news-inner
clock12:04 calendar-gray 08 Sentyabr 2016 view-gray278 dəfə oxunub
view-gray278 dəfə oxunub

İntihar edən yazıçımızın həyat tarixçəsi

Bir müddət əvvəl Kulis.az intihar etmiş yazıçı Rahim Dünyamalı haqqında araşdırma təqdim etmişdi. Bu araşdırmadan sonra unudulmuş yazıçının həyat və yaradıcılığına maraq artdı. Oxucuların istəyini nəzərə alaraq mərhum yazıçının dostu, şair-tənqidçi Zakir Məmmədin məqaləsini təqdim edirik.

Həyatımda yaxından tanış olduğum, ünsiyyət saxladığım ilk yazıçı Qubanın Zizik kəndində doğulan və ömrünün sonunacan orada yaşayıb-yaradan Rahim Dünyamalı olub. Yazıçının ömrü, yaşı onun yazdığı mətnin bədii dəyəri ilə ölçüldüyü kimi, onun tərcümeyi-halı da həmin mətnlə müəyyənləşə bilər. Daha doğrusu, yazıçının əsərləri ilə tanışlıq onun müəllifi barədə əldə olunası əsas informasiyanın ilkin mənbəyi kimi dəyərləndirilə bilər.

Sovet dövrü ədəbiyyatında sənət adamlarının şəxsi taleyinə, keçdiyi həyat yolunun işıqlandırılmasına xüsusi diqqət yetirilirdi. Bu da həmin dövlətin ideoloji məqsədləri ilə bağlı idi. Yazıçının cəmiyyətə insanlıq nümunəsi kimi, bir qədər də o ideologiyanın standartlarına uyğun təqdim edilməsi vacib sayılırdı. Ədəbiyyat tarixi kitablarında bu məsələlərdən ayrıca bəhs olunurdu və fövqəladə sənətçi obrazı formalaşdırılırdı. Buna görə də o zaman xüsusilə paytaxtdan kənarda, ucqar yerlərdə yaşayan oxucuya yazıçı şəxsiyyəti əlçatmaz görünürdü. Gənclik illərim ucqar dağ kəndində keçdiyinə görə mütaliə etdiyim Azərbaycan yazıçıları da mənim təsəvvürümdə amerikan, fransız... ədibləri qədər fantastik uzaqlığa malik idi. Elə o zamanlar təsadüf elə gətirdi ki, yaşadığım rayonda artıq bir povesti, hekayələri kitab halında nəşr olunmuş yazıçı ilə sıx ünsiyyət imkanlarımız yarandı. O vaxt Qubada yaşayıb yazıçı kimi tanınmağın mümkünlüyü də bizə bir qədər qəribə gəlirdi.

Rahim Dünyamalı ilə, təxminən, ötən yüzilin 80-ci illərinin əvvəllərində Quba rayon radio verilişləri redaksiyasında tanış olduq. Mən şeir yazırdım və hərdən uzaq dağ kəndindən enib rayon mərkəzinə üz tuturdum. Şeirlərimi rayon radiosunda səsləndirirdilər. Rahim də həbsdən çıxandan sonra rayona gəlib radioda işə düzəlmişdi. Səhv etmirəmsə, yerli radionun məsul redaktoru Mirzə Dəmirov ilə ADU-nun jurnalistikasını eyni vaxtda bitirmişdilər. Deyilənə görə, Kəlbəcərin “Yenilikçi” qəzetində şöbə müdiri işləyərkən Rahimi rüşvət motivi ilə şərləyib həbs etdirmişdilər. Bu fakt, deyəsən, işlə təmin olunmasında da ona əngəl olmuşdu.

İlk görüşümüzdəcə söhbətimiz alındı. Rahimin istedadlı adam olduğunu hər kəs bilirdi. Bəzən işə gəlməzdi. Onda bildim ki, o ciddi yaradıcılıq işləri ilə məşğuldur. O vaxt mənə elə gəlirdi ki, Rahimin (nədənsə, biz onu “Rahimi” deyə çağırırdıq) bəzi hərəkətləri özünün yazar imicini formalaşdırmaq üçün məqsədli şəkildə əvvəlcədən ölçülüb-biçilir. Sonra anladım ki, bu qəribə xarakterli adamın həyata, insanlara, cəmiyyətə, siyasi quruluşa tam fərqli yanaşması vardır. Bütün bunları gizlətmədən dostları ilə ciddi polemikaya qatılmağa həvəsli idi. Məsələn, düzlüyə, insanların mənəvi saflığına onda aşırı tələbkarlıq və həssaslıq vardı. Haqsızlığa, ölkədəki, xüsusilə rayondakı özbaşınalığa dözümsüzlük sərgiləyirdi. Daha çox bu kontekstdə bizim söhbətimiz yaxşı tuturdu. Təkrar edirəm, o, başqalarından seçilirdi. Bəzən qəflətən hər hansı məsələyə şübhə ifadə edər və kəskinliklə nəyəsə aydınlıq gətirilməsini inadkarlıqla tələb edərdi. Adi həyati problemlərin şərhində də maksimalizmi ilə fərqlənirdi. Onunla həmsöhbət olmaq, düzü, adama zövq verirdi. Bir sözlə, əyani olaraq qarşımızdakı “canlı” yazıçı obrazı təsəvvürlərimizi lazımınca məşğul edə bilirdi. 1987-ci ildə iş yerimi dəyişmişdim və yeni çalışdığım məktəbdə onun özünün iştirakilə “Bir gecənin bəyazlığı” povestinin müzakirəsini təşkil etdik. Həmin əsər haqqında qeydlərimi rayon qəzetində çap etdirdim...

1989-cu ildə “Yazıçı” nəşriyyatında “Tərsinə addımlayan kölgələr” romanının çap olunması rayonda böyük səs-küy yaratdı. Çünki burada təsvir olunan məkan və zaman yerli oxuculara tanış və maraqlı idi. O vaxt rayona rəhbərlik edənlərin bədii obrazı qələmə alınmışdı. Təkcə adlar fərqli idi. Müəllif bu məsələni ustalıqla yoluna qoymuşdu. Məsələn, əsərdəki rayon rəhbəri Huşəng Qutlu ilə Quba rayon partiya komitəsinin birinci katibinin eyniliyini anlatmaq üçün Huşəng Qutlunun hüquqşünas olduğunu, yerli əhalinin onun haqqında “kişi” ifadəsini işlətdiyini yazmaq kifayət idi. “Kişi”nin eşqbazlıq, arvadbazlıq səhnələri və rayonda baş verən cinayətlərin və onların ört-basdır edilmə əhvalatlarının təfərrüatları roman müəllifinin nə demək istədiyini aydın şəkildə meydana qoyurdu. Kiçik bir cümlə ilə rayonda çoxlarının tanıdığı qəssab Hacıbabanı və bir neçə epizodik şəxsi öz adları ilə əsərə daxil etməklə oxucuya hər şeyi anlatmaq istəmişdi. Bir sözlə, romanda cərəyan edən olaylar eynilə rayonda baş verənlərdən ibarət idi. Rahim sonralar bir-neçə dəfə başqa yeni romanını bitirməkdə olduğunu mənə də söyləmişdi. O əsərin adı “Sonuncu nərə” olmalıydı. Orada “Qara polkovnik”dən də söhbət getdiyini və bu əsərin mövzusunun da həyatdan götürüldüyünü, Quba ilə bağlı olduğunu demişdi. Təəssüf ki, bu günəcən yazıçının bu sonuncu romanından səs-soraq yoxdur...

Bir gün də faciəli bir xəbər hər yana yayıldı. Rahim Dünyamalı ov tüfəngi ilə özünə qəsd etmişdi. Onun intiharının səbəbini hələ də bilən, söyləyən yoxdur.

Ortalıqda çoxlu fərziyyələr var.

Mənim rəyimcə, yazıçının tərcümeyi-halının bəzi detallarını ayırd edə bilmək üçün ən etibarlı sənəd və ilkin mənbə kimi onun əsərlərinə müraciət edilməlidir. Bütün intihar etmiş yazıçıların yaradıcılığı bu cür özünə qəsdlə birbaşa əlaqəlidir. Onların yazdıqlarından uğradıqları depressiv hallarının, ölümlərinin “səbəbini” müəyyən etmək mümkündür.

