Ehtimallar şəhəri

Ehtimallar şəhəri
28 iyun 2016
# 16:00

Vüsal Hacı

Avtobusda bir qızın ayaqlarından gözlərinizi çəkə bilmirsizsə, burda cinsəl istəklərin olmasından daha çox, ayaqlarınızın tapdalanma ehtimalının 5-də 3 olmasıdır.

Sevgilinizlə Koroğlu parkında olarkən mövzu azlığından qəti şikayət etməzsiniz. Çünki, ya siz, ya da qarşı tərəf Koroğlunun atdan böyük olmasını müzakirə etməyə başlayacaq. Bu ehtimal 2-də 1-di.

Tanımadığın birinin avtobusun buxar tutmuş pəncərələrini silmək əvəzinə sizə baxaraq əl yelləməsi ehtimalı 265 mində 1-di.

Sevgilinizlə ayrıldıqdan sonra sizin Facebook profilinizə digər hesablardan baxma ehtimalı 50-də 1, bu il çəkdirdiyiniz fotolarınızı çap etmək ehtimalınız 96 mində 1, stol arxasında oturan insanların ayaqlarını yellətmə ehtimalı gün ərzində 55-də 1-dir.

...Və sonra bütün fellər beynimdə bir-bir iflic keçirdi. Texnologiyalarla dost olmağa başladım. İnsan hisslərindən 2-3 dəfə daha həssas olan sensorlu cihazlarla anlaşmağa başladım. Məsələn, soyuducumun buz kamerası mənə müxtəlif musiqilər təqdim edir, televizorum reklam fasiləsində başqa kanallara çevirir, reklam bitən kimi avtomatik təkrar izlədiyim filmə geri gətirirdi.

Hər addımını XXI ərin texnoloji yeniliyi ilə yaşayan birinin həyatı, qəbul imtahanlarına düşməyən dərslər kimi əyləncəli keçir, bu vəziyyətdə səni düşünmə ehtimalım sıfra bərabərdi. Üzgünəm, beynimdə fosforun miqdarı səni aylarla düşünməyə bəs etmədi.

Xəbər saytlarının bazar günlərində uydurduqları xəbərlərlə ziyarətçi topladıqları kimi mən də unutmaq üçün yeni-yeni texnologiyalarla tanış olmağa çalışdım.

Bəzən insan inamını qazanmaq üçün reklam şirkətlərinin nə qədər məbləğ xərclədiyini düşünürəm. İşıqlı reklam lövhələri ilə gecə-gündüz həyatıma daxil olmaq istəyən məşhurun dediklərinə inanmadığım halda sənin bir neçə manat xərcləyərək makiyajlanmış üzünə necə aldanım?

Halbuki, birinə bir reklam lövhəsi qədər inanmağı çox istəyərsən bəzən.

# 470 dəfə oxunub

Oxşar xəbərlər

# # #