news-inner
clock11:00 calendar-gray 03 Mart 2019 view-gray1387 dəfə oxunub
view-gray1387 dəfə oxunub

Fərman Kərimzadənin qızı: “Atamı KQB öldürdü” - MÜSAHİBƏ

Kulis “Atamın xatirəsi” layihəsindən yazıçı Fərman Kərimzadənin qızı, yazıçı-jurnalist Yeganə Kərimzadə ilə müsahibəni təqdim edir.

- Ənənəvi sualla başlayırıq. Sizi layihəyə dəvət edəndə ilk yadınıza düşən nə oldu?

- On yaşım vardı, atam məni özüylə Moskvaya aparmışdı. O, kinostudiyada işlədiyi üçün filmlərlə bağlı ora tez-tez gedirdi. Moskvada tanınmış insanlar - yazıçılar, aktyorlar, diktorlar gördüm. Yazıçılar İttifaqının sədri vardı, əyilib əlimdən öpdü. Gəlib fəxrlə danışırdım. O vaxtkı birinci katib Brejnevin qızı Qalinanı da orda gördüm. Atamla dost idilər.

- Evdə dörd uşaq olmusuz, gərək ki...

- Dörd bacı, bir qardaşıq. Bacımın biri ögeydir.

- Hə, deyəsən, başqa ailəsi də olub Fərman müəllimin...

- Bəli. Atam bir müddət, hardasa il yarım anamdan ayrılıb, başqa qadınla yaşayıb, sonra geri qayıdıb. Bu mənim uşaqlıq yaddaşımda travma kimi qalıb. Amma nə edək ki, reallıqdır. Bu barədə yazım da var: “Uşaqlığımın son yayı”.

- Bağışlaya bilmirdiniz atanızı, necə?

- Bizim ixtiyarımız nə idi? Böyüklər nə düşünürdü, o idi.

- Böyüklər nə düşünürdü ki?

- Anam təbii ki, incimişdi. Amma qayıdanda heç bir problem yaratmadı, bağışladı onu. Qəlbində nəsə vardısa da bildirmirdi. Anam onu çox sevib.

- Atanızın qayıtmasını necə xatırlayırsınız?

- Elə ciddi nəsə olmadı. Qapını açdı, gəldi, anam da heç nə demədi. Atam bizi atmamışdı. Məktəbimizə gəlirdi, bizə göz olurdu, sadəcə evə gəlmirdi. O ailəsindən də bir qızı vardı, nənəmin adını qoymuşdular üstünə. İndi də həmin bacımla münasibətlərimiz yaxşıdır.

- Atam bizi atmamışdı deyirsiz... Amma getmişdi...

- Gəlib görüşürdü bizimlə, dolanışığımıza kömək edirdi. Hətta bir dəfə təzə həyat yoldaşı ilə məktəbə mənim yanıma gəlmişdilər. Qaçıb gizləndim (gülür). Qadın hamilə idi. Hədiyyə də almışdılar mənə, evə aparmadım anama görə. Məktəbdə qaldı. Sonra müəlliməm anama vermişdi. Bilirsiz, atamdan küsməmişdim, amma qəlbimin dərinliklərində hardasa inciklik vardı.

- Ananla necə tanış olublar.

- Tələbə imişlər. Anamın tələbə yoldaşı atamın kəndçisi olub. Onun vasitəsi ilə tam bir təsadüfdən tanış olublar. Gərək ki, dəniz qırağına gəzməyə gediblərmiş. Dəqiqi bilmirəm burasını.

- Ananız haralıdır?

- Nəvahi kəndindən.

- Siz özünüzü daha çox haralı sayırsınız?

- Bakıda doğulmuşam, amma irəvanlı sayıram özümü.

- Fərman müəllim görünüşcə də o yerlərə, o dağlara bənzəyirdi. Siz də bir az atanıza bənzəyirsiz, ona görə soruşdum.

- Bir az yox, çox bənzəyirəm (gülür). Hamı deyir. Atam oralara ruhən çox bağlı idi. Bu barədə də atama oxşamışam. Çox sevmişəm Vedini, o camaatı...

- Sərt adama oxşayırdı...

- Elə görünürdü, amma elə deyildi. Uşaqla uşaq idi, böyüklə böyük. Qohum-əqrəbanın uşaqları öz valideynlərinə deyə bilmədiklərini atama deyirdilər. O da imkan daxilində həll edirdi.

- Məsələn, siz ailə quranda atanızla rahat danışa bildiniz?

- Yox, arada pərdə vardı. Baxır nəyi demək də. Sizə deyim, sonralar həyatımda peşman olduğum məqamlar vardı ki, əminəm, atamla məsləhət etsəm, belə olmazdı.

- Bir az konkretləşdirək...

- Məsələn, anam istəyirdi ki, onun qohumu ilə ailə qurum. Mən gərək bunu vaxtında atama deyəydim. Demədim, uğursuzluqla üzləşdim. Atama demişdilər ki, qız razıdır. Narazı olduğumu desəm, belə olmayacaqdı.

- Ayrıldınız?

- Yox, nişan söhbəti idi.

- Atanıza deyiblər, qız razıdır, o da razılaşıb...

- Bəli. O barədə rahat adam idi. Həm müasir düşüncəli idi, həm də övladlarına hörmətlə yanaşırdı.

- Bildiyim qədər, siz atanızın qohumu ilə ailə qurmusunuz...

- Hə, atamın qohumu idi, əfsuslar olsun ki, atamın ölümündən sonra günümü göy əskiyə düydülər və mən də ayrılmağa məcbur qaldım.

- Demək atanıza görə imiş hər şey.

- Belə görünür.

- Atanız öz qohumu üçün sizin rəyinizi soruşmadı?

- Atamdan əvvəl Şeyx Əbdül məni ərə vermişdi (gülür). Anamla əmiuşağıdır. Razılığı o verib. Yəqin ümumi rəyi bilirmiş. Bəlkə, atamla da danışıbmış. Dayıdır mənim üçün.

- Ananız həkimdir...

- Hə. Amma işləməyib. Atam qoymayıb. Evə, uşaqlara baxıb.

- Evdə necə idi? Məsələn, Fərman müəllim işdən gəlir, qapını açıb içəri keçir və...

- Bir qayda olaraq onu ayaq üstə qapının ağzında qarşılayırdıq. Görüşüb-öpüşəndən sonra birimiz ayaqqabısını çıxarırdıq, birimiz corabını, birimiz köynəyini...

- Həmişə saçlı-bığlı idi?

- Həmişə. Arada mən məcbur kəsdirirdim saçlarını. Məndə də var o xasiyyət. Özümə fikir verən deyiləm. Bircə təmiz olum, vəssalam. Ona yaraşırdı o. Əzəmətli görünürdü. Koroğlu deyirdilər özünə.

- Vurub-tutan idi?

- Elə də yox. Amma lazım olanda edərdi. Bir dəfə maşında soymaq istəyiblər, oturacağın altında böyük bıçaq götürüb soyğunçuları qovalamışdı. Qoluzorlu adam idi, amma davakar deyildi.

- Nə vaxt yazırdı?

- Axşam da, səhər də. Əsasən əllə yazırdı, makinada mən də kömək edirdim arada.

- Məşhur bir bayatısı da yadigar qaldı: Vedinin yanı dağılar...

- Hə... Alim Qasımov onu muğam üstündə oxudu. İlk yazanda mənə oxumuşdu bu bayatını. O vaxtdan əzbərləmişəm.

Vedinin yanı dağılar...

Ürəyi canı dağlar

Burda bir el var idi

Siz deyin hanı, dağlar?!

- Evdə içirdi?

- Evdə içdiyini görməmişəm. Daha çox dostlarla məclis qururdu. İçəndə sərxoş olmurdu, kefi açılırdı. Yaxşı səsi vardı. 86-cı ildə bacımın toyuna getmişdik, Naxçıvana. Adətə görə ata qız toyuna getmir axı. Uzaq olduğu üçün atam bizi aparmalı oldu. Amma toy evinə getmədi, Şərura qohumugilə getdi, ordan da Vediyə. Məni də apardı. Bir-bir ata-baba yurdumuzu bizə göstərdi. Dedi, ölüb qalmaq istəyirəm burda. Orda bir ağız oxudu da. “Apardı sellər Saranı” mahnısını... Elə bil ayrılıq ürəyinə dammışdı...

- Sonra gedə bilmədi?

- Axırıncı günəcən getdi, adamların çıxmasına kömək elədi.

- Təbii ki, “Qarlı aşırım” romanı, “Axırıncı aşırım” filmi də elə o yerlərə, o adamlara olan sevgidən yaranıb.

- Təbii ki...

- Qəmlonun qohum-əqrəbası narazılıq edirdilər ki, faktları təhrif edib. Sizə gileylənən olub?

- Bir dəfə bibimgilə getmişdim, bir kişi gəldi ki, o uşaqları niyə bura göndərirlər, indi atalarının heyfini uşaqlarından alaq? Çox qorxdum. Sən demə Qəmlonun qohumlarından imiş.

- Özünə nəsə deyilirdi?

- Deyirdilər, başına pul da qoyublar. Öldürmək istəyirdilər bir ara.

