news-inner
clock09:00 calendar-gray 05 Noyabr 2016 view-gray351 dəfə oxunub
view-gray351 dəfə oxunub

Öz arvadını Moskvada başqasıyla tutan azərbaycanlı -NAMƏLUM KİNO

Kulis.az “Naməlum kino” layihəsində Tofiq İsmayılovun 1987-ci ildə çəkdiyi “Sürəyya” filmini təqdim edir.

Süjet: Filmin qəhrəmanı Sürəyya (Məlahət Abbasova) adlı gənc qızdır. O, kənddə yaşayır, sağıcıdır. Nişanlısı Seyfəddin (Rza Xudiyev) neçə il əvvəl Moskvaya gedib və qayıtmayıb.

Sürəyya nişanlısının yolunu gözləməkdən yorulur və qərara alır ki, onun arxasınca Moskvaya getsin. O, Moskvaya yola düşür, Seyfəddinin dostlarını (Yaşar Nuri, Hacı İsmayılov, Tofiq Mirzəyev) tapır. Məlum olur ki, Seyfəddin burda bir rus qızı ilə ailə qurub.

Sürəyya keçmiş sevgilisi ilə rastlaşır, onların arasında yenidən eşq macərası yaşanır. Onları yataqda tutan Seyfəddin arvadını və sevgilisini lüt-üryan küçəyə qovur. Buna görə məhkəməyə verilir və ona həbs cəzası kəsilir. Seyfəddinin bu nikahdan Əli (Ülvi Məmmədov) adlı balaca oğlu da var. Arvadının atası Kolya (Pyotor Qlebov) qızının hərəkətini bağışlamır və nəvəsini himayəsinə alır. Sürəyya Kolyaya Seyfəddinin yaxın qohumu olduğunu deyir, dərhal da onun etibarını qazanır və onların evində yerləşir. Tezliklə səmimiyyəti, mehribanlığı ilə Əlinin də sevgisini qazanır. Sürəyya Kolyadan uşağı ona verməsini xahiş eləsə də, o, razı olmur. Amma səhhətinə görə xəstəxanaya düşür və Əlinin Sürəyya ilə getməsinə razılıq verir. Sürəyya Əli ilə birlikdə kəndə qayıdır, onu nənəsi (Elmira Şabanov) ilə tanış eləyir. Amma Əlinin anası tezliklə kəndə oğlunu aparmağa gəlir...

Film kənd poçtunun qarşısındakı çayxana səhnəsi ilə başlayır. Daha çox yaşlı nəslin yığışdığı çayxanada söhbətlərin əsas mövzusu cavanların kəndi tərk eləməsi, Bakıya, Rusiyanın müxtəlif şəhərlərinə üz tutması, doğulduqları yerdə yaxşı gələcək gözləməməsi, nəticədə nəsillər arasında itən əlaqə, boşalmış kəndlərdir. Azərbaycanın sovet dönəmində məlum mövzuya az filmlər həsr olunmayıb, layihəmizdə də onlardan bir neçəsini təqdim eləmişik. Həmin ekran əsərləri bir qayda olaraq günahı daha çox gənc nəsildə görür, filmlərdə onların geriyə qayıtmasının vacibliyini təbliğ eləyir.

“Sürəyya” filminin ssenari müəllifi Əkrəm Əylislidir. Onun mövzuya münasibəti nisbətən daha fərqli olub. Ə.Əylisli bir qayda olaraq personajların daxilinə, şüurunda baş verənlərə, riyakarlığa, saxtalığa dözməməsinə, bu səbəbdən də onlarla ətraf arasında əlaqənin qırılmasına, hara gedirlərsə-getsinlər orda heç cürə özlərinə yer tapa bilməməsinə vurğu eləyir. Çünki bu personajlar hər şeydən əvvəl özünün-özüylə rabitəsini, ruhi dayanıqlığını itirmiş tənha, başa düşülməyən adamlardır. Cəmiyyət onlara özü olmaq şansını vermir.

Burda Moskva konkret məkandan çox, şərti anlamda işlənir. Yəni riyakarlıqdan, donosbazlqdan qaçan adamlar harasa uzaqlara getmək istəyir, onlara elə gəlir ki, o uzaqlıqda xoşbəxtlik tapacaqlar. Amma uzaqlarda da xoşbəxt ola bilmirlər.

Fin rejissoru Aki Kaurismakinin sözləri yada düşür: “Bizə həmişə elə gəlir ki, gözəl olan nəsə hardasa çox uzaqlardadır. Məhz hansısa uzaqlıqda xoşbəxtliyin olmasını təsəvvür etmək necə də asandır. Amma əlbəttə, hamımız bilirik ki, uzaqlarda heç nə yoxdur”.

Filmdə kolxoz sistemi, onun insanlara verdiyi ziyan tənqid olunur, mülkiyyətçilik hüququ önə çəkilir.

Finalda nəvənin kəndə qayıdışını simvol kimi, özünəqayıdış kimi də qiymətləndirmək olardı. Amma Əlinin anası üçün darıxması, ananın oğlunu kənddən aparması sonluğu pessimist notlara kökləyir. Və gələcək nəslin də buraları tərk edəcəyi mesajını verir.

Hərçənd, T. İsmayılov belə bir sosial-psixoloji, ağır mənəvi yükü olan ssenaridən ortaya zəif ekran işi çıxarıb, materialı daha çox üst qatdan işləyib. Vəziyyətlərin təsviri çox bəsitdir, üzdəndir. Cavanların kənddən getmə səbəbləri təsvirdən çox dialoqlarda həllini tapır.

Sürəyyanın Seyfəddinlə həbsxanadakı görüşünün emosional yükü yoxdur. Müəllif asan yola əl atıb, onların görüş səhnəsi çox qısa və illüstrativ verilir. Bu səbəblərdən də film ssenarinin annotasiyası təəssüratı yaradır.

Ssenari müəllifi Əkrəm Əylisli bildirdi ki, “Sürəyya”nı mərkəzi televiziyanın sifarişi ilə yazıb, amma indiyədək filmi tam izləməyib, ancaq ayrı-ayrı fraqmentlərə baxıb və xoşuna gəlməyib, tutmayıb. Əkrəm müəllimin sözlərinə görə, ümumiyyətlə, onun əsərləri əsasında ekranlaşdırılan filmlər onu qane eləmir: “Çünki əsərlərimi bir balaca təhrif edəndə bayağılaşır”. Yazıçı “Tənha narın nağılı” əsəri əsasında Şamil Mahmudbəyovun Həsənağa Turabovla birgə ekranlaşdırdığı eyni adlı filminin premyerası zamanı beş dəqiqə sonra zalı tərk eləyib. Filmin onu qane etməməsi səbəbindən. Üstəlik, o vaxt (söhbət 1984-cü ildən gedir-S.S.) əsərin ssenarisini yazıçıya yox, özbək Roza Hüsnitdinovaya həvalə ediblər.

“Sürəyya” Məlahət Abbasovanın kinoda ilk işidir. Filmin operatoru Valeri Kərimovdur.

Oxşar xəbərlər

Xəbər lenti

Dahilərin Tanrı haqqında aforizmləri
21:00 01 İyun 2020
Xalq artsiti koronavirusdan öldü
18:50 01 İyun 2020
"Kənddə kələm əkmək onunla yaşamaqdan maraqlıdır" - Sevda Sultanova ilə müsahibə
18:21 01 İyun 2020
Nazim Hikmət adına fond yaradıldı
17:39 01 İyun 2020
Uşaq teatrı iyun repertuarını açıqladı
17:02 01 İyun 2020
"Açar" - Reyhan Yusifqızıdan uşaq hekayəsi
16:21 01 İyun 2020
Gənc Tamaşaçılar Teatrının iyun repertuarı
15:43 01 İyun 2020
Məsciddə öldürülən dahi azərbaycan şairi – Maraqlı faktlar
15:00 01 İyun 2020
Uşağına pensiya fondu kimi baxan azərbaycanlılar – Yalçın İslamzadə yazır...
14:17 01 İyun 2020
Tanınmış rəssam vəfat etdi
13:41 01 İyun 2020
Anarı, Qabili, Fikrət Qocanı, Əkrəm Əylislini belə görmədiniz – Yazıçıların uşaqlıq fotoları
13:03 01 İyun 2020
Şəkidə peyda olan ayı bizə nə dedi?
12:28 01 İyun 2020
Onlar ən məşhur Azərbaycan uşaqlarıdır – Fotolar
11:42 01 İyun 2020
Yazıçımızın hekayəsi İran ədəbiyyat portalında
11:15 01 İyun 2020
"Harri Potter"in müəllifi oxuculardan üzr istədi
10:25 01 İyun 2020
Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb
09:44 01 İyun 2020
Rübabə Muradovanın qızı: "Atam anama səhnədə güllə atdı, o da atamı tutdurdu" - Müsahibə
08:58 01 İyun 2020
7 dahinin yazmaq haqda fikirləri
21:01 31 May 2020
Fransız opera müğənnisi vəfat etdi
19:07 31 May 2020
Azərbaycanlı alim "Qoqol" medalı ilə təltif edildi
18:41 31 May 2020