news-inner
clock11:54 calendar-gray 26 May 2016 view-gray417 dəfə oxunub
view-gray417 dəfə oxunub

Avropaya “bioloji bomba” atan türk sərkərdəsi

Kulis.Az İlqar Fəhminin “Qapalı dairə və ya, bitmək istəməyən XX əsr” məqaləsinin onuncu hissəsini təqdim edir.

Yazının doqquzuncu hissəsini burdan oxuya bilərsiz.

Humanizmin xəstə rüşeymləri

Yazımızın əvvəlki fəsillərində İntibah mədəniyyəti və onun əski Avropa mədəniyyətindən əsas fərqləri barədə yazmışdıq. İnsanlaşmaq, insanlaşdırmaq mövzularına da səthi toxunmuşduq.

Bu isə birbaşa Humanizm fəlsəfəsinin təşəkkül tapması demək idi, çünki «humano» latın dilində insan deməkdi…

İndi isə zənnimcə «Humanizm fəlsəfəsi» kimi tanınan həmin «insanlaşmaq», «insanlaşdırmaq» meyllərinin rüşeyminə diqqət etməyimiz və bu rüşeymin boy atması prosesindəki bəzi spesifik məqamlarına fikir verməyimiz lazımdır…

Ən əvvəl bu təfəkkür tərzinin yaranmasıyla bağlı fərziyyələrdən bəzilərini nümunə gətirmək istəyirəm. Çünki adətən biz inkişafdan, proqressdən danışarkən, bu prosesin yaranma səbəbləri barədə demək olar ki, düşünmürük. Sadəcə bilirik: Avropa inkişaf elədi, ağıllandı, o biri xalqlar inkişaf eləmədilər, cahil nadan olaraq qaldılar… Sual olunur niyə? Yaxud başqa cür - Niyə məhz Avropa?

Bu sualı müxtəlif yerlərdə səsləndirəndə yüzlərlə cavab almışam, lakin əksər hallarda cavab determinizmdən uzaq olub. Sadəcə «onlar bunu bacardılar, başqaları isə bacarmadı.»

Bunu dini görüşlərlə bağlayanlar da var. Misalçün bizdə İslam dini inkişafımıza mane oldu…

Məgər Avropa dinsiz idi? Bəs niyə xristianlıq mane ola bilmədi bu inkişafa? Halbuki mane olmağa çalışırdı. Bütün başqa dinlərdə olduğundan daha çox çalışırdı. Var gücü ilə. Elə bircə inkvizisiya tarixinə fikir versək, bunun şahidi olarıq. Ancaq insan əqlinin, insanlaşmağın qarşısını almaq mümkün olmadı. Niyə?

Çünki insanlaşmaq, insanlaşdırmaq cəhdi Avropada başqa yerlərə nisbətən daha güclü idi. Yenə növbəti “niyə” ortaya çıxır…

Təbii ki, bu “niyələr”i sonsuzluğa qədər uzatmaq olar, ancaq mənim istədiyim bu deyil və əslində hadisənin həqiqi səbəbləri yeddi möhür altındadır. Nə qədər fərziyyələr irəli sürsək də, yenə də həqiqətə nə dərəcədə yaxınlaşdığımızı dəqiq söyləmək çətin olacaq. Məqsədim odur ki, bu prosesin səbəbləriylə bağlı bəzi hipotezləri oxucuların diqqətinə çatdırım, çünki məhz bu fərziyyələr «Humanizmin» və sonrakı elmi-texniki inkişafın bəzi gizli məqamlarını bizə aydınlatmış olacaq…

Beləliklə, yenə də təxminən altı yüz il əvvələ qayıdan və dünyanın on beşinci əsrdən əvvəlki tarixinə diqqət edək…

O vaxta qədər dünyada bir çox sivilizasiyalar, mədəniyyətlər inkişaf eləmişdi. Şumer-Babil sivilizasiyasından tutmuş Hind-Çin sivilizasiyasına qədər hər yerdə oxşar hadisələri müşahidə olunur - ideologiya (dini, səmavi, metafizik və ya oxşar məzmunlu) insan əqlinin inkişafını nəzarətdə saxlayır, yalnız ideologiyanın icazə verdiyi qədər fəaliyyət göstərməyə imkan verir. Hətta haqqında çox danışdığımız antik Yunan-Roma sivilizasiyasında da oxşar vəziyyəti görürük. Orda da insan əqli nəzarətdə idi, əgər belə olmasaydı, Yunan fəlsəfəsi ilə İntibah fəlsəfəsi arasındakı min beş yüz illik zaman fərqi olmazdı, elə Antik fəlsəfə yavaş-yavaş inkişaf edərək bizim anladığımız mənada elmi-texniki tərəqqiyə gətirib çıxardardı və biz bugünkü texnikanı təxminən İsa peyğəmbərin zamanında müşahidə eləmiş olardıq…

