writer1

Aqşin Yenisey

Məqalə sayı

72
clock13:14 calendar-gray 16 Avqust 2011 view-gray926 dəfə oxunub
view-gray926 dəfə oxunub

Amerika əxlaqına düzəliş

Müasirlərimizdən biri həmişə deyir ki, biz azərbaycanlıların evində mütləq həmişə öz-özünə danışan, çalıb-oxuyan bir televizor olmalıdır, yoxsa milliliyimizə xələl gələr. Bir dostumun arvadı isə etiraf edir ki, televizor onun ikinci həyat yoldaşıdır.

Fikir vermişəm, qadınlar bu “cahan mülkünü” daha çox qulaqları ilə hiss etdikləri üçün televizor məişətdə onlardan ötrü bir qulaq yoldaşı kimidir. Dəxli yoxdur ekranda nə danışırlar, nə göstərirlər, təki soğan soyanda, mürəbbə qabını icazəsiz götürüb ağız-burnunu, üst-başını “al-qana” qərq etmiş uşağı şapalaqlayanda, içib, evə xəkəndaz almağı unutmuş ərin qarasına deyinəndə böyür-başında nəsə öz-özünə danışsın. Qadının heç vecinə də deyil televizorda danışan Ərdoğandır, yoxsa İbrahim Borçalı; kim olur olsun, təki susmasın, bir ucdan üyüdüb-töksün.

Allah ölənlərimizə rəhmət eləsin, mənim nənəm televizorda ən çox dünyanın siyasi liderlərinə tamaşa edirdi, arvadın quşu ən çox Yasir Ərafata qonmuşdu. Yetmiş yaşında fanatı idi Fələstin liderinin. “Ərafat” deyə-deyə də canını tapşırdı. Özü də gözlərinə mirvari suyu gəldiyi üçün televizora ən iri çaplı eynəklə də baxa bilmirdi. Uşaqlar hardansa ona böyüdücü şüşə tapıb vermişdilər, hansı ki, bu şüşəni səyyahlar günəşə tutaraq ocaq qalamaq üçün istifadə edirlər. Arvadın bu şüşəsinin arxasından baxanda bütün dünya əyri-üyrü görünürdü. Bəlkə də, elə buna görə qarı ömrünün son illərində dünyanın əyriliyindən şikayətlənirdi.

Guya, onların dövründə dünya daha düz imiş, halbuki nənəmin gəncliyi İkinci Dünya müharibəsi dövrünə düşmüşdü və bir dənə Adolf adlı bığlı xiyar xalqları köhnə dəmiryol vaqonlarına doldurub diri-diri yandırırdı.
Televizordan söz salmağıma səbəb indi aşağıda ərz edəcəyim mənzərədir. Bu yaxınlarda kəndimizin ən qoca kişisi Buludxanın – kəndi yazmaq üçün bu kişi mənə göydəndüşmə bir xəzinədir – evinə baş çəkdim. Qürub vaxtı eyvanda televizorun düz qənşərində tək-tənha oturub bizim dilə pis tərcümə olunmuş sarsaq bir Amerika filminə baxırdı. Baxırdı deyəndə ki, baxmırdı, qulaq asırdı, çünki gözlərinə qara su gəlib. Salam verib lal-dinməz yanında oturdum, üzümə baxsa da tanımadı, həm də artıq bunun bir mənası da qalmamışdı onun üçün. Qulaqları ağır eşitdiyi üçün televizorun səsini xeyli qaldırmışdı.

Əyalət həkimlərinin düzəltdiyi və qulaqlarının ardına arvad corabının rezini ilə keçirdiyi eynəyini ekrana zilləmişdi, çuxura düşmüş gözləri eynəyin şüşələrindən xeyli geridə idi. Filmin məzmunu beləydi ki, qadın ərini ataraq aşnası ilə qaçır və bir müddətdən sonra aşnası başqa qadına qoşulub qaçdığı üçün evə qayıdıb doğma ərindən əfv olunmasını diləyir, bir sözlə, gündə gördüyümüz, eşitdiyimiz kişi-qadın dedi-qodusu. Eynən Fələstin peyğəmbəri Lutun başına gələnlər; axı onun da arvadı peyğəmbəri atıb, öz ərinin dininə inanmayanlara qoşulub qaçmışdı və dini rəvayətə görə, guya, Qiyamət günü bu qadının dərisi Əshafi-Kəhf mağarasında gənclərlə bərabər üç yüz il yuxuya getmiş itin dərisi ilə dəyişdiriləcək.

Nəsə, mən qocanın yanında oturanda filmdəki qadın ərindən üzr istəyirdi. Maraqlısı bu idi ki, qoca filmdəki kişinin və qadının hər sözündən sonra Amerikalı rejissorun və ssenaristin işinə kəndəki əyri evinin eyvanından öz əlavələrini edirdi. İndi istəyirəm sizə bu üçlüyün, bir tamaşaçının, yəni Buludxanın və iki personajın dialoqunu yazım. Ancaq Buludxanın ləhcəsini dəyişmədən.

Qadın: Cek, əzizim, mən bundan sonra səni dünyanın heç bir kişisinə dəyişməyəcəyəm.

Buludxan: Allah, yandır da yava zənəni.

Kişi: Cerri, sən dünyanın bütün kişiləri ilə görüşsən də, bu, mənim sənə olan sevgimi əskiltməyəcək.

Buludxan: mazar ye də belə kişini.

Qadın: Cek, bilirəm ki, çətindir, sən həmişə mənim uşağıma baxanda əzab çəkəcəksən, axı onun atası başqasıdır, düzdür, Cek?

Buludxan: Guya, Cekin öz dədəsi özünün idi ki? O da Allah bilir, kimin dədəsi idi.

Kişi: Yox Cerri, onu öz balam kimi böyüdəcəyəm, təki, sən mənim yanımda ol, məni atıb getmə.

Buludxan: Day getməyə yer qalıb ki, ölüb-ərimey hələ bir danışey də...

Qadın: Cek, zəhmət olmasa, mənə bir qədəh şərab süz, səninlə olmaq necə də xoşdur.

Buludxan: Ay Buludxan, ay Buludxan, hardasan? Çəkərdim belə arvada qırmancı beli uzunu, çığırtısı kəndi götürərdi.

Kişi: Söz ver, Cerri, söz ver ki, birdə məni atıb getməyəcəksən.

Buludxan: Ceki də qoyasan elə zayvağ-zayvağ yanşaya. Bağla o qancığı atın quyruğuna, sürü kənd boyu, deyim, hə...

Beləcə, saatyarımlıq film boyunca Buludxan ağır eşitdiyi, güclə gördüyü Amerika filminin ssenarisinə özünün düzəlişlərini elədi. Çöldə it hürdü, deyəsən, həyətə adam gəlmişdi. Qoca alça ağacından düzəltdiyi çəliyinə dirənib “Ya Allah, ya Məhəmməd, ya Əli” deyərək yerindən dəbərdi. Məni eyvanda unudub, itin səsinə getdi.
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Amerikalı aktyor koronavirusdan öldü
10:04 07 İyul 2020
Müslüm Maqomayev adına müsabiqə gələn ilə qaldı
09:51 07 İyul 2020
Pararlel dünyaya səyahət edən xərçəng ata – Etqar Keretdən yeni hekayə
08:58 07 İyul 2020
Tanrının İtaliyaya bəxş etdiyi böyük sərvət: Ennio Morrikone
21:01 06 İyul 2020
Xalq artisti oğlundan yazanları hədələdi
20:40 06 İyul 2020
Kukla Teatrında uşaqlar üçün onlayn tamaşa
18:39 06 İyul 2020
Cənubi Koreya musiqi qrupu dünya rekordu qırdı
18:00 06 İyul 2020
Azərbaycanda pandemiyadan film çəkildi – Video
17:15 06 İyul 2020
Yaşından otuz il qoca görünən, qurultayda bircə səs qazanan, AYB-nin qarşısında dünyasını dəyişən məşhur şairimiz – Maraqlı faktlar
16:33 06 İyul 2020
Luvr muzeyi açıldı
15:49 06 İyul 2020
Hamilə qalmaq üçün daş oyuğuna salınan gəlin – Güneydən hekayə
15:11 06 İyul 2020
İlin ən yaxşı internet serialı - "Şəxsiyyət"
14:28 06 İyul 2020
İsa Məshinin lezbiyan obrazına dindarlardan etiraz
13:45 06 İyul 2020
Əlini iki dəfə tərpətdi... - Mahmudun dəfnindən gecikmiş reportaj
13:02 06 İyul 2020
Mirşahin Ağayev koronavirusa yoluxdu
12:33 06 İyul 2020
Azərbaycanın Prustu – Şərif Ağayar yazır...
12:01 06 İyul 2020
Bəhram Bağırzadədən xoş xəbər
11:56 06 İyul 2020
Villalara sığmayan karantin ərköyünləri
11:30 06 İyul 2020
Dünya şöhrətli bəstəkar vəfat etdi
11:07 06 İyul 2020
Karantin qaydalarını pozan azərbaycanlı aktrisa işdən çıxarıldı
10:58 06 İyul 2020