir küncündə mısmırığını sallamışdı.

Rəşad Məcid tez bunu hiss edib göstəriş verdi: “Tribunanı hazır eləyin... Kağızları götürün üstündən...”

Bir azdan iki-üç qoldan qüvvətli şair tribunanın əyər-əskiyini aradan götürüb əsgər sayaq Rəşad Məcidin qabağında farağat dayandılar. Əmr yerinə yetirilmişdir! Məruzə də elədilər. Üz-gözlərindən istedad yox, sədaqət yağırdı.

Tribunanın üzü güldü. Neçə vaxtdır, insan həniri duymamışdı. Özü bir yana üstündəki o boyda məşhur imzaları da unutmuşdular. Yaman darıxırdı, ürəyi sıxılırdı. Axır işığa çıxdı. Rəşad Məcid gənclərə təşəkkür edib üzünü içəridəkilərə tutdu: “Kim birinci şeir oxuyur? Bəlkə Sevil İşıq?”

Sevil İşıq qızardı: “Kimsə açılış eləsin...”

Bu arada sözü Seyran Səxavət aldı: “Uşaqlar, baxın ha, birdən qəliz suallar verərsiniz. Eləməyin elə şey. Burda Vaqifin həyat yoldaşı Rəhilə xanım əyləşib. Bir dəfə mənim başıma gəlib e... Bir tədbirdə soruşmuşdular ki, sevgi şeirləri yazdığınız qızı almısınız?”

Gülüşmə.

“Tak şto, elə eləyin, evdə dava düşməsin”.

Bayaq şeir oxumağa etiraz edən Sevil İşıq tribunaya çıxdı. Üç şeir oxudu. Bir misra ağlımda ilişdi: “Yaşamaq dünyanın orasındadır”. Məni fikir götürdü. Siqareti də tərgitmişəm, yaman yerdə axşamladım.

Vaqif müəllim şeirləri bəyəndi, amma dedi ki, hamısı sevgi şeirləridir, gələcəkdə başqa mövzularda da yaz. Kiməsə ithaf yazmaq da olar. Adam nə qədər sevgidən yazar? Hazıra-nazır mövzulardan qaçmaq lazımdır.

Sonra bir gənc şeir oxumağa çıxdı. Zəlimxan Yaqub intonasiyası ilə şeirlərindən döşədi. “Hərdən Allah inciməsin məndən, Allah kimisən”.

Seyran Səxavət pauzadan məharətlə istifadə edib teatral intonasiya ilə: “Yaxşıdır” dedi.

“Babat şeir yazanda şeirdən kabab çəkirəm”.

Gurultulu alqışlar qopdu. Oğlanın şeirləri yaman bəyənildi. Rəşad Məcid buna heyrət etdi:

- Birinci dəfədi burdasan?

- Hə... Birinci dəfə şeir oxuyuram burda. Əvvəl qonaq qismində...

- Aydındı... – Rəşad Məcid hövsələsizlik elədi. - Sən özünü təqdim elə görüm.

- Xaçmazdan gəlmişəm. Polisəm.

Yerbəyerdən replikalar: “Aaa... həm polis, həm şeir”, “Dubinkanın üstünə yazılan şeirlər”, “Polis şair filankəsov filankəs”...

Vaqif Bəhmənli polis-şairin portretini çəkdi: “Baxışları, gözləri, şeir deyişi bütöv bir şairi ortaya çıxardır”. Sonra üzünü Rəşad Məcidə tutub əlavə elədi: “Bundan sonra ayda iki dəfə Gənc Ədiblər Məktəbinin görüşü olsun. Birində qonaq çağırın, o birində çağırmayın, özləri oxusunlar”.

Rəşad Məcid söz altda qalmır: “Özləri sonra bir-birlərinə şeir oxuyurlar”.

Vaqif Bəhmənli: “Harda? Kababxanada?”

Gülüşmə düşdü.

Tribunaya çıxmış o biri qızın şeirlərini dinləyən olmur. Vaqif Bəhmənli ayağa durur, barmağını silkələyir: “Şeirə hörmət edək. Mən bilirəm ki, şair şeirinə fikir verilməyəndə şair öz içində qırılır”.

Əlbəttə, Vaqif müəllim bunu çox yaxşı bilir.

Bu arada qız hələ də şeir deyirdi. Gördüm ki, Oqtay Rza artıq yerində dura bilmir. Qaşları elə düyünlənib ki, dəhşətli bir qəzanın olacağından qorxuram. Ayağa durur, ucadan: “Qulaq asın, - deyir, - mən bura gəlmişəm ki...

Vaqif Bəhmənli sanki indi Oqtay Rzanın burda olduğunu gördü. Hiss etdim ki, çox məyus oldu.

- Mən sizə söz verəcəkdim, Oqtay müəllim... – desə də Oqtay Rzanı dayandırmaq mümkün deyildi.

Oqtay Rza barmağını silkələyə-silkələyə danışırdı: “Mənim Vaqif haqqında şeirim var. O şeiri burdakılardan biri desin. Mənim halım yoxdur deməyə...”

Sonra hansısa bir şeirindən bir bənd oxuya-oxuya dalı-dalı çıxıb getdi.

Hamı rahatlıqla nəfəs aldı. Şeir oxundu yenə. Vaqif Bəhmənli səslənən şeirlər haqqında fikirlərini söylədi.

Biri çıxıb şeir oxuyurdu. Vaqif müəllim birdən soruşdu:

- Adın nədir?

- Arzuman Savadsız.

- Savadsız?

- Hə...

Savadsız şair şeirlərini oxudu. Bir xanım fikir səsləndirmək üçün ayağa durdu: “Özü Kəlbəcərdəndi. Təhsil ala bilməyib. Ona görə Savadsız təxəllüsü götürüb. Ancaq şeirləri yüksək savaddan xəbər verir...”

Başqa gənclər də şeirlər oxudu. Mən isə Vaqif Bəhmənlinin şeir kitablarını vərəqləyib məlum şeiri axtarırdım.

Nəvəsinə, qızına, bağbana, telefona... Bıy, hətta atama yazdığı şeiri tapdım. Amma o şeiri tapa bilmədim ki, bilmədim.

Axırı durub şeirlərini oxudu. Yenə də o şeiri demədi. Oqtay Rza təzədən gəldi, içəriyə göz gəzdirdi. Mısmırığını sallayıb getdi.

Bu yerdə böyrümdə Kəramət Böyükçöl bitdi. Ona sataşdım:

- Bəlkə Elgizin verilişində dediyin şeiri oxuyasan?

Gülümsündü. Hansısa cavan alovlu çıxış edirdi. Oqtay Rzanın gözündən iraq. Azərbaycan tarixini vərəqləyirdi. Sonra dedi ki, olmaz belə, biz ancaq öz dilimizdə yazmalıyıq, bizim dil dünyanın ən zəngin dilidir. Şair Qismətin eynəyindən gözünə keçirən başqa bir gənc reperlər kimi əlini-qolunu sallaya-sallaya onun sözünü kəsdi: “Bizim dildə “ə, bura gəl” yazırsan. İngilis dilində bunu necə tərcümə edəsən?” Bu xüsusda xeyli söz-söhbət düşdü. Seyran Səxavət yerində qurcuxdu: “Ay balalar, Vaqif bunları bilir də... İndi durub niyə özünə təkrar deyirsiniz?”

Sonra bir qız Vaqif müəllimin Adəm və Həvvadan bəhs edən hansısa şeirində seksist münasibəti qınadı və buna görə şairdən küsdüyünü etiraf elədi. Vaqif müəllimin bu tənqiddən xoşu gəldi, qıza öz kitabını imzaladı. Bir azdan gənclər şairin başına toplaşdılar. Tribunada da bir gənc şeir oxuyurdu...

# 1649 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #