news-inner
clock13:28 calendar-gray 04 Noyabr 2015 view-gray947 dəfə oxunub
view-gray947 dəfə oxunub

Qumru – Şərif Ağayardan yeni hekayə

Kulis Şərif Ağayarın “Qumru” hekayəsini təqdim edir.

Günel Mövluda ithaf edirəm

Eşidəndə ki, Qumruya elçi gəlib elə bil yanbızıma biz batırdılar. Yerimdən dik atılıb bayıra qaçdım, onların vaqonuna tərəf boylananda qapılarında taxta kuzalı “Qaz-53” gördüm. Götürüldüm Qumrugilə.

Orta məktəbi bir oxumuşduq. Öz kəndimizdə də qonşu idik. Məktəbə bir gedib-gəlirdik. Gərək etiraf edəm, məndən həm savadlı, həm istedadlı, həm də qoçaq idi. Hətta qoçaq sözü Qumrunu tam ifadə eləmir. Od parçası desək, daha dəqiq olar. Oğlanları döyməkdən tutmuş, sual verib müəllimləri karıxdırmağa qədər o nadinclik qalmazdı, eləməsin. Bütün məktəbi əldən-ayaqdan salırdı. Di gəl, əla oxuyurdu deyə, heç kim gözün üstə qaşın var demirdi. Tək bircə dəfə əliyenişə sala bildik Qumrunu. Kimsə televizordan şeir eşitmişdi:

Qumru, saat neçədi,

Sən oxuyan budaqda?

“Qumru, saat neçədi?”, “Qumru, saat neçədi?”, “Qumru, saat neçədi?” – məktəbdə bu səsdən qulaq tutulurdu. Qumru bircə bu kəlmələrə cırnayırdı. Bir dəfə otağa çəkilib hirsindən hönkürdü də! Tez pəncərədən fırlandım ki, ağlamağını görüm, mən hərlənib gəlincə kiriyib bayıra çıxmış, iki-üç uşağı şillə-qapazın altına salmışdı.

Arada mən də uzaqdan “Qumru, saat neçədi?” deyib qaçırdım. Elə kədərlənirdi ki! Dəryada gəmiləri batırdı! Öz-özümə məəttəl qalırdım; bu sözə niyə bu qədər alınır?! Bir dəfə özündən soruşdum, mehribanlıqla əlimdən tutub dedi:

“Mənə bir də elə demə, qaqa! Yaxşı?”

Həmişə qaqa deyirdi mənə və elə şirin deyirdi, ram olmaqdan başqa əlacım qalmırdı.

Yaman sürətlə böyüyürdü. Deyirdin, adam deyil, qarğıdır uzanan. Həm də güclü idi. Oğlanlı-qızlı istənilən tay-tuşunun qolunu asanca burub özünə təslim edirdi. Nədənsə, məni incitmirdi. Bəlkə, analarımız qohum idi, ona görə. Özü də çox mehriban qohum... Atası da təkcə atamla deyil, hamımızla dost idi. Gecələr bizə gələndə sevindiyimizdən qışqırırdıq. Biz uşaqlar o tərəfdə oynaşır, atamla Qumrunun atası bu tərəfdə nərd vururdular. Analarımız isə xısın-xısın qeybətləşir, arada bizə təpinirdilər.

Qumru evimizi dağıdırdı. Anası nə illah eləsə sakit oturmurdu. Bircə atasından çəkinirdi ki, o da qızına güldən ağır söz demirdi. Atam da dinmirdi. O da altdan-altdan bu nadinc və gözəl qıza baxıb gülümsünürdü. Axırı anam dilə gəlirdi. Deyirdi, Qumru, canın yanmasın, belə gözəl olmasaydın, deyərdim, kaş Allah səni oğlan yaradaydı. Qumru şaqqanaq çəkirdi: “Noolub mənə, yüz oğlana dəyərəm!”

Açığı, bir az paxıllığım tuturdu Qumruya. Hamı onu çox istəyirdi. Qızlığı ilə şeiri də ona dedirdirdilər, mahnını da ona oxudurdular. Təzə paltar, çanta, qələm-dəftər, kitab ilk ona alınırdı. Məktəbdə kitab paylananda müəllimlər Qumrununkunu birinci təqdim edirdilər. Bəli, Qumru olan yerdə başqasını görməzdilər. Hələ toylarda oynamağı... Vay-vay! Atası parıldayan naxışlı qara don almışdı ona. Geyinəndə elə bilirdin üstünə gələn Qumru yox, ulduzlu gecənin özüdür. Ay isə Qumrunun camalıdır ki, ətrafa həzin-həzin işıq saçır. Ala gözlərinin odu birbaşa adamın içinə düşürdü. “Qaragöz” mahnısına oynayırdı. Müğənni də yaltaqlanırdı Qumruya, mahnını dəyişib “Alagöz, boy-boy!” oxuyurdu. Toy əhli, musiqiçilər qarışıq ayağa durub meydanın ortasında qanad çalan Qumrunu ürəkdən alqışlayırdı. Qumru da qollarını açıb fırlandıqca fırlanır, süzdükcə süzür, uçduqca uçurdu. Ayaqları yerə dəymirdi. “Qaragöz” mahnısına oynayan özbək rəqqasələrdən bir-iki əl hərəkəti də öyrənmişdi, inanın, onlardan gözəl eləyirdi. Şümşad qolları uca qamətinin ətrafında ilan kimi qıvrılıb-açılır, gah bədəninə dolaşır, gah kənarlara atılırdı. Qumrunun yanına düşüb oynamağa heç kim cürət eləmirdi. Tək bircə yol qoca bir arvad səy-səy əl-qol ata-ata Qumruya yanaşdı, qəddini əyib üzündən öpdü, başına duz çevirib mağarın küncünə atdı.

Atası bir kənarda durub gülümsəyə-gülümsəyə qızı üçün əl çalırdı. Fəxr edirdi onunla. Mən o vaxt diqqətlə fikir vermişdim, Qumru eynən atası idi. Ucaboy, yaraşıqlı, güclü, güləş çöhrəli. Gözləri də eynən onunku kimiydi. Elə bil çıxarıb yerinə atasının gözlərini qoymuşdular.

Həmin vədələr müharibə düşdü araya, Qumru məktəbdən qaldı. Atası könüllü dəstələrə qoşulub kəndin müdafiəsinə getdi. Qaçqınlıqdan iki-üç həftə əvvəl ölüm xəbəri gəldi. Yadımdadır, qırx mərasimini öz kəndimizdə verə bilmədilər.

Nə atası öləndə, nə qaçqınlıq düşəndə, nə də sonralar Qumrunu ağlayan gördüm. Nədənsə onu ağlayan yerdə təsəvvür edə bilmirdim. Ağlamağını görməkdən ötrü ürəyim gedirdi. Bir gün anamdan soruşdum:

“Ana, atasının yasında Qumru da ağlayırdı?”

Anam dönüb sifətimə elə baxdı, qorxdum. Baxdı-baxdı və dedi:

“Nə səy-səy danışırsan?! Adam atasından ötəri ağlamaz?”

Day demədim ki, ay ana, mənim dərdim başqadı. Desəm, lap başdanxarab sanardı. Necə yəni, Qumrunu ağlayan yerdə görməmişəm və bunu görməkdən ötəri ürəyim gedir?

Amma hardasa daldada ağlayıb kiriyəndən sonra görmüşdüm. Gözündə donan yaş da yaraşırdı ona, kirpiklərinin qaralığını artırırdı. Dərd də onu gözəl göstərirdi. Ala gözləri bir az da böyüyürdü. Sanki göz yaşı gözünün içindəki bulanığı yuyub aparır, şəffaflaşdırır, daha canalıcı edirdi.

Şəhid ailəsi olduğu üçün Qumrugilə bir vaqon verdilər. Qohumları həmin vaqonu gətirib biz olan kənddə, təzə məhəlləmizə yaxın yerdə quraşdırdılar. Ağır vaxtlar idi. Qumrunun anası nasazlamışdı, bacıları balacaydı. Kəndə, bizim yanımıza köçmüşdülər ki, pambığa gedib kolxozdan maaş və taxıl alsınlar. Yoxsa ac qalardılar.

Qumrugilin evində kişi yox idi deyə bütün buyruqlarına mən qaçırdım. Anam da, atam da təkrar-təkrar tapşırmışdılar ki, öz işini əlində yarımçıq qoyub, onların dediyinə yüyürməlisən. Amma mən anama-atama görə deyil, Qumruya görə bunu canla-başla edirdim. Ona bəslədiyim hisslər nə idi – heç vaxt baş aça bilmədim.

Qəribədir, bu ağır günlər də Qumrunu sındıra bilmirdi. Üz-gözünü ağ mələfə ilə sarıyıb, kişi şalvarı geyinib qızmar günün altında pambıq yığanda da şuxluğundan qalmırdı. Özünə fikir vermədikcə daha da cazibəli görünürdü.

Pambıq yığmaqdan mənim barmaqlarımın ucu yara tökmüşdü. Sən demə pardaxlanmış pambığı dilim-dilim yarılan qozanın arasından ehmalca götürmək lazımmış. Pambığı incitmədən... Sevərək... Ehmalca... Qumru yığan kimi...

Rekord 100 kiloqram idi. Təsadüfi adamlar bu qədər yığa bilirdilər. Qumru tez alışdı pambığa. Əldən iti idi. O, pambıq yığanda sanardın, kanon çalır. Əlləri kolların başında yavru göyərçinlər kimi uçuşur, dimdiyində topa-topa “yem” qayıdıb ətəyində yox olurdu. Özü də oxuya-oxuya. Ha çalışsam da nə oxuduğunu anlaşdıra bilmirdim. İsti havalarda səs ağır gedirmiş...

Qumru bir axşam ən yüksək nəticəni verdi: 110 kilo. Həm də tər-təmiz pambıq yığmışdı; torpaqsız, yarpaqsız, qozasız... Kolxoz sədri bir ovuc alıb işçilərə nümunə də göstərdi. Halbuki, mən özüm hərdən çəkisi ağır gəlsin deyə, pambığın içinə göy qozalar atırdım.

O axşam Qumrunun yığdığı ağappaq, tərtəmiz pambığa baxanda inandım ki, hər şey yaxşı olacaq. Pambıq çox ağ görünürdü o gecə. Bəlkə gecə çox qaranlıq idi ona görə. Ya da pambığa heç vaxt bu qədər diqqətlə baxmamışdım. Pambıqmı daha ağ idi, gecəmi daha qaranlıq idi, gözlərimmi daha saf idi – bilmədim.

“Qumru, saat neçədi?” – pambıq yığan vaxt uzaqdan qışqırdım bir dəfə.

Əlini saxladı, dikəldi, ağzındakı mələfəni açdı, mənə baxıb qəfil şaqqanaq çəkdi.

“Yadındadı, Qumru?” – kövrəldim.

Əlini havada biveccə yelləyib gülə-gülə ağzını təkrar sarıdı və işinə davam elədi. Dalınca da anlamadığım zümzümə...

Qumru oxuyan budaqlarda başqa heç kim görünmür, başqa heç nə eşidilmirdi. Zaman da, saat da dayanırdı beləcə...

Pambığın hesabına o payız bir ton buğda aldı, bacılarını geyim-kecim, məktəb ayın-oyunuyla təmin eləyib dərsə göndərdi.

Güzəranları yaxşıydı. Anasının hərdən “Aran isti dedilər / İsti pisdi dedilər” beytiylə başlayan həzin ağıları da kövrəltmirdi Qumrunu. Əksinə, əsəbiləşdirirdi: “Bəsdi də, ay arvad, qaramatını yağdırma yenə” – üç balaca bacısını da alıb vaqondan çıxırdı. Çıxırdı ki, analarına baxıb pis olmasınlar.

“Qoy məktəbə getsinlər, oxusunlar, yazıqdılar” – bacıları haqda mənə belə deyirdi həmişə.

İndi elçi gəlmişdi Qumruya...

Bəyliyə namizəd arıq, kvadrat bığlı oğlan idi. Hardasa 30 yaşı olardı. Yəni, Qumrudan xeyli böyük olduğu açıqca bilinirdi. Anası ağzı qarışıq mümkün olan bütün bədən əzalarını qızıla bürümüşdü. Bu qır-qızılın sahibinin bəyliyə namizəd oğlu çöldəki “Qaz-53”ün sürücüsü idi. Yəni əlləri mazutlu adi zəhmətkeş. Anasıyla əks qütblərin adamı kimi görünürdülər. Özü də çöldə dayanmışdı. Ya utandığından, ya da başqa kişi olmadığından vaqona keçmirdi. Əlini taxta kuzaya dayaq verib başını günəşdən daldalamışdı. Onu görəndə cin təpəmə vurdu. Az qaldım qışqıra-qışqıra üstünə cumam.

Həmin vaxt qaçqınçılıq adlı o mücərrəd varlıq insan cildində əlimə düşsəydi xubunca döyər, qol-qabırğasını sındırar, ən axırda qəməltinin ucuyla dişlərinin dibini oyardım!

Qumrunun anası yerdən salınmış süfrənin başında bərabər oturduğu qızıldiş arvadla curlaşmışdı. Dağdan-bağdan şirin-şirin danışırdılar. Arada qonaq “Vay səni!” deyib dizinə çırpır, yanımcıl olduğunu göstərməyə çalışırdı.

Qumrusa öz işindəydi. Vaqonun girəcəyində dayanıb xısın-xısın gülürdü. Qumru, saat neçədi? Nə saat, qaqa, səyləmə... Məni öldürəcəkdi bu qız. Mənim dişim bağırsağımı kəsir, busa hər şeylə, hamıyla, hətta mənim özümlə məzələnirdi.

“Qumru, saat neçədi?” – bu dəfə həqiqətən soruşdum.