- Nə deyirdilər əsasən?

- Guya Qəmlonu qəsdən mənfi qələmə verib. Atam heç nəyi yalan yazmayıb. Qəmlo həqiqətən elə adam olub. Nənəmdən də eşitmişəm. Qəmlonu qadınlar yabayla öldürüblər. Kişilər güllə vurub, görüblər ölmür, özünü samanlığa vurur, qadınlar yabayla düşüblər üstünə. Amma erməniyə qarşı döyüşüb. Bizim babamızla bir yerdə vuruşublar. Mərdlikləri də varmış.

- Adı dəyişə bilərdi, məncə...

- Nəsə dəyişməyib. Qəmbəralı imiş, Qəmlo deyirmişlər. Fərman müəllim də kitabda eləcə saxlayıb.

- Atanız rəhmətə getdi... Xəstəliyi vardı?

- Yox, sap-sağlam adam idi. Məncə, onu KQBöldürdü. Bildiyiniz kimi son hadisələrdə çox fəal idi. Nəsə yardım komitəsi yaratmışdılar. Anama da demişdi ki, məni izləyirlər, tutulsam, bilin ki bunlar edib. Hətta bir dəfə çağırıb nəsə təklif də eləmişdilər, təbii ki, qəbul eləməmişdi. O, azad adam idi. Bu hadisələrlə bağlı Moskvaya getmişdi, ordan gəldi, heç evə dəymədən Tərtərə yollandıi. O vaxt adamlar köçürülürdü Ermənistandan. Kəlbəcərə gedib, sonra bir də Tərtərə qayıdıb. Orda iflic vurmuşdu. Amma mən buna inanmıram. Daha doğrusu içimdə ciddi şübhələr var.

- Ölüm xəbərini necə eşitdiniz?

- Martın 17-də rəhmətə gedib. Gedəndə həmişə görüşərdik, bu dəfə əl eləyib getdi. Dedi, narahat olmayın, gələcəm. 17-si gəlməli idi ki, bayramı bir yerdə keçirək. Mənə Goranboydan zəng elədilər, dedilər, halı pisidir, təzyiqi var, Bakıdan həkim göndərin. Sən demə rəhmətə gedibmiş. Burdan vertolyot getdi. Ağlıma gəlməzdi ki, atam ölə bilər. Yazıçılar İttifaqından da zəng elədilər. Deyirəm, xəstədi, deyir, allah rəhmət eləsin. Birdən mənə çatdı və huşumu itirdim. Özümə gələndən sonra da bir gecə anamdan gizlədim bu xəbəri. Şəkəri vardı, qorxurdum ona da nəsə olsun. Səsim tutuldu, çox ağır depressiyaya düşdü.

- Harda dəfn olundu?

- Binəqədidə.

- Fərman müəllimə münasibət indi necədir, sizi qane edir?

- Qətiyyən. Nə onun yaradıcılığına, nə ailəsinə heç bir diqqət və qayğı görmürük. Özüm də yazıram, jurnalist-teatrşünasam, aspirantura bitirmişəm, amma demək olar ki, hər şeydən kənarda qalmışam.

- Ailədə sizdən başqa yazan var?

- Var. Balaca Fərman Kərimzadə... Qardaşımın oğludur. 11 yaşı var. Maraqlı hekayələr yazır.

2016

news-inner-user

15781 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020
Kuklada uşaqlar üçün tamaşa
15:37 08 İyul 2020
Məşhur rəssamın əsəri tapılıb
14:59 08 İyul 2020
Azərbaycanda orkestr rəhbəri həbs edildi
14:18 08 İyul 2020
Xəsil adam - İlham Əzizdən yeni hekayə
14:10 08 İyul 2020
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: sürgündən qayıdanda arvadı başqası ilə evlənmişdi - İnanılmaz faktlar
13:18 08 İyul 2020
Elzanın başındakı qıjıkimilər - Sərdar Amin yazır
12:36 08 İyul 2020
Türkiyəli aktrisa vəfat etdi
12:01 08 İyul 2020
Bu, Allaha qarşı küfrdür – Gənc şair həmkarını tənqid etdi
11:20 08 İyul 2020
“Üzüklərin hökmdarı” geri qayıdır
10:47 08 İyul 2020
Elzanın yeni şəkli müzakirəyə səbəb oldu - Foto
10:12 08 İyul 2020
Kitabxana maraqlı layihəyə başlayır
09:30 08 İyul 2020
Üzündəki ipəyi qaldıranda oğlum özünü çölə atdı - Bircə atasının ölümündən yazır...
09:00 08 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020
Bizim üçün qızılgül – Cavanşir Yusifli yazır...
17:30 07 İyul 2020