news-inner
clock13:50 calendar-gray 03 İyun 2016 view-gray914 dəfə oxunub
view-gray914 dəfə oxunub

Vaqif Nəsib: “İstədim deyəm, antisovet sənin dədəndir!” - MÜSAHİBƏ

Kulis.az yazıçı Vaqif Nəsiblə müsahibəni təqdim edir.

- Vaqif müəllim, o vaxtdan deyirdiniz ki, çoxlu romanlarım var, amma çap olunmayıb. İstəyirəm elə burdan başlayaq söhbətə. Roman yazırsınız, ancaq çap olunmur...

- O vaxtlar, məşhur Anatoli Zöhrabbəyovun “Odlu diyar” romanının davamını yazmışdım, birinci hissəsi çap da olunmuşdu. İsmayıl Şıxlı “Azərbaycan” jurnalında, “bildirçinin bəyliyi” kimi bir müddət redaktor olmuşdu, sonra küsüb getdi, o, bu romanın ilk hissələrini oxuyub dəhşətə gəlmişdi. Deyirdi, sənin üslubun Zöhrabbəyovun üslubu ilə əməlli-başlı birləşib. Məmməd İsmayıl da intervüsündə çap olunmayan roman haqqında böyük təriflər demişdi.

Sonralar İçərişəhərdə yaşamağa başlayanda “Odlu diyar” romanının Bakıya aid hissəsini yazmağa qərar verdim. Amma yarımçıq qaldı.

Əslində, romanın birinci müəllifinin də bəxti gətirməmişdi. İçərişəhərdə daxma kimi yerdə yaşayırdı. Ciyər xəstəliyindən ölmüşdü. Bu romanının ikinci hissəsinin də bəxti gətirmədi. “Kredo” qəzeti hissə-hissə çap elətdirirdi. Yaxşı da oxucu yığılmışdı. Bir Nəzərli vardı o vaxtlar(fikirləşir)... Qəzəl yazırdı... Qoca kişiydi...

- Ənvər Nəzərli...

- Hə, Ənvər Nəzərli. Mənə dedi ki, sən Allah, qəzetdə gözləməyə hövsələm çatmır, əlyazmanı ver oxuyum. Nə isə, o qəzetin sahibini günlərin bir günündə tənqid eləyəsi oldum. Demək, mən Rəsul Rza mükafatından imtina etmişdim. Eşitdim ki, Anar deyib, gözündən gəlsin, o mükafat. Mən də Rəsul Rzanın ruhundan üzr istəyib mükafatdan imtina elədim. Həm də əlavə elədim ki, son zamanlar mükafatlar şərəfsiz adamlara verildiyindən özümü bu sırada görmürəm. Ondan sonra romanın çapını dayandırdılar. Bu da Mübariz Məsimoğluna təsir eləmişdi, öz “Yeni nəfəs” qəzetində romanı çap eləməyə başlamışdı. Bir az sonra bunun özünü də məhkəməyə verdilər, “Yeni nəfəs” də bağlandı (gülür).

- Mövzu əvvəlki “Odlu diyar” kimi tarixi idi?

- Bütün mənalarda “Odlu diyar”ın davamı idi. Özü də nə cür var, o cür də davam edirdi. Tarixi ardıcıllıqla gedirdi.

İndi xeyli çap olunmayan nəsr əsərim var.

- “Ədəbiyyat qəzeti”ndə hekayələriniz gedirdi.

- Bir ara mənimlə barışmışdılar. İki-üç povestimi “Ulduz” çap eləmişdi. Sadiq Elcanlı da tərifnamə yazmışdı. Sözün düzü, mən ondan heç gözləmirdim. Elə gözəl tərifnamə yazmışdı ki... “Vaqif Nəsib unudulmaz unudulanlardandır”.

“Ədəbiyyat qəzeti” üçün “Üç adamın qırmızı günü”, “Stalinin Bakıdan aldığı intiqam”, “Beriyadan aldığı intiqam”, “Bansız səhər” hekayələrim çap olundu. O vaxt Bağırov pioner imiş, xorda oxuyurmuş. Musiqi müəllimi ona həmişə deyirmiş ki, sən xoruz buraxırsan. Hakimiyyətə gələndən sonra Bağırov bir gün Qubaya gedir, həmin müəllimi salır otağa ki, hər səhər xoruz kimi banlamasan, sənin günahından keçməyəcəm. O da banlamır, ürəyi partlayıb ölüb. Belə-belə maraqlı məsələlər vardı o hekayələrdə, yavaş-yavaş çap eləyirdilər. Ta ki Vaqif Səmədoğlunun yubileyində Anar mənə söz vermədiyi üçün onunla mübahisə edənə kimi... Mən tədbirdən çıxanda dedim, Vaqifin ən yaxın dostlarından biri olmuşam, danışmaq mənim də haqqımdır. Anarsa arxamca deyib ki, hər oxuyan Molla Pənah olmaz, nə bilim nə... Onun da bütün qul-beçələri orda idi. Anarın bu münasibətindən sonra “Ədəbiyyat qəzeti” yazılarımı vermir. Vermir verməsin heç.

- “Azərbaycan” jurnalında “Sənsizlik, mənsizlik, onsuzluq” romanınız çıxmışdı. Bu həmin hadisədən sonra idi, yoxsa əvvəl?

- Orda bir amnistiya vermişdilər. Məmməd Oruc yazmışdı ki, mən inanmıram, bundan sonra Azərbaycan ədəbiyyatında bu dildə, bu üslubda bir roman yarana. Nizami Cəfərov da zarafatla demişdi ki, bu “Cəfəroğlunun qayıtması”na oxşayır. “Azərbaycan” jurnalı keçən ilin üç nömrəsində romanımı verdi. Həmin Məmməd Oruc da doğrudan yaxşı bir yazı yazmışdı, ürəklə yazmışdı.

- Məmməd Oruc özü də gözəl yazıçıdır...

- Hə, elədir. Məmməd Orucun qolunun gücünə o roman getdi, yoxsa verməyəcəkdilər.

- Vaqif müəllim, biz indi müstəqilik, həmin o 60-cılar, 80-cilər dövrü keçib. İmkanınız olmadı, bu əsərləri kitab şəklində çap edəsiniz?

- Çox qəribədir ki, Qazax tərəfdə nə qədər imkanlı adamlar vardı, hamısı qara dəftərə düşdü. Kimlər ki, mənə kitabımı çıxartmağa söz vermişdi, ya tutuldular, ya infarktdan öldülər, ya da vəzifədən çıxarıldılar. Özümün də elə imkanım olmadı.

- Doğrudanmı, elə bir dostunuz yoxdur ki, kitabınızı çap elətdirsin?

- Yoxdu. Bir dəfə dostlarımızdan biri məndən xəbərsiz şəklimi çəkmişdi. Oturmuşduq skamyada, küləkli gündə. Özü də üstünə yazmışdı ki, Vaqif Nəsibin imkanı yoxdur kitabını çap etdirməyə. Belə bir təhqiramiz şey yazmışdı. Mən də dedim, belə istəmirəm, bu sədəqə yığmaq kimi bir şeydi. Bir dəfə, məndən xəbərsiz, sağ olsun, şeirlərimi ordan-burdan yığıb Elçin İsgəndərzadə çap elətdirmişdi. Axırıncı şeir kitabım elə odur: “Lalların əli danışır”. Özü redaktoru olub, bütün nüsxəsini də İçərişəhərə gətirib mənə vermişdi. Mən də satışa vermədim, elə dostlara payladım.

- İndi kitab şəklində çap olunmayan neçə romanınız var?

- Deməli, “Azərbaycan” jurnalında mənim dörd romanım çıxıb. Səkkiz də povestim çap olunub “Ulduz”da. 90-cı illərdən bəri çap olunmurdum. Elçin İsgəndərzadə şeirlərimi buraxandan sonra dedi, Vaqif müəllim, bir az əlimə imkan düşsün, sənin o “Sənsizlik, mənsizlik, onsuzluq” romanını buraxacam. İndi kağızı da bahalaşdırıblar, dedi, qoy görüm hardan tapıram. Jurnallarda çap olunanlardan bəlkə qəpik-quruş yığıb kitab çıxardaram deyə fikirləşirdim. O da heç oldu. Povestlərimin qonorarını almağa gedəndə, dedilər, yazıçı dostumuz xəstədir, onun müalicəsinə gedəcək. Onsuz da Yazıçılar Birliyinin üzvü olmadığıma görə qəpik-quruş yazmışdılar.

- Üzvə baxmırlar axı...

- Bu yaxında şeirlərimi aparmışdım. Tənqid elədiyim Qəşəm Nəcəfzadə 20-30 şeirimi götürmüşdü. Özü də dedi, Vaqif müəllim, mən son illər belə şeirlər oxumamışdım. Həmən o Anarın münasibətindən sonra İntiqam Qasımzadə mənə nə desə yaxşıdır? “Bax, gör nə qədər şeir var, növbəyə qoymuşuq, gedəcək”. Mən də dedim, bura “JEK” idarəsidir, nədir? Sən ədəbi jurnalın baş redaktoru yox, ədəbi dəyirmanın baş dəyirmançısısan. Burda əsərlər bədii keyfiyyətinə görə çap olunmalıdır, növbəyə dayanmamalıdır.

Elçin Əfəndiyev demişdi, get, sənə prezident təqaüdü verəcəklər. Bir az yaradıcılığıma kömək olar, qayğılardan uzaqlaşaram deyə düşündüm. Gəldim, pah! Dedi, səndən əvvəl nə qədər adam var, gəlin yığışaq, müzakirə edək. Orda da dedim, məndən qabaq sənsən, mən də səni olsa-olsa dibçək yazıçısı hesab edirəm. Fikrət Qocadır, üç badam bir qoz nəğmələr yazan. Sonra mətbuatda yazmışdı ki, bunlar, yəni, mən, başa düşmürlər ki, prezident təqaüdü yazıçıların sosial şəraitinə görə deyil, istedadına görə verilir. Mən də bir məqalə yazdım ki, bunun atası Rəsul Rza az qala rənglərin simfoniyasını bəstələmişdi “Rənglər” poemasında. Anar isə “Rənglər”dən yalanları üçün istifadə edib. Bunun yeddi rəngli yalanını demişdim.

- Özü də dost olmusunuz...

- “Qobustan” jurnalında da bir işləmişik. Demək, o vaxt Anar əsərlərini mənə verirdi. “Dədə Qorqud”u verəndə, dedim, Anar, tərif deyim, yoxsa olanı deyim. Dedi, yox, əlbəttə, olduğu kimi de. Sən demə, bu çox kinli adammış. Dedim, onda bunu iki imza ilə buraxdır: Azərbaycan xalqı və Anar. Yəni, yaradıcı heç nə yoxdur. Burnunu salladı, dedi, kaş hamıya qarşı belə obyektiv olasan. Sonra bunun “Drujba naradov”da əsəri çıxmışdı. Əkrəm, mən, bir də bu oturmuşduq. Mən orda dedim, Anarın yaradıcılığının 70 faizini “literaturşina” hesab edirəm, həyatdan gəlmə heç nəyi yoxdur. Əkrəm durub məni öpəndə bu qəzəbləndi.

- Bəlkə elə sizin davanız bu idi: həyatdan gəlmə və kitabdan gəlmə? Yəni estetik dava idi...

- Bu adam nəyə görəsə həmişə məni qoz qabığına soxdu. Yazıçıların ovaxtkı ev növbəsindən bircə mənim adımı çıxartdılar, verdilər rusdilli bir yazıçıya.

- Çox acıdil olmusunuz yəqin...

- Yox. Acıdillik demək olmaz.

- Yusif Səmədoğlu ilə aranız necə idi?

- Onunla əla idi. Yusifin heç olmasa etirafı vardı. Bir dəfə dedi ki, “İncə dərəsində yaz çağı” hekayəsini sənin “Fərdi təqaüd” hekayəni oxuyandan sonra yazmışam. Yusif kinli adam deyildi. İşləyən də deyildi. Vaqif Səmədoğlunun bir sözü vardı, deyirdi, başqalarını Allah öldürür, Vəkilovları yatmaq! Hamısı 12-də durub işə gəlirdi. Arada “Ulduz”da da bir işləyəsi olduq. İsa İsmayılzadə o vaxt axının qarşısını alırdı, həm də bir az tündlük vardı xasiyyətində. Yusif işə gec gəlirdi həmişə. Mən onda publisistika şöbəsinin müdiriydim. İş də yox idi. Birdən İsa gəlib dedi, işə-zada gəlmirsən, nə bilim nə... Dedim, İsa, get bu tonda evində xanımınla danış. Yusifin demokratlığını deyirəm e... Bunun işə gəldiyi günlər bayram olurdu. Hə, işə gəlmişdi, konyak da gətirmişdi. Dedi, gəl vuraq. Dedim, qoy konyakdan qabaq sözümü deyim, elə bilmə ki,keflənib danışıram. Bu İsanın sənə gücü çatmır, mənə deyir, niyə işə gəlmirsən, sən onu başa sal. Yusif dedi, özüm bilirəm, ona nə deyəcəm. İsanı yanına çağırdı. Dedi, İsa, burda beş redaksiya var, ikisini mən “kurirovat” eləyirəm, birinci növbədə də publisistikanı. Onun sənə dəxli yoxdu. Get, qalan üçü ilə məşğul ol. Ondan sonra məsələ həll olundu.

- O məşhur söhbətiniz də var. Getmisiniz ki, Moskvadadır. Siz işdən qaçmısınız Moskvaya, görübsünüz baş redaktor Yusif Səmədoğlu da ordadır.

- Hə, dedi, dərdiş, yaxşı oldu rast gəldik, bir-iki gün kef eləyərik. Mən də yalandan, “xala xətrin qalmasın” deyə dedim, yox e, bir-iki günə qayıtmalıyam, jurnalda işim-gücüm var (gülür). O da güldü, zarafatı tutdu, dedi: “İşləyən canına quzu kəsim”.

- Maraqlı adam idi.

- Kinostudiyada bir yerdə işləmişik. Ssenarilər yazırdım, orda da bəxtim gətirmədi. “Oğul” adlı ssenarim vardı. Adil İsgəndərovun vaxtına düşmüşdü. Adil İsgəndərov orda özünə balaca pinəçi rolu götürmüşdü. Yolun qırağında oturur, kəndin girəcəyində. Birdən-birə, Adil İsgəndərov getdi, yerinə Cəmil Əlibəyov gəldi. Bu da gəldi, birinci Yusifi çıxardı işdən. Mənim də əsərimi müzakirə elədilər. O film çəkiləcəkdi, özü də böyük səs-küy salacaqdı. Bədii şurada müzakirəyə qoyulmuşdu. Fərman Kərimzadə dedi, olduqca gözəl əsərdir. İsi Məlikzadə dedi, Cəmil müəllim, mənim də yazdığım ssenarilər var, amma Vaqif Nəsibinki başqadır. Cəmil Əlibəyov nə desə yaxşıdır? İl boyu sizə Marksın, Leninin əsərlərini oxutduracam, mənim “Redkollegiyama” bax! Anti-sovet əsərdir, vəsslam! İstədim deyəm, antisovet sənin atı minib İrana qaçan dədəndir! Amma susurdum. Çünki 6 min qonorar almışdım. Onu geri istəyə bilərdi. Tısbağanı da beli üstünə çevir, bəsdi. Beləliklə, mətanətlə susası oldum (gülür). Ən axırda Cəmil məni çıxartdı ordan.

- Vaqif müəllim, 60-cılar nəslindənsiniz. Öz nəslinizdən kimləri bəyənirdiniz?

- O vaxt əsasən şeir yazırdım. Və özümü tərifləmək kimi çıxmasın, məhsuldar idim. Elə şeylər var ki, şeirin çərçivəsinə sığmır, genişdir. Ona görə, nəsrə keçməyə hazırlaşırdım. Bunu sürətləndirən də İlyas Əfəndiyevin “Bahar buludları” hekayəsi oldu. Nədənsə, heç bir “Seçilmiş əsərlər”ində o hekayə yer almayıb. Əkrəm Əylislinin “Ürək yaman şeydir”, “Kür qırağının meşələri”, sonra İsa Hüseynovun “Kənddə toydur”, İsi Məlikzadənin “Duz” hekayələrini oxuyandan sonra günlərin bir günü “Cəfəroğlunun qayıtması”nı yazdım. Bunu da dedilər ki, Türkiyədəki Əhməd Cəfəroğlunu nəzərdə tutmusan. “Omaroğlunun qayıtması” adıyla nəşr olundu.

- Bəs, nəsr kitablarınız nə vaxt çap olundu?

- İlk nəsr kitabım “Uzundərə” oldu. Onu da çox tənqid elədilər. Deyirdilər, feodalizm dövrünü ədəbiyyata gətirib.

- Ümumiyyətlə, kənd nəsrinə münasibətiniz necədir?

- Ədəbiyyatın predmeti insandır. Onun kəndli, şəhərli olmağının nə dəxli var? Tanıdığın adamdan yazmalısan. Yazıçının məharəti onda olmalıdır ki, çoxlu adam tanıya və xarakterləri bir-birindən fərqləndirməyi bacara. İstedadı da öz yerində.

- İndi ədəbiyyatı izləmək imkanlarınız necədir? Müasir romanlardan nələrisə izləyə bilirsiniz?

- Axırıncı dəfə Elçinin “Baş” romanını oxudum, xoşuma gəldi. Mövzu məni çox tutdu. Yazı da yazmışdım, “Ədəbiyyat qəzeti”ndə çap olundu. Səməd Vurğunun üstü örtülü bir poeması vardı: “Aslan qayası”. O vaxtı üstüörtülü yazıb canını qurtarmışdı. Heç kim bilmirdi ki, Sisyanovun başını Bakı xanı Hüseynqulu xan kəsməyib, bacısı oğlu kəsib. Elçin bu romanla Azərbaycanda kəsilən başları ümumiləşdirə bilib. Qacarın başı qalır, bədəni İrana gedir, Sisyanovun bədəni qalır başı İrana gedir. Ordan da Hacı Muradın başı Rusiyaya gedir.

- Başqa hansı müasir əsərlərlə tanış olmusunuz?

- Vallah, açığı, son zamanlar ancaq yazı-pozuyla məşğulam. Oxuya bilmirəm. Sözün həqiqi mənasında özümü təcrid edirəm. İndinin özündə, yay vaxtı təzə romanımı yazıram. “Allaha doğru”dur adı. Zaqafqaziyanın üç oğrubaşının taleyindəndir. Birinci erməni, ikinci gürcü, üçüncü azərbaycanlı. Bunların üçü də dahi olacaq adamlardı, gəlib həyatın bu tərəfinə yuvarlanıblar. Azərbaycanlı obrazın ata-anası bilinmir, uşaq evində böyüyüb. Türmədə ona bir imanlı adam deyir ki, atasız, anasız da yaşamaq olar, ancaq dinsiz-imansız yox. Həmin adam Allaha doğru öz dinini axtarır.

- Yaşınıza görə kifayət qədər əsər yazmısınız. Ancaq təəssüf ki, kitab şəklində çoxu çap olunmayıb. Bu mənada Vaqif Nəsibi bəxti gətirməyən yazıçı adlandırmaq olarmı?

- Yazıçıların bəxtinin gətirməyini onların yazmaq imkanında görürəm. Yaza bilirsə, xoşbəxtdir. Bir dəfə bir tədbirdə Əliyə dedilər, şeir oxu, oxumadı. Dedi, şeir çap olunur, oxucu da oxuyur. Nə qədər elədilər, dedi, yox, istəsəniz, durub oynaram, amma şeir oxumaq yoxdur (gülür.) o məclisdə şeir oxuyan çoxlu populyar şairlər vardı? Onlar dəbə minmişdi, Əli Kərim dəbdən düşmüşdü. İndi necədir? Kimi oxuyurlar? Onları, ya Əli Kərimi?

- Yəni tanınmağınızdan narahat deyilsiniz?

- Yox. Məni narahat edən başqa bir şeydir. Deməli, Azərbaycan bir neçə məsələdə Ginnesin “Rekordlar kitabı”na düşə bilər. Misal üçün prezident təqaüdləri... Bunu ilk alanlar kimlərdir? Fətəli Sahib, Cavad Cavadlı, Ramiq Muxtar, Ramiz Heydər, Xeyrəddin Qoca. Bunlar kimdir belə? Sonra ev bölgüsü... Dörd yazıçını birləşdiriblər ki, evləri satılanda pulunu alacaqlar. Yazıçılar Birliyinin nizamnaməsində var: ordakı texniki işçilər sovet vaxtı raykomda növbəyə dururdular. Bu evlər Yazıçılar Birliyinin üzvlərinə verilməlidir. İndi mühasibə dörd otaqlı ev veriblər.

- Vaqif müəllim, siz üzvlük vəsiqəsini atmısınız eşitdiyimə görə...

- Filarmoniyada Yazıçılar Birliyinin qurultayında bileti Anarın üstünə atdım. Dedim, sizin kimilərlə bir təşkilatda qalmaq istəmirəm. “Yol” qəzetində bir səhifə məqaləm çıxmışdı. O məqalədə Anarı qatil hesab eləmişdim. Biz o vaxt danışmışdıq ki, Yazıçılar Birliyinin katibliyinə Vidadi Paşayev gəlsin. “Gənclik” nəşriyyatında baş redaktor işləmişdi, Anardan da qat-qat savadlı adam idi. Hətta, məni şair kimi qəbul eləmirdi, buna baxmayaraq, istədim elə o olsun. Anar bunu qəbul eləmədi, Çingiz Abdullayevi gətirdi katib təyin etdi. Əkrəm Əylisli yaxşı yazmışdı ki, vaxtı ilə Azərbaycanı “Ağdam” çaxırına görə tanıyırdılar, indi nəsrimizi Çingiz Abdullayevə görə tanıyırlar. Anarın iş üsuluna bax. Yazıçılar Birliyinə kimləri qoyub? İntiqam Qasımzadə nə şairdir, nə yazıçıdır, nə tənqidçidir, nə tərcüməçidir, heç kimdir. Heç kimi gətirib Yazıçılar Birliyinin əsas ədəbi orqanı “Azərbaycan”a baş redaktorluğa. “Literaturnaya Azerbayjan” jurnalına kimi qoysa yaxşıdır? Mirzə İbrahimovun ömründə bir sətir yazısı olmayan qızını. Yazıçılar Birliyində bu qədər işsiz adam var, gedib ancaq istedadsızlara iş veriblər. Mən özüm vəzifə ummamışam. Anar öz üstünlüyünü, təhsilini atası hesabına qazandı. Sonra da vəzifə hesabına. Anar vəzifə hərisliyi artıq onun gözlərindən hiss olunur.

- Bəs necə dolanırdınız?

- Mən arada Türkiyədə işlədim. Hətta köşə yazarı oldum bir ara. “Yeni Günaydın” qəzetinin yeganə xarici köşə yazarı idim. “Qafqazlarda nələr olur” adı altında türkcə yazılar yazırdım. Türklər Osmanlı şairlərini başa düşmürdülər. Mən o şairləri çağdaş türk dilinə çevirib qonorar alırdım.

- Çox adam bilmir ki, siz Şaiq Vəlinin xalası oğlusunuz...

- Hə. İlk kitabını da mən buraxmışam. O vaxt kitabını “Gənclik” nəşriyyatına vermişdi, çap eləməmişdilər, o da direktor Əzizə xanımdan şikayət yazmışdı. Mən onları görüşdürəndə Əzizə xanım dedi, bu adam özü boyda mikrobdur. Dedim, Əzizə xanım, o özü boyda nurdu!

- Həqiqətən də nur kimi adam idi.

- Şaiqi Qorki İnstitutuna da mən apardım. Azərbaycanın Puşkini kimi təqdim eləmişdim orda (gülür).

- Sizin Əskipara kəndi də Qazaxa o qədər oxşamır. Şaiqin şeirləri də ənənəvi qazaxlı şairlərdən çox fərqlənir.

- Biz ora Osmanlıdan gəlmişik. Şiə kimi oralardan köçürüblər bizi. Pulumuz da orada işləmədiyindən əski para deyiblər.

- Amma sizdə də xeyli qazaxlılıq var...

- Bu, Səməd Vurğundan sonra gələn söz-söhbətlərdir. Ordan Mehdi Hüseyn, İsa Hüseynov, İsmayıl Şıxlı kimi ciddi imzalar çıxıb. Səməd Vurğun onların əlindən tutub yazdırmayıb ki.

- Sizin İçərişəhərdə düşməyiniz də qəribədir. Qazax, Əskipara, İçərişəhər...

- İçərişəhər əvvəldən xoşuma gəlirdi. Cavan vaxtdan bir növ insan ovçusu olmuşam. Ordakı adamlar maraqlı gəlirdi mənə. Sovet vaxtı ev düşmədi mənə. İttifaq dağılandan sonra mənim gözüm İçərişəhərdə qaldı. Həyətdə ev satılırdı, ucuz qiymətə. Satan da bir vicdanlı qadın idi. Tez oranı aldım, doqquz mərtəbədən canım qurtardı.

Söhbətləşdi: Şərif və Ayxan

news-inner-user
Ayxan Ayvaz

474 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ölmək sənəti – Ağalar Qut yazır...
17:25 29 Noyabr 2020
“Cinema Radio”nun rəhbəri: “Onun səsi ilahi vergidir” – Müsahibə
17:04 29 Noyabr 2020
Nabokovdan hekayə: Sərnişin
15:30 29 Noyabr 2020
Atası xalq düşməni kimi güllələndi, bir manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı... – Maraqlı faktlar
12:00 29 Noyabr 2020
İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
16:28 28 Noyabr 2020
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
15:01 28 Noyabr 2020
Bu nədir, Allahı danmaqdır? – Elçin yazır...
13:30 28 Noyabr 2020
"Şəngülüm, Məngülüm" tamaşası onlayn nümayiş olunacaq
12:01 28 Noyabr 2020
Türkiyədə "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert keçirildi - Foto
10:27 28 Noyabr 2020
Fuad Poladov: Qızla zirzəmidə görüşdüyümə görə məni məktəbdən qovdular – Müsahibə
09:00 28 Noyabr 2020
Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020