“Dünənki vaxtdı, qaqa!” – inanmadım, dönüb baxanda mənə göz vurub səssiz gülüşlə uğunub getdi. Qaqa sözünü yenə həmişəki şirinliklə, həmişəki doğmalıqla söylədi. Bu elə bir şirinlik, elə bir doğmalıq idi ki, ömrüm boyu o şirinlikdən, o doğmalıqdan keçib Qumrunu sevə bilmədim.

Kök, qızıldiş qadın bir an sağa-sola döyükdü, ortamın uyğun olmadığını bütün bədəniylə hiss elədi deyəsən. Bu vaxt Qumrunun anası üzünü mənə tutub dedi: “Bala, çıx qonağı evə çağır, günün altında qalmasın, hava çox istidi”.

Həqiqətən hava çox isti idi. Hətta o qədər ki, o makaronbilək qırışmala da bir anlıq yazığım gəldi. Gedib zorla vaqona gətirdim. Haqqüçünə abırlı adam idi. Utandığından əlini-ayağını qoymağa yer tapmırdı. Vaqon da bir gözlü. Harda gizlənəsən?

Arada Qumru (namərd!) qonaqlara çay gətirdi. Özü də səssiz gülüşlə içində uğunub gedə-gedə. Başına elə-belə atdığı güllü dəsmalın bir ucunu ağzına salıb dişlərinin arasında sıxmışdı ki, bu pıqqıltı fontan verib qonaqların üstünə tökülməsin. Onu belə görəndə xeyli utandım və qarşımda oturub ağzına su alan nazik biləkli, kvadrat bığlı oğlana daha çox yazığım gəldi. Kök qadın vəziyyətin qəliz olduğunu görüb Qumru gətirən çayı ədayla geri itələdi. Qumru podnosu əlində elə bir naz-qəmzəylə oynadıb geri fırlandı ki, yeli az qala süfrəni havaya qaldıracaqdı. Düşmən cavab atəşi ilə susduruldu. Qumrunun anasının gözləri bərələ qaldı.

Bu səssiz uğultu hardasa beş-üç dəqiqə sürdü, vəziyyət yumşalmadı ki, yumşalmadı. Heç kim danışmağa söz tapmırdı. Qumrunun bacıları vaqonun ayaq yerindəki balaca arakəsmədən diqqətlə kök qadına və onun arıq oğluna baxırdılar.

Mən də özümü itirmişdim, bilmirdim nə edəm. Eləcə qarşımda oturub soyumaqda olan çaya tamaşa edən arıq, bığlı qonağa baxırdım. Necə oldusa gözüm onun nazik, tüklü biləyindəki iri, qara saata sataşdı və gərginliyi azaltmaq naminə soruşdum: “Deməzsiniz saat neçədi?”

Adam özünü itirdi, təşvişlə sağa-sola baxdı, sualı anlayınca saata göz atıb kəkələdi: “Üüüçə qqqırx beş dəqiqə işləyib!”

Bu dəfə gülüş fontanını heç kim saxlaya bilmədi. Əvvəl Qumru pıqqıldayıb güldü – qaqqıldadı, sonra mən, dalınca arvadlar və uşaqlar. Arıq-bığlı qonağımızdan başqa hər kəs! Güldük, güldük, güldük...

Ara bir az sakitləşən kimi kök arvad üzünü qıpqırmızı qızarmış oğluna tutub dedi: “Dur gedək, bala, deyəsən sövdamız baş tutmadı”.

“Nişanlım necə oğlandı, qaqa?” – qonaqları yola salıb içəri qaydanda Qumru eynən ovaxtkı uşaq şıltaqlığıyla gülümsünüb üzümə baxdı. Onun ala gözlərinin dərinliyində uçurum gördüm.

news-inner-user

17134 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ölmək sənəti – Ağalar Qut yazır...
17:25 29 Noyabr 2020
“Cinema Radio”nun rəhbəri: “Onun səsi ilahi vergidir” – Müsahibə
17:04 29 Noyabr 2020
Nabokovdan hekayə: Sərnişin
15:30 29 Noyabr 2020
Atası xalq düşməni kimi güllələndi, bir manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı... – Maraqlı faktlar
12:00 29 Noyabr 2020
İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
16:28 28 Noyabr 2020
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
15:01 28 Noyabr 2020
Bu nədir, Allahı danmaqdır? – Elçin yazır...
13:30 28 Noyabr 2020
"Şəngülüm, Məngülüm" tamaşası onlayn nümayiş olunacaq
12:01 28 Noyabr 2020
Türkiyədə "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert keçirildi - Foto
10:27 28 Noyabr 2020
Fuad Poladov: Qızla zirzəmidə görüşdüyümə görə məni məktəbdən qovdular – Müsahibə
09:00 28 Noyabr 2020
Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020