news-inner
clock13:16 calendar-gray 17 Fevral 2016 view-gray430 dəfə oxunub
view-gray430 dəfə oxunub

“Füyuzat”ı Abdulla Şaiqin general qardaşı bağlatdırmışdı - SÖHBƏT

Görkəmli ədib Abdulla Şaiqin böyük qardaşı, general Yusif Ziyanın maraqlı taleyi haqqında yazı yayımlamışdıq. Mövzunu araşdırmaçı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə davam etdiririk.

- Yusif Ziya Talıbzadə haqda qısaca necə arayış verərdiniz?

- Axund Ziya Talıbzadənin Azərbaycan siyasi həyatında və publisistika tarixində məxsusi yeri var. Onun Azərbaycanın müstəqilliyinin əldə olunmasında, Türkiyə ilə Azərbaycan Cümhuriyyətinin əlaqələrinin qurulmasında müstəsna xidmətləri olub. İslam tarixini, islam fəlsəfəsini dərindən bilən bir insan idi. Quranın təfsirini yazan ilk azərbaycanlılardan biridir. Eyni zamanda, İslam tarixi qəhrəmanları ilə bağlı dramaturji əsərlərin müəllifidir. Həmin illərin qəzetlərini vərəqləsək, görərik ki, Z.Talıbzadənin kitabları, məqalələri, ictimai-siyasi baxışları, fikirləri haqqında rəylər, yazılar var. Çox maraqlı, savadlı bir adam olub. İranda ali dini təhsil alıb. İslam dəyərlərini mənimsəyən, müsəlman birliyinin tərəfdarı olan dəyərli bir elm, ürfan adam idi. Zəki Vəlidi Toğan xatirələrində Yusif Ziyanı Azərbaycan alimi və mütəfəkkiri adlandırır.

- Eyni zamanda döyüşçü, sərkərdə olub, müharibələrdə iştirak edib…

- 1910-1911-ci illərdə Balkan savaşlarında Türkiyəyə gedən Azərbaycan könüllülərinin tərkibinə qatılıb. Təbii ki, bu gizli bir yolla həyata keçirilirdi. Çar jandarmı Azərbaycandan Türkiyəyə getmək istəyən insanları nəzarət altına alırdı. Hətta barələrində cinayət işi açılırdı. Yusif Ziya Türkiyədə millətçi dünya görüşünə sahib oldu. Bir hərbçi kimi döyüşlərdə iştirak etdi. Onun haqqında bəzən səhv məlumat verilir ki, Balkan savaşında qardaşı Abdulla Şaiqlə birgə döyüşüb. Əslində isə Yusif Ziya Əhməd Cavad, "Açıq söz" qəzetinin Gəncə müxbiri İdris Əsgərzadə ilə bir yerdə Balkan savaşlarına qatılıb. Böyük türk ideoloqu , İttihadi Tərəqqi partiyasının əsas düşüncə adamlarından olan Yusif Akçuralı onları Azərbaycana qaytardı. Y.Akçuralı səngərə gələrək Əhməd Cavad və Yusif Ziya ilə qarşılaşır. Onların geniş dünya görüşünü, millətçi təfəkkürə sahib olduqlarını görəndə deyir ki, siz səngərlərdən çıxıb getməlisiniz Azərbaycana.

- Nəyə görə elə demişdi?

- Demişdi ki, sizə Azərbaycanda ehtiyac var. Çünki İttihadi Tərəqqi partiyasının Cənubi Qafqazla, Çar Rusiyasının tərkibində olan türk müsəlman əhali ilə bağlı xüsusi planları vardı. Bu planlardan biri də Şimalı və Cənubi Azərbaycanı birləşdirmək, ordan Orta Asiyaya çıxmaq idi. Məhz bu dövrdə Azərbaycanda olan milliyyətçi, turançı dünya görüşə sahib insanlara onların ehtiyacı vardı. Bu ehtiyacı Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Əhməd Cavad, Ziya Yusif kimi ziyalılar doğrulda bilərdi. Həmin dönəmlərdə Yusif Ziyanın “Gənc türklər”lə, Ənvər paşa, Xəlil paşa ilə çox ciddi əlaqələri yaranıb. Yusif Ziya Talıbzadə orda həmin ideyaları, düşüncələrini təkmilləşdirib Azərbaycana qayıtdı.

