Xanəmirə yaz alqışı

Xanəmirə yaz alqışı
17 mart 2016
# 11:50

Kulis yazıçı Azər Abdullanın “Maq yazıçı Xanəmirə yaz alqışı” yazısını təqdim edir.

Xəbər tutub biləndə sənin qəhrəmanın qızılgüllə bir qövm, bir soydandır, kim onunla tanış, dost olmağa can atmaz.

Qəhrəmanın barədə ilkin Ay ışığı xəbər tutduğundan vaxtı, zamanı fövtə vermədən hamıdan, hər şeydən öncə dərhal gəlib onun içinə - Məninə girdi. (Biz tərəflərdə - Zəngəzurda gecələr dolun Aya baxanda ayüzlü nənəmiz deyərdi, çox baxma, Ay səni çəkib aparar) Yaddaşımın dərinliyində qalmış bu əfsanəyə bənzər deyim, ancaq bu əfsanədə azacıq da olsa həqiqət qırığı olduğundan Ayın enib sənin qəhrəmanının - elə öz Məninə girməsinə şübhə yerim qalmadı.

Ucu-bucağı görünməyən hüdudsuz Mənin içində girdə bir Ay!

Bütün əfsanələrə diqqətlə baxanda məgər bir qırıq da olsa gerçəkliyin izi görünmürmü!?

Belə anladım, sənin qəhrəmanın nəfsini yendiyindən o, nəinki özünü, özündəki, Mənindəki ən xırda hüceyrələrini də idarə edə bilir. Belə insanın quş olmaq istəyi, arzusu da doğaldır. Ancaq qəhrəmanın mamont əyyamına qayıtsa da milyon illər uzaqlıqdan əlindəki upuzun isladılmış qamçısıyla indiki cəmiyyətdə haqsızlıq-firounluq edən harınları, insan qanını zəli kimi sümürənləri uf demədən döyəclədiyi göz önündə.

İlin-günün bu çağı yenə də Ezop dili...

Millətin oğurlanmış tale kitabını yağıdan geri almaq üçün bir xalqın yumruq kimi birləşib savaşa qalxması və dəyəri ölçüyə gəlməyən o kitabı əldə edə bilməsi əladır. Ancaq kitab uğrunda savaş səhnəsinə illər öncə Əli Həsənlinin yazısında da ləzzətlə “tamaşa eləmişəm.”

Ah!... Romandakı yan-yörəsinə nur çiləyən şeyx obrazı böyük Mövlananı yada salır. Qəfildən qarşına çıxan şeyx “yazda pardaqlayıb açılmış qızılgülün ləçəkləri boyunca isti, ipisti hava axınını” xatırladır. Ondan saçılan nur, o nurun tərkibindəki duruluq, aydınlıq istənilən qəddarlığı, pisliyi yuyub təmizləyə bilən gücdədir.

512 səhifəlik “MAQlar” romanında müqəddəslərə, övliyalara bənzər Şeyx bədii obrazından qənaətlə söhbət açmaq adamda təəssüf hissi doğurur. Elə bil yazarın özü içindən nurlanan o Şeyxdən, onun qeyri-adi gücündən danışmağa qısqanır, yaxud, təvazö edir.

...Yaradılan Yaradanın bir zərrəciyi olduğundan yaradılan nə qədər iddialı, təkəbbürlü, özündən razı olsa da, yazarın dediyi kimi çalışqanlıqda arı nəslinə bənzər yəhudilərdən olmasın, lap başqa planetdən gəlmiş onlardan yüz qat ağıllı məxluq olsun... Okeanın dibində, yaxud bizdən uzaaaq, uzaq başqa planetlərin biridə Nizami Gəncəvinin baş tükündəki hüceyrədən yeni Nizami yaradılsa belə, şəksiz-şübhəsiz, Nizami Gəncəvinin üzü yenə Azərbaycana sarı olacaq, indiki mühit, şəraitdəsə romanda deyildiyi kimi dahi Nizami “Xəmsə”sini türkcə yazacaq.

Xanəmirin yazılarını oxuyanda yenicə əkilmiş buğlanan bərəkətli qara torpağa toxum səpən səpinçi gözümün qabağına gəlir. O, fikir, ideyalarını vərəqlərə səpir. Qədim doğma Orxon-Yenisey əlifbamıza qayıtmaq (bununla nə qədər qazanıb, nə qədər itirəcəyimizi incələmək gərəkir) ideyası ilə illərdir çaba göstərməkdə.

Böyük Azərbaycanın bütöv ərazisini bədənində kodlaşdıran hər bir azərbaycanlıya “MAQlar” romanının qəhrəmanı, həm də yazarı təki işıq olmağını, işıq kimi dupduru, zəngin, hızlı, cəsur olduğunu anlayıb dərk etməsi istəyi ilə...

# 1050 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #