news-inner
clock11:49 calendar-gray 23 Noyabr 2015 view-gray156 dəfə oxunub
view-gray156 dəfə oxunub

Bala qatili olmaq – Elnazdan YENİ HEKAYƏ

Kulis Elnaz Eyvazın “Cinayət və cəza” hekayəsini təqdim edir.

İnternetdən tapdığı bilgiləri oxuyub əlini qarnına apardı. “...Beş həftəliyində beyin, onurğa sütunu, mərkəzi sinir sistemi əmələ gəlir. Başcıqda isə dörd çuxur formalaşır – bunlar uşağın gələcək gözləri və qulaqlarıdır. Mədə və döş qəfəsi inkişaf edir. Ürək döş qəfəsində qabarıq şəklində görünür. Bu dövrün sonuna yaxın o döyünməyə başlayır...

USM nəticəsini gizlədiyi yerdən çıxarıb bir də baxdı. Şəkli dodaqlarına sıxıb gözlərini yumdu.

***

- Hamiləsiniz! Beş həftəlik! – həkim gülə-gülə dedi.

Səidə gözlərini monitora dikib körpəsini görmək istəsə də, heç nə ayırd edə bilmədi.

- Saxlayırsan? – həkim soruşdu.

- Yox... – Səidənin dodaqları titrədi.

Dəhlizdə oturan hamilə qadınlar hərəsi öz həkimini gözləyirdi. Yan oturacaqdakı qadın arada qarnını sığallayırdı. Səidə iynə üstündə oturmuşdu elə bil. Ona elə gəlirdi ki, bu qadınlar hamısı onun burda niyə oturduğunu bilir, hamısı ona nifrətlə baxır. Hamının gözündən: “Qatil! Sən qatilsən!” oxuyurdu. Oturduğu yerdə büzüşüb yumağa dönmüşdü, boyu da balacalaşmışdı sanki.

Həkim otağın qapısını açıb: “Gəl,” – dedi. Səidə otağa keçib qapını arxasınca çəkdi. Qorxa-qorxa çarpayının tinində oturdu. Həkim əlini uzadan kimi Səidə tələsik USM nəticəsini stolun üstünə qoydu. Həkim nəticəyə baxıb gülümsündü.

- Beş həftəlik! Qərarın qətidir?

- Hə... - deyəndə elə bildi ki, ürəyinin döyüntüsünü həkim də eşitdi. Ürəyi sanki boğazında vurdu. Boğazını ovxaladı.

- Neçə uşağın var?

- İki... İki qızım var, - verdiyi cavaba özü də çaşdı. İki qız hardan ağlına gəldi?!

- Bəlkə, bu oğlandır?

- İstəmirəm... İstəmirik...

Həkim stolun çəkməcəsindən kitabça çıxardı. Səidənin təvəllüdünü soruşdu. Üstünə “Oğlan, yoxsa qız?” yazılmış kitabçanı az qaldı həkimin əlindən alıb səsi gəldikcə: “Fərqi yoxdur!” – deyib bağırsın.

- Hərçənd hələ dəqiq bilmək olmaz, amma təqvimə inansaq, oğlan görünür... - həkim vərəqdə cızma-qara edib sevincək dedi, - bəlkə, saxlayasan?

- Belə məsləhətləşdik... Belə alındı...

- Yaxşı... – həkimin üzünün ifadəsi dəyişdi, - bəs niyə istəmirsən ənənəvi abort edim, məhz vakkum istəyirsən? Qoy bildiyim kimi edim, narkozsuz. Narkoz sənin səhhətin üçün təhlükəlidir.

- Eybi yoxdur, doktor...

- Qorxursanmı? Keyidəcəyik, incitməyəcək səni.

- Yox... Onda körpəni doğrayırsınız... Oxumuşam bu barədə...- dodaqları əsdi, əlləri buza döndü.

- Qızım, sən onsuz da körpəni tələf edirsən. Ancaq belədə özün...

- Xahiş edirəm, həkim... Onun üçün daha heç nə edə bilməyəcəm...

İkisi də eyni anda ayağa qalxdı. Səidə USM nəticələrini götürüb çantasına qoydu.

- Get əməliyyat otağına, hazırlasınlar, gəlirəm.

Əməliyyat otağına qədər olan yol Səidəyə o qədər uzun gəldi ki, elə bildi, günün axırına qədər gedib çata bilməyəcək. Çatan kimi yataq paltarı verdilər. Paltarı sinəsinə sıxıb xeyli ayaq üstə key kimi dayandı. Tibb bacısı mehribanlıqla:

- Geyinin də, xanım, nə gözləyirsiniz?! – dedi.

Səidənin ürəyi ağzına gəldi, elə bildi ki, isti bir şey axıb qarnına tökülür. Qarnının içini göynədir. Paltarı üzünə sıxıb hönkürmək istədi. Özünü zorla saxladı. İndi onun fikrində bir şey vardı: xəstəxanadan qaçmaq. Heç kəsin ağlına gəlməyən bir yerə gedib körpəsini xilas etmək. Birdən-birə bətnindəki körpəni hiss etdi. Qarnını ikiəlli qucaqlayıb pəncərədən çölə baxdı. Gözləri yaşla doldu, bədəni əsdi.

Tibb bacısı əlindəki balaca çantanı aça-aça:

- Oturun, təzyiqinizi ölçüm, - dedi, - həkim gəlir.

Səidə qolunu tibb bacısına uzadıb gözucu qapıya tərəf baxdı. Dəhlizdə oturan hamilə qadınla göz-gözə gəlib baxışlarını yayındırdı.

Həkim stulu çəkib oturdu. Anestesioloq əlindəki şprisi hazırlaya-hazırlaya həkimlə söhbət edirdi.

- Mənə zəng edib, deyir ki, sənin üçün VİP stol ayırmışam. Deyirəm, utanmır ee, adamda üz yaxşı şeydi.

- Getmə, özüyçün deyir, nə işin var sənin o toyda?!

- Həə, vallah. Gedən döyüləm.

Tibb bacısı onun qolundan tutub stola çıxmağına yardım eləmək istədi. Səidə diksinib geri çəkildi. Tibb bacısı onun utandığını zənn edib:

- Utanma. Kimdi sənə baxan?! Qapını örtdük, - dedi.

Anestesioloq sözünə ara verib iynəni Səidənin damarına batıranda Səidə gözlərini aça bildikcə geniş açdı, elə bildi ki, belə eləsə, yuxuya getməyəcək. Gözləri elə yummaq istəmədiyi anda yumuldu. Dərhal yuxuya getdi...

Başının üstündə dayanan tibb bacısı ağrı-acıdan xəbərsiz yatan Səidənin gözlərindən axıb qulağına doğru süzülən yaşı əlindəki salfetlə silə-silə:

- Ağlıyır e, həkim, - dedi.

Həkim ani olaraq gözlərini əlindən ayırdı:

- Qəribədir... - deyib işinə davam etdi.

- E-lə-mə...- Səidə zarıdı.

- Sayıqlayır, - həkim dedi.

Səidə həyatında ilk dəfə deyildi ki, öz istəyindən imtina edirdi. O, ömrü boyu ancaq yaxınlarının istəklərinə tabe olub yaşamışdı. İlk dəfə hamilə olanda da ondan başqa, hamı sevinmişdi. Ana olacağına sevinmək əvəzinə, dərdə düşmüşdü ki, uşaq doğulandan sonra ərindən canını necə qurtaracaq. İlk vaxtlar evdə tək olanda qaynar su vannası qəbul edir, divanı, kreslonu zorla yerindən qaldırırdı ki, uşağı salsın. Onu da bilirdi ki, onun bu əməllərindən evdə xəbər tutsalar, Allah bilir ki, halı necə olardı. Qarnı böyüdükcə dərdi də böyüyürdü. Bayaqdan bətnindəki körpəyə çıxış yolundakı maneə kimi baxırdısa, indi ona yazığı gəlirdi. Sevmədiyi, həyatını zəhərə döndərən kişidən uşaq doğmaq bir başqa əzab idi.

Sonradan onu həyata bağlayan bu uşaq heç vaxt Səidəyə keçmiş ərini xatırlatmadı. Az qala uşağın atasının kimliyini də unutmuşdu. Ancaq həmişə sevdiyi kişidən uşaq doğan qadınlara həsəd aparırdı.

İndi hamilə olduğunu biləndə əvvəl az qaldı dəli olsun. Necə olur-olsun körpədən qurtulmağı düşündü. Onu doğmaq Səidənin sonu olardı. Bir yandan camaat arasında biabır oalr, bir yandan da…yox, yox! Öldürərdilər onu!

İlk dəfə də hamiləlik sevincini yaşaya bilməmişdi. Onda heç sevinməmişdi, indi isə sevinə bilmirdi. Onda sevinmədiyini qorxusundan gizlədir, indi sevinməyə qorxurdu. Axı heç kəs onun gözlərindəki sevincin, dodaqlarındakı təbəssümün səbəbini bilmirdi. Heç kəs bilmirdi ki, onu həyata təkcə övladı bağlamır. Bətnində sevdiyi adamın bir parçasını gəzdirirdi. Ömrünün sonuna qədər onun qoxusunu alacağı bir varlıq, qorxa-qorxa yaşadığı gözəl günlərin yadigarı, həyatının ən gözəl xatirəsi!

Birdən düşündü ki, bəlkə, bilsələr, Səidə bu körpə ilə, onun atası ilə nə qədər xoşbəxtdir, nəinki onu öldürər, hətta öpüb-qucaqlayıb təbrik edərlər, hə? “Bəlkə, bəlkə, danışım hər şeyi. Deyim ki, gözünüz aydın, mən də xoşbəxtliyin nə olduğunu daddım, mən də layiq olduğum kimi sevilib Qadın oldum, ana, ata! Yalvarıram, dəyməyin bizə! Ana, heç kimə imkan vermə bizə toxunsun. Sən ki qadınsan, anlayarsan məni! ” Yox, ancaq. Onu anlamayan birinci adam elə anası olardı. Buna əmin idi. Səidə dəfələrlə anasından sevgilsi olan qadınlarla bağlı nalayiq sözlər eşitmişdi. Hansı ki, tez-tez o sözləri xatırlayıb əzab çəkirdi. Heç yadından çıxmaz, qonşunuın boşanmış qızının sevgilisi olduğunu eşidəndə əlini-əlinə vurub demişdi:

- Kül başına, gül kimi qızsan. Boşanmısan, boşanmısan da. Çıx get birinə ərə, arvad ol da, gərək qorxa-qorxa kiminsə aşnası olasan, camaat da ağzına gələnə danışa?!

- Elə niyə deyirsən, ay ana, yazıqdır. Camaat ondan razı qalsın, heç nə danışmasın deyə, gedib sevmədiyi adamla yaşasın?

- Gərək elə xalxın ərini sevə? Arvadına xəyanət edən kişidən kişi olmaz.

- Ana, sevgi olan yerdə, nə xəyanət? Kişi övladlarını ata bilmir deyə, sevmədiyi qadınla bir dam altındadır. Ancaq onun da haqqıdır sevgisini yaşamaq. Subay oğlanı da sevsə, deyəcəksən, xalxın subay oğlu...

- Bəsdi, sən Allah. Gic-gic danışma...

Xəstəxanın qapısına çatana qədər ürəyində anasına yalvardı, diz çöküb atasının ayaqlarını qucaqladı, ağladı. Yaşadığı hissləri ayırd edə bilmirdi, bir onu bilirdi ki, içindəki qorxu fiziki ağrı qorxusu deyil. Məqam yaxınlaşdıqca dərk edirdi ki, bu, canından can ayırmaq, sevdiyi adamın bir parçasını içindən qoparıb atmaq, qanına qəltan eləməkdir. İlk və yəqin ki, son dəfə bu qədər xoşbəxt olmaq nəsibini öz əllərilə bətnindəcə boğmaqdır. Öz acizliyinə, qorxaqlığına dözmürdü. Körpəsilə birlikdə ölməyi də arzu edə bilmirdi, ölsə, hamı məsələdən xəbərdar olacaqdı. Dalınca nələr danışacaqdılar. Belə çıxırdı ki, özünü balasından çox istəyir, demək ki, körpəsinin ölümü bahasına özünü xilas edir. Əl boyda körpənin ölümü onun yaşamağa davam etməsi idi.

Nə qədər qadın onun yerində olmaq istərdi, nə qədər övlad arzusu ilə illərlə xəstəxana qapılarında sürünən qadınlar var?!

Vicdan əzabı Səidəni öldürürdü. Axı iki balası vardı indi onun: birini bağrına basıb, o birini öz əllərilə öldürürdü. “Sən necə anasan?! Sən necə qadınsan?! Necə ayıra bilirsən bir-birindən?! Axı ikisi də sənin balandır!” Bunları düşünəndə özünü boğurmuş kimi əl atıb yaxasından yapışdı.

Həkimin otağından çıxıb əməliiyat otağına keçəndə (üzbəüz binaya) binanın qarşısında maşında oturub onu gözləyən sevgilisinə baxdı. Səidəni xəstəxanaya o özü gətirmişdi, maşından düşəndə də əlindən öpüb:

- Mən burdayam, səni gözləyirəm, qorxma! İsətyirsən, geri qayıdaq?!” – deyib son ana qədər seçimi Səidəyə buraxmışdı. Hələ ilk dəfə bu barədə danışanda Səidə onun bu qədər rahat olmasına mat qalmışdı. Köksünə sığınıb bir az da utanmışdı Səidə.

- Nədən qorxursan?

- Bilmirəm...qorxuram.

- Mən yanındayam, qorxma. Nə istəsən, o olacaq.

- Mən istəyən ola bilməz, mümkün deyil! Sən onu qəbul edərsən?

- Niyə etməyim ki? İkimizin deyilmi?

- Axı sənin...sənin ailən var.

- Bu məsələni mənə burax.

- Bəs bilsə?

- Bilsə... qoy bilsin.

- Axı...

- Bu məsələləri lap əvvəldən danışmışıq, əzizim. Qayıtmayaq o söhbətlərə...- deyib, saçlarını sığallamışdı.

Səidə onun vicdanlı adam olduğunu bilirdi. Bilirdi ki, ömrünü balalarına həsr edib, atasız böyüməsinlər deyə, onlarla bir yerdədir. Səidə onu heç vaxt qınamamışdı. Özünü onun yerinə qoymağı bacarıb, düşünmüşdü ki, əgər qanunla uşaq atada qalası olsa, mən də ərimin yumruq-təpiklərinə, murdar söyüşlərinə dözüb özümü qurban verərdim, təki balamın yanında olum, təki balam anasız böyüməsin.

Səidə onu da bilirdi ki, bu uşağı doğmaqla, təkcə özünü deyil, həm də körpəsinin atasını təzyiqlərlə üz-üzə qoyacaq. Buna isə heç haqqı çatmadığını düşünürdü. O, Səidənin həyatı boyu arzuladığı adam idi. Ərə öz razılığı ilə getsə də, çox keçmədən yanıldığını, böyük səhv etdiyini anlamışdı. Hər dəfə döyüləndən, təhqir olunandan sonra gec-tez bu evdən gedəcəyini düşünüb özünə təsəlli verirdi. Boşanandan sonra hər şeyin bitdiyiniə, bir də kiməsə inanmayacağına əmin etmişdi özünü. Bu illər ərzində ona nə qədər ürəyini açan oldusa, Səidə hamısını rədd etdi. Heç kimə inamı qalmamışdı. Onu ailəsinin dağılması, qismətinə belə bir adamın çıxmasından çox bir dəfə yaşadığı həyatda öz sevgisini tapmaması yandırırdı. Həmişə bunun əzabını çəkirdi. O, yaxşı bilirdi ki, ona sevgi etirafı edən kişilərin hamısının məqsədi eyni deyil. Aralarında Səidəni həqiqətən sevənlərlə yanaşı, dul, gənc qadınla eyni yatağı bölüşmək arzusunda olanlar da. Bu, keçmiş ərinin təhqirlərindən çox göynədirdi onu. Axı o yataqdan-yatağa, qucaqdan-qucağa atılacaq qadın deyildi.

Bütün bunlardan cana yığılan Səidə növbəti evlilik təklifini sonalamadı. Bu işi valideynlərinin öhdəsinə buraxıb, anasına: ”Siz razısınızsa, mən bir söz demirəm,” – deməyi qərara aldı, ürəyi razılaşmasa da, özünü çəkdiyi əziyyətlərdən xilas etməyin yolunu bunda gördü. Yaxşı tanımadığı, sevmədiyi bir adamla həyata davam etməyin ağırlığını anlasa da, başqa yolu yox idi. Bu zaman ömür boyu arzuladığı, qəlbində aşıb-daşan, öz sahibini tapmayan sevgi onu qabaqladı. Ağlının ucundan belə keçməyən adam ona ürəyini açdı. Səidə özlüyündə var səsilə: “Ola bilməz!”- deyib hayqırsa da, ürəyi onu eşitmədi. Bu onun illərlə xəyalını qurduğu adam idi. Səidə anladı ki, təkcə ürəyi deyil, bütün ruhu, varlığı ona təslim olub. Odur ki, özünü ikinci dəfə oda atmaqdan vaz keçdi. Elçilik edib, onunla ailə qurmaq istəyən adama “yox” deyib, öz gələcək həyatını sevgisinə qurban verdi. O, Səidənin bütünlüklə özünü təslim etdiyi ilk kişi idi, baxmayaraq ki, onu xoşbəxt edib, yaşadığı acıları unutduran adam özgə qadının əri idi və bu da Səidəyə bir başqa əzab verirdi. İndi Səidəni ayaq üstə saxlayan, güc verən onun Səidəni sevməsi, qayğısına qalması, uşaq kimi nazı ilə oynaması idi. Elə bilirdi ki, həyat indi başlayıb. Onun uşağını tələf etmək öz arzularını qana boyamaq idi. Bu körpəni bağrına basmağı, gecələr sevdiyinin qoxusunu ondan alıb yuxuya getməyi dünya malına dəyişməzdi. Özü olmasa da, bir parçası gecələr yanında olardı...

***

- Xaaanım, ay xanım. Ayılın, ay xanım.

Səidə gözlərini zorla açdı. Yanında yaşıl xalatlı qadından başqa heç kim yox idi. Qadın öz işini görüb bitirməyə tələsə-tələsə Səidənin əlindən tutub zorla ayağa qaldırmağa çalışdı.

- Bitdi? – Səidə titrəyə-titrəyə soruşdu və ürəyindən keçdi ki, kaş ki, “mümkün olmadı” - deyə.

- Hə, qalx ayağa.

Tamam gücdən düşmüş, bütün bədəni keyimişdi. Barmaqlarını tərpədə bilmədi, ayaqları sözünə baxmırdı. Qadın onun əllərindən möhkəm yapışıb ayağa qaldırdı, qoluna girib yan otaqdakı çarpayıya uzatdı.

Gözlərindən aramsız axan yaş gicgahına doğru yuvarlandı. Kimsə örtüyü üstünə çəkdi. Səidə onu görməyə cəhd etdi. Ortayaşlı rus qadın onun gözlərini silib:

- Не nлачь, милая…- dedi.

Yad qadının bu hərəkəti Səidəni daha da kövrəltdi. Qadın çarpayının yanındakı stulda oturdu. Görünür, hansısa həkimi gözləyirdi. Səidə için-için ağlayırdı. Qadın başını aşağı salıb ona baxmamağa çalışdı.

On-on beş dəqiqədən sonra bayaqkı yaşıl xalatlı qadın gəldi. Soyuqanlılıqla:

- Qalx da, hələ uzanmısan? İstəyirsən içinə qan yığılsın?! – deyib getdi.

- Bilmirəm…- Səidə zarıdı. Axı o ilk dəfə idi abort etdirirdi.

Bu zaman yaşlı rus qadın qalxıb içəri otağa keçdi. Səidə çarpayıda oturdu, əllərini dayaq verib qalxmaq istədi, səndirləyib çarpayıya çökdü. Başı yaman hərlənirdi. Ayıla bilmirdi. Ayaqlarını yerə basmaq istədi, gücü çatmadı. Oturduğu yerdə paltarını dəyişdi. Əynindən çıxardığı paltarı o üz-bu üzünə çevirib baxdı ki, görsün qan ləkəsi varmı, ancaq tərtəmiz idi. Paltarı səliqə ilə qatlayıb çarpayının üstünə qoydu. Ayağa qalxıb ayaqqabılarını geyinmək istəyəndə müvazinətini itirdi. Növbə gözləyən gənc bir xanım tez cumub qolundan tutub, stullardan birinə oturtdu. Səidə çarpayının iki addımlığında oturan bu qadını bayaqdan görmədiyinə məəttəl qaldı. Ayaqqabılarını geyinib çantasını götürdü. Yadına nə düşdüsə çantanı açdı, körpəsinin qara-qura şəklinin orda olduğuna əmin olub səndirləyə-səndirləyə dəhlizə çıxdı.

***

O gündən hər gecə qarnını qucaqlayıb yatır, səhər gözlərini açan kim qarnını tumarlayır. Dönə-dönə güzgü qarşısına keçir, ona elə gəlir ki, qarnı hər gün bir az böyüyür. Gülümsünür, ürəyində qətlinə fərman verdiyi övladını oxşayır: “Bizim körpəmiz, bizim balamız! Bizim – ikimizin. Sevdiyim, balam, sevdiyimin balası!” Birdən diksnib yuxudan ayılır elə bil. Kiminsə görəcəyindən qorxub, özünü güzgülənirmiş kimi göstərir. Axı həyatı boyu özünü adamlardan gizlətməyə alışıb...

news-inner-user

16110 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020