Məsələn, Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanı ilə tanış olaraq həm yazıçının dünyagörüşü, estetik prinsipləri haqqında məlumat əldə etmək, həm də ölümünün səbəbləri barədə müəyyən qənaətlərə gəlmək mümkündür. Rahimlə oturub-duranlar, o cümlədən, mən özüm yaxşı bilirik ki, o hansı situasiyada necə davrana bilər, nəyi bacarar, nəyi edə bilməzdi. Həddindən artıq saf, kristal adam kimi, bəzən öz həyatı üçün riskli şəraitdə belə güzəştə getməyi sevməzdi. Mən bu cür prinsipiallığı onun ölümünə də aid edirəm. Onun həyatı sanki romantik-tragik səciyyəli qərb ədəbiyyatı təsirləri nəticəsində teatral bir xarakter almağa başlamışdı. Məsələn, canlı həyatda da bəzən öz roman qəhrəmanlarının dilinə oxşar bir leksikonla danışmağa üstünlük verirdi. Əsərlərindəki xarakterlərdə olan coşqunluq, emosionallıq, daxili narahatlıq Rahimin özündə də qabarıq şəkildə müşahidə edilirdi. Söhbət zamanı bəzən birdən coşar, səsini qaldırar, uzun-uzadı pafoslu nitq söyləyərdi. Onun daim nəyisə, kimisə ittiham etmək kimi vərdişləri vardı. “Tərsinə addımlayan kölgələr” romanındakı Gizirin prototipi o vaxt yaşamış Quba sakini “Qulaqkəsən İbi” kimi tanınan şəxs idi. Gizirin namus üstündə qulaq kəsməsi bədii mətnə görə də qeyri-adi hadisə sayıla bilər. Adam öldürməklə bu qədər məşhurlaşmaq olmazdı. Yeri gəlmişkən, bir hissiyatımı əlavə edim. Gizirlə bağlı səhnələr hərdən mənə başqa əsərlərdəki, ya filmlərdə seyr etdiyimiz obrazları xatırladır. Görünür, düzlüyə, haqq-ədalətə ehtiyac hissi, cəmiyyətdəki neqativə alternativ mühit axtarışı sənətçiləri zindan səltənətinə, “qanuni oğrulara” müraciət etməyə vadar edibdir. Məsələn, Gizir mənim aləmimdə bir az “Güllələnmə təxirə salınır” filmindəki Xan obrazını yada salır. Bu əsərdə əhvalatlar real olduğu qədər də romantik pafosa bürünmüş haldadır.

Bu roman haqqında o vaxt müxtəlif söz-söhbətlər də dolaşırdı. Yazıçıya rayonun siyasi dairələrinin düşmənçilik münasibətləri də, ölkə səviyyəsində əsərə göstərilən diqqət mənasında da məqsədə nail olunmuşdu. Eşitdiyimə görə yazıçı Əkrəm Əylisli əsəri oxuduqdan sonra bir-neçə gün özünə gələ bilmədiyini söyləmişdi. Tənqidçi Vaqif Yusiflinin “Yeni fikir” qəzetinin 23 mart 1990-cı il tarixli sayında “İlk roman müəllifinə -- Rahim Dünyamalıya” adlı açıq məktubu dərc olundu. Jurnalist Yeganə Kərimzadə “Ədəbiyyat və incəsənət” qəzetində əsər haqqında məqalə çap etdirdi. Həmin yazılarda hər şeydən əvvəl, əsərin uğurundan danışılır, burada insanın mənəvi iflasının mahiyyətinin və səbəblərinin açılması qeyd olunur, cəmiyyətə, siyasi dairələrə kəskin tənqidin yer aldığı bir kitabın nəşri yenidənqurma siyasəti ilə əlaqələndirilirdi. Məsələn, V. Yusiflinin fikrincə, beş il əvvəl bu əsəri çap etməzdilər. Bu olaylardan beş il sonra yazıçı özünə qıydı, intihar elədi.

Qayıdaq romana. Sərt realist üslubda yazılmış əsər namus üstündə həbsə atılan Gizirin qayıtması ilə başlayır. Gizirin dustaqlıq həyatından maraqlı epizodlar, məncə, romanın ən uğurlu səhnələri kimi diqqətə layiqdir. Məsələ burasındadır ki, bütövlükdə təhkiyənin psixoloji qatı nə qədər güclü olsa da, müəllif həmin psixologizmi ilk səhifələrdə təsvir olunan dustaqların dialoqları ilə mayalandırır.

Məsələn, qoca dustaqla güllə altında olan dustağın, ara həkimi (həmin güllə altında olan dustaq) ilə dəli qız Lida, ara həkimi ilə xəstə qadın arasındakı dialoqlarda cinayət aləminin özəllikləri təbii boyalarla, bir qədər də aforistik bir üslubda təsvir edilir. Əsər boyu qərb romantik ədəbiyyatına xas tragik səhnələr, sıx-sıx təsvir olunan ölüm epizodları, qisas və intiqam duyğularının bədii əksi və bu təsvirlərlə yanaşı, tez-tez Şekspirin, Şillerin, onların faciəvi qəhrəmanlarınının, “şübhələr atası Volterin” (R. Dünyamalı) adının çəkilməsi, əsərdə teatral, fəci bir obrazın varlığından soraq verir ki, həmin obraz müəllifin özüdür.

Müəllif özünü sanki bir neçə əsas hissəyə bölür və həmin ayrı-ayrı hissələri öz psixoloji haləti ilə bütövləşdirir. Bu bütöv, möhtəşəm obrazın içində-çarpışan, bir-birilə mükalimə aparan, bir-birini ittiham edən, bir-birinə gah aman verməyən, gah güzəştə gedən xarakterlər möhkəm yer tutubdur. Bir əsas obrazın bir neçə yerə - adama bölünməsini romanda yer alan Dəli Müslüm, Artist Məcid, qaraçı Aman, hüquq-mühafizə işçisi Goranoğlunun timsalında görmək olar. Vaqif Yusifli “Açıq məktub”da Gizir obrazının tam açılmadığını yazır. Bu, belə görünür. Əslində, romanda Gizirin, ya ayrı bir personajın işlənib tamamlanmasının yazıçının marağında olmadığını təyin etmək çətin deyil. Bu baxımdan, əsərdə konflikti yaradan ayrıca obrazlar deyil, tərəflər, mövqelər, prinsiplərdir. Bu çoxtərəfli, çoxşərhli situasiyaya müəllif diqqətlə nəzarət edir. Görünür, elə ona görə Vaqif Yusiflinin yazdığı kimi, bütün obrazlar eyni intonasiya ilə danışırlar. Burada iki qanunçuluq, iki yaşam tərzi qarşı-qarşıya dayanır. Biri o zamankı sistemin mahiyyətindən irəli gələn cəmiyyətdaxili yazılan və yazılmayan qanun-qaydalar, digəri türmə qanunlarıdır. Gizir türmə əxlaq kodeksiylə hərəkət edir. Mərdlik, kişilik, xeyirxahlıq anlayışları bu yöndən nəzərdən keçirilir. Məsələn, Giziri özünəməxsus cəzalandırma metodlarından bəhs edən bir neçə epizodla uzun müddət xatırlamaq mümkündür. Lakin o çıxılmazlıq labirintinə girmiş kimi görünür. Onun adamlara racon kəsməsi qisasçılıq tədbirl kimi maraqlı görünsə də, problemin həllində ciddi əhəmiyyət daşımır. Romanda təsvir olunan mühit mənəvi kasadlıqdan yana çox darıxdırıcı, hətta cansıxıcıdır. Burda Gizir kimilərin adam kimi yaşaya bilməsi qeyri-mümkündür. Ona görə ya qulaqkəsənə, ya Dəli Müslümə, ya artist, təlxək Məcidə çevrilməlisən. Bu parçalardan biri, artist Məcid intihar edir, Dəli Müslüm reallıqdan uzaq düşərək xəyala qapılır və özünü həlak edir. Hətta müsbət obraz kimi əsər müəllifinin prinsipiallıqla idealizə etdiyi yuxarı orqan işçisi Goranoğlu da öz missiyasını yarımçıq qoyub müəmmalı şəkildə ölür. Belə şəraitdə həm ədəbi qəhrəmanın, həm də həyatdakı insanın intihar yolunu seçməsi çıxış yollarından biri kimi real görünür. Roman təfəkküründən bir an da aralana bilməyən və öz həyatını da bir roman kimi yaşayan yazıçının özünə qəsd etməsi öz bədii yaradıcılığının davamı kimi də mənalandırıla bilərdi. O, keçən yüzilin sonlarında başlayan xalq hərəkatında iştirak etmişdi və gələcəyə böyük ümidləri vardı.. İş elə gətirdi ki, ümidlər boşa çıxdı, tərsinə addımlayan tanış kölgələr yenidən rayonda iş başına gəldilər.

