news-inner
clock09:00 calendar-gray 15 Aprel 2016 view-gray477 dəfə oxunub
view-gray477 dəfə oxunub

Kütləni elmdən uzaq saxlamaq lazımdır

Kütləni elmdən uzaq saxlamaq lazımdır

Kulis.Az İlqar Fəhminin “Qapalı dairə və ya, bitmək istəməyən XX” məqaləsinin üçüncü hissəsini təqdim edir.

Yazının ikinci hissəsini burdan oxuya bilərsiz.

Dəmir buxov

Budur, müşahidə elədiyimiz fakt - XX əsr bitmək istəmir. Amma bitməlidi. Sonsuz ola bilməz. Mümkün deyil...

Bizə isə elə gəlir ki, yox, əbədidir, çünki bundan o tərəfə heç bir yol görünmür...

Nədənsə yeniyetməlik vaxtlarımızda Sovet ideologiyası tərəfindən mütləq həqiqət kimi təbliğ olunan Tarixi-materializmin, materialist dialektikanın tezisləri yadıma düşür.

İstehsal münasibətləri və məhsuldar qüvvələr. Marksın modelini orta və yaşlı nəsil yaxşı xatırlayır... Tarixdə mərhələli şəkildə oxşar proseslər baş verir - məhsuldar qüvvələr inkişaf edir və müəyyən vaxtdan sonra həmin dövrün istehsal münasibətləri məhsuldar qüvvələrin inkişafı üçün buxova çevrilir. İnqilablar, formasiya dəyişikliyi baş verir, yeni mütərəqqi istehsal münasibətləri yaranır ki bu zaman məhsuldar qüvvələr rahat inkişaf edə bilir. Lakin yüzilliklərdən sonra məhsuldar qüvvələrin inkişafı elə həddə çatır ki, əvvəlki mütərəqqi istehsal münasibətləri də onları sıxır, buxova çevrilir, mürtəce olur, təbii ki, yenə inqilablar, formasiya dəyişiklikləri baş verir, növbəti istehsal münasibətləri yaranır, və məhsuldar qüvvələr azad nəfəs alaraq inkişafına davam edir... Deyirdilər ki, quldarlıq, feodalizm kapitalizm və sair formasiyalar məhz bu cür yaranıb, tarix bu cür inkişaf edib...

Sanki uşaq böyüyür, paltar əyninə darlaşır, böyüyən bədəni o paltarı cırır, və ona daha böyük ölçülü paltar geyindirirlər, lakin uşaq fasilə vermədən böyüyür, müəyyən vaxtdan sonra bu paltar da ona dar gəlir, yenə paltarı cırır, təzə və böyüyünü geyinir...

Zahirən çox inandırıcı görünür, çünki Marks özü və onun ardıcılları olan Leninçilər bu nəzəriyyəni əsaslandırmaqçün o qədər kitablar və məqalələr yazmışdılar ki, bəşəriyyətin böyük hissəsini bu ideyalara inandıra bilmişdilər... Elə indinin özünə qədər bizim tarixə baxışımız bu prizmadan həyata keçir... Fasiləsiz dialektika, inkişaf və bu inkişafa uyğun olan istehsal münasibətləri...

Hətta sosializm formasiyası dağıldıqdan sonra da, bu ideya yox olmadı. Bir çoxları belə izah edir ki, tarixi materializm həqiqətdir, sadəcə kapitalizm özünü tam tükətməmişdi, sosializm rejiminin qurulmağına vaxtından əvvəl başlanmışdı. Buna görə də iflasa uğradı. Amma vaxtı çatanda, kapitalist istehsal münasibətləri məhsuldar qüvvələrin həqiqi buxovuna çevriləndə, bəşəriyyət düzgün sosializmin qurulmağının labüd şahidi olacaq. Və bu prosses qaçılmazdır. Çünki dialektika əbədidir, fasiləsizdir. Bəşər bir yerdə dayana bilməz, daim yüksələn xətlə inkişaf edir.

İndi də gəlin onilliklər boyu beynimizə yeridilən bu fikirləri bir qədər fərqli rakursdan nəzərdən keçirdək...

Bu zaman iki maraqlı fikir istiqaməti ortaya çıxır...

Birincisi: yaranışda mütərəqqi olan hər bir təfəkkür tərzi müəyyən vaxtdan sonra mürtəce xarakter alaraq, buxova çevrilir....

(Misalçün, çoxallahlılıqdan təkallahlılığa keçidi tarixi materialistlər o dövr üçün mütərəqqi addım hesab edirdilər. Yəni təkallahlılıq o vaxt proqresin təzahürü idi. Lakin Yüzilliklər sonra inkişafın qarşısını alan buxova çevrildi)

Eyni məntiqlə götürəndə, deyə bilərik ki, yeni dövrün 17-20-ci əsrlər üçün proqressiv olan təfəkkür tərzi də, indi artıq inkişafa mane olur.

Bəli, "bərabərlik", "azadlıq", "proqress", "inkişaf" və sair kimi ideyalar da, daimi deyil, çünki bu, dialektika qanunlarına ziddir. Bu məfhumlar bir vaxtlar mütərəqqi görünsə də, artıq indiki dövrdə mürtəce xarakter alıb, təfəkkürün yüksəlişinə mane olan buxova çevrilib... Deməli, sındırılıb dağıdılmalıdır...

İkinci: Sovet dövründə bizə təqdim olunan ideologiya hər şeyi marksist dialektika ilə izah etsə də, son nəticə sanki özü bu dialektikanın əleyhinə çıxırdı...

Bütün formasiyalar bir birini əvəz edəcək - ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm, sosializm və nəhayət məşum kommunizm"

Bəs sonra? Sonrası yox idi... Kommunizm mütləq ali formasiya, bəşəriyyətin inkişafın son nöqtəsi - başqa sözlə desək, CƏNNƏT kimi təqdim olunurdu...

Və sanki kommunizmlə materialist dialektika başa çatırdı... Sual olunur, əgər dialektika əbədidirsə, bəs kommunizmdə niyə dayanmalıdır? Əgər məhsuldar qüvvələr həmişə inkişaf edirsə, belə çıxır ki nə vaxtsa kommunist istehsal münasibətləri də buxova çevrilməlidir. Əks halda dialektika öz özünü inkar eləmiş olur. Əgər dayanırsa, bunun nəyi dialektikadır?

Onuncu sinifdə bu sualı ictimaiyyət müəlliminə verəndə, təxminən belə cavab almışdım: yəqin ki, ondan sonra da müəyyən yeni ideyalar, inkişaf mərhələləri, yeni formasiyalar ola bilər. Amma nə Marksizm-Leninizmin klassikləri, nə də biz indidən onu təsəvvür edə bilmərik...

Amma mən qane olmadım. Soruşdum ki, əgər kommunizmdə istehsal vasitələri ilə məhsuldar qüvvələr ideal münasibətlər və qarşılıqlı təsir şəraitində yaşayacaqsa, bundan o tərəfə məntiqlə hansı yeni formasiya ola bilər ki?

Müəllim çiyinlərini çəkib dedi ki, Allah bilir...

Və çox qəribə də olsa, məhz bu cavab mənə kifayət elədi... Hətta Marksın Leninin bilmədiyini də yalnız Allah bilir... Əgər bilsəydilər, onlar da Allah olardılar...

Deməli, tarixi materializmin sonunda da, dialektikanın başa çatdığı bir nəzəri CƏNNƏT ideyası var. Onda ən müasir düşüncə də, son nəticədə yenə də köhnə təfəkkürün yetirməsi olan minillik bir ideyanın üstünə gəlir...

Yaxud da, başqa bir rəy - daimi cənnət yoxdur, çünki dialektika əbədidir, kommunizm də ideal deyil, ötəri bir mərhələdir, sadəcə ondan sonra nə olacaqsa, indidən fikir yürütmək çətindir, çünki "bunu bircə Allah bilir."

Məfhumlar və dillər

Yeni dövr (17-20-ci əsrlər) Qərb fəlsəfəsinə qayıdaq...

Yazının əvvəlki hissələrində qeyd olunmuşdu ki, istənilən ideya ortaya qoyulanda, onun hansı əməllə həyata keçəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirmək çətindir.

(Məşhur rus şairi Tütçevin gözəl bir misrası var, tərcüməsi təqribən belə çıxır ki, bizim fikirlərimizdən hansı mənalar çıxacaq, bunu qabaqcadan bilmək bizim qismətimiz deyil… )

Bu, şahmat oyunu kimidir. Gərək yüzlərlə gedişin hamısı nəzərə alınsın. Və əgər bu gedişlərin hətta birində qaranlıq nəsə qalırsa, onda ideyanın ortaya qoyulmağı təhlükəlidir...

Amma burda bir incə məsələ var - Dillərdəki oxşar məfhumların mahiyyət fərqi...

Müqayisəli linqvistika elmində mütəxəssis olmasam da, dəqiq bilirəm ki, müxtəlif dillərdə işlənən oxşar məzmunlu məfhumların mahiyyəti eyni ola bilməz. Əlbəttə ki, eyni dildən yaranan qohum dilləri çıxmaq şərtiylə...

Sual oluna bilər. Haqqında danışdığımız məsələlərə dillərin nə aidiyyatı var?

Məncə var. Diqqət edək... Qərb təfəkkürü üzərinə köklənmiş müasir dünya düşüncəsi Avropada 16-cı əsrdən başlayaraq təzahür edən İntibah fəlsəfəsinə əsaslanıb. Başqa sözlə desək, müasir dünya təfəkkürü intibah fəlsəfəsinin yetirməsidir. İntibah fəlsəfəsi də öz növbəsində adından göründüyü kimi, xristianlığın başı üstündən adlayaraq Antik-yunan fəlsəfəsinə söykənir. Yəni, Antik-yunan ənənələrinin intibahı, dirçəlişi olub...

Son yüzilliklərdə Avropa və Amerika Antik-yunan təfəkkürünün müxtəlif variasiyalarına əsaslanır və bu tendensiya yavaş-yavaş dünyanın ən ucqar yerlərinə də yayılır, çünki hamı müasirləşmək istəyir. Təbii ki, antik-yunan təfəkkürünün bu müasir variasiyaları əski versiyadan kifayət qədər fərqlidir, lakin, belə demək olarsa, "skelet", "karkas" eynidir. Buna əmin olmaqçün elə müasir elmlərin, ələlxüsus da humanitar elmlərin terminalogiyalarına baxmaq kifayətdir. Dəqiq elmlərdə az miqdarda ərəb mənşəli terminləri çıxmaq şərtiylə, demək olar ki bütün məfhumlar latın-yunan dillərindən götürülüb. Qədim Elladanın yunan dili və Qədim Romanın latın dili.

Bu iki dil 20-ci əsrdə dünya xalqlarının, ələlxüsus da ziyalı təbəqələrin içinə sürətlə yayılıb və bu proses indiyə qədər davam etməkdədir. Hətta 19-20-ci əsrlərdə kəşf olunan bir çox fiziki və kimyəvi maddələri, humanitar elmlərdəki yeni təzahürləri də məhz bu iki köhnə dilin sözləri ilə adlandırıblar... Bunun obyektiv səbəbləri bir çox alimlər tərəfindən izah olunub, zənnimcə təkrara ehtiyac yoxdur.

Lakin bir incə linqvistik məsələ var ki, dəqiq elmlərdə, maddi sahədə o qədər hiss olunmasa da, humanitar aləmdə və mənəvi-ruhani sahədə, zənnimcə, müəyyən problemlərə gətirib çıxarıb. Niyə? Çünki yenə təkrar edirəm, maddi aləmdən fərqli olaraq, mənəvi aləmdə müxtəlif dillərdə yaranan oxşar məzmunlu məfhumların mahiyyəti heç vaxt tam eyni ola bilməz...

Latın dilində istifadə olunan "liberti" sözü tam olaraq nə azadlıqdı, nə hürriyyətdi, nə özgürlükdü, nə də svobodadı..

Libertdi elə libertidi, özgürlük elə özgürlükdü, hürriyyət hürriyyətdi, azadlıq da azadlıqdı...

Bu məfhumların hər birini yaradan xalq bu kəlmənin altına minillik kollektiv təhtəlşüurdan gələn fərdi spesifik mahiyyətini yerləşdirib. Roma təfəkküründə "liberti" kəlməsinin ifadə etdiyi mahiyyət ərəblərin "hürr" , yaxud türklərin "özgür" , rusların "svoboda" məfhumlarının mahiyyəti ilə tam olaraq heç vaxt üst-üstə düşə bilməz. Bu mümkün deyil. Çünki hər bir superetnosun özünün fərdi mənəvi inkişaf yolu olub və dil də bu inkişaf nəticəsində cilalanıb, təkmilləşib...

Zahiri plastlarda uyğunluqlar təbii ki qaçılmazdı. Lakin alt qatlara düşdükcə məfhumların kökü haçalaşır və bəzən müxtəlif tərəflərə inkişaf edir. Buna görə də, dərin məzmunlu mətnlərin dildən dilə tərcümə zamanı çoxsaylı çətinliklər yaradır.

Fəlsəfi materialların tərcüməsiylə məşğul olan həmkarlarım mənim dediklərimi yəqin ki təsdiq edərlər...

Budur, yüz ildən çoxdur ki, Qərbin fəlsəfələrini təbliğ edən əsərlər dünyanın bütün ölkələrinə yayılır, müxtəlif dillərə tərcümə edilir, fikirlər izah olunur, amma hər bir fəlsəfi termin həmin dildə uyğun sözlə ifadə olunur... Və bir çox anlaşılmazlıqlar da məhz bundan sonra başlayır.

Həm də bu hadisə daim misal gətirdiyimiz "liberti", "azadlıq", "hürriyyət", " kəlməsiylə yox, bir çox fəlsəfi məfhumlarla baş verir... Beləcə, fəlsəfədə təhriflər baş alıb gedir, insanlar düzgün nəticə çıxartmırlar, daha doğrusu hər biri öz çıxartdığı nəticəni haqlı hesab edərək, bu mahiyyəti əsas götürür...

Bununla bağlı da misallar çox çəkmək olar, lakin mən biriylə kifayətlənəcək…

Tutalım yeni dövrün hansısa dünyaca məşhur rus filosofunun (yaxud yazıçısının) bizim dilə çevrilən əsərini oxuyuruq və görürük ki, o, insanların bu dünyada yeganə ali məqsədi həqiqi sərvətə can atmağını elan edir. «Ən ali amal belə sərvətə sahibi olmaqdı. Bu sərvətə çatmaq yolunda verilən qurbanlar da ali qurbanlardır və sözün həqiqi mənasında varlı insanlar cəmiyyətin ən ali varlıqlarıdır…»

Təbii ki, belə bir mətnlə biz tanış olsaq, çaşqınlığa düşərik. Azca düşüncəsi olan insan belə fikirləşər ki, bu sözləri hansısa tamahkar biznesmen, kapitalist deyə bilər, amma böyük mənəviyyat sahibi olan dahi bir filosof deyə bilməz, burda nəsə yanlışlıq var…

Amma kütlədən bir kəs bu fikirlərlə tanış olacaq və düşünəcək ki, əgər dərin zəka sahibi olan dünya şöhrətli, ünlü sanballı bir filosof belə deyirsə, deməli mənim mənəviyyatdan, saflıqdan dəm vuran müdrik babalarımın fikirləri artıq köhnəlib, bu saat dünyada həqiqətən də yeganə ali məqsəd elə var-dövlət toplamaqdı, başqa heç bir ali dəyər yoxdu və müasir cəmiyyətdə ən ali insan elə varlı-pullu insanlardır…

Bundan sonra da öz həyatını bu sxemə uyğun quracaq. Çünki bu fikirləri dahi müasir filosof deyib…

Bəs məsələnin kökü nədədir? Əlbəttə ki «varlı» kimi tərcümə edilən və bizim də məhz sərvət sahibi kimi anladığımız «Boqatıy» sözündə…

Sözün etimologiyasına fikir versək, görərik ki, rus dilindəki «boqatıy» sözünün kökündə «boq» (tanrı) kəlməsi var…

Deməli zahirən «dünyəvi sərvətə sahib olan insan» kimi anlaşılan söz, həqiqətdə, sadəcə pulu, qızılı, mal-mülkü çox olan yox, «içi tanrıyla (tanrı kərəmiylə, tanrı lütfüylə) zəngin, tanrıyla dolmuş» insan mənasında anlaşılmalıdır.

Çünki «boqatstvo» sözünün dərinliyində də məhz «tanrının lütf göstərib verdiyi mənəvi sərvətlər» durur…

«Boqatır» məfhumu də oxşar struktura malikdir. Son iki yüz ildə sadəcə, pəhləvan kimi anlaşılıb bütün dillərə tərcümə olunan bu ifadənin rus dilinə əski türk dillərindən (bahadur) keçdiyi bildirilsə də, bir çox dilçi alimlər sözün qədim slavyan xalqları tərəfindən «boq», «boqatıy» sözləriylə mənalandırılıb, əslində «tanrının bir lütf, mərhəmət göstərərək verdiyi gücə sahib olan insan» kimi dərk edilməsi fikrini irəli sürürlər … Rus mifologiyasına fikir versək, görərik ki, sadəcə güclü, zorlu insanlara yox, öz gücünü zorunu təmənnasız olaraq məhz öz xalqı və öz tanrısı yolunda istifadə edənlərə «boqatır» deyilib… Əgər fərdin gücü şəxsi və dünyəvi mənafe naminə istifadə edilsəydi, ona heç vaxt «boqatır» deyilməzdi…

Belə nümunələr çoxdu, ancaq hər birini açmağa lüzum yoxdur. Əsas məqsəd dediyim fikrin təsdiqinə bir kiçik nümunə göstərmək idi…

Beləcə, filosofların "insanlar bizi düz başa düşmədilər, biz onu nəzərdə tutmurduq" tezisinin səbəblərindən birini açıqlamış olduq - eyni fikirlərin, düşüncələrin müxtəlif dillərdə, hətta eyni dilin müxtəlif dialektlərində və ləhcələrində müxtəlif cür dərk olunması...

Lakin bu hələ hamısı deyil…

Diqqət etsək görərik ki, əvvəllər bizdə ərəb dilindən gələn "tərcümə" sözü istifadə olunsa da, son illərdə əski türk dilimizdən gələn «çevirmək» sözünü işlədirik… Çevirmək… Məncə elə bircə bu sözün özü dediyimiz proses haqqında çox şey deyir… Dildən dilə çeviririk… Tərsinəmi çeviririk, yanamı çeviririk, yerindəmi çeviririk?

Çevirmək sözünə sinonim olaraq, danışıq dilində «fırlatmaq» kəlməsi də var. (Tərsinə çevir - tərsinə fırlat)

Fırlatmaq da, öz növbəsində ara jarqonunda, «kimisə aldatmaq, sərvətini mənimsəmək» mənasını verir. (Filankəsi fırlatdılar, talan elədilər, var-yoxunu əlindən aldılar.)

Qəribə silsilə oldu, deyilmi? Deməli, çevirərkən, biz müəyyən mənada dili və təfəkkürü aldatmış oluruq…

Məhz buna görə də, əsərlərini mütaliə elədiyimiz, bəhrələndiyimiz və heç nə düşünmədən öz həyatımız üçün inkişaf istiqaməti götürdüyümüz «dahi filosoflar»ın əslində məhz bizim anladığımız fikirləri ortaya qoymasının özü də böyük şübhə altındadır… Çünki biz «çevrilmiş» (fırladılmış, aldadılmış, talan edilmiş) mətnləri oxuyuruq… Və bunların «hansı bucaq altında çevrilib» bizim təfəkkürümüzə daxil olduğunun fərqində də deyilik…

Təbəqələr və məfhumlar

İndi isə məsələyə başqa rakursdan yanaşaq...

Məgər təkcə müxtəlif xalqların nümayəndələri müxtəlif dillərdə danışır?

Əlbəttə yox... Əslində insan təbəqələrinin hər birinin öz məfhum bazası var. Bu məfhumların sadəcə adı eynidir. Məzmun isə başqadır...

Hansı insan təbəqələri, soruşa bilərsiz? Əlbəttə söhbət cəmiyyətin sosial təbəqələrindən yox, düşüncənin, idrakın, dünyagörüşünün təbəqələrindən gedir...

Və məhz bu səbəbdən uzun əsrlər boyu müxtəlif şüur təbəqələrində qərarlaşan insanlar digər təbəqələrə məxsus fərdlərlə ünsiyyətə çox meylli olmayıblar. Ümumiyyətlə, arada müəyyən sədlər olub...

Hər təbəqənin özünün spesifik mikromühiti olub və bu mikromühitin də illər keçdikcə fərdi dili formalaşıb...

Ali təfəkkür sahibləri isə ümumiyyətlə kütlə ilə ünsiyyətlərini maksimuma endiriblər. Bu ünsiyyət zamanı öz hisslərini fikirlərini deməyə yox, gizlətməyə çalışıblar və yaxud öz fikir-düşüncələrinin içindən yalnız kütləyə lazım olan, kütləyə ziyan verməyən, daha dəqiq desək kütlə şüurunun həzm edə biləcəyi materialı ortaya qoyublar. Çünki kütlə ağır tutumlu informasiyalardan aralı saxlanılmalıydı.

Riyakarlıqdır? Əlbəttə ki yox. Sadəcə böyük Müdriklik.

Dərin və məxsusi hiss və duyğuları, ağır fikirləri daha çox simvolik şəkildə, kütlənin anlamadığı qəliz formada ifadə ediblər... Arifə bir işarə kifayətdir, məsəlini xatırlayaq...

Əslində bu misaldakı arif irfan əhlidi, ali təbəqənin nümayəndəsidir, sadəcə söz anlayan insan mənasında deyil... İşarə də, əlbəttə ki, əl-qol işarələri anlamında verilmir...

Həqiqətən də bütün dünya xalqlarında olduğu kimi bizim qədim dövrlərdə də alimlər daha çox rəmzi işarələrlə, simvolik şifrlərlə danışıblar....

Hətta Quranla bağlı da belə qeydlər var ki, Quranın zahiri adi möminlərçün, batini irfan əhli üçündür...

Məhz buna görə də, o vaxtlar sonrakı dövrlərdən fərqli olaraq düşüncə sahibləri arasında "biz bunu nəzərdə tutmurduq, bizi səhv başa düşdülər" ifadəsi aktual deyildi...

Yəni, ali səviyyəli təfəkkür sahibini ya düzgün başa düşürdülər (öz təbəqəsinə məxsus fərdlər), ya da heç ümumiyyətlə başa düşmürdülər (kütlə).

Beləliklə, səhv başa düşülmək üçün yol qoyulmamışdı...

İllüzor bərabərlik

İndi belə bir sədd yoxdur. Hər şey açıqdır. Ən dərin mətnlər, ağır fikirlər də, təzadlı fəlsəfələr - hamı üçün əlçatandır…

Niyə? Çünki insanlar arasında təbəqələşmə yoxdur, hamı «bərabərdir», hamının bu «ağır, dərin informasiya»nı almaq hüququ var…

Bəli, hüququ var. Amma ləyaqəti, təfəkkürü də varmı?

Bax, bunu heç kim araşdırıb öyrənmir…

Bəlkə elə müasir mənəvi krizislərin bir kökü də məhz bu məqamın üstünə gedib çıxır? - Hamını bərabər bilib informasiyanı (dərin elmi, ali biliyi) hamıya bərabər şəkildə çatdırmaq…

Bir qədər öz fikir və hisslərimizin dərinliyinə gedək, görək doğurdanmı biz dünyadakı bütün xalqları, tayfaları, nəsilləri, insanları eyni hesab edirik?

Yox, təbii ki… Mənəvi, intellektual keyfiyyət fərqi var, deyəcəksiz…

Tutalım, tarix boyu yüzlərlə qələm sahibi, alim, sənətkar yetirmiş bizim xalq, təbii ki, bəşər səhnəsinə bir nəfər də tanınmış düha verə bilməyən xalqlarla eyni ola bilməz… Yaxud eyni xalqın içində azmı görmüşük ki, hansısa bölgə daha çox ali keyfiyyətli şəxslər yetirir? Məgər eyni bölgənin kəndləri arasında da eyni hadisəni müşahidə eləməmişik? Eləmişik. Deməli keyfiyyət fərqi göz qabağındadır ki, bəzi alimlər bunu yerin biosferasıyla, bəziləri başqa fiziki və metafizik səbəblərlə bağlayır…

Bəs keyfiyyət fərqi varsa, niyə hüquqlar eyni olmalıdır? Axı hüquqdan necə istifadə olunması da mənəvi keyfiyyətdən asılı deyilmi?

Axı hüquq təkcə özünümüdafiə silahı deyil… Ümumiyyətlə dünyada elə bir silah varmı ki, sadəcə özünümüdafiə üçün yararlı olsun?

Uzun illər tarix dərsliklərindən bizə təbliğ olunub ki, qədim dövrlərdə dünyada az saylı ruhani-şaman-braxman zümrələri özlərini ali təbəqə hesab edir və geniş kütlələri elmi biliklərdən aralı saxlayırdılar, çünki avam, cahil kütləni istismar eləmək daha asandı…

Bəlkə məsələ sadəcə istismar eləməkdə deyildi? Bəlkə onlar kütləni elmdən aralı saxlamaqla kütləni özünü özündən qorumağa çalışırdılar? Başqa sözlə desək, uşağın əlinə odlu silah vermirdilər?

Yox, deyə bilərsiz, onda xalq ona görə kütlə idi ki, avam idi, cahil idi… Sonradan maarifləndi, kütləlikdən çıxdı, ali insan cəmiyyəti formasını aldı…

Bəs onda niyə 20-ci əsrin ünlü Qərb filosofları müasir dövrün kütlə psixologiyasından, kütlə təfəkküründən, kütləvi təhtəlşüurdan, kütlənin təhlükəsindən yazırlar?

Bəlkə maariflənmək sadəcə illuzor inkişafdır? Nə qədər kitab oxusa da, nə qədər dünyəvi elmlərə sahib olsa da, insan kütləsi elə həmişə kütləliyində qalır və sürü qanunlarıyla yaşayır? Təfəkkürünün imkanları məhdud, düşüncəsinin həcmi dar, idrak sürəti aşağı olan kütlə…

Məgər 20-ci əsrin bir çox qlobal titrəyişləri - alman faşizmi, rus sosializmi, amerikan imperializmi bunu bizə sübut etmədimi?

Təfəkkürün partlayışı

Bir çox müasir psixoloqlar qeyd edir ki, adi insan şüuru öz təbii həcmindən artıq informasiya ilə yüklənəndə "təfəkkür partlayışı" baş verir... Bu partlayışların kəmiyyəti çoxalanda «kütləvi partlayış» həddinə çatır və cəmiyyətdə faciəvi kataklizmlər yaradır…

Bəs təfəkkür partlayışını ümumiyyətlə necə başa düşmək olar, necə təsəvvür etmək olar?

Misalçün, cəmiyyətdəki insanların fikir axınlarını çayın içindəki su damlalarına bənzətsək bunun müəyyən mənbəyi, mənsəbi, yatağı, kənarları var, yəni çay hara istəsə hərəkət edə bilmir...

Bu baxımdan da klassik dövrlərdə cəmiyyətlərdə insanların fikir və düşüncələrində fərqlilik də o qədər müşahidə olunmurdu, çünki fikir azadlığı yox idi. Hər cəmiyyətdə ali təfəkkür sahiblərinin istiqamətləndirdiyi müəyyən fikir axını var idi, insanlar da bu axınla gedirdilər, yəni kütlə eyni cür düşünürdü...

Əlbəttə kiçik sapmalar həmişə olurdu, lakin o qədər də diqqətçəkən deyildi... Çay sakitcə axırdı...

Keçmiş dövrlərin mədəniyyətinə və ədəbiyyatına baxanda da demək olar ki, eyni vəziyyəti görürük - Əsərlərin mövzularının oxşarlığı, düşüncə istiqamətin eyniliyi. Fərqlilik rəngarənglik yalnız səthi xarakter daşıyır. (Elə bizi də klassik ədəbiyyatdan, mədəniyyətdən narazı salan bir çox hallarda məhz bu məsələ olub - müxtəlifliyin rəngrəngliyin azlığı)

Və budur, birdən yağış yağır və çaya öz yatağının sığışdıra bilmədiyi qədər su gəlir...

Onda nə baş verir? Çay təbii ki, öz yatağından sığışmır, "çaylığ"ını da tərk edir, fəlakət və faciələr yaradan selə çevrilir, hər tərəfə yayılır...

Həm fərdi qaydada, həm də cəmiyyət miqyasında "təfəkkür partlayışı" məhz bu təzahürə bənzəyir.. -vahid axının pozulması və çayın ölüm daşıyan selə, daşqına çevrilməsi... Yenə də növbəti çevrilmə. Metamarfoza...

Yaxşımı, pismi? Əlbəttə ki, müasir düşüncə tərziylə yanaşanda yaxşıdı... Məgər onilliklər boyu cəmiyyətləri sarsıdan zəlzələləri, inqilabları vəsf eləməmişikmi? Bu zəlzələləri, daşqınları yaradanları tərifləyib göylərə qaldırmamışıqmı?

Bunun davamı olaraq indi də, məgər eqosu aşıb daşan hər bir müasir qələm sahibi, incəsənət xadimi öz əsərləriylə insan cəmiyyətlərində - təfəkkürlərdə, düşüncələrdə eynən bu cür zəlzələlər, titrəyişlər, inqilablar yaratmaq eşqiylə aşıb-daşmırmı?

Hamımız bu hissin əsiriyik... Və bu halı təbii qəbul edirik. Çünki bizə elə gəlir ki, BÖYÜK YARADICILIQ üçün BÖYÜK stimullar, böyük iddialar lazımdı...Bu BÖYUK iddia əslində içi boş illuziyadırsa, onda necə? Məgər indi dünyanı başına götürmüş mənəvi krizislərin səbəbi bu cür illüzor iddialar və onların təmin olunmasına yönələn səylər deyilmi?

Ardı var

Oxşar xəbərlər

Xəbər lenti

Ona xəyanət etdiyini öləndən sonra bildi - Böyük adamın balaca sevgilisi
16:41 31 Oktyabr 2020
Əməkdar incəsənət xadimi: "Bu, tarixdə görülməmiş hadisədir"
15:38 31 Oktyabr 2020
Azad olunan daha bir mədəniyyət abidəsi: Laləzar körpüsü
14:36 31 Oktyabr 2020
Yazıçı psixologiyası sirri-xudadır - Elçin yazır...
13:27 31 Oktyabr 2020
Xoş xəbəri elan olunacaq növbəti rayon hansıdır?
12:28 31 Oktyabr 2020
Məşhur müəğənninin iştirakı ilə Gəncədə törədilən erməni terroruna klip çəkildi - Video
11:32 31 Oktyabr 2020
Mədəniyyət Nazirliyi yeni islahat strategiyasını açıqladı
10:29 31 Oktyabr 2020
Oğlu ermənilər tərəfdən döyüşən muzdlu rus snayperin anası: O, Bakıda kimi axtarırdı?
09:00 31 Oktyabr 2020
Vətənpərvərlik mövzusunda şeir müsabiqəsi elan olunub
18:43 30 Oktyabr 2020
“YARAT”da sərgi davam edir
18:09 30 Oktyabr 2020
Səngərdəki səs - Kamal Abdulladan yeni hekayə
17:15 30 Oktyabr 2020
Gəzən kinoteatr dövrü geri qayıtdı
16:29 30 Oktyabr 2020
Kukla Teatrının noyabr repertuarı
15:42 30 Oktyabr 2020
Bred Pitt yeni filmə çəkilir
15:01 30 Oktyabr 2020
Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola acından öldü - "Təbrizim" mahnısının müəllifinin dəhşətli həyatı
14:20 30 Oktyabr 2020
Məşhur tarixi əsərin komiksi hazırlanır
13:30 30 Oktyabr 2020
"Yazıq" ermənilərlə necə davranaq? - Sərdar Amin yazır...
12:49 30 Oktyabr 2020
Qadınlar paltarlı yatır ki, ölsələr ayıb olmasın - Gəncəli jurnalist yazır...
12:10 30 Oktyabr 2020
İstanbulda əxlaqsız erməni yuvası - Aqşin yazır...
11:36 30 Oktyabr 2020
Günün şeiri: Salam, Şuşam!
11:01 30 Oktyabr 2020