news-inner
clock13:01 calendar-gray 02 May 2016 view-gray202 dəfə oxunub
view-gray202 dəfə oxunub

Kredit kartına and içərsənmi? – Şərif Ağayar yazır...

Bu qəribə təhkiyəni, dilin müxtəlif qatlarında asanlıqla gəzişə bilmək məharətini bizdə kimsə ilə müqayisə edə bilmirəm.

Bircə ağlıma Rafiq Tağı gəlir. Bu dərinlikdə sarkazm, dözülməz istehza yalnız onda çıxıb rastıma. Xüsusən, “Qoca Məcnun” hekayəsində...

Əslində, qəhrəmanların haləti də xeyli oxşardır. Biri qurtuluş savaşının 100 yaşlı qazisidirsə, o biri Opera Teatrının ömrünü Məcnun roluna həsr eləmiş “veteran”ıdır.

İkisi də dəhşətli bir komik situasiya içərisindədir. Ancaq Rafiq Tağının sarkazmı həyatdan uzaqteatr klişeləri üzərinə fokuslanıbsa burada məsələ daha qəlizdir.

Söhbət bizimlə yaşdaş olan türk yazıçısı Murat Menteşin “Ruhi Mücərrəd” romanından gedir.

Əsəri təhlil etmək fikrindən uzağam.

Mən bu yazımda sadəcə bir məqama toxunacam: yaza bilmək məharətinə!

Mənim üçün ədəbiyyat sözlərin seçilməsindən başlayır. Hansı söz harda işlənməli, hansının yanında olmalı – yazıçı bunu o qədər dəqiq etməlidir ki, mətnin yaratmaq istədiyi əhvalı oxucuya ötürə bilsin.

Kobud dil və üslub xətaları ab-hava yaratmağa, inandırmağa, təsirləndirməyə mane olur, əsərin bədii məziyyəti aşağı düşür.

Gənc qələm adamları ilə söhbətlərimin çoxunda əvvəl-əvvəl dil məsələsinə toxunuram. Çünki, ədəbiyyat hər şeydən əvvəl dil hadisəsidir. Əgər dil minimum tələblərə cavab vermirsə, heç nədən danışmaq olmur.

Dil qüsursuz olmalıdır, bədii olmalıdır, yaratmaq istədiyin əhvalı rahat ötürməlidir. Bu işdə bizi ən çox azdıran tərcümələrdir.

Tutaq ki, Folknerin hər hansı bir əsərini tərcümədən oxuyuruq və oxumağa başlamazdan yazıçının əzəmətli obrazı gözümüzün qarşısındadır. Orijinaldan oxumuruq deyə, yazıçının dildəki ustalığını görə bilmirik. Bizə gəlib çatan orijinala nisbətən bədii dildən, onun cazibəsindən uzaq düşmüş çılpaq fikirlərdir. Və düşünürük ki, böyük yazıçı olmaq asanmış...

Başlayırıq o cür də yazmağa...

Nəticədə ortaya mənasız imitasiya çıxır.

İmitasiyanın uğurlusu belə ədəbiyyat deyildir.

Halbuki, uğurlusu nadir hallarda olur.

Folknerin adı şərtidir, təbii ki. Bura əsərlərinin və şöhrətinin təsirində olduğumuz istənilən imzanı qoya bilərik.

Bu mənada orijinalını oxuya bildiyimiz türk və rus ədəbiyyatından çox şey öyrənmək olar.

Murat Menteş ədəbiyyatın məhz bu məziyyətlərini göstərən çox unikal nümunədir.

O, nəinki dillə rahat işləyir, həm də dilə yeni hava, hətta, inanmayacaqsınız, yeni, müasir idiomlar gətirə bilir.

Bilənlər bilir, bu, o qədər də asan deyildir.

Əgər dil öz varlığı ilə naşı yazıçını əzirsə, Murad Menteşdə əksinədir. O, yazdığı cümlə üzərində təntənəli şəkildə qalibdir. Sözlərin canını alır, onlardan istədiyi mənanı çıxarır. Bəzən elə cümləsinə rast gəlirsən ki, bircə sözünü dəyişsən ecazını itirəcəkdir.

Türkdilli oxucuya M.Menteş “Son derece enerjik bir üslupda anlatan” yazar kimi təqdim olunur. Çünki o, həm dilin qədim laylarına, həm də müasir ifadə imkanlarına hakimdir. Bəli, məhz bələd yox, hakim. Çünki, bu bələdliyin mətn nəticəsi ortadadır.

İnsan hansı enerjiyə bürüməlidir ki, bu cümləni dilə həssas oxucuya yedizdirə bilsin: “Amerikan Ekpress kredi kartı üzerine yemin eder misin?”