Rahimin özünü tüfəng atəşinə hədəf etməsi də, yəqin, səbəbsiz deyildi. Bu, bəlkə də, cəmiyyət qanunlarına etiraz etmək istəyən yazarın yüksək səslə (atəş səsi ilə) insanları xəbərdar etmək istəyindən yaranan sonuncu cəhd idi. Onun o vaxt tez-tez adını çəkdiyi və son əsəri hesab edilən romanında da “sonuncu nərə”dən bəhs edilir. Barmağı ömrü boyu mənəvi bir silahın tətiyində olan yazıçının insan daxilində qıvrılıb yatmış ilanlara, gürzələrə atəş açması labüd idi. O, atəş açmaqla sanki sonuncu ədəbi cümləsini yazıb-tamamlamaq istəmişdi. Fəqət kar və kor olduğundan cəmiyyətin ən yüksək desibelli səsləri də udmaq qabiliyyəti olduğunu, yəqin, müəllif nəzərə almamışdı.

news-inner-user

16837 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyədə yazı taxtasına yazdığım “Azərbaycan” sözü – Şərif Ağayar yazır...
11:40 29 Oktyabr 2020
Düşmənin başına daş salan Əbabil quşları: “Bayraktar”
11:01 29 Oktyabr 2020
Bu mahnı səslənəndə düşmən də atəşi saxlayırdı - Ən məşhur müharibə nəğmələri - Video
09:01 29 Oktyabr 2020
Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"
18:58 28 Oktyabr 2020
Əməkdar rəssam vəfat edib
18:23 28 Oktyabr 2020
Oljas Süleyemenov Minsk qrupunu tənqid etdi
17:45 28 Oktyabr 2020
Əfsanələr taleyimizi dəyişə bilərmi? - Təbrizdən polemik yazı
17:10 28 Oktyabr 2020
Arif Məlikov haqqında kitab çap olundu
16:25 28 Oktyabr 2020
Böyümür ölü uşaqlar - Günün şeiri
15:12 28 Oktyabr 2020
Teatrşünas alim maaşını orduya köçürdü
14:55 28 Oktyabr 2020
Xalq artisti: "Artıq real film qəhrəmanlarımız var"
14:30 28 Oktyabr 2020
Fransız tərcüməçi Azərbaycan romanından yazdı: “Ona hirslənirdim”
13:44 28 Oktyabr 2020
Uşaqlığımın yay ayları – Pərvanə Bəkirqızı Qarabağdan yazır...
13:01 28 Oktyabr 2020
Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi – Mirzə İbrahimovdan 10 inanılmaz fakt
12:18 28 Oktyabr 2020
85 yaşlı erməninin söylədiyi böyük həqiqət
11:46 28 Oktyabr 2020
Gənc yazar işğaldan azad olunan kəndlərindən danışdı: “Yuxu kimidir!”
11:01 28 Oktyabr 2020
Tanınmış uşaq yazıçısı vəfat etdi
10:10 28 Oktyabr 2020
Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi” – Müsahibə
08:55 28 Oktyabr 2020
Əməkdar artist vəfat edib
19:21 27 Oktyabr 2020
Məşhur serialın qəhrəmanı vəfat etdi
18:50 27 Oktyabr 2020