news-inner
clock13:23 calendar-gray 18 May 2016 view-gray302 dəfə oxunub
view-gray302 dəfə oxunub

Seymur Baycan: “Dostoyevski indi mənə idbar görünür”

Kulis.az Seymur Baycanla müsahibəni təqdim edir.

- Seymur bəy, istəyirəm söhbətə bu sualla başlayaq. Deyirlər ki, Seymur Baycan son vaxtlar tükənib, təkrarçılıq edir, eyni mövzulardan yazır və s. Buna münasibətiniz necədir?

- Neçə ildir bu sözü deyirlər. Təzə söhbət deyil. Bir çox mövzularda prinsipial mövqeyim gün hara düşürsə palazını ora sərən fürsətçilərə, qurdla quyruq yeyib çobanla ağlayan saxtakarlara təkrarçılıq kimi görünür. Nə dəyişdi ki, o haqda yazmadım? Belə təkrarçılıqdan yorulublarsa, zəhmət çəkib gedib Anar müəllimə desinlər ki, niyə 24 ildir burda oturmusan? Nədir bu kreslo hərisliyi? Niyə kresloya görə özünü gülünc vəziyyətə salmısan? Niyə gedib evində oturub nəvələrinlə oynamırsan? Seymur təkrarçılıq edir, tükənib deyirlər, amma həm də yazılarımı diqqətlə oxuyurlar. Əvvəllər bir çox yazıçıların çətin həyat sürüb, amma yazmalarını iradənin gücü kimi qəbul edirdim. Sonra başa düşdüm ki, bu iradə deyilmiş. İradə bu qədər güclü ola bilməz. Bu yazmaq, bədii informasiyaları ötürmək hərisliyi imiş. Yazmağa hələ mövzularım var. Tükənməyim hələ tezdi. Nə vaxt tükənsəm, bunu özüm deyəcəm.

- İki kitabınız çıxdı dalbadal: “Mənim mübarizəm – 4” və “Fərqanə”. Publisistik yazılarınıza hamı əlini qaldırır, deyirlər, çox ustadır. Amma hekayəyə gələndə deyirlər, plagiatçılıq edir. Nə düşünürsünüz bu haqda?

- Məni tam inkar etmək mümkün deyil. Ona görə də bəndənizi yazıçı kimi görmək istəməyənlər publisist kimi tərifləməyə məcburdurlar. Tam inkar eləmək həyasızlıq olardı. Mənə plagiat deyənlər öz savadsızlıqlarını nümayiş etdirirlər. Bir növ özlərini ifşa edirlər.

- Azərbaycanda bütün çətinliklərə baxmayaraq, sınmadan, əyilmədən, kiməsə yaltaqlanmadan yazıçı kimi tanınan birisiniz. Oxucularınız iki yerə bölünüb: nifrət edən və sevən. Hansı daha səmimidir, sizcə? Daha doğrusu, Seymur Baycan sevgidən, yoxsa nifrətdən güc alır?

- Bunu sən haqqımda yazdığın yazıda da demişdin. Diqqətinə görə çox sağ ol. Minnətdaram. Etiraf edim ki, həmin vaxtlar özümü çox pis hiss edirdim. Bir neçə axmaq hadisə birdən baş vermişdi. Yazın yerinə düşdü. Vaxtında yazılmış yazı idi. Adamıq, daşdan, dəmirdən yaranmamışıq. Mənəvi dəstəyə ehtiyacımız olur. Bəzən vaxtında deyilmiş bir söz insana xeyli güc verir, adamı yüngülləşdirir. Bir daha təşəkkür edirəm. İndi isə sualına cavab verim. Özümü əlahiddə, müstəsna bir şəxs hesab etmirəm. Sınmadan, əyilmədən... bu sözlər bir az pafoslu səslənir. Sadəcə təbiətimə zidd hərəkətlər etməməyə çalışıram. Özüm edə bilməyəcəyim, hazır olmadığım hərəkətləri başqalarından gözləmirəm. Əndazəmi aşmıram. Yazı yazanda ayağımı yorğanıma görə uzadıram. Məsuliyyətdən qorxuram. Yəni dediyim, yazdığım sözün məsuliyyətini dərk edirəm. Yaltaqlıqdan iyrənirəm. Doğrusunu deyim ki, sevgidən daha çox nifrətdən güc alıram. Nifrət edənlər daha səmimidirlər. Onların nifrəti mənə güc verir, yazmağa, formada qalmağa, öz üzərimdə işləməyə vadar edir.

