news-inner
clock12:07 calendar-gray 14 Yanvar 2016 view-gray378 dəfə oxunub
view-gray378 dəfə oxunub

“Kitab nədir, gəl kostyum “zakaz” elə” - REPORTAJ

İran filmlərində tez-tez dərzi obrazları ilə rastlaşırıq. Abbas Kiaorastaminin “Bəy kostyumu” adlı filmi də iki uşağın kostyum üstündə davalarından bəhs edir. Dərzinin yanına gələn ana ilə uşaq ondan bir kostyum tikməyini istəyir. İki uşaqdan biri qolca qüvvətlidir, karate yarışına gedir, o birisi isə sakit, başıaşağıdır. Dərzi köməkçisi olan uşağın bu iki dostu kostyum üstündə mübahisə edirlər. Nəticədə, kostyum dalaşqan uşağa çatır, dərzinin də bundan xəbəri yox.

“Günah sənin ayağındadır”

- Eldar usta, sizin şagirdləriniz olub?

- Bəli, bir neçəsi olub. Amma hamısı gedib Rusiyaya, xəbərim yoxdu heç birindən, əlaqəmiz kəsilib.

- Dərziliklə məşğuldurlar?

- Yox, göy satırlar. – gülür.

Şəhərin mərkəzində işlədiyi vaxtlar əlində işçiləri də varmış. Uzaq yoldan gələn, iki-üç marşrut dəyişdirən dərzi bir gün gəlib görür ki, müştəri içəridə çığır-bağır salıb. Ay qardaş, nə məsələdir? Bəs deməzsənmi, işçilərdən biri eynən İran filmindəki kimi müştərinin şalvarını geyinib və şalvar da genəlib.

Başqa bir əhvalatı özü danışır:

“Bir dəfə bir oğlan gəldi yanıma. Dedi ki, mənim bu şalvarımı düzəlt. Bir-iki gündən sonra gəldi, götürdü şalvarı. Sabahısı gün əlində şalvar hay-haray salıb. Ay bu mənə gödəkdi. Sən demə, məlum oldu ki, bunun bir ayağı gödəkmiş, o biri ayağı isə uzun. Mən də buna görə düzəltdim, verdim özünə. Dedim, a kişi, sənin ayağındadır günah, mən neyləyim”

Gülür və mənim yadıma Cəfər Pənahinin “Ağ şar” filmi düşür. Orda da yaxalığını düzəltdirmək istəyən gəncə dərzi başa sala bilmir ki, sənin başın yekədir. Axırda mübahisə düşür, dərzini öz dostları qırağa çəkib başa salırlar. O, isə necə bir dərzi olduğundan bəh-bəhlə danışır.

Dərzi Eldar dayı

Eldar usta uşaq vaxtı anasının evdə paltar tikməyini, şalvar balağı düzəltməyini görüb. Hər gün uşaq marağı ilə anasının əl işinə baxıb və onda həvəs yaranıb. Özü Yüngül Sənaye Texnikumunu bitirib. Kənardan çox sakit, ağırtaxtalı adama oxşayır. Ona baxan deyər ki, heç kimə bu günə qədər yumruq da atmayıb. Eynən içəri müəllim girəndə sakit duran şagirdə oxşayır.

- Özüm Qarabağdanam, Cəbrayıldan. Amma Bakıda doğulmuşam. Uşaq vaxtından bu dərziliyə maraq yarandı məndə. Sonra getdim usta yanına.

- Qarabağı necə xatırlayırsınız?

- Elə Qarabağ kimi. – gülür. – dağlar, təpələr vardı, insanları çox mehriban idi.

- Ustanızla dalaşmışdınız heç?

- Arada olurdu. Cavan vaxtı mənə qışqıranda pis təsir edirdi. Amma çox hörmət edirdim. Mənə çox şey öyrətdi.

Hərdən düşünürəm ki, dərzilik də incəsənət sahəsi kimidir. Bir yazıçı material toplayır, toplayır, sonra isə ondan gözəl bir əsər ortaya çıxarır. Eynən rəssamlar da, bəstəkarlar da, rejissorlar da bunun kimi.

- Başqa sahədə işləmisiniz?

-Uzun müddət şəhərdə işləmişəm, kəsici kimi.

- O da dərziliyə yaxındı. – gülürük. Bəs buranı nə vaxt açmısınız?

- Bura icarədir, on beş il olar.