Bəs niyə dayandı? Çünki dediyim kimi, ideologiya var idi və insan əqlini daim nəzarətdə saxlayırdı. Bəli, əql-şüur fəaliyyətdəydi - insanlar öz rifahını yaxşılaşdırmaqçün, təbii fəlakətlərdən müdafiə olunmaqçün müxtəlif vasitələr axtarırdılar, tapırdılar, elm də passiv deyildi, müəyyən nailiyyətlər əldə eləmişdi. Biz dünyanın intibahdan əvvəlki elm və texnikasının tarixinə fikir versək görərik ki, o vaxtın bir elmi kəşfləri o qədər mükəmməl olub ki bu günə qədər bəşəriyyət tərəfindən istifadə olunmaqdadı. İstər Çin, Hindistan, istər Antik ölkələr, istərsə də Müsəlman Şərqinin tarixi barədə danışanda, «insanlar düşünmürdü, ağılsız, cahil idi» fikrini deməyin özü ən böyük cahillik əlaməti idi. Ancaq burada kiçik bir detal var ki, onu mütləq qeyd eləməliyik…

"Aykido"dan "karateyə" doğru

Bütün bu sivilizasiyalarda ideologiyanın, əqidənin kanonları, çərçivələri insan əqlini, zəkasını nəzarətdə saxladığına görə, yalnız icmanın təbii fəlakətlərdən müdafiəsinə, minimal rifahına xidmət edən vasitələr barədə düşünməyə imkan verirdi. Başqa sözlə desək, ideologiya əqlin yalnız aykido qanunları çərçivəsində fəaliyyətinə meydan açırdı.

(Aykido başqa şərq döyüş növlərindən onunla fərqlənir ki, orada hücum fəndləri yoxdur, yalnız və yalnız müdafiəyə hesablanıb. Ona görə də aykido üzrə çempionatlar keçirilmir.)

Ağıla imkan verilirdi ki, insanın təbiətdən, ətraf aləmin fəlakətlərindən və başqa təsirlərdən qorumaq üçün vasitələr tapsın, ümumi rifahı qismən yaxşılaşdırsın. Lakin əqlin inkişafı qaranlıq tərəfə meyllənib toplum və təbiət üçün təhlükəli həddə yaxınlaşanda və insan təbiət üzərinə hücuma keçmək fikrinə düşəndə, sonrakı inkişaf dayandırılırdı. Başqa sözlə desək, aykidonun karateyə keçməsinin qarşısı müxtəlif vasitələrlə qəti və ciddi şəkildə alınırdı…

Qədim dövrlərdə insanın "şıltaq", "odlu" zəkasını «ocağa, tonqala», səmavi ideologiyaları isə, «bu ocağın yanındakı su çəlləyinə» bənzədirdilər…

Ocaq, tonqal istilik gətirir, odsuz-alovsuz həyat mümkün deyil, amma nəzarətsiz qalsa, tonqal böyük bir yanğına çevirib hər yeri məhv eləyər. Buna görə su çəlləyi əlinin altında olmalı; bir növ, tonqalın başının üstündə Domokl qılıncı kimi dayanmalıdır.

Başqa sivilizasiyaların tarixçəsinə baş vurmaq bizi uzaqlara aparıb çıxardar, bu səbəbdən, elə müsəlman Şərqinin tarixini nümunə gətirməyimiz kifayət edər. Müsəlman sivilizasiyasının dünya elmlərinə bəxş elədiyi kəşflər barəsində yüzlərlə kitab yazılıb və faktdır ki, Qərbin müasir elmi-texniki tərəqqisinin bir çox rüşeymləri məhz müsəlman aləmində atılıb. Fizikadan, kimyadan, cəbr-həndəsədən tutmuş tibb elmlərinə, fəlsəfəyə qədər geniş sahədə müsəlman alimlərinin nailiyyətləri danılmazdır. Cəbr (alqebra) və kimya (ximiya) məfhumlarının özü də müsəlman mənşəlidir.