- Maraqlıdır, doğrudan elə düşünürsüz ki, sizi Azərbaycanda başa düşmürlər?

- Mənim elə cümlələrim var ki, bədiyyatı və hissiyyatı ölçən cihazı üstünə qoysan həmin cihaz partlayar. Amma Azərbaycan oxucusu yallı oynaya-oynaya o cümlələrin üstündən o tərəfə-bu tərəfə gedir. Yaxşı ki, üç kitabım rus dilinə çevrildi. Yoxsa həqiqi oxucu necə olur bunu bilməyəcəkdim. Müxtəlif ölkələrdə yaşayan, müxtəlif millətlərə mənsub və rus dilini bilən adamlar kitablarımı oxudular və həqiqi oxucunun nə olduğunu gördüm. Elə düşünmə ki, həqiqi oxucu deyəndə ancaq yazdıqlarımı tərifləyən adamları nəzərdə tuturam. Yox. Sadəcə insan kitabı oxuyur, normal şəkildə fikirlərini bildirir. Haranı yaxşı yazdığını, haranı pis yazdığını göstərir. Belə oxucularla ünsiyyətdə olmaq adamı ruhlandırır. Həm də çox şeylər öyrənirsən. Səhvləri, boşluqları görürsən. Kitablarım rus dilinə çevrilməsəydi bizim oxucuların ümidinə qalsaydım, yazdıqlarıma qarşı məndə şübhə yarana bilərdi. Müxtəlif ölkələrdə yaşayan həqiqi oxucular məni bu şübhələrdən xilas etdilər. Sağ olsunlar. Çox təəssüf edirəm ki, bizim oxucuların yazdıqları məktubları saxlamamışam. Gərək onları yığıb bir kitab kimi nəşr edəydim. Yaman səhv buraxmışam. Vəziyyətin necə olduğunu oxucuların yazdıqları məktublar kimi heç bir mənbə dəqiq göstərə bilməzdi. Birdən adama elə məktub yazırlar ki, sadəcə müəyyən edə bilmirsən adam bunu ciddi yazıb, yoxsa zarafatla. “Ədəbiyyatda təbiət təsvirləri” adlı yazı yazmışdım. Yəqin yazını oxumayan bir neçə adam irad bildirdi ki, bəs deyirdin ədəbiyyatda təbiət təsvirləri lazım deyil. Halbuki belə bir söz deməmişəm və yazıda ədəbiyyatda təbiət təsvirlərinin nəyə görə lazım olduğunu yazmışam. Hərdən düşünürəm ki, bəlkə də qəsdən belə edirlər. Necədi, qanmayım, qalasan yana-yana... Elə bir şey. Əcaib məktublar çox olub. Biri heç yadımdan çıxmaz. Unikal bir məktub idi. Məktub belə başlayırdı: “Brat, salam, yazını oxudum ...” “Brat, salam”la başlayan məktubda nələr yazıla biləcəyini indi özün təsəvvür et. Allah qoymasa bu guya yazını oxuyub nəsə fikir bildirmək istəyir. Bu yersiz səmimiyyətdən çaşdım. Adama yazdım ki, biz deyəsən əsgərlikdə bir yerdə olmuşuq. Cavab yazdı ki, hə, ola bilər, sən hansı “çast”da “sulujit” eləmisən.

- Həmişə Seymur Baycan haqqında danışılanda belə ifadələrlə rastlaşıram: “O özünü göynən aparır”, “Bizə salam vermir”, “Çox qurudur”, “Acam deyir, amma əynində həmişə gözəl paltarlar olur” və s. və i. Niyə Seymur Baycan bu cür söhbətlərdə yada düşür? Bu adamların sizinlə dərdi nədir?

- Lüt gəzməliyəm? Bunu o adamlar deyirlər ki, onlarla ünsiyyətə girmirəm. Nə etməliyəm? İşimi-gücümü atıb hər adamla saatlarla çənə döyməliyəm? Yaxın münasibətdə olduğum, dərdləşdiyim, oxuduqlarım, baxdıqlarım, yazdıqlarım haqqında danışdığım adamlar var və onlar mənə bəs edirlər. Özümü göynən aparmağa heç bir əsas yoxdu. Niyə özümü göynən aparmalıyam ki?

- Bəzən deyirlər ki, Seymur Baycan zəhmətkeşdi, üzərində çox işləyir, mütaliə edir. Ancaq iddiasına cavab verən əsəri yoxdur. Necə düşünürsünüz?

- Bəli, zəhmətkeşəm. Öz üzərimdə çox işləyirəm. Başqa cür ola bilməz. Belə də olmalıdır. Oxumasan, davamlı olaraq öz üzərində işləməsən quruyarsan, düz-əməlli bir şey yaza bilməzsən. Bir nəfər məni rayona dəvət etmişdi. Dedi, gəl, bir az istirahət elə. Mən də getdim. Həyət evi idi. Yaxşı şəraiti vardı. Adam hər gün yuxudan qalxanda görürdü ki, geyinmişəm, çay dəmləmişəm və kitab oxuyuram. Dedi ki, bəy, həmişə düşünürdüm görəsən bu qədər kitabı oxumağa necə vaxt tapırsan, indi mənə aydın oldu. Uşaqlarla çox səfərdə olmuşam. Hər yerdə hamıdan tez yuxudan oyanmışam. Səhər ertədən qalxıram. Bu da məni xeyli irəli aparır. Səhərlər bir saat, iki saat, bəzən üç saat oxuyuram. Yolda da oxuyuram. Yatmamışdan əvvəl də oxuyuram. Bəzən gecənin yarısı oyanıram. Bilirəm ki, ta yata bilməyəcəm. Sağa-sola çevrilib özümü yoracam. Fikirlər, düşüncələr də bir yandan əziyyət verəcək. Başlayıram oxumağa. Ta o vaxta qədər ki, artıq gözlərim yumulur, hərflər bir-birinə qarışır. Oxumaqla bərabər gündə bir bədii, ya da sənədli filmə baxıram... İddialarıma cavab verən əsər də yazmışam. “Quqark”, hekayələrim, “Ana ürəyi”... Xüsusən “18, 6 cm”. Azərbaycanlılar Allaha şükür eləsinlər ki, onların dilində belə bir əsər yazılıb. “18, 6 cm” Azərbaycan ədəbiyyatının sərhədlərini xeyli genişləndirmiş bir romandı. Demək olar ki, bizim ədəbiyyatımızda yeni bir mərhələdi. Ta bundan artıq neyləməliyəm? “Sehrli dağ” yazası deyiləm ki?

- Seymur, hekayələriniz portretinizi çəkməyə imkan verir. Sakit, daim keçmişini xatırlayan, yaddaşında ilişib qalan hadisələri yazıya gətirən adam. Seymur Baycan belə biridir?

- Bilmirəm. Bu suala cavab vermək çətindi. Keçmişimə çox bağlıyam. Bir hadisənin üstündən vaxt keçməsə dəqiq qiymət verə bilmirəm. Bir dəfə səfərə çıxmışdım. Orda mənə sual verildi ki, bu səfərdən nə yadında qalacaq. Dedim ki, indi deyə bilmərəm. Mənim nə bu günüm var, nə də sabahım. Mənim ancaq dünənim var. Bu gün dünən olmayınca heç nə deyə bilmərəm. Çox xatırlayıram. Xatırlayaraq hansı günümün yaxşı, hansı günümün pis olduğunu müəyyən edirəm. Münasibətdə olduğum adamlara qiymət verirəm. Həyatımın müxtəlif dövrləri arasında körpülər yaradıram.

- Sizin hekayələrinizdə bir şeyi müşahidə etdim: gözümüzdən qaçan xırda hadisələr bəzən həyatımızda yer alan böyük hadisələrdən daha təsirli və maraqlı olur. Ancaq bizim bir çox yazarlarımız əsərlərində yerlə-göylə əlləşirlər, böyük ideyalara qaçırlar, gücləri çatmayan ağırlığın altına girirlər. Sizcə, niyə belədir?

- Həyatımızda heç bir rol oynamamış, amma yaddaşımızda əbədi ilişib qalan hadisələr. Belə desək, daha doğru olar. Elə hadisələr var ki, əvvəli və axırı olmayan mahnıya bənzəyirlər. Bax belə hadisələri yazmaq çox çətindi.

Keçək yazarlarımızın yerlə-göylə əlləşməsinə. Bir neçə il bundan əvvəl Taqorun xatirələrini oxudum. Bunu bir neçə dəfə müsahibələrimdə demişəm, yazılarımda yazmışam. Taqor deyir ki, sənətdə öz gücünü müəyyən etmək çox vacib şərtdi. Çox müdrik sözdür. Yazan adam bilməlidir ki, hansı mövzunun altına girir. Bu mövzunu işləyə biləcək, yoxsa işləyə bilməyəcək. Götürdüyü mövzunu yazmağa gücü, bazası çatacaqmı, yoxsa çatmayacaq.

Bir məclisdə iştirak edirdim. Yazıçılarımızdan biri orda çox maraqlı əhvalat danışdı. Dedim, bunu niyə yazmırsan, orasını-burasını düzəltsən, yaxşı, balaca bir roman alınar. Qayıdıb deyəsən ki, bunu elə-belə danışdım, ədəbiyyat başqa şeydi. Beş-altı ay sonra kitabı çıxdı, aldım oxudum. Reallıqdan uzaq, yerlə, həyatla əlaqəsi olmayan qarmaqarışıq, dolaşıq, anlaşılmaz bir şey yazmışdı. Təəssüf elədim. Nə demək istədiyim aydın olsun deyə konkret misal çəkək. Məsələn, Anderson nağıl yazıb. Amma elə gözəl yazıb ki, dünyanın ən məşhur yazıçıları ilə bir sırada dayanır. Adına mükafat da var. Səhv etmirəmsə, iki ildən bir verilir. Axırıncı dəfə deyəsən Salman Rüşdü aldı. Əgər Anderson nağıl yox, tarixi roman, ya da psixoloji bir roman yazmağa girişsəydi, ola bilsin yazdığı alınmayacaqdı. Saltıkov Şedrin də nağıllar yazıb. Leninin əsərlərində ən çox adı çəkilən yazıçılardan biridir. Bir dəfə oxumuşdum ki, Lenin əsərlərində dörd yüz dəfə Şedrini bu və ya digər formada xatırlayıb. Öz gücünü müəyyən edə bilməmək bizim sənət adamlarımızın bəlalarından biridir. Mən çox vaxt adi mövzuları işləyirəm. Adamlar da başa düşə bilmirlər ki, adi mövzularda yazdığım niyə oxunur, niyə reaksiya doğurur. Halbuki düstur çox sadədir. İşləyə bilməyəcəyim mövzuların altına girmirəm. Çalışıram hər şey sadə olsun. İnsan özünü olduğundan ağıllı göstərmək istəyəndə həmişə karikatura yaranır.

- Mənim üçün bir şey maraqlıdır. Deyirlər ki, Seymur Baycan gəncləri təbliğ etmir, istedadlı qələm adamlarının adını çəkmir, hansısa yeni çıxan roman haqqında münasibət bildirmir.

- Belə bir münasibət varsa, ədalətsiz münasibətdir. Əlimdən nə gəlibsə, etmişəm. İstəmişəm özlərini ifadə edə bilsinlər. Uğur qazansınlar. İnkişaf etsinlər. Kitab vermişəm. Mənbə göstərmişəm. Bildiklərimi paylaşmışam. Başqa nə edə bilərəm ki? Qırx yaşım var, mənim özümə gənc deyirlər. Belə görürəm ki, əlli yaşım olanda da mənə gənc deyəcəklər. Bəlkə də bu yazılarımla bağlıdır. Yəqin ki, gənc sözünü tərif kimi qəbul etməliyəm. İkincisi, bioqrafiya çox önəmlidir. Belinsikinin Qoqola yazdığı məktubda yaxşı bir cümlə var. Deyir ki, İsa peyğəmbər öz həqiqətlərini öz iztirabları ilə möhürlədi. Gəncliyimdə qatı dostoyevskiçi idim. Dostoyevskinin həyatından xəbər tutduqca yazdıqları gözümdən düşdü. İnan, Dostoyevski öz hərəkətləri, öz əxlaqsızlıqları ilə indi mənə o qədər idbar görünür ki, yazdıqlarını oxuya bilmirəm. Özümdən asılı deyil. Məişət əxlaqsızlığından danışmıram, ictimai- siyasi əxlaqsızlıqdan danışıram. Qumarbaz olub. Olsun. Özü bilər. Can onun, cəhənnəm Tanrının. Ona qalsa Russo uşaqlarını uşaq evinə verib. Deyə bilərsən, Seymur Dostoyevskini oxumursa, Dostoyevski heç nə itirmir. Əlbəttə, belədir. Amma düşündüklərimi dilə gətirmək də mənim haqqımdı. Çerneşevski bir yazıçı kimi Dostoyevskidən qat-qat zəifdir. Amma hal-hazırda Çerneşevski mənim üçün daha əziz bir şəxsiyyətdi.

- Aha...

- Suala gəldikdə isə, çox təəssüf ki, gənclərin yazdıqlarında dava görünmür. Vaxtsız qocalıblar. Bir-iki hekayəsi çıxmış gəncin müsahibəsini oxuyursan, görürsən, bir müsahibədə yaltaqlanmadığı adam qalmayıb. Dəhşətə gəlirsən ki, bu adam gənc yaşında bu yaltaqlıq sənətini bu dərəcədə harda öyrənib. Yaltaqlıq sənətini bu dərəcədə mükəmməl öyrənməyə nə vaxt macal tapıb?

- Seymur bəy, qadınlarla bağlı da kəskin yazılarınız olub. İndi elə bil bir az yumşalmısınız. Yaşla bağlı bir şeydir, yoxsa başqa səbəbləri var?

- Bilmirəm nəylə bağlı idi, amma bir mərhələ idi keçdi getdi. İndi müxtəlif dövrlərə aid hekayələr yazıram. Bunun üçün də müxtəlif dövrlərdə yazılmış çoxlu romanlar, hekayələr oxumaq lazımdı. Əvvəlki hekayələrdə daha çox hiss vardı, indi yazdıqlarımda daha çox kolorit var. Alındıra bilsəm maraqlı bir şey olmalıdır. Prosesdir, gedir, alınar lap yaxşı, alınmaz da faciəyə çevirmək lazım deyil.

- Yaşamaq üçün niyə məhz Gürcüstanı seçmisiniz, niyə bir Avropa ölkəsi və ya Türkiyə, Rusiya yox?

- Avropada yaşamaq mənim üçün çətin olar. Bunu dərk edirəm. Türkiyəyə gəldikdə isə... Bəzən yol gedəndə gördüyüm kəndlər məni çəkir. Deyirəm, adam düşə burda həyatla, adamlarla tanış ola. Görəsən, burda adamlar necə yaşayırlar. Nə düşünürlər? Türkiyənin bu başından o başına iki dəfə avtobusla getmişəm. Qayıdanda da avtobusla qayıtmışam. Bir kənd də məndə yuxarıda yazdığım hisləri oyatmadı. Heç bir yaşayış məntəqəsi məni özünə çəkmədi, “gəl, bir az məndə yaşa” sözünü demədi. Nəsə oralarda pozitiv enerji hiss etmədim. Türk mətbəxi də dekorativ mətbəxdir. Fundamentallıq yoxdur. Elə bil bütün yeməkləri bir qazanda bişirirlər. İçki mədəniyyəti zəifdir. İstanbulun ecazkarlığından danışan adamları da başa düşmürəm. O şəhərdə poeziya görmədim. Ac qalmaqdan çox qorxuram. İstanbulda vahiməyə düşdüm. Baxdım şəhərə və düşündüm ki, adam burda asanlıqla acından ölə bilər. Böyük şəhərləri sevmirəm. Böyük şəhərlər məndə depressiya yaradır. Böyük şəhərlərdə özümü lazımsız və əhəmiyyətsiz hiss edirəm. Adamların çoxluğu, gur hərəkət məni qorxudur. Tiflisdə özümü nisbətən rahat hiss edirəm. Burda ac qalmaq qorxusundan əziyyət çəkmirəm. Mədəni tədbirlər çox olur. Az-çox yaradıcı mühit var. Gürcülər sözün həqiqi mənasında çox qonaqpərvər xalqdır.

- Seymur Baycanın ən güclü əsəri hansıdır?

- Yuxarıda bu suala cavab vermişəm: “18, 6 cm” Ən zəifi isə “Körpüsalanlar”dır. İstəyirəm o kitab itsin, yoxa çıxsın. Tərslikdən də çox adam məni “Körpüsalanlar”la tanıdı. Qəribədi. Özüm də baş açmıram niyə belə oldu. Mövzu yaxşı idi, amma yaza bilmədim.

- Seymur bəy, məncə yazmaqdan başqa heç nəyi bacarmırsınız. Birdən o da əlinizdən getsə, tükənsəniz, nə edəcəksiniz?

- Sən nə yapışmısan bu tükənmək sözündən? Söhbətin əvvəlində də sənə dedim ki, tükənməkdən danışmaq hələ tezdir. Ürəyimdə sözüm çoxdur. Bir də ki, davamlı oxuyan adamın tükənməsi çətin məsələdir. Mənə görə narahatçılıq keçirdiyinə görə təşəkkür edirəm, amma narahat olma. Hələ ki, yazı, yazmaq məsələsində narahatçılığa görə heç bir əsas yoxdur.

news-inner-user
Ayxan Ayvaz

475 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Xudayarın nəğmə ilə layla çaldığı məzar – Fəridə yazır...
11:10 03 Dekabr 2020
Qar tutan yollarına qurban olum – Laçınlı şairdən qələbə şeiri
10:30 03 Dekabr 2020
"Dəli Maks"ın İmmortal Cosu vəfat etdi
10:01 03 Dekabr 2020
Azərbaycanlı aktyora ikinci dəfə ağır itki üz verdi
09:12 03 Dekabr 2020
Peraşki satan, taksiçilik edən, özünə qız istəyən əsgərlərimiz – Ən kreativ görüntülər
08:56 03 Dekabr 2020
Azərbaycanlı gənc şairin kitabı Təbrizdə çap olundu
18:59 02 Dekabr 2020
Gənc Tamaşaçılar Teatrı dekabr repertuarını təqdim etdi
18:17 02 Dekabr 2020
Bu gecə nəfəsini hiss etdim anidən… - Adilə Nəzərdən yeni şeirlər
17:34 02 Dekabr 2020
Beynəlxalq Muğam Mərkəzinin direktoru UNESCO-nun Baş katibinə müraciət ünvanladı
16:56 02 Dekabr 2020
Qardaşı oğlu məşhur müğənnini oğurluqda ittiham etdi
16:01 02 Dekabr 2020
Əsgər Fərhadinin dünyaca məşhur aktyoru vəfat etdi
15:47 02 Dekabr 2020
Övladını atan, Adil İsgəndərovla düşmən olan, tamaşaçılar tərəfindən söyülən Xalq artisti
15:10 02 Dekabr 2020
Qələbə sevincinə dözməyib ürəyi dayanan Umud kişi...
14:32 02 Dekabr 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fəxri adlara layiq görüldü
13:50 02 Dekabr 2020
"Əlləddin" tamaşası onlayn nümayiş olunacaq
13:10 02 Dekabr 2020
Qıyıq gözlü, batıq yanaqlı Xudayarın böyük sirri
12:37 02 Dekabr 2020
Laçınlı rəssam: “Torpağını öpəcəm, daşlarını qucaqlayacam” – Müsahibə
12:01 02 Dekabr 2020
Anamı o yazıçı boşandırdı
11:15 02 Dekabr 2020
Ehtiram Hüseynov Laçından danışdı: "Çətinlik çəkirəm"
10:37 02 Dekabr 2020
İti, qurdu qovmuşuq – Tanınmış şair Ağdama şeir həsr etdi
10:15 02 Dekabr 2020