Aldadılan dərzinin hekayəsi

Saatsazdır, pinəçidir, elə dərzidir – hər məhəllənin atribitutu sayılan bu peşə sahiblərinin öz tanış müştəriləri olur. Eldar dayı həmin o əl verib görüşdüyü, söhbətinə qonaq olduğu müştərinin birindən heç də razı deyil:

-Bir dəfə gəldi dedi ki, mənim pulum yoxdur, bu kostyumu düzəlt, axşam toya gedəcəm. Mən də dedim, o nə söhbətdir, qoy ora hazır eləyərəm, gəlib götürərsən. Nəysə, bu gəldi, götürdü. O gedən getdi, səsi-sorağı gəlmədi. Halbuki əvvəllər tez-tez yanıma baş çəkər, hal-əhval tutardı. Araya borc girən kimi yoxa çıxdı. Heç axtarıb da eləmədim. Belələrinə baş qoşmaq lazım deyil. Uzun zamandan sonra onu bir dəfə metroda uzaqdan gördüm. Yanımdakı da tanıyırdı, dedi, get pulunu istə. Dedim ki, mənim daha elə tanışım yoxdu, pulumu vermədi, özü bilər. Mənim kitabımda daha belə bir adam yoxdu.

-Qəzəblisiniz ona?

-Yox, onun ağıl dərəcəsi ora qədərdir da... İndi tanımadığım adamlar da olur, aldatmırlar. Əsas da cavanlar. Gəlir, deyir ki, əmi, pulum yoxdu, bunu düzəlt sonra verərəm. Razılaşıram, səhər də gətirir pulu.

“Qadınların ancaq ətəyini, şalvarını düzəldirəm”

-Daha çox qadınlar gəlir, yoxsa kişilər?

-Mən əsasən kişilərlə işləyirəm.

-Qadınların paltarlarını qəbul etmirsiniz?

-Qadınların ancaq ətəyini, şalvarını düzəldirəm. Qalan şeylər mənlik deyil. Buna əsas qadın dərzisi baxır.

Ayağımız düşərli oldu deyəsən, bu qış günü, boş-bekar, pəncərədən qaranlığın düşməyinə baxan dərzinin yanına müştəri gəlir. Cavan oğlandı, pencəyi və şalvarını Eldar dayıya uzadır.

Aralarında belə bir dialoq olur:

-Balağı çox enlidir, usta. Bir baxardınız.

-Yaxşı, sən keç pencəyi geyin görüm.

Oğlan çıxaçıxda soruşur:

-Pulu qabaqcadan verim, yoxsa şey-şüyü götürəndən sonra?

-Necə istəyirsən qardaş. – Eldar dayı burnuna düşən eynəyi geri eləyib gülümsünür. Balıqçının tilovuna balıq düşən kimi gülləri tabaqda oynayır. Sevindiyi üz-gözündən bəllidir, həvəslə işə girişir, oğlanın bədənini, ayaqlarını metrlə ölçür.

-Nə qədər eləyir?

-10 manat.

Müştəri gedir.

- Bir kostyumu neçə günə hazırlayırsız, Eldar dayı?

- Söz danışıqdan keçər, oğlum. Baxır müştərinin dediyinə. 10 günə deyirsə, o vaxta da eləyib təhvil verirəm.

- Heç sizi tələsdirən olubmu? Deyən olub ki, çox gec eləyirsiniz?

- Məsələn, sənin özün gəlirsən, deyirsən ki, dayı, bunu bir günə həll elə. Alınmayanda deyirəm, alınmır. Amma şəhərdə işləyəndə başımın üstündə dil tökürdülər ki, sən canın, bunu elə indicə elə. Tələsik iş olanda səbrim çatmır. Elə dərzilər var da, tələsik iş görürlər, sonra da min cür problem çıxır.

Tanınmış şairlə parça söhbəti

Üç övladı, altı nəvəsi olan Eldar dayı deyir ki, tez evləndim və buna görə çox xoşbəxtəm. Öz uşaqlarının, nəvələrinin paltarlarının əyər-əksiklərini düzəltmək, təmir eləmək ona hədsiz zövq verir, daha həvəslə işə girişir. Xanımını da dediyinə görə, işarə veriblər, xoşuna gəlib, ata-anası da elçi gedib alıblar. Nədənsə, ailəsindən danışanda gözləri parıldayır, eynəyinin arxasından mirvari dənəsi görünür sanki. Eldar dayının danışıqdıqlarına radiodakı həzin musiqi də qoşulub ayrı bir rəng, abu-hava yaradır.

Tanınmış bir şairlə olan əhvalatını xatırlayır:

“Sözlərinə mahnı yazılır, tanınmış bir şairdir. Qaqa, dedi, mənə yaxşı bir parça ver. Dedim, yəqin kostyum “zakaz” eləcək. Deyir, yun olsun, əla bir şey olsun, belə elə. Mən də axtardım, gətirdim verdim ki, götür bax. Soruşdu qiyməti neçəyədi, o vaxt olub deyə dəqiq yadımda deyil, amma bahalı parça idi. Bundan dedi, mənə yarım metr kəs ver. Təəccüblü qaldım ki, bu sənin nəyinə lazımdır. Dedi ki, təzə bir maşın almışam, qap-qara, onu silməyə. (gülür.) Dedim, ə, yekə adamsan, denən, mənə cındır lazımdı, mən də gedim gətirim. Yoxsa iki saatdır əlləşib vuruşuram, özümü həlak eləmişəm.”

- Kim idi o?

- Yox deməyəcəm.

- Yazmayacam, mənim üçün maraqlıdır sadəcə.

- De, dayı canı. – gülür, yalandan başımı sallayıram. – Yusif Nəğməkar.

- İndi münasibətiniz var?

- Yox, çoxdandır oralara getmirəm, o şəhər tərəfə. Özü də onun yanında biri də gəlirdi, o da şair idi, adını bilmirdim. Bir dəfə Yusif gələndə dedim, aya Yusif xoş gəlmisən, keç otur. Yanındakı dedi ki, bəs mənə niyə salam vermirsən. Dedim, sən kimsən axı. Durdu ayağa ki, a kişi, sən kitab oxumursan. Mən şairəm, filan-bəsməkan. Dedim, a kişi, kitab nədir, gəl kostyum “zakaz” elə, şalvar tikdir tanıyım səni. Yusifi də elə tanımışam da, gəlib yanıma, kostyumunu, şalvarını düzəltmişəm.

- Başqa tanınmışlardan kim gəlib yanınıza?

- Hidayət Orucov yadımdadır, gəlib kostyum tikdirmişdi. Bir də Səxavətin oğlu gəlmişdi. Verilişə çıxırdı, uşaq proqramı aparırdı. Ona görə kostyum düzəldirdim.

Son

Çox vaxt toya, ya da harasa uzaq səfərə gedən adamlar Eldar dayının qapısını döyür. İçəriyə girəndə radionun səsini eşidəcəksiniz. Sarı bir kurtka geyinən, eynəkli, kök bir kişi sizi qarşılayacaq: sakit-səssiz biridir, heç kimlə çənə-çənəyə gələn adama oxşamır.

Çölə çıxanda öz-özümə düşündüm ki, Eldar dayının dərzi yeri elə bil küləyin vurub yapışdırığı sellofan kimi əsə-əsə müştərilərin yolunu gözləyir.

Ayxan Ayvaz

news-inner-user

16800 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Zəngilanlı aktyor: "Ordan çıxan gün 11 yaşım tamam olurdu" - Video-söhbət
16:30 24 Oktyabr 2020
Türkiyəli yazar vəfat etdi
15:26 24 Oktyabr 2020
Azərbaycanlı rəssamın sərgisi İstanbulda
14:19 24 Oktyabr 2020
Tolstoy hansı şairin qızını sevmişdi? - Elçin yazır...
13:30 24 Oktyabr 2020
Ömürlə peşmanlıq oyunları - Cavanşir Yusifli Kulisdə gedən hekayədən yazır
12:21 24 Oktyabr 2020
Ajda Pekkan: “Azərbaycanlı qardaşlarımıza sevgi göndərirəm”
11:12 24 Oktyabr 2020
Şəhid olan Milli Qəhrəman haqqında film - Video
10:06 24 Oktyabr 2020
Vətənim adamlar - Sevda Sultanova yazır...
09:00 24 Oktyabr 2020
“Pişiyin evi” onlayn göstəriləcək
18:49 23 Oktyabr 2020
Nazirlik Zəngilanda dağılan məscidlə bağlı bəyanat yaydı
18:15 23 Oktyabr 2020
Azərbaycan əsgərinə heyrətlənən erməni hərbçi
17:31 23 Oktyabr 2020
Bütün zamanların ən gözəl aktrisasının həyatı film olur
16:53 23 Oktyabr 2020
Kino tarixinin ən qorxulu filmləri açıqlandı
16:11 23 Oktyabr 2020
Yapon caz ifaçısı Azərbaycan ordusuna pul köçürdü
15:29 23 Oktyabr 2020
Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı
14:52 23 Oktyabr 2020
Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı - Xalq artistindən maraqlı faktlar
14:15 23 Oktyabr 2020
Facebookda yayılan təhlükəli döyüş videoları
13:34 23 Oktyabr 2020
Köçkünlük statusu – Sevinc Elsevər yazır...
12:47 23 Oktyabr 2020
Dağıdılan, dəyişdirilən, yer üzündən silinən abidələrimiz
12:04 23 Oktyabr 2020
“Bitls” qrupunun keçmiş üzvündən yeni albom
11:18 23 Oktyabr 2020