news-inner
clock08:30 calendar-gray 30 Avqust 2016 view-gray356 dəfə oxunub
view-gray356 dəfə oxunub

“Qadından Dostoyevski çıxmayacaq” - MÜSAHİBƏ

Kulis.Az Şəkidə yaşayan yazıçı Hədiyyə Şəfaqətlə müsahibəni təqdim edir.

- Hədiyyə xanım, Şəkidə kitab mağazası açılması ilə bağlı ideya irəli sürmüşdünüz. Təklifinizin nəticəsi necə oldu?

- Heç bir nəticəsi olmadı. Bir ara, söz-söhbəti gedən günlərdə Müşfiq Xan maraqlandı, sonra eləcə qaldı. Mən də gözlədim, düşünürəm bir qərar verilsəydi xəbərdar edərdilər, yəqin vaz keçilib.

- Bir nəfər sizin ideyanızdan sonra demişdi ki, Şəkidə kitab mağazası var, ancaq ora gedən yoxdu. Həqiqətən elədir?

- Müstəqillik illərinin əvvəlinəcən Şəkidə həqiqətən gözəl bir kitab dükanı vardı: “Rəhlə Kitab Evi”. Şəhərin mərkəzində, iki mərtəbəli, geniş. Yadımdadır ki, hələ kiçik yaşlarımda atam aparmışdı məni oraya, sonradan da tez-tez gedərdik. Zəngin mağazaydı. Lakin sonra məlum, doxsanıncı illərdə hər şey qarışdı bir-birinə, kitab evi də gözdən düşdü. İndi bina qalmağına qalır, hətta yerləşdiyi yerə hələ də “Rəhlənin yanı” deyilir, lakin kəsilib, bölünüb, ayrı-ayrı adamlara satılıb, kiçik bir yer qalıb, orada da məktəb, dəftərxana ləvazimatları, dərs vəsaitləri satılır. Yəni, anlayacağınız, indi də hamının yolu o balaca dükana düşür, lakin orada bədii ədəbiyyat yoxdur.

- Ümumiyyətlə, Şəkidə kitaba, ədəbiyyata maraq nə səviyyədədir?

- Bu suala dəqiq cavab vermək mənim üçün çətindir, çünki nadir hallarda adam içinə çıxıram, amma uşaqlar məktəbə gedir, sosial şəbəkələrdə dostlarla danışırıq, müəyyən qədər təsəvvür yaranır, deyəsən, burda da vəziyyət elə hər yerdəki kimidir. Heç ədəbiyyat müəllimlərinin müasir ədəbiyyatdan xəbəri yoxdur, xarici ədəbiyyatı demirəm hələ. Lakin əlbəttə ayrıcalıqlar var, Şəkidə tək-tək olsa da bunun üçün iş görmək istəyən, öz gücünə kitab təbliğatıyla məşğul olanlar, Bakıdan kitab aparıb satmaq istəyənlər var. Məsələn, qızımın bir müəllimi var, Tərlan bəy, işlədiyi məktəbdə tez-tez şagirdləri arasında kiçik bilik yarışları keçirir, uşaqlar kimin gücü nəyə çatırsa yığıb ortaq bir kitab alır, sonra onu öz aralarından seçilən qalibə bağışlayırlar. Hər məktəbdə belə bir müəllim olsa, sevinmək olardı...

- Bölgələrdə yaşayan yazarlar əyalətdə ədəbi mühitin olmadığından narazıdırlar. Siz necə fikirləşirsiniz?

- Mühit nədir? Yəqin ki, bu hər yaşda öz cavabını dəyişə bilən sualdır. Məsələn, mən kiçik yaşlarımdan Şəkidə “Səbuhi” ədəbi məclisinin üzvü olmuşam. Özümü böyük adam sayırdım ki, məndən qat-qat yaşlı adamlar yazılarımı dinləyir, fikir bildirir, yol göstərir. Günü bu gün də oradan qazandıqlarımı dana bilmərəm. Amma indi baxıram ki, o zamankı adamlar hələ də yazır, amma mən oxuya da bilmirəm, içimdə bir tel qırılır, heç bir irəliləyiş olmayıb, illərdir yerlərində sayırlar. Lakin o da var ki, doğuluşdan bəxtim vardı, kiçik bir kənd evində də mənim üçün ədəbiyyat əlim çatan yerdəydi. Valideynlərim yaxşı oxucuydular, evimizə bütün Sovet İttifaqından qəzet-jurnallar gəlirdi, atamın kitabxanası vardı, daim də zənginləşirdi. Bununla belə kiçik də olsa ədəbi mühitə düşməyim mənə kömək etdi. Zaman keçdikcə, düşüncələr kamilləşdikcə insan daha çox özünə çəkilir sanki. Amma yenə də mühit lazımdır, o da daha çox fikrini bölüşə biləcəyin, mübahisə edə biləcəyin, müzakirə edə biləcəyin adamlar deməkdir. Sənin adamın yoxsa, mühit də yoxdur. “Səbuhi”nin yaxşı vaxtları vardı, sağlam, səmimi mühiti də vardı, sonra dağıldı heyf oldu. Bu yaxın illərdə nəsə istədilər bərpa edələr, olmadı.

- Əlbəttə, mühitsiz çətindi...

- Ayxan bəy, elə mənim kitab-kafe fikrim də bu mühit aclığından doğmuşdu. Lakin bu təkcə mən nəfəs alım deyə deyildi, həm də buna ehtiyacı olan adamlar təskinlik tapsınlar deyəydi. Müasir oxucu Bəxtiyar Vahabzadədən, uzaqbaşı İlyas Əfəndiyevdən bir az üzü bəri baxsın deyəydi. Belə də, məsələn, mənim övladlarım indi demək olar hamını oxuyurlar, mən bütün çap olunan (əlbəttə imzasına bələd olduğum) yazıçılarımızın, şairlərimizin kitabını alıb kitabxanama aparıram. Ola bilsin təqdimatlarda filan görünməyim, o qədər də xoşlamıram. Mənə ləzzət edir ki, sıravi oxucu kimi adi bir gündə gedim kitab mağazasına, pulumu verim, kitabımı alım. Rayonda, sözsüz ki, mənim kimi düşünən onlarla adam var, amma üz tutacaq məkan yoxdur. Lakin baxırsan ki, bir-birimizə ehtiyacımız danılmazdır. Bu yaxınlarda şair Ramiz Orsər zəng etmişdi, illərdir bir-birimizdən xəbərsizik, bir xeyli danışdıq, görürəm ki, o da müəyyən mənada boğulur, mən də. Gəl ki, bu sualı elə adama da verərsiniz, sizə Şəkidə bu günkü ədəbi mühitdən elə ağız dolusu danışar, inana bilməzsiniz, məsələn hardasa on gün əvvəl məni Nəcibə İlkinlə görüşə dəvət etmişdilər (gülür).

- İnternetin artıq əlçatmaz hesab etdiyimiz kitablara və filmlərə son qoyduğu haqda düşünənlər var. Həqiqətən də internet bölgədə yaşayanların mədəni dünya görüşünü formalaşdırmağında rol oynayırmı? Yəni kitablar, filmlər tapmaqda çətinlik çəkmirlər ki?

- İnternetin rolu danılmazdır. Geniş imkanlar deməkdir. Lakin istiqamət deyilən bir şey, təbliğat deyilən bir şey var. Cəmiyyət hələ məktəbdən bayağılaşmağa doğru sürüklənir sanki. Məktəblərimizdə zəngin kitabxanalar var, amma şagirdlərlə iş demək olar aparılmır. Kitabxanaçılar oturub qeybət edir, uzaq başı nəsə toxuyurlar. Müəllimlər həvəsli deyillər, çoxu tələsik dərsini yola verib qaçır evinə ki, iki-üç əlavə uşaq hazırlaşdıracaq, üç-beş manat artıq qazanacaq. Nə demək olar? İndi qəhrəman axtarmağın zamanı deyil. Valideynlər nəsə edə bilərlər, o da edə bilsələr. İndi evlərin onda birinin qapısından kitab keçmir. Ağrılıdır, lakin bu ancaq bizi ağrıdır. Cəmiyyət başqa yola sövq edir, bu zəncirvarı proses kimidir, tək-tək adamlar ya özünü, ya da övladını, dostunu, uzaq başı bir-iki qohumunu bundan xilas edə bilir. Ömür yetməz... Televiziya bayağı, tədbirlər bayağı, gündəm bayağı, bayağılığın nüfuz etmədiyi bir-iki qapı da qapalı... İnternetdə istənilən təyinatlı informasiya bolluğu var, lakin seçim təhlükəlidir, bir adam səviyyəli film izləyirsə, yüz adam “Bozbaş pitcers” axtarır... Hələ bu ən yüngülüdür...

- Aydındır...

- Bir şey də var, dəfələrlə şahidi olmuşam ki, toplum, kütlə seçilənə qarşı amansızdır, ona hücum edir, onu qınayır, onu bəyənmir, onu lağ-lağı obyektinə çevirir. Buna görə də çox adam kütləyə tabe olmasa da özünü tabe olmuş kimi göstərməyə məcburdur. Təəssüf ki, indi səviyyəli kəsim təklənib. Məncə, bunun əyaləti-paytaxtı da yoxdur, ətrafımız hər yerdə belə münasibətlə hörülüb, bundan çıxış yolu ancaq özünə çəkilməkdir. Burda da internet kömək edir, dünyanın o başında da olsaq düşüncələrimizi bölüşə biləcəyimiz adamları ulaşa bilirik... Mənbələrə ulaşa bilirik, məlumatlara ulaşa bilirik. Amma buna hardan sonra nail olmağa başlamışıq? Hər şey başa dönür - mühit. O yola, cığıra düşmək, ən azı addımımızı qoymağımız gərəkdir, bu indiki durumda şans məsələsinə çevrilib, amma hamının bəxti gətirmir.

- Hədiyyə xanım, siz özünüz daha çox şeir yazırsınız. Ancaq bir neçə hekayəniz maraqla qarşılandı. Hətta tənqidçilər də sizdən yazdılar. Kitab çıxartmaq barədə düşünmürsünüz ki?

- Mən köhnənin tənbəliyəm. Bəlkə də özümü hazır bilməmişəm deyə kitab düşünməmişəm. Qorxmuşam. Hərçənd yazılarım haqqında ən ciddi yerlərdən yaxşı rəylər gəlib. Həm şeirlərim, həm hekayələrim barədə. Sağ olsunlar. Demişəm “bir az daha, bir az daha” (gülür). Lakin qırx yaşın astanasında bir hesabat haqqı tanımalıyam məncə özümə. Dostlar da israr edir. Yəqin ki, yaxın aylarda şeirlər kitabım çıxacaq. Təkliflər də var, asta-asta baxıb seçirəm şeirləri. Hekayələrimi yenidən işləməyim, düzəlişlər aparmağım, hazırlamağım xeyli zaman alacaq. Hələlik hekayə kitabı düşünmürəm.

- Kişilərin çoxu düşünür ki, qadınlar şair və yazıçı kimi heç vaxt kişilərdən üstün ola bilməz. Məsələn, deyirlər, qadınlardan Dostoyevski çıxmaz. Siz necə düşünürsünüz?

- Kişilərdən fərqli olaraq biz qadın müəlliflər bunu heç müzakirə də etmirik, deyəsən. Yəqin ki, dediyiniz fikri daha çox intim məsələ kimi düşünürük, kimin kimdən üstün olub olmayacağı bizim üçün müzakirə mövzusu deyil (gülür). Qaldı Dostoyevskiyə, mən daha çox tolstoyçuyam. Üstəlik, düşünürəm ki, nəinki qadın, hətta heç bir kişi də bundan sonra Tolstoy olmayacaq. Əslində, heç kim heç kim olmayacaq, heç Tolstoy özü də qayıdıb həmin Tolstoy olmayacaq. Lakin kişilər də haqlıdırlar, yəqin onlar belə düşünürlər ki, yaşam-duyğulara stimul verir, kişilər isə birmənalı olaraq daha çox yaşaya bilir. Əlbəttə, bunun vaxt baxımından demədiyimi anlayırsınız... Və haqlıdırlar, qadından Dostoyevski çıxmayacaq.

- Belə bir fikir var: “Həm şair, həm də yazıçı olmaq mümkün deyil”. Siz də həm hekayələr yazırsınız, həm də şeirlər. Hansı tərəfdə özünüzü daha rahat hiss edirsiniz?

- Mən qələmlə çox tez tanış olmuşam - dörd yaşımda. Yazmağa da tez başlamışam, çapa da - on iki yaşımda. Bir neçə dəfə fasilə vermişəm. Bu dəfə on il. Yenidən başlayanda da maraqlıdır ki, hekayəylə başladım, fikirlər də yaxşıydı. Sonra nəsə şeirlər yazıldı. Son zamanlarda şeirlərim daha çox çap olunur. Nə yazmaq məsələsində hələlik müəyyən edə bilməmişəm, heç düşünməmişəm də ki, seçim etmək lazımdır. Bu barədə deyəsən lazım olduğundan rahatam, yazmadığım şeylər üçün heyfslənməməyimdən irəli gəlir yəqin. Hər şeyi öz havasına buraxmışam, mənim yazmadığım şeyləri bəlkə də sabah başqa biri məndən yüz dəfə yaxşı yazacaq, ümumi götürəndə bu, daha gözəl deyilmi? Hara tələsirik? Deyirlər, nəsr ciddi məsələdir, oturub işləmək istəyir, lakin mənim işləməmək üçün də bir bəhanəm yoxdur. Amma ciddi məsələ olması tərəfiylə sözsüz razılaşıram. Ədəbiyyat xilasedicidir, onun saxtası adamı da, cəmiyyəti də ortada qoyur.

- Yazdıqlarınız sizi qane edir?

Məni tanıyanlar bilirlər ki, mətnə qarşı çox tələbkaram, yəni elə anlaşılmasın ki, öz yazı vərdişlərimin nizamsızlığı ümumən ədəbiyyata məsuliyyətsizliyimdən doğur. Bu başqa məsələdir. Məsələn, bu gün Azərbaycanda çap olunan demək olar bütün hər şeyi oxuyuram. Tənqidi məqalələri, müzakirələri, şeirləri və hekayələri. Təzə çap olunan kitablar kitabxanamda olmalıdır. Saytları izləyirəm, izlədiyim xüsusi imzalar var. Gözümdən az qala heç nə qaçmır. Fikirlərimi arabir zövqünə etibar etdiyim adamlarla da bölüşürəm. Bəzən, çox az hallarda müəlliflərə də nəsə yazdığım olur. Bir neçə dəfə təklif almışam ki, bu fikirləri mətnə çevirirm, çap olunsun, imtina etmişəm, hər kəs öz işiylə məşğul olsa yaxşıdır, mən sadə, lakin tələbkar oxucuyam. Öz yazılarıma qarşı isə yüz qat. Elə hekayəm var ki, çap olunub, bəyənilib, lakin indi onda elə qüsurlar görürəm ki, xəcalət çəkirəm. Məndə oxucu qəddarlığa daha çoxdur, nəinki yazıçı eqosu. Oxucu kimi nəyi məsələn bir il sonra oxuyub, narahat olmayacağamsa, özlüyündən elə alınacaq ki, orada rahat olacağam. Belə mətnlərim var, utanmadan üzə çıxara biləcəyim, bu məni xoşbəxt etməyə yetir... Şeir, ya hekayə olmasının fərqi yoxdur.

- Son olaraq Şəkidə yaşamağın üstünlüklərindən danışaq.

- Bu, deyəsən yeganə şəxsi sualdır... Şəkidə doğulmaq və yaşamaq mənim seçimim deyil, lakin yerin nə fərqi var? Əsas olan ruhumuzun ruhuna qovuşuq olduğu Vətən İnsanlardır, onlar bizi dünyanın hər yerində var edirlər. Məkan-nisbidir, o, hər dəfə dəyişir, onunla birlikdə hər şey dəyişir, “mənim” dediyimiz maddi-fiziki şeylər o qədər önəmsizdir ki, biz onu heç bir yeni doğuluşumuzda xatırlamırıq. Mən duyğuların və ruhların zamansızlığına və məkansızlığına inanıram. Və inandığım iki şey var - biri yuxulardır, ikincisi odur ki, indiyəcən harda doğulub yaşamışamsa, şair olmuşam, gələn dəfə harda doğulub yaşayacağamsa da, hansı adda var olacağamsa da - mütləq şair olacağam... Heç ömrümdə bir şeir belə yazmasam da...

news-inner-user
Ayxan Ayvaz

474 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020
Onlayn dərsdə gülməli vəziyyətə düşən müəllimlər
11:50 27 Noyabr 2020
Qorxu bilməyən işçimiz - Elçin yazır...
11:10 27 Noyabr 2020
Lalə Məmmədovadan duyğu dolu etiraf yazısı: “Hamınızı aldatdım!”
10:28 27 Noyabr 2020
Mirzə Cəlil haqda yeni kitab çıxdı – Dərs vəsaiti kimi təsdiq edildi
09:54 27 Noyabr 2020
Onsuz yaşaya bilmərəm - Bircənin romanı
09:00 27 Noyabr 2020
Tanınmış şairə vəfat etdi
21:10 26 Noyabr 2020
Pənahəli xanın dağıdılmış imarəti
18:37 26 Noyabr 2020
Müvəqqəti komendantlıqlar üzrə iclas keçirildi
17:49 26 Noyabr 2020
Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ən gözəl Kəlbəcər şeirləri
17:01 26 Noyabr 2020
Döyüşçü oğlunu ağladan səbəb - Hekayə
16:17 26 Noyabr 2020