Bu nə saçmalıqdır deyəcəksiniz?

Bəli, elədir. Amma görsəniz ki, söhbət beyninə reklam çipi yerləşdirilmiş 100 yaşlı qazinin özündən asılı olmayan sərsəmləməsindən gedir, hər şeyi rahatca qəbul edəcəksiniz. Bir də onda ayılacaqsınız ki, əslində müqəddəs bir kitabla kredit kartına əl basmaq arasında ciddi bir fərq yoxmuş. Həm dil, həm ideya qatında.

M.Menteşdə uzunömürlü bir müşahidəmin yenidən təsdiqini gördüm: bir fikir ki, ideya qatında doğrudur, o, dil qatında da, illah, doğru olacaqdır. Əgər ideya qatında doğru olan fikrin mətn həlli yoxdursa, ya o fikir şübhəlidir, ya da yazıçının ustalığı yoxdur. Çoxlu dişləri olan vilka rozetkaya taxılanda bütün dişləri yerinə oturmalıdır, yoxsa nəticə alınmayacaq.

Bizə bəlli xalq deyimləriylə məzələnməkdə M.Menteşin üstünə yoxdur: “Ölüme en çok benzeyen uyku, savaşda uyunandır.”

Hələ bir mətnin ortasında, özləri demiş, pat deyə yumor düzəltmək qabiliyyətinə baxın:

“- Adam vururkən hiçbir şey hissetmiyor muydun?

- Susdurucu taktıysam, hayır.”

Yaxud bir cümləylə effekt: “Yaşamak benim kroniki hastalığım.”

Daha bir fərqli biçim - Amerika romançılığının mabədinə bir türk deyimi göndərməsi: “Bendeki kısmet Kaptan Ahabda olaydı, okyanusta aradığı Moby Dicki buzdolabında bulurdu.”

Bir yeni bənzətməyə də baxaq: “Kalbim çamaşır makinasındakı göverçin gibi çırpınıyordu.”

300 səhifəlik kitab bu cür usta manevrlərlə dolub-daşır.

Və məsələnin ən başlıca tərəfi, yenidən dəyərləndirilib müasir keyfiyyətdə təcəlla edən deyimlər kimi qurtuluş savaşı, istiqlal marşı, Türkiyə bayrağındakı nazlı hilal da postmodern sarkazmın müşayiəti ilə öz klassik müqəddəsliyindən uzaqlaşaraq kapitalizm gerçəkləri qəlibində tamam yeni keyfiyyətdə üzə çıxır.

Sözdən cümləyə, cümlədən mətnə, mətndən süjetə, süjetdən ideyaya ustacasına keçən bir kitab canlanır qarşımızda.

Və düşünəndə ki, bunu edən bizimlə yaşıd olan qonşu ölkə sakinidir, adam bir az qayğılanır da.

Bu yerdə balaca bir test edək.

Aşağıda təxminən eyni fikri ifadə edən 4 cümlə təqdim edirəm.

1. Çox gözəl qadın idi.

2. O qədər gözəl idi ki, gözəllik müsabiqəsinə namizədliyini versə, qalib olardı.

3. Gözəllik müsabiqəsində qalib gəlməməyinin təkcə səbəbi onun öz namizədliyini bu müsabiqəyə verməməsi ola bilərdi.

4. İndiyədək dünya gözəli seçilməmişdisə, demək namizədliyini verməmişdi.

İndi izahlara baxaq:

1 – hamının yaza biləcəyi cümlədir.

2 – bizim 60-cı illərə xas cümlədir. Müasir mətn bu cür yazmaqdan başlayır, amma bu cür yazmaqla bitmir. Yeni ifadə tərzi axtarmaq, hətta tapmaq vacibdir. Bizim rastlaşdığımız az-çox istedadlı mətnlərin mütləq əksəriyyəti bu ladda yazılıb deyə nəhəng bir bozluq içərisindəyik.

3 – Bu artıq, yenilik axtarışıdır. Ancaq hələ tapılmamış, qüsurlu axtarışdır. Yəni, problemi hiss edən, həlli yolunu təxminən bilən, amma hədəfə ulaşmağı bacarmayan yazıçının işidir. İstedadlı gənclərin bir qismi bu mərhələdədir və belə də olmalıdır.

4 – bu artıq Murat Menteşin gəlib çatdığı məqamdır ki, hərə öz yaradıcı dünyasının məhz bu materikini tapmalıdır.

Tapmasa, çətin olacaq.

Bu qədər...

Oxuyan “Ruhu Mücərrəd”in nə olduğunu bilir, oxumayan bilmək üçün mütləq oxusun.

İllah da, qələm əhli...

Oxşar xəbərlər

Xəbər lenti

Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020