- Bəs Azərbaycanda fəaliyyəti nə oldu?

- Azərbaycanda müxtəlif qəzetlərdə, dərgilərdə islami və türkçü yönündə yazılarla çıxış etdi. Yusif Ziyanın ovaxtkı ziyalılarla, aydınlarla çox ciddi münasibəti yaranmışdı. Onu da deyim ki, Hacı Zeynalabdin Tağıyevin ən etibarlı adamı olub. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti təşkil olunandan sonra H.Z.Tağıyev qızılı üzlü, qızılı hərfli Quran nüsxəsini Yusif Ziya ilə Türkiyəyə Sultana göndərdi. Yusif Ziya Talıbzadə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin və H.Z.Tağıyevin təmsilçisi kimi II Əbdülhəmidlə görüşüb Quranı ona təqdim edib. Sultan ona deyib ki, sizin Tağıyevin maliyyələşdirdiyi “Füyuzat” jurnalınızda mənim əleyhimə təbliğat aparılır, indi mən onun səmimiyyətinə necə inanım və bu hədiyyəni necə qəbul edim? Yusif Ziya Talıbzadə Sultanın dediklərini Tağıyevə çatdıranda “Füyuzat” jurnalının fəaliyyəti dayandırıldı. “Molla Nəsrəddin” jurnalı “Füyuzat”ın bağlanmasının günahkarı kimi Axund Ziyanı gördü və onun karikaturasını dərc etdirdi. Bu hadisə haqqında həmin dönəmin qəzetləri də yazıb.

- Yusif Ziya haqqında internetdə az-çox məlumatlar var. Bunlar nə qədər səhihdir?

- İnternetdə belə bir məlumat gedir: guya Məmmədəmin Rəsulzadənin qardaşı Məmmədəli Rəsulzadə xatirələrində yazır ki, Yusif Ziya Talıbzadə Müsavat partiyasını yaradanlardan biri olub. Yusif Ziya Müsavat partiyasının yaradıcısı yox, üzvlərindən biri olub. Özü də ən fəal üzvlərdən biri. Müsavat partiyasında iki qanad vardı: sağ qanad, sol qanad. Yəni sağçılar, solçular. Axund Ziya Müsavat partiyasının sağ qanadına mənsub idi. “Azərbaycan” qəzetində onun Cümhuriyyətin daxili və xarici siyasəti ilə bağlı radikal yazıları, çıxışları var.

- Bu yazılar, çıxışların əsasında nə dayanırdı?

- Bu yazılar, çıxışlar həm də Yusif Ziyanın Azərbaycan müstəqilliyinə fərqli bir baxışı idi. “Yeni Qafqaziya” dərgisində Yusif Ziyanın müxalif fikirləri ilə bağlı Mirzə Bala Məhəmmədzadənin bir xatirəsi var. Həmin xatirə 1920-ci ilin 28 aprelinə, yəni Rusiya işğalına həsr olunub. Məqalə hələ Azərbaycan latın qrafikasında çap olunmayıb, amma mən əldə etdim və oxudum. Orda Qafqaz İslam Ordusunun Azərbaycana gəlməyindən və ordunun hərbi rəhbərliynin 1920-ci ilin aprel hadisələrinə qədər oynadıqları rollardan bəhs edilir. M.B.Məhəmmədzadə yazır ki, Qafqaz İslam ordusunun komandanlığı, İttihadi Tərəqqi partiyasının hakimiyyətdən getdikdən sonra Azərbaycan Cümhuriyyətinə münasibəti dəyişdi. Türk generalları, məxsusi Xəlil Paşa Müsavat hakimiyyətini birmənalı qəbul etmirdi. Mustafa Kamal Atatürkə yalan məlumatlar verirdilər ki, Müsavat hakimiyyəti ingilisyönümlüdür. Buna görə, Müsavat hakimiyyətdən gedəcəyi təqdirdə Azərbaycanda olan Türk zabit və əsgərləri hakimiyyəti ələ almalıdır. Türk hərbiçiləri arasında Azərbaycanın bolşevikləşməsinin, Sovet Rusiyasının tərkibinə qatılmasının tərəfdarları da vardı. Yusif Ziya Xəlil paşaya daha yaxın idi və istəyirdi ki, Müsavat hakimiyyətdən gedəcəyi təqdirdə hakimiyyətə Türk generaliteti gəlsin. Buna görə də Müsavat partiyası üzvləri arasında danışıq aparırdı. Həmin danışıqlardan birini də M.B.Məhəmmədzadə ilə aparmışdı və yox cavabı almışdı. M.Ə. Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Ə.M. Topçubaşov , F. X. Xoyski Azərbaycanın heç bir dövlətə bağlı olmadan müstəqilliyinin tərəfdarı idilər. Təbii ki, Yusif Ziya Ənvər paşanı tanıyırdı. Qafqaz İslam Ordusunda təkcə türk hərbi birlikləri deyil, həm də könüllülər iştirak edirdi. Borçalıdan, Qazaxdan, Tovuzdan, Göyçaydan, Bərdədən, Şəkidən, Ağdaşdan hərbi dəstələr şəklində əhali Qafqaz İslam Ordusunun tərkibinə qatılırdı. Belə bir zamanda Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Yusif Ziya Talıbzadəni bu könüllülər hərbi dəstəsinin təhkimçisi təyin elədi. O dəstələr də Azərbaycanın istiqlalı üçün çox böyük töhfələr verdi.

- Həmin vaxtlar general idi Yusif Ziya?

Təbii ki, Yusif Ziyanın hərbi biliyi vardı, min başı rütbəsində idi. İnternetdə yazılır ki, general rütbəsi alıb. Onun general rütbəsi almağı Sovet dönəmlərində olub. Yusif Ziya Cümhuriyyət dövründə general rütbəsində olsaydı, o zaman Cümhuriyyətin Müdafiə Nazirliyi sistemində ən yüksək vəzifələrdən birini tutardı. Ona görə də elə də böyük səlahiyyət sahibi olmayıb.

- Hə, qayıdaq Yusif Ziyanın Azərbaycan müstəqilliyinə fərqli baxışına…

- Deməli, Qafqaz İslam Ordusu çıxıb getdi, bundan sonra Azərbaycanın problemləri başladı. İngilislərin Azərbaycana gəlişi bu zaman oldu. Türk ordusunun Azərbaycanı tərk etməsi noyabrda başlayıb dekabrın sonuna qədər davam elədi. 1919-cu ilin ortalarında ingilislər Bakını tərk etdilər. Azərbaycanın müstəqillik dönəmi üçün çox böyük təhlükələr yarandı. Cümhuriyyət liderləri Türk zabitlərinin yenidən Azərbaycana qaytarılması, Azərbaycan ordusunun formalaşması üçün cəhdlər etdilər. Xəlil paşa və Nuru paşa da geri qayıtdı. Bax onda bayaq dediyim kimi Axund Ziya Müsavat partiyasında sağ qanadı təmsil edirdi. Axund Ziya Talıbzadə ilhaqçı idi. İlhaqçılıq nə idi? Bu mövzu tariximizdə tədqiq olunmayan bir mövzudur. İlhaqçılıq Azərbaycanı Türkiyənin tərkibində görməyin tərəfdarı idi. Bayaq “Yeni Qafqaziya” dərgisinin adını çəkdim. Orda M.B.Məmmədzadə yazırdı ki, Yusif Ziya Talıbzadə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Məmməd Əmin Rəsulzadə və onun ətrafındakılardan fərqli bir fikir yürüdürdü. Bu fikir bizim Türkiyəyə olan münasibətimizin yenidən gündəmə gətirilməsi idi. Bir qisim ziyalılar Rusiya tərəfdarı idi. Bir qisim isə Türkiyə ilə yaxınlaşmanın tərəfdarı idi. Çox təəssüf ki, birinci dünya savaşının sonunda Türkiyə məğlub vəziyyətdə çıxdı. Ancaq bir qismi belə düşünürdü ki, əgər Rusiya Azərbaycanın müstəqilliyini tanımırsa və təzyiq göstərirsə, biz öz ölkəmizin istiqlaliyyətini qorumalıyıq. Yusif Talıbzadə də bu fikri irəli sürürdü ki, biz türk zabitlərinin ətrafında birləşməliyik. Bolşevizmin qarşısını yalnız bu cür ala bilərik. İndiki hakimiyyətin bolşevizmin qarşısını ala bilməməkdə tənqid edirdi.

- Təbii ki, onun bu ideyası gerçəşləşmədi. Bəs Yusif Ziya bolşevik hakimiyyəti dövründə nə etdi?

- Deməli, Nəriman Nərimanov Axund Ziya Talıbzadəyə ən yaxın dost, sirdaş olub. Çünki ikisi də Tiflisdə, Şeytanbazar məhləsində doğulub. Yusif Ziya Nəriman Nərimanla həm el oğlu, həm də bir-birinə çox yaxın insan idi. N.Nərimanov Azərbaycana qayıdanda Yusif Ziyanı Naxçıvana göndərdi, general rütbəsində hərbi komissar kimi. Orda Yusif Ziya gördü ki, bolşevizm heç kimə xeyir gətirmir, insanlar qətlə yetirilir, Azərbaycanın ərazisi işğal olunur və təhlükəli bir idarə üsulu yaranır.

- Belə olduğunu görəndən sonra Türkiyəyə getdi…

- Hə, o zaman Yusif Ziya Orta Asiyaya çıxıb getdi və Ənvər paşanın basmaçılar hərəkatına qoşuldu. Zəki Vəlidi Toğan Yusif Ziyanın həmin basmaçılar hərəkatındakı fəaliyyəti, döyüşlərdə iştirakı haqqında xatirələrində geniş yazıb, şiə təriqətçisi kimi qeyd edib. Xatirələrdə maraqlı detallardan biri odur ki, məclislərin birində Mövlanə Cəlaləddin Rumidən oxunan şerlərdə mey və meyxanədən bəhs olunduğundan məclis şərab mövzusunun müzakirəsi ətrafında davam etdirilir. Yusif Ziya mey tələb edir. Ona söyləyirlər ki, biz şərab yox kmiz içirik. Yusif Ziya isə kmızı şərabla əvəzləmək istəmir. Baxın, Ənvər paşa sünni, Yusif Ziya isə şiə. Bunların birliyinin əsası millətçilikdə, türkçülükdə və turançılıqda idi. Onların birgə mübarizəsi bu formatda davam edib.

- Bəs Yusif Ziyanın ölümü necə olub?

- Ənvər Paşa 1923-cü ildə öləndən sonra Yusif Ziya Əfqanıstana keçmək istəyir, bolşevik qüvvələri ilə orda döyüşür və həlak olur. Akademik Kamal Talıbzadənin əmisi haqqında xatirəsi var. Deyir ki, bir neçə müddətdən sonra onunla birgə döyüşənlərdən biri Axund Ziyanın köynəyini və Quran kitabını gətirib nənəmə verib. Mənim bildiyimə görə, həmin Quran Abdulla Şaiqin ev muzeyində qorunub saxlanır.

- Yusif Ziyanın həm də yazıları, araşdırmaları olub... Ancaq bu yazılardan xəbərimiz yoxdur.

- “Həyat”, “İrşad” qəzetlərində və ""Füyuzat" dərgisində onun yazıları çap olunub. İslam necə təbliğ olunmalıdır, müasir elmlərin İslamla əlaqəsi və s. haqqında yazılar yazıb. Onun təfsirləri, açıqlamaları kifayət qədərdir. Bu gün onun dramaturji əsərləri, təfsirləri öyrənilməli, çap olunmalıdır. Ancaq niyə öyrənilmir? Mən də baxmışam, dili çox qəlizdir. Yazılarında ərəb-fars sözləri o qədər çoxdur ki, publisistikası çətin anlaşılır. Bunu araşdıran, öyrənən alimimiz, yəni əziyyət çəkənimiz yoxdur.

- Abdulla Şaiqlə münasibətləri haqqında məlumat var?

- Axund Ziya ziyalı, ideoloq, sərkərdə idi. Onun qardaşı Abdulla Şaiqin turançı, türkçü şeirləri və romantik ədəbi nümunələri Yusif Ziyanın təsiri ilə yazılıb. Sovet dönəmində Abdulla Şaiqin xatirələri çap olunub. Təbii ki dövrün tələbinə görə qardaşı haqqında danışa bilməzdi. Abdulla Şaiqin ilk müəllimi olub Axund Ziya. İlk dəfə əlifbanı, yazıb-oxumağı A. Şaiqə o öyrədib. Məfkurəcə Abdulla Şaiq qardaşından fərqlənmirdi. Sovetdən əvvələ baxsanız görərsiniz ki, Abdulla Şaiqin yazılarında türkçülük fikri çox güclüdür. Amma Azərbaycan Sovetləşəndən sonra təbii ki, Abdulla Şaiq böyük istedadından istifadə edə bilmədi. Baxın, Abdulla Şaiq indi daha çox uşaq ədəbiyyatının yaradıcılarından biri kimi yada düşür. Qardaşı ilə münasibətləri çox yaxşı olub, heç vaxt aralarında fikir ixtilafı olmayıb.

news-inner-user
Ayxan Ayvaz

465 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Zəngilanlı aktyor: "Ordan çıxan gün 11 yaşım tamam olurdu" - Video-söhbət
16:30 24 Oktyabr 2020
Türkiyəli yazar vəfat etdi
15:26 24 Oktyabr 2020
Azərbaycanlı rəssamın sərgisi İstanbulda
14:19 24 Oktyabr 2020
Tolstoy hansı şairin qızını sevmişdi? - Elçin yazır...
13:30 24 Oktyabr 2020
Ömürlə peşmanlıq oyunları - Cavanşir Yusifli Kulisdə gedən hekayədən yazır
12:21 24 Oktyabr 2020
Ajda Pekkan: “Azərbaycanlı qardaşlarımıza sevgi göndərirəm”
11:12 24 Oktyabr 2020
Şəhid olan Milli Qəhrəman haqqında film - Video
10:06 24 Oktyabr 2020
Vətənim adamlar - Sevda Sultanova yazır...
09:00 24 Oktyabr 2020
“Pişiyin evi” onlayn göstəriləcək
18:49 23 Oktyabr 2020
Nazirlik Zəngilanda dağılan məscidlə bağlı bəyanat yaydı
18:15 23 Oktyabr 2020
Azərbaycan əsgərinə heyrətlənən erməni hərbçi
17:31 23 Oktyabr 2020
Bütün zamanların ən gözəl aktrisasının həyatı film olur
16:53 23 Oktyabr 2020
Kino tarixinin ən qorxulu filmləri açıqlandı
16:11 23 Oktyabr 2020
Yapon caz ifaçısı Azərbaycan ordusuna pul köçürdü
15:29 23 Oktyabr 2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı
14:52 23 Oktyabr 2020
Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı - Xalq artistindən maraqlı faktlar
14:15 23 Oktyabr 2020
Facebookda yayılan təhlükəli döyüş videoları
13:34 23 Oktyabr 2020
Köçkünlük statusu – Sevinc Elsevər yazır...
12:47 23 Oktyabr 2020
Dağıdılan, dəyişdirilən, yer üzündən silinən abidələrimiz
12:04 23 Oktyabr 2020
“Bitls” qrupunun keçmiş üzvündən yeni albom
11:18 23 Oktyabr 2020