Neftçaladakı su pərisini tanıyırdım

Neftçaladakı su pərisini tanıyırdım
23 avqust 2011
# 10:33
Söz rəmzini tanıyanlar, əski sirlərin biliciləri, məna bulağının sahibləri və məhəbbət bağının gözətçiləri sözü bəyan sapına düzüb belə nəql edirlər ki....

Bu şənbə-bazar yeniyetmə çağlarımda oxuduğum “Dörd dərviş” nağıllar kitabını yenidən oxudum.

Yaddaşımdan silinmiş, zaman-zaman xatırlamağa çalışdığım o nağılları yenidən xatırladım.

Həftəsonumu reallıqdan uzaq, illərin bir an kimi, məsafələrin bir addım kimi qısa olduğu, qocaların bir tilsimlə cavanlaşdığı, uşaqların bir günə böyüdüyü sehrli aləmdə keçirdim.

Sövdəgərlərlə yad ölkələr gəzdim.

Şahlar sarayında oldum.

Cənnət bağlarında dincəldim.

Ay üzlü, qara müşk saçlı, sərv qamətli, canın cahanı və cahanın canı olan nazəninlərlə badələr toqquşdurdum.

Busə verib, busə aldım.

Qızıl-gümüşlə, ləl-cəvahirlərlə, daşqaşlarla dolu xəzinələr tapdım.

Gözlərimə sürmə çəkib cinlər, pərilər məclislərində qonaq oldum.

Nimruz şahının oğlunun Ümman padşahının pəri qızı ilə toyuna,

Şahzadə Bəxtiyarın pərizadə ilə göbəkkəsdisinə şahidlik etdim...

Nağılların təsirindən çıxmağa macal tapmamış dünən qafqazinfo.az saytında Nefçalada balıqçıların toruna pəri düşməsi xəbərini oxudum.

İkinci məlumatda xəbərdə yayınlanan videonun youtubedan götürüldüyü, informasiyanın quraşdırma olduğu məlum oldu.
Xəbər nə qədər uydurma, yalan olsa da mənim üçün göydən düşmə oldu.

Nağıl deyə bir kitabdan pərilər haqqında oxuduqdan sonra xəbər saytlarından birində pərilər haqda məlumat almaq.

Həm də hadisənin uzaq məğrib ölkəsində deyil, doğulduğun rayonda, həm də tanıdığın, bildiyin bir kənddə baş verməsini oxumaq.

Bir zamanlar dənizə çıxmaq həsrətilə qumsalda dayanmış qayıqda oturub üfüqü seyr etdiyin sahildə bir pərinin cansız cəsədinin olduğunu gözlərinin önündə canlandırmaq.

Və bu hadisəni yenicə oxuduğun nağıllara bağlamaq.

Nimruz şahının bədbəxt oğlu sevimli pərisini yenə əldən verdimi deyə düşünmək.

Kitab bitsə də nağıllın hələ davam etməsi duyğusuna qapılmaq.
Özünü nağıllar aləminə düşmüş Alisiya kimi hiss etmək.

Nağıllarda özünəməxsus enerji var. Onlar həyat həqiqətləri içində itib batmış, bədbinlik dumanına düşmüş adamı şok terapeyası kimi ayıltmaq xüsusiyyətinə malikdirlər.

Əlimizin hər şeydən üzüldüyünü düşündüyümüz anda nağıllar sehirli bir qüvvənin bizi xilas edəcəyinə inandırır.

Latın Amerikası insanları nağıllara hədsiz aludədirlər. Bu onların ədəbiyyatında da hiss olunur. Sehrli realizmin vətəni nahaq yerə Latın Amerikası deyil ki.

Uqo Çavesi zibil qutusuna atdığı bir məktub xilas etmədimi? Əleyhdarları Çavesi devirmiş, özünü həbs etmişdilər.

Əli hər yerdən üzülmüş Çaves kağıza nəsə yazıb zibil qutusuna atır.

Onu aparandan sonra zibil qutusundan kağızı götürən keşikçi əsgər məktub olduğunu görür və Çavesin tərəfdarlarına çatdırır.

Məktubda Çavesin təslim olmadığını oxuyan ordu hücum edib Çavesi xilas edir.

Həqiqətlərin nağıl, nağılların həqiqət olduğu bir aləmdə yaşayırıqmış.
# 3331 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #