Yazarların Novruz xatirələri

Yazarların Novruz xatirələri
20 mart 2016
# 10:00

Kulis yazarların Novruz xatirələrini təqdim edir.

Səfər Alışarlı:

Novruz bizim uşaqlığımızın ən gözəl və yeganə bayramı idi. Bizim yerlərdə o vaxt Yeni ili (31 dekabr), Qurban bayramını, nə bilim, Konstitusiya gününü-filanı heç qeyd etməzdilər. Amma Novruz bayramı ən azı 1 ay öncə başlanırdı, uşaqların yumurta döyüşdürməsindən. Bayramqabağı bütün ailələr hədiyyə, şirniyyat-zad almaq üçün mütləq İrəvana səfər eləyirdilər. Martın 5-15 tarixləri arasında İrəvanın dükan-bazarı naxçıvanlılarla dolu olurdu. Hərdən valideynlərim məni də özləri ilə bu bazarlığa aparırdılar. Bakı-Yerevan qatarı ilə 1 saata şəhərə çatırdıq. Çox vaxt biz gecəni oradakı müsəlman evlərində qalardıq ki, çatdırıb ala bilmədiklərimizi ertəsi gün alaq. Adını belə xatırlaya bilmədiyim ev sahiblərinin bizə - bir gecəlik qonağa qarşı xoş münasibəti, şirindilliyi mənim uşaqlıq yaddaşımdan heç zaman silinməz. Böyük məhəllələrdi, hamısının da radiosunda bizim mahnılar səslənirdi. Mənim üçün çox qəribə anlaşılmazlıqlar vardı bu İrəvan məsələsində. Birinci, biz ora pul xərcləməyə getsək də, ermənilərin bizi o qədər də sevmədiyini addımbaşı hiss edirdik. Atam az-maz ermənicə bilirdi, amma çox vaxt satıcılarla öz dilimizdə danışırdı: onların da hamısı bizim dili başa düşürdü. Mən o vaxtlar İrəvanın dünənə qədər gözəl Azərbaycan şəhəri olduğunu anlaya bilmirdim. Heç bunu mənə deyən də yoxuydu. Sonra 1968-ci ildə 14 yaşım olanda Bakıya oxumağa gəldim və bu iki paytaxt arasındakı fərqi dərhal hiss etdim: İrəvan mənə o zamankı Bakıdan daha çox Azərbaycan şəhəri kimi göründü”.

Qəşəm Nəcəfzadə:

“Novruz bayramına bir ay əvvəldən hazırlaşırdım. Qalın keçə tapırdım, onu yumaq eləyib simlə möhkəm bağlayırdım. Bayram axşamı şam yandırıb göyə atırdım, hamı atırdı, bütün qonşular, kənd... Amma ən yaxşısı mən hazırlayan olardı... Səhər isə şamın yanmış külünə baxıb azca kədərlənərdim. Anam bayram axşamı deyirdi ki, gedin bir yerdə yumurta gizlədin, yanına bir qara, bir qırmızı karandaş qoyun. Səhər gedin baxın. Əgər yumurta qırmızı qələmlə cızılıbsa, demək, işləriniz yaxşı gedəcək, yox əgər, qara qələmlə cızılacaqsa, uğursuzluğunuz çox olacaq. Gizlətdiyim yumurtalarda heç bir yazı olmurdu, anam deyirdi ki, sən hələ uşaqsan, xoşbəxtliyin sənə tərəf yol gəlməkdədir. Ya da hərdən belə deyirdi: “Yumurta ilə qələmi düz qoymamısan, ona görə yazmayıb”. Mən də təəssüflənirdim, başlayırdım novbəti Novruzu gözləməyə”.

Hədiyyə Şəfaqət:

“Əslində bir zaman vardı, müstəqillik illərinə keçidə yaxın, müstəqilliyin ilk illərində, o illərin bir başqa aurası vardı, mənim uşaqlıq xatirələrimdə qalıb. Nağara-zurnalı Kosa dəstəsi, milli geyimdə, camaat üç-dörd gecə yatmayıb gözləyərdi ki, Kosa paya gələcək, həm də eləcə qapı döyülüb pay istəməzdi bizim kənddə, əməlli-başlı çalıb oynayardılar, ev əhlini də şənliyə qatardılar, kiçik tamaşalar göstərərdilər. Bir də o illərdə bir adət vardı, kosanın yığdığı paydan imkansız, xəstə adamlara pay çıxılardı, uşaq evinə pay gedərdi. Yəni elə-belə, pərakəndə iş deyildi, təşkil edəni, nəzarətdə saxlayanı, başçısı vardı. İkinci belə dəstə də yoxdu, kim həmin dəstədə olacaqdısa əvvəlcədən yığılıb məşq edirdi. Yadıma gəlir ki, kəndimizdəki həmin o dəstəni Bakıya, saraydakı böyük bayram konsertinə dəvət etmişdilər, televiziyada göstərmişdilər. Bir də dağ başında yandırılan tonqal olardı mütləq, yaxın kəndlərdən də görünərdi. Deyəsən, onu indi də yandırırlar”.

Cəlil Cavanşir:

“1989-cu ilin Novruz bayramını heç vaxt unutmuram. Üstündən 25 il keçsə də uşaqlığımın ən şirin xatirəsi kimi yaddaşımdan silinmir. Bağçada ilk dəfə geniş Novruz şənliyi keçirilirdi və mən tədbirdə Kosa obrazını canlandırırdım. Obrazı o qədər ustalıqla mənimsəmişdim ki, 3-4 gün obrazdan çıxa bilmədim. Ən çox da nənəmin xoşuna gəlmişdi mənim atılıb-düşüb qonşuları gəzməyim, kosanın sözlərini ən azı milyon dəfə təkrarlamağım. Heç vaxt unutmuram o bayramı. Mırıqdiş, toppuş bir uşaq düşünün və onun Kosa obrazında xəyalınızda canlandırın. O qədər komik idim ki, hələ də yadıma düşəndə üzüm gülür”.

Hikmət Orhun:

“Kədərli olsa da, itimlə bağlı bir Novruz xatirəm var. Martın 20-i axşamı əmimgildə yığışıb, bayramı qeyd edirdik. Hamının başının yeməyə qarışdığı bir vaxt bayırdan boğuşma səsi gəldi. Həyətə çıxanda gördüm, itlər biri-birinə girib. Mənim Tuzikim qonşu iti altına alıb, xışmalayırdı. Ayırmaq olmurdu, üstünə getdikcə daha da qızışırdılar. Qonşu özünü yetirdi, itinin məğlub olduğunu görüb, əlindəki çomaqla Tuzikin ayağını sındırdı. Hündürboy adam idi, söz deyə bilmədim, elə bil, məni döymüşdülər, özümü ağlamaqdan güclə saxlayırdım. Qocalmışdı deyə, nə illah elədik, ayağı düzəlmədi, axsaya-axsaya yeriyirdi. Təxminən bir ay sonra, nənəmin ölümünün qırxıncı günü öldü. Onu qoruya bilməmişdim. O gün bu gün it saxlamıram”.

# 2317 dəfə oxunub

Oxşar xəbərlər

NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

10:00 23 dekabr 2025
"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

12:00 20 dekabr 2025
Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

15:00 14 dekabr 2025
BDU-nun ilk azərbaycanlı professoru - Onu niyə şantaj edirdilər?

BDU-nun ilk azərbaycanlı professoru - Onu niyə şantaj edirdilər?

15:00 12 dekabr 2025
Həbs edilən, sürgün olunan, xərçəngdən sağalan Nobel mükafatçısı  - Onun köməkçisi niyə özünü asmışdı?

Həbs edilən, sürgün olunan, xərçəngdən sağalan Nobel mükafatçısı - Onun köməkçisi niyə özünü asmışdı?

15:00 11 dekabr 2025
"Ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı" - Əbdürrəhim bəyi kimlər hədəf almışdı?

"Ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı" - Əbdürrəhim bəyi kimlər hədəf almışdı?

12:00 11 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər