writer1

Sevda Sultanova

Məqalə sayı

842
clock12:55 calendar-gray 28 Dekabr 2015 view-gray239 dəfə oxunub
view-gray239 dəfə oxunub

Seymurun qınadığı, Mirmehdinin anladığı qadınlar

Günümüzün əhvalını özündə əks etdirən filmlərdən biri Vittorio De Sikanın “Umberto D” dramıdır. Təqaüdçünün sosial problemlərindən bəhs edən bu filmə görə İtaliyanın Mədəniyyət naziri (söhbət 1950-ci illərdən gedir-S.S.) rejissora irad tutmuş, bədbin filmlər yox, komediyalar çəkməyi məsləhət görmüşdü.

Manatın devalvasiyası fonunda Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” romanının da aktuallığı artdı. Onun romanı indimizin əhvalatıdır. Bəs o, gələcəyin necə, bədii mətni ola bilərmi?

Sosial motiv hər iki əsərdəki əhvalatın yaranmasına zəmindir, səbəbdir. Fəqət, çox mühüm, vacib fərqlə. De Sikanın filmində insan sosial motivin altında əzilmir, küncə sıxışdırılmır, əksinə, o, çətin vəziyyətdə necə davranmalıdır, nə etməlidir və nə etməlidir ki, öz ləyaqətini itirməsin, kiçilməsin, xırdalanmasın, onun seçimi varmı kimi - bütün dövrlər üçün aktual sualları qoyulur. Və rejissor tək özü yox, tamaşaçıları da ağrılı suallara cavab axtarmağa, düşünməyə vadar edir. Yəni burda sosial problem fondur, ön planda isə insanın davranışı və seçimidir.

“Bu gün səbr elə”nin yarısına kimi müəllif personajlarının həyatı, bioqrafiyası, yaşadığı dövrü və s. publisistik-informativ manerada nəql edib. Sırf bu səbəbdən roman mənim üçün yarıdan başlayır. O yerdən ki, Dilbər artıq mövcud çətin durumundan çıxış yolları axtarır.

Romanın publisistik-informativ hissəsini oxuyanda məni bir sual düşündürürdü: necə eləmək ki, qəhrəmanların bioqrafiyasının təfərrüatı ilə nəqlinə ehtiyac qalmasın, məsələn, bir effektiv bədii toxunuşla onun keçmişini tam oxumaq mümkün olsun.

Mən o fikirdə deyiləm ki, bioqrafiyanı danışmaq olmaz. Sadəcə onun təqdimatının formasını, üslubunu, estetikasını, yanaşmasını tapmaq vacibdir. Yoxsa ki, birbaşa təsvir, mətn köşə yazılarından fərqlənməyəcək. Bədii əsər açıqlığı, birbaşalığı sevmir, onun üçün də müxtəlif ifadə vasitələri, fəndlər mövcuddur.

Məsələ ondadır ki, bu, təkcə Mirmehdinin problemi deyil. Yeni nəsil yazarların da, həmçinin ara-sıra bədii mətnlər yazdığım üçün hamımızın ümumi problemidir. Qəhrəmanların sonrakı fəaliyyətini anlatmaq üçün əvvəldən uzun-uzadı, lüzumsuz zəmin hazırlayırıq.

Elə bu fikri götür-qoy edə-edə Alberto Moravianın “Saxta əsginas” hekayəsini oxudum. Təsadüfdən burda da sosial fon əsasdır. Birinci şəxsin dilindən nəql olunan sadə hekayə maddi problemi olan gənc oğlanın saxta pul satışından qazanc əldə etməsi haqdadır. Soyuqqanlılıqla yazılmış hekayədə personajın necə ailədə doğulması, böyüdüyü mühit və s. yazılmayıb. Zira, düşdüyü konkret vəziyyətdə, “burda və indi”də baş verənlərdə sətirlərarası onun bioqrafiyasını da oxuyuruq.

Geniş kütləyə hesablanan, asan, rahat qavranılan romanın dediyim kimi ikinci hissəsi maraqlıdır. Müəllif estetik çözüm tapsaydı, qadınlar arasında belletristikaya da çevrilərdi. Artıq ikinci yarısından sosial məsələ arxaya keçir, önə personajların yaşantıları, psixoloji durumları çıxır, oxucu qəhrəmanların iç dünyasına, alt şüuruna enir.

Elnarə Akimovanın o fikri ilə razıyam ki, Dilbər güclü qadın obrazıdır. Sovet dövrü Azərbaycan ədəbiyyatının sosial-məişət romanlarında yayğın qadın obrazı vardı: ziyalı arvadları olan bu personajlar indinin dili ilə desək qlamur həyat arzusundaydılar, kənddən gəlib şəhərdə alim, professor olan ərlərini ata-anasından, qohum-əqrəbasından ayırmağa, pul qazanmağa, müdirlərinə yaltaqlanmağa vadar edir, baş-beyinlərini aparır, onları az qala infarkt həddinə çatdırırdılar. Qadın basqısına baxmayaraq kişilər sonda özlərində güc taparaq əqidələrinə sadiq qalırdılar. Bu sətirləri yazanda ağlıma gəldi ki, həmin qadın obrazları Seymur Baycanın publisistik yazılarında formalaşdırdığı, qınağa çevirdiyi qadın tipinin ekvivalentidir. Mirmehdi isə bizim cinslə alicənab, mərhəmətli davranıb, cəmiyyətdə yayğın olan digər qadın modelini qəhrəmanına çevirib. Onu sevgiylə yaradıb və ən əsası anlamağa çalışıb. O qadın ki, fədakardır, ərinin zəifliyini qəbul edir, onu çatışmayan cəhətlərinə görə qınamır, seks üçün evdə şərait olmasa da (seksi niyə xüsusi qeyd elədim, çünki bir qayda olaraq seksi olmayan qadınlar aqressiv təqdim edirlər) daim üzü gülür, deyingən deyil, çevikdir, iradəlidir, praqmatikdir, əzik təsəvvürü yaradan ərinin də yerinə düşünür, qərarlar qəbul edir və s.

Belə demək mümkünsə, müəllif Dilbər obrazı ilə yeni dövr ədəbiyyatımızda fərqli qadın obrazı konsepsiyası ortaya atıb.

Hətta Dilbərin praqmatikliyi qadın təbiətinə qalib gəlir, ailənin sosial rifah naminə ərini “qurban” verir, onu xaricdə yaşayan qadınla evlənməsi planını qurur. Əsərin sonunda Dilbəri cəzalandırmaqla müəllif mənəvi aspektdən çıxış eləməklə kifayətlənmir, onun düşdüyü vəziyyətlə bağlı öz mövqeyini aydın bəlli edir. Hərçənd, oxucuya öz mövqeyini sırımır, ona düşünmək, öz qərarını çıxarmaq imkanı verir: Dilbər mənəvi mühakimə olunmalıdırmı, haqlıdırmı, sizin seçiminiz nə ola bilərdi və ümumiyyətlə bizim onu mühakimə haqqımız varmı?

Əhvalat mahiyyətcə çox dramatikdir. Amma müəllifin mətnindəki, personajların replikalarındakı yumor dramatizmi neytrallaşdırır.

Mirmehdi mətbəx dramı janrında yazır. Bilirəm ki, bu təyinat Mirmehdinin xoşuna gəlmir, hətta ilk baxışdan qeyri-ciddi görünür. Belə bir janrın mövcudluğunu Andrey Zvyagintsevin müsahibəsindən öyrənmişdim. Onun “Yelena” filmini (Bu filmə görə xarici mətbuat rejissoru Tolstoya, Dostoyevskiyə opponent kimi xarakterizə etmişdilər, onların fikrincə, film ilə rejissor göstərir ki, rus ədəbiyyatının həmişə müdafiə etdiyi kiçik insan yüksək xeyirxahlığın nəinki daşıyıcısı ola bilməz, hətta dəhşətli cinayətlərin mənbəyi ola bilər - S.S.) Avropada daha çox mətbəx dramı janrı kimi qəbul olunub. Yəni janra görə, faciəvi, dramatik hadisələr əsasən mətbəxdə, masa arxasında, çay içəndə, yemək yeyəndə nəql edilir.

Bu mənada düşünürəm ki, Mirmehdi mətbəx dramı janrında özünü daha çox tapır. Onun hekayələrindəki maraqlı, koloritli məişət təfərrüatları elə-belə verilmir, psixologizmlə, insan dramları ilə yüklənir.

Yeri gəlmişkən, Mirmehdinin hələ ki, çap olunmayan, “Sovestski”nin sökülməsindən bəhs edən, orda yaşayan insan hekayətlərini anladan “Ölməyə kimsə tapılar” hekayəsi həm bu janrın ən yaxşı nümunəsidir, həm də son illərin uğurlu bədii mətnlərindən biridir.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021
Azərbaycanda Böyük Britaniya film festivalı başlayır
12:44 22 Yanvar 2021
Tənqidin tənqidi – Ağalar Qutdan yeni esse
12:08 22 Yanvar 2021
Yazıçılar Donald Trampa kitab qadağası qoydular
11:32 22 Yanvar 2021
Seks dəlisi olan qadınlar haqqında bir neçə cümlə
10:58 22 Yanvar 2021
Alen Delonun xanımı dünyasını dəyişdi
10:30 22 Yanvar 2021
Şairimiz Özbəkistanda qalib oldu - Ölümündən sonra
09:59 22 Yanvar 2021