Yenə o çirkli ruhumu, bədənimə geyim gərək

Yenə o çirkli ruhumu, bədənimə geyim gərək
24 yanvar 2017
# 16:25

Zeynəb İsgəndər

***

Ehmalca qollarının arasına al məni

Uzat soyuq mərmərin üzərinə

Narahat olma,

Dirilmərəm,

Qorxutmaram səni.

Saçlarıma sığal çəkmə

Öyrəşməyib buna

Nəvaziş istəmirəm səndən

Qoy, sakitcə çıxım gedim

Gözlərimi bağla

Yanağımı sığalla

Boğazıma toxunma

Orda qəhər yığılıbdı

Ora dərin bir dəryadı

Orda dərdlər boğulubdu

Əllərimə toxunma

Nə kiminsə qanına bulaşıblar,

nə də ahına

Onsuz da təmizdilər vicdanım kimi

Buraxma heç kimi içəri

Qoyma töksünlər üstümə göz yaşlarını

özün ağ kəfənə bürü məni

Qoyma salsınlar hay-həşir

İşinlə məşğul ol, mürdəşir

***

Sabahdı, ertəndi, sübhdü

Yataqdan qalxıram, yenə

Yorğun, əzik, əynim nazik

ayaqlarım üşüyübdü...

Güzgünün önünə keçib

Qəhərdən mən boğuluram

Ruhumda irin var, qan var

Mən ruhumu soyunuram

Cismim durub lüt önümdə

Gülümsəyir Həvva kimi

Suallar üstümə yağır

Vaxtsız gələn leysan kimi

Suallar beynimi dəlib

Qanımı sovurur sanki

Qulağımda çığırtı var

Cavab ver "kiməm mən?

kim?!"

Mən körpüyəm, uzanıram

Bu yollardan, o yollara

Günahlarım imkan vermir

Oddan qaçım, çatım suya

Elə bildiz mən Siratam?

Əşi, inanmayın buna

Bakıda tikilmişəm mən

Tıxaclardan qurtulmağa

Deyəsən körpü deyiləm

Adi laxta qanam mən

Şəhidin yarasından, anasının gözyaşından

şırnaq-şırnaq yerə axan

Torpağa hopan qanam

Deyəsən qanda deyiləm

Qurumuş bir ağacam mən

Kökümdən kəsdilər məni


Yarpaqlarım tərk elədi

Çarmıx elədilər məni

İsanı üstümə çəkib

Qatil elədilər məni

Deyəsən ağac deyiləm

Boş qalmış bir beşiyəm mən

Gözüyaşlı bir ananın

Gecə-gündüz yırğalarkən
Dualarından ələnib

Qalan ən son ümidəm mən

Bəlkə də bir kitabam mən

Müqəddəs elan edilən

Çoxu tərəfdən sevilən

Mənim də vardı sirrlərim

Yandırılıb səhifələrim

Xəbəriniz yoxdu bundan?

Bəs mən idim kitabınız

Tanrı tərəfdən qorunan?

Soruşmusuz bunu ondan?

Qardaşlarım da var mənim

Eşitdim dəyişiliblər

Çoxdan görmürəm üzlərin

Onlarda Tanrıdan gəlib

Əslində bir çox təmizik

Bizi insanlar kirlədib

Bəlkə də bir qurtum suyam

Somalidə tapılmayan

Aclıqdan ölən uşağın

Gözündən axıb, durulan

İstəyəndə göyə qalxıb

Lap buludlara toxunan

İstəyəndə aysberq olub

Gəmiyə dəyib, boğulan

Qəzəblənib dağ parçasın

Yerindən dartıb, qoparan

Sonrada vicdana gəlib

Əkin yerlərin suvaran

Bəlkə mən bir qalstukam

Məmur boynundan asılan

Bərk-bərk sıxıb boğazını

Vicdanı dövrə qoymayan

Bəlkə aylı bir gecəyəm

Aydınlığa hamiləyəm

Səhər günəş doğulacaq

Mənim qatilim olacaq


Bəlkə mən bir balinayam

Okeanın dibindən bezən

Özünü sahilə çırpıb

İntihara cəhd göstərən

Mənim ruhum balinadı

Bu şəhərə yerləşmir o

Bezibdi darısqallıqdan

İntihara sahil tapmır o

Bəlkə də bir ürəyəm mən

Beyin tapşırsa bulanan

Beyin deyəndə dayanan

Amma bircə aşiq etmə

Aşiq oldumsa vəssalam

Qulaq asmaram beyinə

İstəyir yüz il deyinə

Bəlkə də bir ovucam mən

Kimsə mənə möhtac qalıb

Deyir ki, tut əllərimdən

Ruhum dünyada tək qalıb

Bəlkə bir qab şərabam mən

Qədəhdə sakitcə duran

Sənin cisminə girdimmi

Orda tüğyanlar qoparan

Bəlkə də bir siqaretəm

Ciyərlərin sevir məni

Ona tüstü bəxş edərək

Quruduram kədərləri

Düşünürəm mən bunları

Görən əsl cismim hanı

Boş qalıbdı mənim cismim

Axı kimdi? Nəyin nəsi?

Zəmanə şəhadətnaməsi

Ehmalca qapı döyülür

Universitetə gedim gərək

Yenə o çirkli ruhumu

Bədənimə geyim gərək

Gedirəm sakitcə yolla

Adicə bir tələbəyəm

Univerisitet, dərs, praktika

İmkanda vermir ki öləm

Bəşəri problemlərin

İçində bir zərrəyəm mən

Gecə şeir yazsam belə

Tezdən oyanmalıyam mən

# 1400 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #