news-inner
clock08:30 calendar-gray 17 Dekabr 2015 view-gray395 dəfə oxunub
view-gray395 dəfə oxunub

Qıza sataşanı arabaya bağlayırlar – Avar kəndindən REPORTAJ

Ayxan Ayvaz

Bu yazını avar mahnılarını dinləyə-dinləyə yazıram. Gözümün qabağından sıralanan dağlar, axan çaylar, daşlı-kəsəkli yolla gedən arabalar gəlib keçir. Soyuq yerdə qabağımıza çıxan isti adamlar, anlamasaq da bizə xoş gələn, bir az gürcü, bir az da rus dilini xatırladan avar dili. İnəkləri naxırdan qayıdanda üzü gülən, suyu bum-buz, insanları cana yaxın avar kəndi...

Bir zamanlar avar kəndində

Sizə deyim ki, Azərbaycanın ən unikal yeridir Zaqatala. Bunu elə-belə, söz olsun deyə demirəm. Fərqli, müxtəlif, özünəxas özəllikləri var buranın. Biz Danaçı kəndində bir gün olduq, avarların yaşadığı yerdə. Uzaqdan dağların göründüyü, çılpaqlaşan ağacların yolla sıralandığı doqquz obalı Danaçı kəndi.

Şeyx Şamilin işığı dəymiş bu yerlərə toya gəlmişdik. Elə bil başqa bir ölkəyə düşdük, insanları tamam ayrı, dilləri ayrı. Danışıqları emosional, mehribanlıqları göz oxşayan. O qədər sevgi doludurlar ki, izah etmək mümkünsüz.

Bəyin evinə getdik. Bizi evin bütün əhli qarşıladı, qızlı, kişili. Əl verdilər, qucaqladılar. Bir an bəyin kimliyi ilə maraqlandım. Sən demə, bizi evə gətirən bəyin özü imiş. Öz aramız, bəy bir az lovğa olar, özünü dartar axı. Bu adamda qəti belə bir şey görmədim, sadə, saf biri. Dostum təəccübümü görüb izah etdi: “Bu əsgərlikdə də belə idi. Yekə olduğuna baxma, çox saf, qarışqanı da incitməyən biridir”.

Qadınlar döşəməyə örtük salıb çöməltmə oturdular. Biz isə masa kənarında əyləşib iri nəlbəkili, ağzı yekə stəkanda çay içdik. Onların bizim dildə danışmağı da çox şirin alınırdı. Birdən öz dillərində bir-birinə nəsə dedilər, çönüb bizə baxıb güldülər. Təbii, söhbəti başa düşmədiyimizdən biz də gülməyə məcbur olduq, guya onları təpədən-dırnağa anladıq.

Sonra bəyin dayısı oğlu gəlib çıxdı, məlum oldu ki, toyda yeməkləri bişirmək üçün odun lazımdı. Dedim, mən də sənlə getmək istəyirəm, mehribanlıqla razılaşdı. At qoşulmuş arabaya tullandım.

- Ehtiyatlı ol, bu at cavandı - dedi.

Yol

Yola çıxdıq, kələ-kötür, daşlı-kəsəkli yolla səkə-səkə, tullana-tullana getdik. Kəndin içi ilə keçib gedən adamlar bizi görən kimi salam verdi, mənə “xoş gəldin” dedi. Arabalarla, motosikletlərlə görünən avar camaatı, qıraqda üstü kirəmitli evlər, naxırdan qayıdan inəklər söhbətimizin arasına dürtüldü.

- Bizim avar camaatı ya odun yarıb satır meşəlikdən, ya da Rusiyaya gedirlər - doğurdan da kənd yaman səssiz idi.

Qoçaq adamlardı avarlar, güclüdürlər. Səhər tezdən durub atı arabaya qoşur, meşədən odun yığıb gətirir, başqa birisi isə fındığı, qozu aparıb satır. İşləməyə, kiməsə kömək eləməyə yaxşıdırlar.

Toy salonuna gəlib çatdıq, at fınxırdı. Teyyub odunları yerə atdı, gedib içəridəkilərlə söhbət elədi. Hiss etdim ki, nəsə yerində deyil. Gəlib arabaya oturub yola düzələndə dedi ki, yenə odun lazımdı.

Evlərin yanından elə bil qara ilan keçmişdi, səssizlik çökmüşdü hər yerə. Bircə arada hardansa dəmir səsi gəlirdi. Bir azdan məscidin minarəsi evlərin, ağacların arasından boylandı. Dəyirmana gəlib çatdıq. Arabanı bir az yavaşıdıb salam verdik, amma içəridəkinin başı deyəsən, yaman qarışıq idi. Sözlərimiz dəyirmanda üyüdüldü sanki. Sonra adamlar artmağa başladı, yol beşə haçalandı. Bu yerdə avar belə bir söhbət elədi:

- 2012-də burda zəlzələ oldu. Onda hamı bu beşyola yığılmışdı. - gözümün qabağında adamlardan yaranan ulduz işarəsi yanıb söndü. - Hər yer dağıldı. Onda təzə evlənmişdim. Bir uşağım 11 günlük idi. Gedib birtəhər taxtadan-zad bir daxma düzəltdim. Düz uşağın bir yaşı tamam olanda bax – öz evini göstərir. - o evə girdik.

Zəlzələdə kəndin bir neçə evi tamam yıxılıb, yerinə dövlət təzələrini tikib. Köhnə evlərin arasından adda-budda çıxan bu yekə, bərbəzəkli evləri göstərib deyir ki, zəlzələ olanda elə bildim, hamımızı məhşər ayağına çəkirlər, qiyamət günü yaxınlaşır. Onun sadəlövhlüyü xoşuma gəldi, gülümsündüm, o da mənə qoşuldu, çıxardıb bir siqaret yandırdıq.

İbadət

Evə qayıtdıq, samovar qoyulmuşdu, qulplu qazanlar gözə dəyirdi. Süfrəyə qoyun dərisi, bir də qovurma ət gəldi, dadı-tamı tamam ayrı idi. Biz yeməkdə olaq, sizə nədən deyim, avarların dindarlığından.

Bir avar deyir ki, Allahın adı bizim ürəklərimizə nəqş olunub. Onlar nəqşibəndi təriqətindəndir. Şeyx Şamil kimi mərd, döyüşkən bir adamın nəslindəndirlər. Hər həyətdə namazgah deyilən bir yer var. Dörd ağac, başında da dam. Onun yaxınlığındakı su quyusunda dəstəmaz alıb namaz qılırlar. Bir də kəndin içində gedəndə hər addımbaşı görəcəyiniz hücrələr var. Orda da camaat yığışıb ibadətini edir. Kəndin böyük məscidi uzaqdan minarəsi ilə az-maz görünür.

Avarlardan biri dedi ki, burda məktəb tərəfdə bir nəqşibəndi təriqətçisinin evi var. Ora gedəndə gördüm ki, balaca bir ev məktəbə bitişik durub. Deyilənə görə, buranı sökmək istəyiblər, avar camaatı evin qabağında sədd qurub: “Belə böyük bir adamın evini yıxdırmarıq”. O gündən bu günə bu ev eləcə durub. İçəri girəndə çipsi, şokolad, siqaret qutuları gördüm. Mənə elə gəldi ki, məktəblilər dərsdən çıxanda, ya da tənəffüsdə gəlib burda qarınlarını doyurur, siqaret çəkirlər. Bir təriqətçinin evi onlar üçün istirahət mərkəzinə çevrilib. Mollahəsən deyilən bu təriqətçi haqqında bir əhvalat var: bir dəfə bir nəfərə deyib ki, ürəyimin səsinə qulaq as, həmin adam da, eləmə tənbəllik, qulağını sinəsinə dirəyib, belə bir səs çıxıb: “Allah, Allah, Allah” Avarlardan biri deyir ki, kənddə ay bu evin üstündə doğur, onda Mollahəsənin evi işıqlanır, elə bil gündüzdə olduğu kimi. Qəbrinə də getdik, ot, yarpaq basmış bağın içində tənha bir başdaşı idi, avarca üstünə adı yazılmışdı, doğulduğu, öldüyü tarix. Üstünü yarpaqlar örtmüşdü, yorğan kimi. Sizə deyim ki, gecə bura bir də gəldik və dondurucu havada gözümdən yuxu tökülə-tökülə başımı qaldıranda evin üstündə işaran yekə bir ay gördüm.

Qadınlar

Qadınları başlarına rəngbərəng çalma taxırlar, bir az mərkəzə gələndə isə qiyafətlər müasirləşir. Burda bir dəfə gəlmə biri mağazada işləyən avar qızına söz atıb. Bunu görən yerlilərdən biri ona bir gün vaxt verib ki, çıx get bu kənddən. Sən demə, qıza onunla bir yerdə getməyi təklif edibmiş, qız da nişanlı... Səhəri əlində çanta yola düzəlib.

Başqa bir əhvalatda deyilir ki, bir oğlan qıza sataşıb və onu görən bir avar gədəni öz arabasına qoşub və kəndin içi ilə sürüyə-sürüyə hamıya göstərib. Bununla belə, aqressiv camaat deyil, mehribandırlar, adamın üzünə gülürlər. Bircə onların canıyananlığından sui-istifadə eləmə. Qadınlar özü gəlib əllə görüşür, xoş gəldin deyir, adamla danışır. Çox mühafizəkar yer də deyil. Sadəcə adət-ənənəyə bağlı, döyüşkən, vuruşan və ibadəti sevən bir xalqdır.

Yemək yeyəndə gördüm ki, qadınlar döşəmədən çöməltmə oturub örtük sərirlər. Ancaq bunu bir avar belə izah etdi: “Ev darısqal olduğundan onlar yerdə salırlar, yoxsa kişilərlə bir yerdə oturub yeyərlər”.

Toy

Deməli, toy kəndin mərkəzindədir. Bu salonu o vaxt bir xeyriyyəçi tikib. Toy edəndə bir qəpik də vermədən... Hələ camaat yığılmamışdı, çöldə beş-üç adam var idi. Bir oğlanın papağı diqqətimi çəkdi, uzunsov, şabalıdı rəngli bir papaqdı. Yanımdakı avardan soruşdum, dedi ki, molla papağıdı, sonra qəşş edib güldü. Toy salonuna girib baxdım, içərinin o qədər də geniş olmamağı, xudmani görünüşü əhvalımı birə-beş artırdı, çıxıb çölə bir siqaret yandırdım, bir də gördüm həmin papaqlı oğlan qabağımı kəsdi.

- Sən mənim papağıma nə dedin? Bizdə papaq namusdur e...

- Mən nə dedim ki? Təriflədim papağınızı.

Söhbət uzandıqca uzanırdı, yaxşı ki, avarlardan biri ona öz dillərində başa saldı, oğlan da yaxamdan əl çəkdi. Açığı, nə yalan deyim, qorxdum ki, döyüb eləyər məni. Avarlardan biri qulağıma əyildi: “Sən ona baxıb öz dilində nəsə demisən. Avar da həmişə beynində bunu götür-qoy eləyir, sözü başa düşməyəndə gəlib deyir”.

Nə isə, qansız-qadasız girdik toya.

Bəylə gəlin içəri girib yerlərinə keçdilər. Əvvəl qız oturdu, sonra oğlan. Avar ağsaqqalının izahı: “Bu ona görədir ki, sən evdə yerini bilməlisən. Mənim dediyimlə oturub-durmalısan”.

Bəylə gəlinin oturduğu masaya avarca “Xoşbəxt olun” yazılmışdı. Adamların geyiminə baxdım: sadə, bizim toylardakı kimi bərli-bəzəkli, parıltılı deyildi. Süfrələrdə spirtli içki yox idi. Tamada başladı danışmağa, əvvəlcə azərbaycanca sözünü dedi, sonra öz dediyini tərcümə elədi. Çalınan mahnılar başqa rəngdə idi, başqa dildə oxunurdu, ancaq düşündüm ki, hər millətin dərdi eynidi. Avarlar qol qaldırıb oynayanda, ortalıq qızışanda dişim ağrımağa başladı və nə yalan deyim, kövrəldim. Sayları az avarların oynamağa, əylənməyə bu qədər ac olmaları mənə təsir elədi. Onların bir-biri ilə görüşməyini gərək özünüz görəydiniz, necə deyərlər, qələm burda acizdi.

Sonra bizə, Bakıdan gəlmiş qonaqlara söz verdilər. Avar camaatını, kəndi xeyli təriflədim: “Mənim üçün bircə millət var: o da insandı”. Gurultuyla alqışladılar, tamada rəqsə dəvət etdi, bir də gördüm ki, üzüyün içinə düşmüş kimi avar qadınlarının əhatəsindəyəm. Yaxşı oynamağı bacarmıram, üstəlik xanımların bu jesti məni təəccübləndirdi. Bu jest toy boyu davam elədi.

Yerimə oturanda avar gəncindən bunun səbəbini soruşdum. Cavab belə oldu: “Sənin danışığın xoşlarına gəldi. Özlərinə qardaş bildilər. Qonaq olduğuna görə utanıb eləməyəsən deyə qızlar, gəlinlər səni əhatəyə aldı ki, yəni sən də bizdən birisən. Ağlına ayrı şey gətirmə” - gülüb ayağa qalxdı, gedib oynayanlara qoşuldu.

Son

Biz avar kəndindən ayrılanda, yola düzələndə bəyin anası qəribə təklif elədi: “Gəlinin çayından için, sonra gedərsiniz”. Təzə evlilərin evinə gedib çaylarını içdik, gəlinlə bəyi təbrik elədik və bir-birimizə telefon nömrələrini verdik. Yenə bizi gözləyəcəklərini dedilər. Evlərindən uzaqlaşanda bəyin yaxınlarının hamısı bir nəfər kimi əllərini havada yellədilər, bizimlə sağollaşdılar.

Uzaqda, dağların arasında yerləşən soyuq kənddə üşüdüyümü xatırlaya bilmədim, yaddaşım sərgi salonu kimi bu insanların doğmalaşan portretləri ilə doldu.

news-inner-user
Ayxan Ayvaz

443 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

İşini, gücünü atıb kimsə sevməlidir məni - Cəlil Cavanşirin şeirləri
17:00 08 Avqust 2020
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb
16:05 08 Avqust 2020
Biz iki nəfər öldük
15:00 08 Avqust 2020
Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər - Kinomuzun Cahandar ağası haqda maraqlı faktlar
14:00 08 Avqust 2020
Səkkizinci ayın səkkizi - Mahir N. Qarayev yazır
12:31 08 Avqust 2020
Məşhur aktrisa kinodan getmə səbəbini açıqladı
11:20 08 Avqust 2020
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
10:13 08 Avqust 2020
Rüstəmbəyovun alınmayan filmi – Sevda Sultanova “Dağlarda döyüş”ü tənqid edir.
09:00 08 Avqust 2020
Azərbaycanın məşhur folklor qrupu beynəlxalq festivalda iştirak edəcək
18:50 07 Avqust 2020
Çingiz Aytmatov fenomeni və Azərbaycan" monoqrafiyası çap olundu
18:04 07 Avqust 2020
Azərbaycanlı yazardan yeni kitab
17:36 07 Avqust 2020
Polad Həşimovun üzünə necə baxacağıq?
17:06 07 Avqust 2020
Məşhur müğənni uyğur türklərinə görə Çinə belə etiraz etdi
16:05 07 Avqust 2020
Kölgəmi ayrı basdırın, sevəcəyim qız çiynində... - Tural Turanın şeirləri
15:02 07 Avqust 2020
Məşhur müğənni vəfat etdi
14:11 07 Avqust 2020
Hər konsert ərəfəsində əri tərəfindən döyülən, 17 yaşlı oğlunu itirən əməkdar artist – Bağırov ona bayquş demişdi
13:09 07 Avqust 2020
Süleyman Qanuni, Hürrəm Sultan, Mona Liza, Sezar indi yaşasaydılar, belə olardılar - Maraqlı layihə
12:23 07 Avqust 2020
Toyu karantinə düşənlər üçün fürsət
11:32 07 Avqust 2020
"Kapitan Marvel 2"nin rejissoru bəlli oldu
10:43 07 Avqust 2020
Azərbaycanda tarixi abidəyə müdaxilə edən şəxslər saxlanıldı
10:10 07 Avqust 2020