Yaxşı, bəs sonra nə baş verdi ki, Şərqdə əqlin inkişafı zəiflədi, bu elmi tərəqqi dayandı? Əgər əqlin bu cür “pauza”sı təbii hadisə idisə, niyə Qərbdə bunu müşahidə eləmədik?

Müsəlman şərqinin rassional əqli inkişaf yolundan saparaq, istiqamətini sxolastikaya, təsəvvüfə, metafizikaya tərəf çevirməsini bir çox səbəblərlə izah etməyə çalışıblar, lakin mən düşünürəm ki, burda da eyni proses baş verib. Müdriklər görüblər ki, əqlin bundan sonrakı inkişafı bəşəriyyətə xeyirdən çox ziyan verə bilər. Çünki əql ikili mahiyyətə malikdir. İşıqlı tərəfi olduğu kimi qaranlıq tərəfi var və əgər tam sərbəst buraxılsa, zülmət işığı yeyəcək, rifaha xidmət etməli olan əqlü-zəka dağıdıcı qüvvəyə çevriləcək. (məhz buna görə Jan Jak Russo «riyakar, hiyləgər, fəndgir, fitnəkar ağıllı insan» obrazının müqabilində, bütün bu əqli nailiyyətlərdən məhrum olan saf, təmiz aborigen obrazını qoyur və onu ideallaşdırır - Bu, vəhşi sayılan aborigenin əqli inkişafı aşağı səviyyədədir, buna görə fitnə-fəsad törətmək, hiyləgərlik-riyakarlıq eləmək, siyasət qurmaq imkanlarından məhrumdur. Axı bütün bu mənfi keyfiyyətlər sırf əqlü-şüurun məhsuludur. )

Beləcə, müsəlman Şərqində sırf rasional əqli inkişaf öz yerini mistikaya - irfana, təsəvvüfə verdi, düşünən insanların əqli enerjisi metafizik sahəyə istiqamətləndi və bizim müasir təbirimizcə desək, Şərqin rasional əqli inkişafı dayandı…

Tədbir ilə eşq fayda verməz,

Tədbir diyari-eşqə girməz...

Və ya

Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul,

Əql tədbiridir ol, sanma ki bir bünyadı var...

Bu cür düşüncələr vasitəsiylə əqlin fəaliyyəti əslində bünyadı (özülü) olmayan evə bənzədilirdi. Məlumdur ki, özülü olmayan, yaxud zəif olan ev bir mərtəbə ola bilər, uzağı birtəhər iki mərtəbəli ev tikmək olar zəif özül üstündə. Ancaq daha böyüyünü tikmək təhlükəlidir, çünki cüzi kənar təsirdən aşıb dağıla bilər. Bəs özül, fundament nədir? İman, ilahi eşq, irfan...

Bu düşüncə tərzi on dördüncü əsrdən başlayaraq, müsəlman Şərqində aparıcı mövqeyi ələ keçirtdi və sonrakı yüzilliklərdə Şərqdə əqlin fəaliyyəti də yalnız poeziya və ilahiyyat elmləri ilə məhdudlaşırdı…

Bəs niyə Xristian Avropasının müdrikləri bunu bacarmadılar? Axı qeyd etmişdik ki, bu cəhdlərdə bulunurdular, çox çalışırdılar… Ancaq qələbə qazana bilmədilər…

Dünyada ilk dəfə məhz Avropada müdriklik və iman bu gərgin mübarizədə əqlü-zəkaya məğlub oldu. Başqa sözlə desək, tonqalın yanındakı çəlləkdə su qurtardı…

Yenə də əvvəlki sualıma qayıdıram - Niyə məhz Avropada? Çində yox, Hindistanda yox, müsəlman Şərqində yox… Axı bu sivilizasiyalar qeyd etdiyim kimi, bir çox cəhətdən «Orta əsrlər xristian Avropası»ndan çox-çox irəlidə idi…

Şəxsən mənim üçün həmişə bu sual ən aktual və maraqlı olub. Çoxsaylı alimlər buna cavab vermək istəyiblər, maraqlı və fərqli hipotezlər irəli sürüblər. Və bunlardan ikisi sırf türk xalqlarıyla bağlı olub.

Qiyam və hücum

İnsanın öz əqlü-zəkasıyla silahlanaraq təbiət üzərinə hücuma keçməsini, təbiəti öz düşündüyü kimi dəyişmək cəhdlərində bulunmasını bir çox müasir alimlər ilk olaraq uğursuz müdafiə ilə bağlayırlar. Aykido fəndləriylə tam müdafiə olunmaq mümkün olmadığına görə, Avropa insanı bütün mənəvi-metafizik prinsipləri kənara qoyaraq, «ən gözəl müdafiə hücumdur» şüarını qaldırıb, sanki qəzəbli karateçi kimi gözüyumulu şəkildə, təbiətin üzərinə hücuma başladı… Niyə? Hansı hadisə baş verdi ki, min illər ərzində təbiətdən müdafiə olunmaqla məhdudlaşan insan İlahi qüvvələrə bu qədər qəzəblənərək, göylərə arxa çevirib yerlə mübarizəyə başladı?

Miladın 1394-cü ili. İtaliyanın Genuya şəhərinin limanına Krımdan gələn bir gəminin - «Ölülər gəmisi»nin yan almasını bir çox müasir alimlər « Orta əsrlər xristian Avropası»nın sonu, “İntibah”ın başlanğıc nöqtəsi hesab edir…

Bəs bu gəmi nə gətirmişdi? Adından göründüyü kimi, ölümmü? Təkcə Avropa üçün, yoxsa bütün dünya üçün?

Kosmik şüalanma

Haqqında danışmaq istədiyim və türk etnosuyla bağlı olan fərziyyələr vahid dəlil deyil və heç də hamı tərəfindən qəbul olunmur. Ona görə də şəxsən mənimçün daha inandırıcı və məqbul olan bu fərziyyəni şərh eləməmişdən əvvəl, o biri fikirlərə də ekskurs etmək istərdim…

Dialektik materializm tərəfdarları İntibahı bəşər tarixinin labüd gedişatı kimi izah edirlər. Zərurət və təsadüf nəzəriyyəsini əsas gətirərək bildirirlər ki, inkişaf zəruri idi, hansı bölgədə başlamağı isə təsadüfdü… (Onilliklər ərzində bizim oxuduğumuz dərsliklərdə də hər şey məhz bu cür təqdim olunub. Qısa və konkret.)

Bəzi alimlər İntibahı Günəş sistemində baş verən hansısa naməlum astronomik hadisələrlə bağlayırlar və bildirirlər ki, bu səma hadisələrinin yer kürəsinin bir hissəsinə, konkret olaraq Avropa qitəsinə Günəşin spesifik təsiri nəticəsində insanların əqli inkişafına güclü energetik təkan verilmiş oldu. Günəşdəki partlayışlarla bağlı olan bu şüalanmanın enerjisi o qədər güclü idi ki, heç bir dini-ideoloji sədlər əqlü-zəkanın sıçrayışla inkişafının qarşısını ala bilmədi.

Müsəlman teoloqları isə bu hadisəni təqribən bu cür izah edirlər - Allahın hökmünə görə əhli-kitab dinləri bir-birini əvəz etməliydi və köhnəsi gedib yerinə təzəsi gəlməliydi. İudaizmi xristianlıq, xristianlığı isə islam bütünlüklə əvəzləməliydi. Lakin İslam dini meydana çıxandan sonra, xristianlıq öz vaxtının başa çatmasına baxmayaraq tarix meydanından getmək istəmədi, çünki xristian kilsəsi hakimiyyəti əldən vermək fikrində deyildi. Buna görə də, istifadə müddətinin başa çatdığından zəifləməsinə baxmayaraq, istismar olunmaqdaydı. Bu zəifliyin əlaməti idi ki, kilsə iyerarxiyasında daxili konfliktlər, fitnə-fəsadlar baş alıb gedirdi və xristian din xadimləri insanların mənəvi durumunu, əqlin təhlükəli inkişafını nəzarətdə saxlaya bilmədi… Qısası, xristianlıq köhnəlmiş, vaxtı keçmiş bir əqidə olduğuna görə, insan əqlinin cilovunu əlində möhkəm saxlamağa gücü çatmadı…

Başqa fərziyyələr də var, lakin hamısını açıqlamaq vaxt aparar, heç ehtiyac da yoxdur.

Bir az əvvəl haqqında danışdığımız məşum «Ölüm gəmisi»nə qayıdaq…

Ölüm gəmisi və İntibahın türk izləri

Antik dövrdən başlayaraq əvvəl yunanlar sonra da romalılar başqa dənizlərdə olduğu kimi, Qara dənizdə də ağalıq edirdilər və sahilyanı şəhərlərdə özlərinin ticarət fakoriyalarını açırdılar…

Və budur, miladın 1346-cı ili… Türklərin Kafə, Avropalıların isə Feodosiya adlandırdığı böyük liman şəhərinin ətrafında qızğın döyüşlər gedir. Qızıl Orda xanı Canıbəy Kafəni italyanlardan almaq istəyir. Bu şəhər qul bazarı kimi məşhur idi və ölkə ərazisində bu işlə məşğul olan quldurlar oğurladıqları azyaşlı oğlan və qızları məhz bura gətirib genuyalılara satırdılar, onlar da bu canlı əmtəəni gəmilərlə Avropaya aparırdılar.

Tatar xanı isə bunun qarşısını almaqçün bu qul bazarını dağıtmağa cəhd edir.

Ancaq Kafə uğurla müdafiə olunur. Bu tip liman şəhərlərini hərbi donanma olmadan ələ keçirmək mümkün deyil, qurudan mühasirədə saxlanılsa da, şəhər öz təminatını dəniz vasitəsiylə həyata keçirir…

Və nəhayət donanması olmayan Canıbəy xan uzun mühasirədən bezir və həyasız avropalıları Krımdan qovmaq üçün son vasitəyə əl atır. Əvvəlcə öz qoşunlarını ayağa qaldırır, Kafədən geri çəkilir… ertəsi gün isə…

…Mancanaqla şəhərin qala divarlarına daş parçaları yağdırılmasına öyrəşən müdafiəçilərin təəccübünə rəğmən bu dəfə şəhərə daş yox, qana bulaşmış bir meyid düşür…

Genuyalılar isə Canıbəyin geri çəkilməsindən sevinir… Tatar qoşunu tərəfdən uçub şəhərə düşən meyidi basdırmaq da bir müddət arxa plana keçir, hamı şadyanalıq eləyir, mühasirənin götürməsi bayram əhval-ruhiyyəsi yaradır…

Lakin bir həftədən sonra genuyalıların qoltuqlarının altında qəribə şişlər, yaralar əmələ gəlir və xəstələri heç bir vasitə ilə müalicə eləmək mümkün olmur…

Beləcə, şəhər əhalisi arasında məşum taun xəstəliyi yayılır… (Bu epidemiyanın şahidi genuyalı notarius Alfred de Müssi öz kitabında bu hadisəni təfərrüatına qədər şərh edir.)

Şəhəri bürüyən ölümcül xəstəlikdən can qurtarmaq üçün sağ qalan genuyalıların bir qismi böyük bir ticarət gəmisinə doluşaraq vətənə qaçmağa üstünlük verdilər.

1346-cı ilin payızında Kafədən gəlib Genuya limanına yan alan bu «Ölüm gəmisi» Tatar xanı Canıbəyin yolladığı bioloji bombanın Avropada partlaması üçün qığılcım vermiş oldu.

"Qara ölüm" vahiməsi

Bəli, intibah və humanizm təmayüllərinin genişlənməsini bir çox alimlər XIV-XV əsrdə Avropada tüğyan edən və əhalinin yarıdan çoxunu tələf edən taun epidemiyasıyla bağlayırlar. İlk baxışdan bir qədər qəribə görünə bilər, çünki zaman-zaman dünyanın bir çox yerlərində belə epidemiyaların yayılması faktları qeydə alınıb, on minlərlə insan tələf olub, lakin bu epidemiyaların heç biri təfəkkür titrəyişləri yaratmayıb…

Bəli, həqiqətən də belədi.

Ancaq Avropada vəziyyət başqa cür idi…

Alimlər qeyd edir ki, məhz XIV-XV əsrlərdə, yerin biosferində hansısa dəyişikliklər baş verib, yer kürəsinin bəzi yerlərində iqlim dəyişiklikləri, qəfil soyuqlaşmalar qeydə alınıb ki bu da əkinçiliyə, maldarlığa mənfi təsir göstərib. Əkinlər və mal-qaralar tələf olub, aclıq və xəstəliklər yayılıb…

Son iki min ildə ən soyuq iqlim məhz həmin əsrlərdə qeydə alınıb… Bunu «kiçik buz dövrü» də adlandırırlar. Belə fikir irəli sürülür ki, məhz həmin iqlim dəyişikliyi zamanı Qobi səhrasında taunun ocağı yaranıb, siçovullar vasitəsiylə ətrafa yayılıb, daha sonra tacir karvanları bu xəstəliyi Orta Asiyaya, Cənubi Rusiya çöllərinə və sair yerlərə yayıblar. Təbii fəlakətlərin çoxalması ucbatından zəif qidalanan insan orqanizmi bu virusla mübarizə aparmaqda çətinlik çəkib…

Ancaq köçəri türk xalqları qədim dövrlərdən başlayaraq bu tip yoluxucu xəstəliklərlə yeganə mübarizə yolunu kəşf eləmişdilər - bu vasitə, karantin idi…

Asiya çöllərində insanlar sıx məskunlaşmamışdı və hər hansı bir şəhərdə, qəsəbədə bu xəstəliyin əlaməti aşkar olunurdusa, o saat ətrafla bütün əlaqələr kəsilirdi, görünən yerlərdə qara bayraqlar asılırdı ki, şəhərə (kəndə, obaya) kənardan gələnlər bilsinlər ki, burda taun vəba və ya, başqa virus var və yaxınlaşmasınlar.

Beləcə, epidemiya lokallaşdırılırdı. Və bundan sonra qırx gün gözləyirdilər. Virusa yoluxmuş orqanizm bu xəstəliklə qırx gün mübarizə aparırdı, ya təslim olurdu, ya da qalib gəlib virusu məhv edirdi… Bir müddət sonra sağ qalanlar epidemiyanın sovuşduğunu görüb qara bayraqları endirirdilər… Məhz buna görə, xəstəlik çox da yayılmırdı, çünki virusun daşıyıcısı olan siçovullar susuz çöllükdə böyük məsafələr qət edə bilmirdilər…

Ərazisi o qədər də böyük olmayan Avropada isə əhali çox sıx yaşayırdı və şəhərlərdə antisanitariya hökm sürürdü, kəndlər və qəsəbələr bir-birindən çox da aralı deyildilər…

Bu səbəbdən Tatar xanı Canıbəyin bioloji silahı Avropanın altını üstünə çevirdi…

Bəzi müasir alimlər mənbələrdə «Qara ölüm» adlandırılan epidemiyanın dəqiq taun olduğuna da şübhə edirlər, bildirirlər ki, bu nəsə daha ağır xəstəlik olub, lakin o dövrün tibbi onu təyin etməyə çətinlik çəkdiyinə görə, adət etdikləri kimi taun (çuma) adlandırıblar…

Təfəkkür sürüşmələri

Karantin və epidemiyanın lokallaşdırılması barədə məlumatı olmayan Avropanı bu xəstəlik onilliklər, yüzilliklər boyu biçib tökməklə məşğul olurdu. Bir yerdə kökü kəsilirdisə, bir müddət sonra təzədən başqa yerdən gəlib düşürdü, xəstəliyin yeni dalğası yayılırdı… Tarixçilər yazır ki, iki yüz il ərzində tüğyan edən bu «Qara ölüm» epidemiyaları nəticəsində Orta əsrlər Avropası öz əhalisinin dörddə üçündən (bəziləri daha böyük rəqəmlər qeyd edir) məhrum oldu.

Bu situasiyada insanların hansı psixoloji duruma düşdüyü, hansı mənəvi əzablar, hansı dəhşətli qorxular keçirdiyini təsəvvür eləmək belə çətindir. Hər gün ətrafında onlarla insan xəstələnib ölür və sən də hər an, hər dəqiqə öz bədənində bu məşum şişlərin yaranacağı vahiməsiylə yaşayırsan.

(Covanni Bokaççonun məşhur «Dekameron» əsəri də məhz bu cür taun epidemiyasının təsviri ilə başlayır və süjet bir dəstə cavanın şəhərdə yayılan «qara ölüm»dən qurtulmaq üçün şəhərətrafı bir malikanəyə sığınıb, başlarını qatmaq üçün cürbəcür açıq-saçıq hekayətlər danışması üzərində qurulub…)

Və məhz bu yüzillik ərzində fanatik möminliyi, qatı dindarlığı ilə hətta İslam dünyasını da üstələyən xristian Avropasında təfəkkür sürüşmələri baş verməyə başladı.

Nədəydi bu sürüşmələr? İnsanların şüurunda dəyişən məqamlar hansılar idi?

İlk olar qeyd olunur ki, insanlarda Tanrının mərhəmətinə və lütfünə şübhə yaranmış oldu. Axı uca Tanrı insanları bu qədər sevirsə, niyə belə ağır, dözülməz cəzaya məruz qoyur?

İkincisi, ruhanilərin, din xadimlərinin kilsələrə toplaşıb Tanrıya yalvarmasının, xəstəliyin qarşısının alınması üçün dua etməsinin heç bir əhəmiyyəti yoxdur, çünki kilsə xadimlərinin özləri o qədər günaha batıb ki, Tanrı onları eşitmir.

Üçüncüsü, «Qara ölüm»ün cəngindən ali mənəvi, ruhani dəyərləriylə seçilən möminlər yox, daha çox fizioloji cəhətdən güclü orqanizmə malik olan insanlar qurtula bilir… Deməli xilas üçün Ali ilahi dəyərlərin heç bir önəmi yoxdur, vacib olan orqanizmin fizioloji gücü, immunitetidir(yəni səmavi güc yox, dünyavi, fizioloji güc).

Məncə, tarixçilərin qeyd etdiyi son məqam daha əhəmiyyətli olub. Bəli, insanı ölümdən səmalar, göydən enən ilahi vəhylər, metafizik-mistik hisslər yox, sırf fizioloji güc və dünyəvi iradə xilas edəcək. Buna görə də, İsa Məsihin qalxdığı göylərə zillənən baxışları aşağı endirmək, Əql və zəka vasitəsiylə təbiətə və insana daha diqqətlə baxmaq, daha yaxşı öyrənmək və onu dəyişmək lazımdır… “Qara ölüm”dən yeganə xilas yolu budur… Təbiətdən müdafiə prosesi təbiətə hücum mərhələsinə adlamış oldu…

Türklərlə bağlı bir fərziyə də bundan ibarətdir ki, Osmanlı ordusu Konstontinopolu alıb Avropa üzərinə basqıya keçməsi, Avropada bir bomba partlayışı effektini yaratmışdı. Avropalılarda dəhşətli xof, vahimə əmələ gəlmişdi, elə düşünürdülər ki, müsəlmanlar az zamandan sonra bütün Avropanı ələ keçirdib hər yerdə islam bayraqları dalğalandıracaq. Və bu hücumu dəf etməkçün, keşişlərin duaları, müqəddəslərin yalvarışları kifayət eləmir, əgər kifayət eləsəydi, xristianlığın ikinci dini mərkəzi -"pravoslavlığın Roması"nı Tanrı kafirlərdən qoruyardı... Amma qorumadı. Deməli bizi də qorumayacaq... Çarə nədir? Əqli-şüuru işə salıb müdafiə vasitələri, yeni silah-sursatlar yaratmaq, müsəlmanların qarşısına sipər çəkmək lazımdır...

Bəli, bəzi tarixçilərin fikrinə görə Avropanın rasional inkişafının əsas səbəblərindən biri də Osmanlı basqısı olub... Lakin şəxsən mənim fikrimcə, "taun" versiyası daha inandırıcı görünür...

Zənnimcə, intibahın və elmi-texniki inkişafın rüşeymini təşkil edən «insanlaşmaq», antroposentrizm, humanizm fikirlərinin yaranmasına münbit zəmini məhz yuxarıda qeyd etdiyim təfəkkür meylləri yaratmışdı… Yəni, qorxular, vahimələr...

Müasir psixologiya elminin nöqteyi-nəzərindən baxsaq, dediyimiz düşüncələr ilk olaraq, Tanrıdan əlini üzmüş insanın təbiət və ətraf aləm qarşısında vahiməsindən doğmuşdu. Qorxu, vahimə isə insanın psixikasında elə dəhşətli təbəddülatlar yaradır ki, bu hissin hakim olduğu insan şüurundan hər şey gözləmək olar. Vahimə ən böyük dağıdıcı gücə malikdir.

İnsan göylərdən - Tanrıdan əl üzüb, yerlə-Təbiətlə təkbətək qaldı. Təhtəlşüurdan gələn qarşısıalınmaz, dəhşətli vahimə hissi bütün varlığını sarıdı. Və bundan sonra canındakı qorxu onu güclənməyə, təbiət üzərinə hücuma keçməyə vadar elədi.

İnsan güclənmək və təbiəti dəyişmək, ətrafdan müdafiə olunmaq, öz yaşayışıyçün təhlükəsiz vəziyyətə gətirmək istədi. Lakin bir detal nəzərindən qaçdı - əslində özü də, üzərinə hücuma keçdiyi təbiətin bir hissəsiydi. Deməli, təbiətə yönələn bütün bu kor-koranə hücumlar insanın öz varlığına da yönəlmiş oldu…

Humanizm isə insanın «öz üzərinə hücum» prosesinin o qədər də təhlükəli görünməyən ilk mərhələsi idi… Axı humanist insan hələ tam olaraq göylərdən əlini üzməmişdi, sadəcə bir gözü göyə baxırdı, birini isə yerə tərəf döndərirdi...

Ancaq sonrakı hücumlar isə daha da aqressiv və qəzəbli oldu… Çünki Avropalılar başa düşdülər ki bir əldə iki qarpız saxlamaq müşküldür. İnsan kərtənkələ deyil ki, hər gözü bir tərəfə baxsın...

Beləcə son nəticədə bütün baxışlar yerə və yalnız yerə zilləndi... Sırf maddi aləmə... Və bunun günahkarı əksər hallarda türkləri elan edirlər - Tatar xanı Canıbəyi və Osmanlı sultanı Fateh Mehmeti.../”Ədəbiyyat qəzeti”

Oxşar xəbərlər

Xəbər lenti

Həqiqi sevgini duyan qəlb bir damcı suya da hörmətlə baxar - Mövlanədən hikmətli sözlər
21:00 30 Sentyabr 2020
Teatr rəhbəri Prezidentə müraciət etdi
18:45 30 Sentyabr 2020
Nazirliyin mükafatını alan pandemiya hekayəsi - Mətn
18:03 30 Sentyabr 2020
Müharibə mövzusunda ədəbi müsabiqə elan olundu - Şərtlər
17:15 30 Sentyabr 2020
ISESCO Qarabağla bağlı bəyanat yaydı
16:32 30 Sentyabr 2020
Xalq şairi: Qarabağı alacağımıza heç bir şübhəm yoxdur
15:42 30 Sentyabr 2020
Döyüşçülərə silah verib qayıdanda müəmmalı şəkildə öldü - Qəbri Ağdamda, baş daşı Bakıdakı evində olan sənətkar
15:01 30 Sentyabr 2020
Feminist müğənni vəfat etdi
14:19 30 Sentyabr 2020
Tanınmış yazıçı İsveçin xarici işlər nazirinə məktub yazdı
13:32 30 Sentyabr 2020
Teatr Xadimləri İttifaqı erməni təxribatı ilə bağlı bəyanat yaydı
12:51 30 Sentyabr 2020
Paşinyanın canlı efirdə danışdığı araq lətifəsi - Bir rus, bir erməni...
12:09 30 Sentyabr 2020
"Qarabağ - mədəniyyətimizin beşiyi" layihəsinə start verildi
11:39 30 Sentyabr 2020
Qarabağa gedən ailə - Ayxan Ayvaz yazır
11:08 30 Sentyabr 2020
Tanınmış şair cəbhəyə yola düşdü
10:20 30 Sentyabr 2020
Ermənilər Şeyx Babı türbəsinə ciddi ziyan vurdu
10:01 30 Sentyabr 2020
Müğənni Ayaz: “Qonşumuzun evinə mərmi düşdü” – Müsahibə
08:58 30 Sentyabr 2020
Pandemiya mövzusunda keçirilən hekayə müsabiqəsinin qaliblləri mükafatlandırıldı
19:58 29 Sentyabr 2020
Mədəniyyət Nazirliyi bəyanat yaydı
19:27 29 Sentyabr 2020
Erməni filmi Moskva kino festivalından çıxarıldı
18:19 29 Sentyabr 2020
Deyir, oğlum darıxmasın, görüşərik bu bahar - Ədəbiyyatımızın ən təsirli müharibə şeirləri...
17:42 29 Sentyabr 2020